1898-ci ilin
sentyabrında "Qağayı” və "Çar Fyodor İvanoviç”in tamaşasında Anton Çexovu ən
çox cəlb edən İrina rolunu ifa edən aktrisa idi. Yazıçının bütün diqqəti həmin aktrisaya cəmlənmişdi.
İlk qarşılaşma
İrina obrazını oynayan aktrisanın böyük sənətkar olduğunu
dostuna bildirən Çexov məktubunda yazırdı ki, "Mənə görə, İrina möhtəşəmdi.
Səsi, mülayimliyi digərlərindən fərqlənirdi. Əgər Moskvada qalsaydım yəqin ki,
İrinanı sevərdim”.
Çexov sevir...
İrina rolunu aktrisa Olqa Leonardovna Knipper ifa
edirdi. Bu qadın hələ təzə-təzə aktirsalığa meyl etmişdi. Çexov sözsüz qadına
vurulmuşdu. O, öz sevgisini məktubla ifadə etmişdi. Həmişə başqa qadınlara deməyə
əsirgədiyi sözləri ağ kağıza yazmışdı.
Qadının cavabı gecikmir: "Sizdən məktub alanda çox təəccübləndim, hətta
sevincimdən qəhqəhə çəkdim. Mən düşünürdüm ki, yazıçı Çexov aktrisa Knipperi
çoxdan unudub. Deməli, siz də məni yada saldınız. Çox sağ olun!”
Çexov təzədən içindəkiləri kağıza boşaldır: "Bəli, siz haqlısınız, yazıçı Çexov
aktrisa Knipperi unutmayıb. Yəqin, sizinlə Yaltaya getmək çox gözəl olardı.”
Çexovun Knipperlə Yaltada görüşməyi çox asan başa gələ bilərdi. Çünki
münasibətdə olduğu Liki adlı qadın vəba xəstəliyinə tutulmuşdu. Bu dəfə
yazıçının Knipperlə görüşünə mane olacaq heç nə yox idi. Onlar Yaltanı
gəzdikdən sonra birlikdə Moskvaya qayıtdılar…
Həsrət
Daha sonra bu görüş məktublarda öz əksini tapacaqdı. Qadın yazırdı: "Mən sizi
daim xatırlayıram”. Çexov da eyniylə qadını, keçirdikləri xoş günü yada
saldığını məktublarında qeyd edirdi. Daha sonra Çexov Yaltaya qayıdır. Sevdiyi
qadın Moskvada, qarlı bir şəhərdə qalmalı olur. Çexov qadın üçün darıxdığını
məktublarında bildirir: "İndi Yaltada soyuqdu. Bu mənə Moskvanı xatırladır. Kaş
indi Moskvada olardım, mənim əziz aktrisam!”
Anlaşılmaz sevgi
Mayda Çexov Moskvaya gəlir. İyul ayında isə Knipper
yazıçıyla yenidən Yaltaya yollanır. Çexov burda anası və bacısıyla birgə
qalırdı. Yazıçıyla aktrisanın sonrakı məktublaşmalarından aydın olur ki,
onların münasibətləri dəyişir, başqalaşır. Bu olanlar isə Çexovun yaxınlarına
aydın deyildi. Onlar birlikdə yaşanmayan bu münasibətə ad qoya bilmirdilər.
Çünki artıq Knipper Sevastopola getmişdi. Çexov isə Yaltada tək başına ona
məktublar yazmaqla məşğul idi.
Məktublaşma
Məktublarda daha çox ən gözəl yerlərdə yaşamaq xəyalı qurulur, pyeslər
haqqında, oynanılan tamaşalar barəsində fikir mübadiləsi yürüdülür, eləcə də
bir-birini dəlicəsinə sevən iki aşiqin etirafları yer alırdı. Məsələn Çexov
yazırdı: "Keçən dəfə Alekseev yanıma gəldi. Onunla pyes haqqında danışdıq.
Dedim ki, sentyabra qədər bitirsin. Görürsən də, mən necə ağıllıyam” və yaxud:
"Yaltada oturmuşam, darıxıram. Mənə elə gəlir indi sən qapını döyəcək, sonra
açıb içəri girəcəksən. Ancaq bilirəm ki, sən bu saat gələ bilməzsən, çünki repetisiyadasan,
öyrənirsən. Məndən və Yaltadan uzaqdasan”.
Olqa isə hisslərini bu cür ifadə edirdi: "İndi ürəyim sözlə dolub. Əlbəttə,
ağlayıram. Axı mən qısa bir zaman kəsimində sizin evdə yaşadım. Mən indi bunu
təsəvvür edə bilmərəm. Ancaq yalnız bu haqda düşünürəm. Yalnız sənin haqqında
düşündüm. Dedim, bax indi, bu saat şəhərə gəlib, bu saat arabadan düşəcək...”
ya da: "Yazıram və pəncərədən soyuq havaya baxıram. Düşünürəm ki, gələn yayı
şimalda keçirək. Nə deyirsən? Ancaq hələ heç nə mümkün deyil. Bizə sadəcə
arzulamaq qalır...” Qadın daim keçmişi xatırlayır və gələcəyinin Çexovda
olacağını düşünür: "Məni pilləkəndən ötürdüyün yadındadır? Onda tutacaq necə
xaincəsinə cırıldamışdı… Mən bunu dəhşətli dərəcədə sevirəm. İndi isə uzun
zaman sənə yazmadım, oturdum şəklinə tamaşa elədim və yalnız sənin haqqında və
gələcəyimiz haqqında düşündüm. Bəs sən düşünürsənmi? Biz səninlə çox az
danışmışıq. Sənə elə gəlmirmi, bizim münasibətimiz anlaşılmazıdır? Ah mənim
gələcəyimin insanı!”
"Məni mərhəmətsizliklə günahlandırırsan. Səni sevən mən bunu necə edə bilərəm?
Mənim qəlbim həmişə mərhəmətlə və sənin sevginlə çırpınıb. Sən bunun üçün izah
gözləyir, ciddi-ciddi söhbətlə, üz cizgiləri ilə bunu tələb edirsən. Ancaq mən
sənə demək lazım olduğunu bilmirəm və sənə min dəfə demişəm ki, səni sevirəm,
başqa heç nə… İndi bizim bir yerdə olmağımızın günahı sən yox, şeytandı, məni
özünə çəkən şeytan, səni isə özünə çəkən incəsənətdir.” – Çexov Knipperin
məktubuna belə cavab vermişdi.
Münasibətin
gərginləşməsi
"Sən artıq bilirsən, biz bir yerdə tanış insanlar kimi yaşaya bilmərik. Mən
gəlmişdim sənin yanına. Artıq bu gizlənmələrdən bezmişəm. İnan mənə, bu mənə
çox ağırdır. Hələ sənin ananın üzündəki iztirabı görmək daha dəhşətlidir. Mən
axı iki od arasında qalmışam. Denən mənə, de ki, bir yerdə xoşbəxtcəsinə
yaşayacağıq...” – Knipper dayanmadan öz əzablı sevgisini qələmə alırdı. Bu
məktub onların birgə yaşamağının qərarı deyildi. Knipper bunu istəyirdi, ancaq
tale buna imkan vermirdi. Lakin bu yazılanlar Çexova təsir eləmişdi. Yazıçı məhz
bu istəklə, Knipperlə nikah qurmaq üçün Moskvaya gəlib oradan Volqaya getməyi
düşünürdü… Onlar kilsə nikahıyla sevgilərini əbədiləşdirmişdilər.
Uzaq evlilik...
"Bütün günü özümü pis hiss elədim. Mənə elə gəldi, bu bağırsaq pozğunluğudur.
Ancaq sonra anladım ki, hamiləyəm.” Knipper bu qədər acı taleyə, ayrılıq,
hicran dolu sevgiyə görə gileylənmir, əksinə Çexovun sevgisiylə həyatı bütün
çılpaqlığıyla görürdü. Artıq o, Çexovdan bir parça daşıyırdı…
"Canım! Sən niyə mənim yanımda, Yaltada deyil, Moskvadasan? Əgər sən Yaltada
bütün qışı mənimlə bir yerdə olsan o zaman sənə asan olar, yüngül olar. Mən bir
aktrisayla evlənəndə düşünmüşdüm ki, biz bir yerdə Moskvada qalacağıq. Ancaq
sən elə bilmə ki, mən yanımda olmadığın üçün inciyirəm. Əksinə, hər şeyin yaxşılığa
doğru getdiyini anlayıram...” – Çexov sevdiyi qadınının yaşadığını məktub
vasitəsi ilə öyrənirdi.
"Mən düşüncəsiz, heç bir səbəbsiz səninlə əlaqə qurdum. Əgər səhnədəyəmsə gərək
ki, heç kimə mane olmayam”. – Knipperin cavabı gecikmirdi… "Özünü günahkar
sayma. Mənimlə birgə qışı keçirmədiyin üçün günhakar deyilsən. Əksinə, biz çox
mehriban ər-arvadıq. Bir-birimizin işinə mane olmadığımız üçün yaxşı cütlük
sayılarıq. Sən teatrı sevmirsənmi? Əgər sevməsəydin, başqa məsələ” – Çexov hər
şeydən razı olduğunu Knipperin nəzərinə çatdırır.
Knipper isə öz növbəsində teatrdakı çıxışlarından, tamaşaçıların rəylərindən
ağız dolusu bəhs edirdi. Son pyesin isə izləyicilər tərəfindən yaxşı
qarşılanmadığını deyən qadın bunu baş vermiş bədbəxt bir hadisə kimi yazıçıya
nəql edirdi.
Çexovun "Albalı bağı” səhnələşdilərkən yazıçı arvadına belə yazmışdı: "Bircə
bunu demək lazımdı: mənim pyesimi Stanislavski məhv elədi”. Teatr yenidən
uğursuzluğa düçar olmuşdu. Çexov pyesinin səhnləşdirmədə uğurlu alınmadığından
sonra Knipperə belə bir məktub göndərir: "Yaltadan gedirəm. Heç də
təəccüblənmə. Burda çox darıxdırıcıdır. Yaz gəlmir bura və sağlam ruhum
yoxdur...” İsti havadan xoşu gəlməyən yazıçı 1904-cü ilin bürkülü iyul ayında
vəfat etdi. Onun ölümündən sonra dünya bir az balacalaşdı. Və Çexov həyat
haqqında öz düşüncəsini belə yekunlaşdırdı: həyat həyatdı, qalanı anlaşılmazdı…