adalet.az header logo
  • Bakı 11°C
03 Aprel 2013 11:19
59475
ƏDƏBİYYAT
A- A+

Ağılın girdabı ilə sənətin zirvəsi arasında vəhdət yaradan sənətkar

Bütün dünyada "Xəmsə"si ilə tanınan Nizami Gəncəvinin ilk irihəcimli əsəri 1174-1175-ci illərdə yazıldığı təxmin edilən "Sirlər xəzinəsi" poemasıdır.Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunəsi hesab olunan bu əsər sanki şairin yaradıcılıq manifestidir. XII əsrin bir çox şairləri , o cümlədən Əbülüla Gəncəvi, Xaqani Şirvani hümanist poeziya sahəsində Nizaminin varisi olmaları ilə fəxr etmişdilər. Nizaminin özü də bu poemasını Sənai Qəznəvinin "Hədiqətül-həqiqə" əsərinə paralel kimi yazmışdır. Bununla şair demək istəmişdir ki, o da özündən əvvəlki  nailiyyətlərə biganə deyil. Şairin S.Qəznəvinin "Sultan Mahmud və qarı" hekayəsinə paralel kimi yazdığı "Sultan Səncər və qarı" hekayəsi misal ola bilər. Təbii ki, əsərlər arasında nəzərə çarpacaq fərqlər var. Belə ki, Sənainin əsəri xəfif bəhrində yazılıb, həcmcə Nizaminin əsərindən böyükdür və poema Bəhram şah Qəznəviyə həsr edilib. Nizami Sənainin əsərinin ədəbi qiymətinin yüksək olmasını etiraf etsə də öz əsərini daha  yaxşı hesab edir. Fəxrəddin Bəhram şah Səlcuqiyə həsr etdiyi poemasını yeni bəhrdə - səri bəhrində yazmasını qürurla xatırladır. 20 söhbət və 20 kiçik hekayədən ibarət poemanın başlanğıcında tövhid, minacat, nət başlıqları altında Allahın, peyğəmbərin tərifini verib. Şair xalq və hökmdar problemini həll etmək istəmişdir. Bu məqsədi bəzən ədalətli hökmdar ideyası şəklində ifadə etmişdir. O, aktual bir məsələ kimi hökmdarın xalqla rəftarı məsələsini həll edir. Dövrünün zalım hökmdarlarını gah axirətlə qorxudur, gah zülmün bu dünyada ona zərər yetirəcəyini xatırladır, gah da xalqın qəzəbi ilə hədələyir. Dövrün əli qılınclı ağaları haqqında bu şəkildə danışmaq cəmiyyətdə baş verən irəliləyiş idi, xalq şüurunun oyanması idi. Bu bir növü dövr ədəbiyyatı üçün yeni hadisə idi. "Naümid olub sonra bağışlanan padşahın hekayəsi"ndə şair qorxmadan müasiri olduğu  hökmdarın iç üzünü açır. Nizami qəhrəmanı üzərində ədalət məhkəməsini bu dünyada qurur. Bu  vicdanın öz sahibinə qurduğu məhkəmə idi. Poemada iki - sağ və ölü hökmdar sürətinin verilməsi İtaliya şairi Dantenin "İlahi komediya"sını xatırladır.        "Nuşirəvan və bayquşların söhbəti" hekayəsi romantik planda verilsə də həyatın eybəcərliklərini çox doğru əks etdirir. Nuşirəvan islamdan öncə yaşamış Sasani hökmdarı olsa da təsvir olunan həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin  mənzərəsidir.Şair ədalətsizliyin, qətl-qarətin həddini aşdığını göstərmək üçün  maraqlı  priyom işlətmişdir. Xarabalıq sevən bayquşlar öz aralarında danışarkən bildirirlər ki, şahları budursa hələ çox kəndlər xaraba qalacaq. Quş dili bilən vəzirin köməyi ilə Nuşirəvan danışılanlardan agah olub, xəcalət çəkir. Bununla da Nuşirəvan dəyişib ədalətli işlər görür, tarixdə Adil Nuşirəvan adı ilə tanınır. Eyni zamanda diqqətli olsaq görərik ki, bu hekayədə hələ xalq yoxdu onun adı çəkilir. Əslində bayquşlar bayquşa bənzər insanları təmsil edir. Xalqın fəlakəti nəticəsində varlanan, qarışıqlıq, özbaşınalıq dövrlərində özlərini rahat hiss edən  feodal-ruhani təbəqəsinin bir qisminin cəmiyyətdəki eybəcər, bayquşvari insanlar tənqid olunur.    "Sultan Səncər və qarı" hekayəsində fəal surət xalqdır. Burada ittiham nitqini zəif bir qarı söyləyir. Şahın çirkin əməllərini üzünə sayan qarının hər sözündə qılınc kəskinliyi, zəhər acılığı  duyulurdu. Qarının şikayətində  səbr kasası aşıb-daşan xalq etirazının və qəzəbinin kəskinliyi ifadə olunub. Dinmədən qarını dinləyən şahın "Xorasan iqlimi"ni fəth edəndə oğuzlara əsir düşməsini şair xalqın incidilməsi qarşısında layiqli cəza alması kimi qiymətləndirir. Poemadakı  bu məqamla şair əslində ibrət almaq üçün xəbərdarlıq etmişdir. "Zalım padşahla Zahidin dastanı" hekayəsi kəskin ifşaçı məzmunu baxımından yuxarıdakı hekayəyə oxşasa da şikayətləri eşitməyən, əhəmiyyət verməyən, cinayətkarları cəzalandırmayan hətta onlara şərait yaradan Sultan Səncərə nisbətən burada təsvir edilən padşah daha qəddardır. Hər tərəfdə cəsuslar yerləşdirən padşah haqq danışan dili kəsir. Onun ölkəsində şahın əleyhinə danışmaq ən qorxulu cinayət hesab olunur. Y.E.Bertels poemanın bu hekayəsini "Sirlər xəzinəsi"nin açarı və ən yaxşı hekayəsi adlandırmışdır.    Nizami həmişə köhnəliyi rədd etmişdir. Yeniliklə köhnəliyin qarşılıqlı münasibəti haqqında fikirlərini də  "Bir şahzadənin hekayəsi"ndə əks etdirib. Hekayədəki mübarizə ruhunu, köhnəliyə, mühafizəkarlığa qarşı barışmazlıq ideyasını M.Əlizadə şairin əxilik mövqeyi ilə əlaqələndirmişdir. Əmək və əmək adamına dərin məhəbbət bəsləyən şair "Süleyman və əkinçi" və "Kərpickəsən qocanın dastanı" hekayələrində  fədakar zəhməti ilə ruzi-bərəkət qazanan, zəhmət çəkməyi borcu hesab edən sadə adamların heyranedici surətini yaratmışdır. (Hansı ki, əməyin tərənnümünün rüşeymlərini  Məhsəti Gəncəvi yaradıcılığında görünürdü) A.Bakıxanovun "Mişkatül ənvar" əsəri "Sirlər xəzinəsi"ni, Möhsün Nəsirinin "Tutinamə"sindəki "Özünü dərviş yolunda fəda edən hökmdarın hekayəsi", "Harun-ər Rəşidlə dəlləyin hekayəsi" poemanın bəzi hekayələrini xatırladır. Poema X.R.Ulutürk tərəfindən ana dilimizə tərcümə edilib.        
"Xəmsə"yə daxil olan  ikinci böyük əsər "Xosrov və Şirin" poemasıdır. 1180-1181-ci ildə tamamlanan poema aşiqanə-fəlsəfi roman silsiləsinin ən yüksək nümunəsi kimi meydana çıxdı. 1177-ci ildə Sultan Toğrul ibn Arslan taxta oturanda poemanı yazmağa başlamış və 4 il üzərində işləmişdi. Məhəmməd Cahan Pəhləvana həsr etmişdir. Ancaq şair aşiqanə mövzulu əsərləri  çox vaxt boş həvəsdən danışan və böyük sənətkar üçün yüngül, layiq olmayan bir iş hesab etdiyi üçün ilk poemasından sonra "həvəs yolunda əziyyət çəkməyi" özünə rəva görmür. Əsər tarixi əsərdir. Xosrov-Şirin xəttində İran - Azərbaycan münasibətlərindən bəhs olunur. Məhəmməd Peyğəmbərin məktubuna Xosrovun etinasızlığı İranda Sasanilər sülaləsinin süqutunun səbəblərinə işarə etmişdir. Məhinbanu - Şirin xətti Azərbaycanın əfsanəvi tarixinin inikası kimi qələmə alınmışdır. Poemanın süjeti son dərəcə dəqiq və məharətlə qurulmuşdu. Hər şey vahid bir hərəkətə tabe edilmişdi. Xosrovun Şirinə olan məhəbbəti poemanın əsas mövzusudur. Bu məhəbbətin yaranması, inkişafı və uğurlu həllini əks etdirən şair  məhəbbəti dövrün ictimai, siyasi, əxlaqi hadisələri ilə təmasda göstərmişdir. Xosrovun doğulmasından ölümünə qədərki həyatını təsvir etsə də onun Şirinə vurulması xəttini daha çox qabartmışdı. Nəzir-niyazla doğulan Xosrovu  böyüdükcə xarakterində qüsurları olan bir gənc kimi görürük. Bu qüsurlar yalnız məhəbbətdə deyil, bütün sahələrdə özünü göstərir. Yuxuda gördüyü babası onun dörd əmanətə (Şirin, Şəbdiz adlı ata, Bərbad adlı müğənniyə və taxt-taca) sahib olacağını vəd edir. Bundan sonra Xosrov bu əmanətləri əldə etmək üçün çalışır. Poemanın əsas mövzusu da budur.
"Xosrov və Şirin" poemasının əsas surəti Xosrovdur. Bütün hadisələr onun ətrafında cərəyan edir.  Əsər "Xosrovnamə" də adlandırıla bilər. Onun xarakterindəki ikilik poema boyu mübarizələrindəki qələbə və məğlubiyyətlərində əks olunub. Əsər boyu hökmdar Xosrov və adi sevən gənc-Xosrov paralel inkişafda verilib. Xosrov üzündəki eybəcərlik pərdəsini cırıb atan Şirinə hökmdar kimi qalib gəlib alçaltmaq istəyir. Ancaq birinci növbədə Şirinin, sonra da öz vicdanının səsini dinləyib tədricən dəyişən Xosrov hökmdarlıqdan əl çəkir, hətta oğlu Şuriyə tərəfindən ölümcül yaralananda belə su istəmək üçün Şirini yuxudan oyatmağa qıymır. (Xosrovun oğlu Şiruyə  Şirini sevirdi) Xarakterindəki bütün gözəlliyi, mənəvi ucalığı əzəmətli şəkildə aşkara çıxaran  Xosrov yalnız  Şirinə aşiq-insana çevrilir. Xosrovun Şapurda şəklini görərək Şirinə aşiq olması epizodu,  "Valeh və Zərnigar" dastanında Zərnigarın Valehə məktub yazması və Valehin Zərnigarın şəklini görüb aşiq olması epizodunu xatırladır. Qadın-allah, qadın-günəş deməkdir kimi düşünən  Şirin sevdiyi adamın rəsmi, kəbinli arvadı olmaq arzusu ilə yaşayır. Sevginin zaman-zaman Şirini də zəif etdiyi məqamları görürük. Bibisi Məhinbanudan sonra taxta çıxan Şirinin ölkəni buraxıb Qəsri-Şirinə getməsi, iqamətgahından "qovduğu" , qəbul etmədiyi Xosrovun arxasınca  onun düşərgəsinə gəlməsini, onun hərəkətlərindəki iradlar hesab etmək olar. Amma əslində bütün bunlar onun Xosrova olan sevgisinin təsdiqi idi. O, bu hərəkətləri ilə bir vaxt Xosrovu qovduğunun əvəzini çıxırdı. Xosrov öləndən sonra Şiruyənin məhəbbətini üzdə qəbul edib ona gülür, Xosrovun var-dövlətini kasıblara paylayıb, özünə möhtəşəm dəfn mərasimi hazırlayır. Sonra tək sərdabəyə girib, Xosrov yaralanan yerdən  özünü yaralayıb öldürür. Bununla da xarakterinin bütövlüyünü, məhəbbətinə sonsuz sədaqətini bir daha təsdiq etmiş olur.              Əsərdə növbəti əsas surət Fərhaddır. Bəzən bunu epizodik surət hesab edirlər. Ancaq belə deyil. Xosrov, Şirin, Fərhad - hər üçü əsərin bərabərhüquqlu iştirakçılarıdır. Şair əsərin əvvəlindən sonunacan iştirak edən bu surət vasitəsi ilə xarakterindən asılı olaraq insan fəaliyyətinin və mənəviyyatının  necə dəyişdiyini göstərmişdir. Fərhad şirini sevməklə Xosrova rəqib çıxmışdır, Xosrov nə deyirsə Fərhad o işin öhdəsindən bacarıqla gəlir. Qəsri-Şirinə süd arxı çəkdirmək istərkən Şapurun yadına Fərhad düşür. Hətta müəlliminin ona qələm-fırça, Fərhada isə külüng verdiyini xatırlayır. Fərhad süd arxını çəkib bitirəndən sonra Şirin qulağındakı sırğaları mükafat olaraq Fərhada verəndə onun bu hünəri qarşısında baş əydiyini bidirmişdi. Fərhad isə bu sırğaların sevgisinin yanında bir heç olduğunu bildirmək üçün onları Şirinin ayaqları altına atmışdır. Fərhadın qüdrətinin hüdüdsuzluğu Bisütun dağını çaparkən daha parlaq ifadə olunur. Bütün bunlar Xosrovu qorxudur və O, xəyanətə əl atır. Dağın çapılmağına çox az qalmış Şirinin ölüm xəbərini Fərhada çatdırır və Fərhad buna dözməyib ürəyi partlayıb ölür. Əslində Bisütun dağı simvol ifadə edir. Bisütun orta əsrlərin, onun ideologiyasının, qayda-qanunlarının fanatik ehkamlarının, əliqanlı ordularının təcəssümüdür. Fərhad isə Bisütuna qarşı qoyularaq intibah ideyalarının ifadəçisi kimi səciyyələnir. Xosrovların təmsil etdiyi orta əsrlər  gözəllik və kamillik vurğu olan Fərhadın simasında intibah ziyalılarını az da olsa oxşadı, başına qızıllar səpdi, saraya dəvət etdi. Amma sona qədər yox. Ancaq
Poladdan dağ olsa yenə də, insan,
Onu parça-parça dağıdar insan,
- deyən Fərhadın simasında şair bildirir ki, orta əsrlər Bisütun da olsa bir gün bu qüdrət qarşısında təslim olacaq.     Ədəbiyyat tarixində bu əsərə cavab olaraq yazılan bir neçə əsər vardır. Bu mənada  Arif Ərdəbilinin "Fərhadnamə" (1369) və Əssar Təbrizinin "Mehr və Müştəri" (1376) əsərləri diqqətə layiqdir. Poemada Xosrovun Şirinin şəklini görüb ona aşiq olması folklor motivi kimi diqqəti cəlb edir. Belə ki, "Valeh və Zərnigar" dastanında Zərnigarın Valehə məktub yazması və Valehin qızın şəklini görüb ona aşiq olması epizodu misal ola bilər.
Aynur Səfərli,
Azərbaycan Pedoqoji
Universitetinin magistr dissertantı