adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Mart 2018 00:27
13306
ƏDƏBİYYAT
A- A+

Rəşadı sözündən tanımışam...

Təbiətdə çəməni əlvan çiçəklər, güllər gözəlləşdirir. Çəmən minbir rəngli, minbir ətirli güllərin səxası və vəfası ilə süslənir, könlümüzdə ömür-ömür, fəsil-fəsil büsat qurur. Bu gözəlliyin əbədi təmasından insanoğlu da qidalanır, bəhrələnir. Duyğularına, hisslərinə gözəllik qatır, naxış vurur. Cəmiyyət də belədir. Yaxşı insanların səxavəti, vəfası, xarakteri bütöv olanları ilə formalaşır. Cəmiyyətin mənzərəsi yaxşı adamların xarakterində, əməllərində məna, məzmun yarada bilir. Yaddaşımızı durulaşdıran, özümüzü saflaşdıran cəmiyyət və insan mənzərələri dürüst adamların vurduqları naxışlarla ad qazanır, şan-şöhrət tapır.
Bizim Lökbatan qəsəbəsində Rəşad Məhəmmədoğlu adlı bir cavan tanıyıram. O da tərbiyəsi, əxlaqı, insana yanaşma tərzilə adamın ürəyini açır, hiss edirsən ki, vaxtını boş-boş işlərə sərf etməkdən uzaqdır, gündəlik həyatı zəhmətlə başa vurur... Düşüncələri, adi ayaqüstü söhbəti də onun kimliyini nişan verir. Belə gözəl ailə tərbiyəsi görmüş cavanlar təkcə bir qəsəbənin mənəvi simasını dəyişmir, belələri yuxarıda dediyim kimi bütövlükdə cəmiyyətimiz haqqında müsbət fikir deməyə əsas verir... Ən başlıcası, Rəşad vaxtın, ötən zamanın qədrini bilir. Vaxtı güdaza verən deyil. Boş vaxtı olan kimi sözə sarı qaçır. İçindəki yaraları sağaltmaq üçün dərdini sözün qulağına pıçıldayır. Elə mənim də diqqətimi onun sözlə ünsiyyəti cəlb etmişdi. Neçə illərdi eyni qəsəbədə yaşasaq da, Rəşadı sosial şəbəkədən - feysbukdan, dostlarımın bir çoxu kimi, sözlə ünsiyyətindən tanımışam. Dostlarla bölüşdüyü fikirlər, paylaşdığı aydın düşüncələri onu mənə tanıdıb. İctimai hadisələrə sağlam münasibət sərgiləməyi bacaran Rəşad Qarabağlıdır- Cəbrayıl rayonunun Yuxarı Maralyan kəndində doğulub. Elə sözündən, qələmindən də hiss etmişdim ki, Rəşadın xatirələrlə dolu kövrək qəlbi var.
Nə zaman dindirsən, danışdırsan, eldən, elatdan danışır. Doğma diyarından 16 yaşında ayrılıb. Uzun illərin ayrılığına baxmayaraq, ruhum kəndimizdə - doğulduğum evdə, su içdiyim bulaqda, meyvə dərdiyim budaqda dolaşır - deyən Rəşad ağrı-acılarını sözə, fikrə çevirərək qəzəbinə su çiləyir.
Həsrət, ayrılıq dolu duyğularını ifadə edən şeirlər, hekayələr yazır. Respublikamızda nəşr olunan mətbu orqanlarda şeirləri, məqalələri dərc olunub. Rəşad cavan olsa da, olduqca müdrik düşünür. Xalqımı, millətimi sevirəm, elə bilirəm ki, dünya xalqları içərisində mənim xalqımdan müdriki yoxdur. Bircə qüsurumuz var, - deyir: "Qədərindən artıq humanistik. Ürəyimiz tez yumşalır. Yazıq libasına bürünmüş düşmənə tez aldanırıq. Dastanlarımızda, nağıllarımızda da ürəyimizin, qəlbimizin bu nazik yeri öz əksini tapıb. Hətta xalq qəhrəmanı Koroğlunun özü belə Keçəl Həmzəyə aldanır. Onu yoxsul, kasıb təbəqənin nümayəndəsi hesab edərək, Çənlibelə buraxır. Ən məsuliyyətli işlərdən birini - mehtərliyi ona tapşırır. Qoç igidin yaraşığı Qıratın mehtəri olan Həmzə Koroğluya xəyanət edir. Türkün tarixi düşməni ermənilər Keçəl Həmzə libasına bürünüb yazıq-yazıq dolaşsalar da, bizə hər zaman tor hörüblər. Qonaqpərvərliyimizdən, humanizmimizdən suistifadə edərək torpaqlarımızı əlimizdən qoparıblar".
Folklorumuza, nağıl və dastanlarımıza, xalqın şifahi yaddaşına yaxşı bələd olan Rəşad Məhəmmədoğlu tarixin gedişatından sağlam nəticələr hasil edərək düşməndən intiqam almaq hissilə qələmə üz tutur. Onun yurdla, Vətənlə, vətəndaşlıq məsuliyyətilə bağlı çoxlu şeirləri var.
Hər biri müəllifinin doğma Azərbaycanımıza sevgiylə dolu ürəyinin varlığını təsdiqləyir.
"Bu torpaq" adlı şeiri də Rəşadın yurdsevərliyinin, itirdiklərimizə təəssüf hissimizin bədii təcəssümüdür. Şairlik iddiasında olmayan, amma şairanə düşünməkdən zövq alan R. Məhəmmədoğlunun "Ruhumun səsi", "İç dünyamın aynası" adlandırdığı şeirlərindən ikisini sizlərə təqdim edirəm.
Fariz Çobanoğlu
Bu Torpaq

Gör nə qədər ayaq altda əzildi,
Tapdaq altda tapdalandl bu torpaq.
Oylağına minlərlə göz dikildi,
Həh tərəfə haçalandı bu torpaq.

Tarixlərdən dilimizdə çözüldü,
Sərvətinə minlərlə yad düzüldü.
Bulaq oldu, şəhid qanı süzüldü,
Başdan-başa məzarlandı bu torpaq.

Düşmən oldu hər göz dikən elə bil,
Yüklü oldu ağrı çəkən elə bil,
Bağçasında çiçək əkən, elə bil,
Qanımızla çox sulandı bu torpaq.

Üzərində güllə-dəlik deşməsi,
Qaynar oldu bulaqları, çeşməsi,
Yollarının çala, çüxur çökməsi.
Sinəsindən yaralandı bu torpaq.

Haray çəkir indi yurdu, yuvası,
Göydən yağan yağış, sudu, sədası.
Yamaclarda yas qurubdu obası,
O dağlara daldalandı bu torpaq.

Müharibələr gördü tarix iziylə,
Xanlar, bəylər üzə gəldi yüzüylə
Yandırıldı özümüzün közüylə,
Öz içindən alovlandı bu torpaq.

Həyatdı

Sevən canım bu həyata üzülmə,
Taleyindən şərab içən həyatdı,
Ayaqda qal, pəncəsində əzilmə,
Yarı yalan, yarı gerçək həyatdı.

Ömür yolun yol yoldaşı danışar,
Dalda qalar, öndə gedər, yarışar,
Qədəmlərin döngələrdə qarışar,
Hər addımı ibrət dolu həyatdı.

Çıraq yanır, hikmətində, sözündə,
Acısı var, şəkəri var həbində,
Dərs dediyi zamanın məktəbində,
İmtahana səni seçən həyatdı.

O dənizdi, suyu dərya, çəkilməz,
Üzən üzər, biri batar, bilinməz,
Bu sahildən o sahili görünməz,
Gahdan guman, gahdan boran həyatdı..

Cüt zərini bəxtinə at qoşa sən,
Onu güldür, gülüşüylə yaşa sən,
Adını yaz xatirənə, daşa sən,
O dünyaya kəfən biçən həyatdı.