adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Mart 2018 15:58
63589
MÜSAHİBƏ
A- A+

Millət vəkili olanda türkcə and içdim... - MÜSAHİBƏ

Əsəd Ərbil İraqın ünlü yazarlarından biridir. Özü Şimali İraqdakı Kürdüstsn muxtariyyatının paytaxtı Ərbildə yaşayıb yaradır. Bu günlərdə ölkəmizə qonaq gəlib. Yazıçılar birliyinin sədri Anar müəllimlə görüşüb, eləcə də bir çox qəzet-jurnalların qonağı olub.  Biz də dəvət etdik. Sağolsun, dəvətimizi qəbul etdi, yazıçı-jurnalist Tahir Paşa ilə qonağımız oldu, bir stəkan çayımızı içdi, biraz da dərdləşdik.

- Əsəd bəy, türklərin bir sözü var, bizi görən kimi onu deyirlər: Öz evinizə xoş gəlmisiniz! Bizdən təxminən 1500 km uzaqdasınız, həm də Cənubi Azərbaycana yaxınsınız. Qısası evinizə xoş gəlmisiniz. Siz türklərin türkcəsinə yox, bizim türkcəmizə daha yaxınsınız. Bu nədən irəli gəlir?

-  Təbii, tarixi araşdırmalara söykənərək deyə bilərəm ki, bizim, əslimiz, kökümüz Azərbaycandan gələnlərdir.

- Azərbaycandan gəlmələrdir, yoxsa orada doğulub böyümüsünüz?

- Əvvəlcə atalarımız gəldi, sonra biz. Azərbaycan evimizdir. Köçməklərinin səbəbini soruşsanız deyim ki, buraların torpaqları çox əlverişlidir deyə heyvan saxlamaq üçün, təsərrüfatla məşğul olmaq üçün buralara köçüblər. Türkü ancaq türk yıxar, türkün türkdən başqa düşməni yoxdur. Onun üçün də nəsillərimiz bir-birini sıxa-sıxa gəlib buralara kimi çıxıblar.

- Bildiyimə görə, sizin yaşadığınız ərazilər qədim şumerlərin məskənidir. Oljas Süleymanova da, bizim araşdırmaçı yazıçımız Əlisa Nicat da bu barədə yazıb. Oljas şumerlərdən 80, Əlisa 120 türk sözü tapmışdı. Bu da türklərin qədimliyini sübut edir. Yəni biz elə o torpaqlarda doğulmuşuq. Bəs, yaxşı, Ərbildə nə qədər türk yaşayır?

- Bu suala cavab verməmişdən qabaq onu deyim ki, İraq türklərinin tarixi haqqında bir kitab üstündə 9 ildən çoxdur işləyirəm. İnsaniyyətə yazı öyrədənlər şumerlərdir. Kərkük bizim mübarizə şəhərimizdir. Türklər Ərbildə də, Mosulda da, Kərkükdə də, Tuz-Xurmatuda da, Tall-Afarda da var. Tall-Afarda türklər olduğu üçün oranı məhv etmək istəyirlər. Ərbildə 500 min ailə var. Təxminən iki milyon türk yaşayır. Bütün bu mübarizələrə baxmayaraq Ərbildə demokratiya var. Mən millət vəkili olanda türk dilində and içdim.


- Əsəd bəy, türk dilində nə qədər qəzet, jurnal çıxır orada?

- Səkkiz-doqquz siyasi partiyamız var. 3 quruluşumuz var. Hökümət tərəfindən partiyalara maddi dəstək olunur. Türk dilində 3 dərgimiz, 2 jurnalımız var.

- Yazarlar birliyiniz də var?

- Bizim yazarlar birliyinə həqiqi şair olmayanları qəbul etmirik. 65-67 arası yazarımız var.

- Türklərlə kürdlərin yazarlar birliyi ayrıdırmı?

- Bəli. Ayrı olmalıdır da. Biz kürdlərin yazarlar birliyinə üzv olsaq bizi də kürd kimi tanıyacaqlar.

- Bir ümumi ad altında birləşəydiniz də.

- Biz təklif etmişdik ki, Kürdüstan yazarlar birliyi olsun ki, hamımızı bir yerə yığa bilsin. Bizə "yox” dedilər. Dedilər ki, bizim məqsədimiz "kürd” sözünü tanıtmaqdır.

- Bəs, sizin yazarlar dünyaya necə çıxa bilirlər? Heç mən digər ölkələri demirəm, Türk dünyasını deyirəm.

- 2012-də Daxili işlər nazirliyinə diləkçə verdik, təsdiqlədilər. Birliyimizi yaratdıq, həftəlik tədbirlərimiz olur. Birliyin idarə heyəti 9 nəfərdən ibarətdir. Yoldaşlarıma dedim ki, türk dünyasına açılmaq vaxtıdır. Türkiyəyə, Kıbrısa, Təbrizə, Azərbaycana. Artıq bu saydığım ölkələrdən 80-ə yaxın üzvümüz var. Hətta sizin Yazıçılar birliyinin sədri Anarı "Onur başkanı”, Fikrət Qocanı "Onurbaşkanı yardımçısı” seçmişik.

- Türkiyədə "Bengü” nəşriyyatı var, Yaqub Öməroğlunun başqanlıq etdiyi Avrasiya yazarlar birliyi var, jurnalları çıxır, türk müəlliflər dərc olunur.


- Bəli, bizim də görüşlərimiz olur ara-sıra. Amma biz türkləri öz yurdumuza gətirə bilmirik. Niyə? Çünki güvənləri yoxdur. Bu İŞİD məsələsi bütün işləri korladı.

- Axı, sizdə əmin-amanlıqdır.

- Son dönəmlər Bağdadla Ərbil arasında referendum məsələsinə görə soyuqluq yaranıb.

- Necə olur ki, Ərbildə kürdlərlə türklər qardaş kimi yaşayır, amma başqa yerlərdə yox?

- Krallıq dövründən bəri ərəblər türkmənləri tanımırlar. İlk dəfə Kürdüstan bölgəsində Parlamentdə türkmənlər tanındı millət olaraq.  İraqda da baxdılar ki, Kürdüstanda türkmənlər millət olaraq tanındı, onlar da tanıdılar. Parlamentdə 7 türkmən var.

- Bəs, Bərzani hökümətində nə qədər?

- Orada da 5.

- Bəs, ümumi?

- Ümumilikdə 111.

- Dediniz ki, türkmənlərin 8 partiyası var.

- 8 partiyadır, amma parça-parça olduğuna görə 30 sayılır. Elə bizim taleyimizi yox edən də bu birliyin olmamasıdır. Məsələnin kökü maliyyələşmə problemidir. Məsələn, mən 2 milyon verib iki partiyanı özümə bağlayıram, o birisi üç partiyanı, digəri 5 partiyanı.  Kim daha çox pul versə... Millətə xidmət isə yoxdur. Baxın, Parlamentdə toplantılar olur, hamı dost, qardaşdır, elə ki, toplantı qurtardı, hamı çölə çıxdı, vəssalam, o bunun dalınca danışır, bu onun.

Bu yaxınlarda Bərzaniyə diləkçələr yazılacaqdı, nə istəsək verəcəkdi bizə. Öz aramızda danışmışdıq ki, bircə pul istəyimizi ərz etməyək. Bu bizi gözdən salar. Elə də oldu. İstəklərimizi yazıb diləkçələrimizi göndərdik. Səhərsi 5 partiya Bərzanidən pul istəməyə getdi və həm sözümüzə xilaf çıxdılar, həm də bizi gözdən saldılar.

- Türkiyə necə, sizə maddi yardım edirmi?

- Türkiyə birbaşa İraq-türkmən cəbhəsini tanıyır. Başqa partiyalara bir qəpik də kömək etmir, yəni bizə də.

- Siz istədiyiniz zaman Türkiyəyə gedə bilirsiniz?

- Viza lazımdır. Vizanı da almağa pul. Türklər də bizə gəlmək üçün viza alırlar. Əvvəl Bərzanidən alırdılar, indi İraqdan....

- Televiziyanızda türkcə verilişlər yayımlanırmı?

- Var. İraq-türkmən cəbhəsinin "Türkməneli” kanalı var. Amma Ərbilin öz kanalı yoxdur.


- Siz yazıçısınız. Sizdə yazıçı öz qonorarı ilə dolana bilirmi?

- Mən indiyə kimi 13 kitab yazmışam, hamsını da 500 min nüsxə ilə çap etdirmişəm, amma bir manat da almamışam. Hamısını pulsuz paylamışam.

- Niyə?

- Çünki istək yoxdur. Kitaba pul vermirlər.

- Kürd yazarlarda da vəziyyət belədir?

- Bəli, eynidir. Amma kürdlərin 100 qəzeti, 50 dərgisi var.

- Siz niyə artırmırsınız?

- Pulumuz yoxdur...

- Məktəbləriniz hansı səviyyədədir? Avropa səviyyəsindədir, yoxsa?

- İraqın təhsil səviyyəsi yaxşıdır. Xüsusilə özəl məktəblərin.

- Bizim 10-dan çox kanalımız var, hamısı da peyklə yayımlanır. Siz necə, baxa bilirsinizmi bizim kanallara?

- Biz də sizin kanallara baxırıq, çox normal da göstərir. Ən çox AZTV ilə Xəzər tv-yə baxırıq. Biz türk peykilə sizin kanallara baxırıq deyə cəmi üç-dördünə baxa bilirik.

- Ailə həyatınız haqda, özünüz haqda da bir-iki kəlmə desəniz...

- 63 yaşındayam, 2 qızım var, bir oğlum 22 yaşında avtomobil qəzasında həlak olub. Qızımın biri evlidir, bir nəvəm var, o biri qızımın 10 yaşı var.

- Həyat yoldaşınız bir dənədir?

- Bir dənədir, artıq olmaz. (gülür)

- Axı, sizdə 3-4 arvad almağa icazə var.

- Əvvəllər icazə var idi, amma təzəlikcə parlamentdə bu qanun ləğv olundu. Amma əgər ikinci qadınla evlənmək istəyirsənsə gərək birinci həyat yoldaşın "Notarius”da sənədə qol çəksin, razılıq versin.

- Belə çıxır ki, dolayısı ilə icazə var da. Ümumiyyətlə, bu dörd arvad almağın adı əxlaqsızlıqdan başqa bir şey deyil.

- Əlbəttə ki, dörd qadının içində istər-istəməz ədalət də öz yerini tapmayacaq.

- Siz öz yazarlar birliyinizin sədrisiz. Azərbaycana gəlmisiniz, Anarla görüşmüsünüzmü?

- Bəli, görüşmüşük, yeni kitabımı da hədiyyə etmişəm.

- Öz yeni kitabınızı latın əlifbası ilə mənə yollayın, mən sizin kitabı burada çap etdirim.

- Niyə göndərmirəm ki?! Əla olar, təşəkkür edirəm.

 

Əsəd bəylə Aqil Abbasın dərdləşməsini qələmə aldı - Emin Akif