adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Mart 2018 00:25
12038
ƏDƏBİYYAT
A- A+

Ömür də bir kitabdır...

Yazıçı-publisist Mustafa Çəmənlinin "Ürəyimdən kimlər keçdi" xatirələr kitabı barədə düşüncələr

...Kitab - zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir.
F.Bekon

Yaxşı kitab ən qiymətli xəzinədir.

H.B.Zərdabi

Bəşəriyyətin ən dəyərli kəşflərindən sayılan kitab haqqında zamanında da, sonralar da çox qiymətli fikirlər söylənib, yenə də söyləniləcək. Çünki onun insana bəxş etdiyi duyğuların saflığı, aşıladığı nəcibliyi vəsf etməklə bitən deyil. Kitab insan ağlının, düşüncəsinin bəhrəsidir. Bu əvəzolunmaz nemət öz dövrünün "məhsulu" olsa da, həmişə sabaha, gələcəyə ünvanlanmış olur. Məhz bu cəhətinə görə, insan cəmiyyəti öz mənəviyyatını, ümumbəşəri dəyərlərini, keçmişini, tarixini qoruyub saxlaya, yaxşı ənənələrini yaşada, sonrakı nəsillərə ötürə bilir.
Kitabı haqlı olaraq, zəmanəsinin daşlaşmış yaddaşı sayanlar da var. Yaddaşı itirmək isə böyük faciədir - deməli, keçmişini itirmisən, dünənindən xəbərin yoxdur; deməli, bu gününə hansı tarixlə, hansı mənəvi sərvətlə, əxlaqi dəyərlərlə gəldiyini bilmirsən. Onda təbii ki, sabahına, gələcəyinə də hansı mənəviyyatla gedəcəyin məlum deyil... Deməli, yaddaş əsasdır. Bu yaddaşı qoruyub saxlayan, yaşadıb tarixə çevirən isə kitabdır.
Söhbət, əlbəttə ki, yaxşı kitabdan gedir. Mənalı yaşanmış ömrü də qiymətli bir kitaba bənzətmək olar. Ötüb keçən günləri, ayları, illəri göz önünə gətirdiyin kimi, kitabın da səhifələrini vərəqlədikcə sanki vəcdə gəlir, hissin, duyğuların coşub-çağlayır, intəhasız bir məkana düşür, orada aramla var-gəl edir, düşüncələrinlə baş-başa qalırsan. Bu ecazkar aləmin hüdudlarından çıxdıqdan sonra da yenə uzun müddət onun təsiri altında qalır, aldığın zövq, keçirdiyin hisslər, yaşadığın duyğular səni tərk etmək bilmir, sənə rahatlıq, həyat eşqi, həyat sevgisi bəxş edir.
Mənalı ömür özü bir həyat dastanıdır - kitab səhifələrində əbədiləşməyə, yaşamağa layiq...

"Ömrümü kitaba həsr etmişəm..."

"...Elə bir dövr çatır ki, tez-tez keçib gəldiyin ömür yoluna boylanır, özün-özünə hesabat verirsən, olub-olmuşlar bircə-bircə xəyalında canlanır. Bəzən sevinir, bəzən kədərlənirsən. Qismət elə gətirib ki, mən ömrümü kitaba, kitabçılığa, nəşriyyat işinə sərf etmişəm. Hərdən düşünürəm: bəs bu şərəfli sahədə saç ağartmaqla nə qazanmışam, nə itirmişəm? Yəqin ki, ömürünü nəşriyyat işinə həsr etmiş bir çox həmkarlarım da elə mənim kimi düşünürlər". - Bu fikirlərin müəllifi tanınmış yazıçı - publisist, oxucuların qəlbində özünə çoxdan yer tutmuş istedadlı qələm sahibi Mustafa Çəmənlidir. Lakin bəziləri, bəlkə də onun təcrübəli redaktor-naşir olmasından xəbərsizdirlər. Bu barədə bir qədər sonra.
Məlumat üçün bildirim ki, kitabın müəllifi M.Çəmənli ilə universitetdə beş il birgə təhsil almış, sonra isə on ildən artıq bir müddətdə "Yazıçı" nəşriyyatında redaktor kimi çiyin-çiynə çalışmışıq. Qayğılarımız bir, iş-gücümüz bir olub. Sonralar mən hərbi mətbuata keçmiş və hazırda da fəaliyyətimi bu sahədə davam etdirirəm. Həmkarım isə öz işinə sadiq qalaraq nəşriyyatdan ayrılmamış, bu yolda saç ağartmış, ömrünü kitab mədəniyyətinin inkişafına həsr etmişdir.
Qələm dostum yaradıcılığa erkən çağlarından başlamışdır. Hələ tələbəlik illərində dərc olunan "Ləpirlər" hekayəsi maraqla qarşılanmışdır. Sonralar respublika radiosu ilə incəsənət mövzusunda səsləndirilən verilişləri, vaxtaşırı mətbuatda çıxan oçerk və hekayələri ilə dinləyici və oxucuların rəğbətini qazanmışdır. 1982-ci ildə buraxılan "Mənim dünyamın adamları" kitabı ona böyük yaradıcılıq ruhu bəxş edir. Bu yolda daha həvəslə, müntəzəm çalışan müəllifin sonralar bir-birinin ardınca "İtirilmiş səs", "Şövkət Ələkbərova", "Səs qərib olmur", "Nəğməli xatirələr", "Burdan bir atlı keçdi", "Mən olmayanda dostum ol", "Sənətkar ömrünün izləri", "Ruhların üsyanı", "Yaddaşlarda yaşamaq haqqı", ümumiyyətlə otuzdan artıq kitabı işıq üzü görür. Qarabağ xanlığının tarixindən bəhs edən "Xallı gürzə" romanı, sözsüz ki, ona daha çox şöhrət gətirir. Ardınca nəşr etdirdiyi "Ölüm mələyi" tarixi romanı, Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş "Fred Asif" romanı, "Mübariz" povesti də onun uğurlarını artıran əsərlər sırasındadır. Bunları sadalamaqda məqsədim heç də qələm dostumun bədii yaradıcılığı barədə ətraflı danışmaq deyil. Bir halda ki, dövri mətbuatda bu mövzuda kifayət qədər yazılıb, bəhs olunub. Hətta yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə (qadın obrazları, millilik ruhu, tarixi şəxsiyyətlər və s.) təhlillər edilib, araşdırmalar aparılıb. Bütün bunlar öz yerində. Məqsədim bu kiçik anonsdan sonra müəllifin yaxınlarda işıq üzü görmüş "Ürəyimdən kimlər keçdi" xatirələr kitabı (278 səh.) haqda düşüncələrimi oxucularla bölüşməkdir.
Yeri gəlmişkən qeyd edim ki, kitaba "həyat vəsiqəsi" verən "XAN" nəşriyyatının həyata keçirdiyi bu layihə həqiqətən təqdirəlayiqdir. Çünki tarixi keçmişimizlə yanaşı, müasir dövrümüzün görkəmli simaları haqqında yazılan memuarları vaxtaşırı, sistemli şəkildə nəşr edib oxuculara təqdim etməklə həm dünənimizi bu günümüzlə bağlayır, həm də dəyərli varislik ənənəsini yaşatmış olur. Sözügedən nəşr "Xatirə ədəbiyyatı" silsiləsinin otuz yeddinci "addımı"dır.
Onu da bildirim ki, kitabdakı yazıların böyük əksəriyyəti ilə hələ əlyazması şəklində dövri mətbuatdan tanış idim. Lakin onu əlimə alan kimi bir daha başdan-ayağa oxudum, səhifələrini təkrar-təkrar vərəqlədim. Bir vaxtlar mənimçün də doğma ocaq olmuş "Yazıçı" nəşriyyatında keçirdiyim gənclik illəri yenidən gözlərim qarşısında canlandı, keçmiş həmkarlarımla yenidən "görüşdüm"...
O illərdə kitab nəşri üzdə olan bir məsələ idi. Heç nə gözdən qaçmırdı. Nəşr olunan hər bir kitab bədii səviyyəsindən, ictimai-tərbiyəvi əhəmiyyətindən tutmuş texniki icrasınadək bütün parametrlər üzrə qiymətləndirilirdi. Korrektura, yaxud redaktə səhvindən söhbət belə gedə bilməzdi. Aləm dəyərdi bir-birinə. "... Bu şərəfli və ağır işdə hər adam sona qədər duruş gətirə bilməzdi. Ancaq kitabı sevən, saatlarla oturmağı, gözləri qıyılana qədər əlyazmaları üzərində işləməyi, müəllifə öz haqlı iradlarını qəbul etdirməyi bacaranlar nəşriyyatlarda zəhmətlə çalışıb şərəflə qocala bilərdilər". - Mustafa Çəmənlinin "nəşriyyat ömrü" buna canlı nümunədir.
O dövrdə mütaliəyə sonsuz həvəs, kitaba geniş tələbat kütləvi oxucu ordusu yaratmışdı. Yaxşı kitab maraqla qarşılanır, əl-əl gəzir, müəllifinə böyük şöhrət qazandırırdı. Lakin nə qədər paradoksal olsa da, heç kim onun araya-ərsəyə gəlməsində mühüm xidməti olmuş böyük bir kollektivin (korrektordan tutmuş redaktor-naşirədək) əməyini göz önünə almır. Halbuki, bu amil heç də az əhəmiyyətli deyil. Axı müəllif əlyazmasını ilk olaraq redaktor qəbul edir, onu dəyərləndirir, lazımi prosedurlardan keçirir, redaktə edir, çapını nəzarətdə saxlayır, bir sözlə, kitab şəklində meydana çıxanadək bütün mərhələlərdə onu ardıcıl "izləyir", nəhayət, hazır məhsul şəklində oxucuya təqdim edir. Redaktor-naşir yalnız onda rahat nəfəs alır ki, hər şey öz qaydasındadır, heç bir xətaya yol verilməyib. Bax, əsl sevinc də onda yaşanırdı. Məlumatlı oxucu yaxşı bilir ki, nəşriyyat redaktoru olmaq elə də asan iş deyildi. Sadalananlarla yanaşı, bu sahədə çalışandan kifayət qədər savad, bilik, yüksək bədii zövq, geniş mütaliə, bir də zəngin təcrübə tələb olunurdu. Təcrübə isə birdən-birə qazanılmırdı. Dözməyə səbr, öyrənməyə həvəs lazım idi... Nəşriyyatda korrektor kimi fəaliyyətə başlayan M.Çəmənli də bu işin incəliklərinə aramla yiyələnmiş, uzun müddət redaktor, böyük redaktor, şöbə müdiri vəzifələrində çalışmış, baş redaktor vəzifəsinədək yüksəlmişdir. Heç şübhəsiz, bu gün onun təcrübəli naşir kimi danışmağa çox sözü var.

Kimlər gəldi... kimlər getdi...

80-ci illərin əvvəllərində "Yazıçı" nəşriyyatı öndə gedən nəşriyyat idi. Yenicə yaranmasına baxmayaraq, təcrübəli naşir Ə.Xanbabayevin rəhbərliyi sayəsində kitab nəşri işinə dəyərli töhfələr vermiş, hətta o vaxtkı İttifaq səviyyəsində keçirilən kitab sərgi-yarmarkalarında respublikamızı layiqincə təmsil etmiş, yüksək yerlər qazanmışdır. O illərdə nəşriyyatda kifayət qədər yaradıcı insan çalışırdı: S. Rüstəmxanlı, V. Babanlı, M. İsgəndərzadə, İ. Vəliyev, M. Şükür, C. Zeynal, M. Aslan, S. Mustafa, A. Cəmil, İ. Türkay, Z. Yaqub, R.Behrudi, N. Cabbarov, İ. Hümbətov, N. Səfərov, M. Mirkişiyev, S. Budaqlı, N.Yaqublu, S. Hüseynova, F. Rzabəyova, M. Əliyeva, Z. Hüseynova, N. Rüstəmli, R. Abbasova, N. Bayramova, T. Vəliyeva, O. Süleymanova və daha onlarla insan gözlərinin işığını Azərbaycan kitabının səhifələrinə qoymuşlar. Keçmiş həmkarlarını minnətdarlıqla xatırlayan müəllif yazır ki, "... sən demə, nə qədər vaxt keçsə də, uzun illər bir yerdə çalışdığın, hətta yaxşı münasibətdə olmadığın adamları da unutmaq olmurmuş". Səmimi etirafdır, deyilmi?..
Sonralar bu nəşriyyatda fəaliyyət göstərmiş Ə. Kürçaylı, V. Səmədoğlu, T. Bayram, S. Dağlı, C. Əlibəyov, M. İsmayıl, O. Salamzadə, Q. İsabəyli, Ağasəfa və b. şair və yazıçılar da kitab nəşri işinə layiqli töhfələrini vermişlər.
O vaxtlar "Yazıçı" nəşriyyatı, əgər belə demək mümkünsə, ədəbi mühitin bir parçası idi. Buraya kimlər müraciət etmirdi: yazıçılar, şairlər, tənqidçilər, incəsənət xadimləri, musiqişünaslar, tərcüməçilər, tədqiqatçılar və b... Bir-bir xatırlasaq, yaradıcı insanların böyük bir pleyadası gözlərimiz önündən gəlib keçər: R. Rza, İ. Əfəndiyev, B. Bayramov, İ. Şıxlı, Anar, Elçin, Ə. Cəfər, T. Əhmədov, Q. Paşayev, E. Əlibəyzadə, M. Sultanov, V. Vəliyev, A. Nəbiyev, B.Abdullayev, M. Seyidov, C. Səfərov, Q. Məmmədli, Ə. Hüseynzadə, K.Məmmədov, Ə. Nicat, M. Süleymanov, Ə. Əmirli, B. Məmmədov, aşıqlardan H. Saraclı, M. Azaflı və daha kimlər, kimlər...
Müəllif, yaradıcı insanlarla təmasdan aldığı təəssüratlarını belə ifadə edir: "Doğurdan da, başa düşən üçün istedadlı adamlarla bir yerdə olmaq, söhbət etmək, işləmək çox xoşdur. İnsanın mənəvi dünyası zənginləşir, söz sözü çəkir, xatirələr çözələnir, bir də görürsən ki, yüz illərin, min illərin ardından Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Şah İsmayıl Xətainin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Xan qızı Natəvanın... bir kəlamı, bir misrası tövşüyə-tövşüyə uçub gəldi yanına, oldu səninlə həmsöhbət, həmfikir..."
M. Çəmənli, bir redaktor olaraq, müəlliflərnən necə işləməsindən, yeri gəldikcə onların yaradıcılıq xüsusiyyətlərindən, şəxsi keyfiyyətlərindən söz açır, həyat yollarından səciyyəvi misallar gətirməklə yazılarının məzmununa rəng qatır. Yaradıcılıq söhbətləri bəzən bir mövzu çərçivəsini aşır, ortaya yeni fikirlər, ideyalar çıxır, bu istiqamətdə axtarışlar isə yeni kitabların yaranması ilə nəticələrnirdi.
"...Min illər boyu yazılan heç bir kitabın səhifəsində var-dövlət deyilən mirasdan kiçik bir zərrə də yoxdur, ancaq insan ehtirasını, düşüncəsini, hissiyyatını özündə yaşadan, bu gün belə sənin əhvalınla həmahəng olan SÖZ var. Bu sözü səhifələrində qoruyub saxlayan isə KİTAB-dır. Ona görə də həmişə kitaba ən qiymətli dəyər kimi baxmışam", - deyən müəllif əslində bütün naşirlik fəaliyyəti boyu bu prinsipinə sadiq qaldığını sübut edir.
Müəllifin qələmə aldığı mövzular yalnız nəşriyyatın hüdudları ilə məhdudlaşmır. M.Çəmənli yeri gəldikcə özünün də iştirakçısı olduğu ədəbi görüşlərdən söhbət açır, cəbhə bölgələrinə səfərlərindən, torpaqlarımızı yağılardan qoruyan əsgər və zabitlərimizin fədakarlığından ağız dolusu danışır. İki dəfə Tehranda keçirilən Beynəlxalq kitab sərgisində iştirak etməsini isə yaddaşında qalacaq əlamətdar hadisələrdən sayır. Bu zaman illərlə həsrətində olduğu Cənubi Azərbaycanla, doğma Təbriz şəhəri ilə, soydaşlarımızla görüşlərindən aldığı zəngin təəssüratlarını oxucularına çatdırır, onları tarixi torpaqlarımıza, qiyabi də olsa, "səyahətə çıxarır".
Kitabın əsas məziyyətlərindən biri, mövzu dairəsinin genişliyi ilə yanaşı, sadə dil və üsluba, aydın və axıcı təhkiyə tərzinə malik olmasıdır. Müəllif öz müşahidələrini o qədər səmimi təsvir edir ki, oxumaqdan yorulmur, əksinə, mütaliə həvəsin daha da artır. Ayrı-ayrı məqamlar, ilk baxışda fərqli görünən mövzular bir-birinə elə peşəkarlıqla bağlanılır ki, sanki vahid süjet xətti üzrə yazılmış bitkin bəddi əsər oxuyursan.

(ardı gələn sayımızda)