adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Mart 2018 15:16
16436
ƏDƏBİYYAT
A- A+

Ədəbiyyatın tərs təsir göstərdiyi hökmdar

Ədəbiyyatın insanı, onun mənəviyyatını yonub formalaşdırdığını deyirlər. Əlbəttə, ədəbiyyat zövq verdiyi kimi həm də maarifləndirir. Amma qəribə orasındadır ki, dünyanın ən manyak, qəddar insanları məhz ədəbiyyata, incəsənətə meyilli olurlar. Bunu elə ədəbi nümunələrin özündən, filmlərdən, tarixdən bilmək olar. Görünür ədəbiyyat bu adamları o qədər yonub-yonub ki, ən dərində olan qorxunc tərəflərini, sinir sistemlərini üzə çıxarıb. Ya da tərs tərəfdən təsir göstərib. Biri elə Rusiyanın ən qorxunc çarlarından olan İvan (İohann) Qroznı. Öz oğlunun gözünü çıxarmaqla yanaşı, qəzəbinə tuş gələn hər kəsin başına elə oyunlar açdırıb ki, bu işgəncə növlərindən elə ayrıca ədəbiyyat yaratmaq olar.

Ədəbiyyat aşiqlərindən, hətta xəstələrindən olan İvan Qroznı ləqəbinin haqqını vermədiyi, yəni hiddətindən coşub-daşmadığı vaxtlarda mütaliəylə məşğul olurmuş. Sarayın ən gözəl otağı məhz kitabxana imiş. Və bu kitabxanada dünyanın ən nadir kitabları, dahilərin əlyazmaları yer alırmış. Üstəlik onlar sadəcə bəzək-düzək xatirinə kitabxanaya düzülməmişdi. Çar öz kitabxanasının 80%-ni oxuyub əldən keçirmişdi. Zamanının ən bilikli, savadlı, məntiqli şəxslərindən hesab olunurdu ki, dəfələrlə onu əqli xəstə hesab edən avropalıları da ədəbi düşüncələri, fəlsəfi baxışları və tarixi bilgiləri ilə təəccübləndirib.

Sarayının zirzəmisindəki məhbuslar üzərində işgəncə metodlarını isti-isti təcrübədən keçirən Qroznı qəribədir ki, ən çox dini ədəbiyyatı sevirmiş. Onun kitabxanasında bütün dinlərə dair kitablar olub. Müqəddəs kitablardan tutmuş, dini rəvayətlərə qədər olan bu kitablar demək olar ki, çarın stolüstü kitabı imiş. Əsasən də ali ruhanilər olan Yaroslav Mudrıy və İvan Zlataustun əlyazmalarına üstünlük verirmiş. Müasirlərinin sözlərinə görə, çar bu kitablardan bəzilərini hətta əzbər bilir, vaxtaşırı sitatlar gətirirmiş. Eyni zamanda "İncil”də əzabkeşlərə verilən işgəncə növlərini həvəslə öz düşmənlərinin üzərində keçirərək dini kitablara bu cür "minnət borcu”nu qaytarırmış.

Bundan başqa, çar yunan ədəbiyyatının ən sadiq oxucularından olub. Xüsusən də Homerin qələmindən nə çıxıbsa, onu maraqla ruhuna çəkib. Qroznı hətta Homerin ən nadir əlyazmalarını da tapdıraraq kitabxanasının gözəl güşəsində onlara yer verib. Təbii ki, ədəbiyyatı sevən onun təşəkkülünə də şərait yaradar. Odur ki, çar bilmədiyi dillərdə yazılmış kitabları rus dilinə tərcümə etdirərək öz kitabxanasına, həmçinin ali məktəb kitabxanalarına yerləşdirmək üçün əmr vermişdi. Xüsusən də Nikola Makiavellinin "Dövlət”, Qay Trakvillinin "12 böyük hökmdarın tarixçəsi”, Homerin bir çox əsərlərinin tərcüməsini sifariş verib. Hesab olunur ki, hazırda bədii tərcüməçilikdə dünya birincilərindən sayılan Rusiyada bu sahənin çiçəklənməsi elə məhz İvan Qroznının zamanında olub.


Şəfiqə ŞƏFA