adalet.az header logo
  • Bakı 7°C
21 Mart 2018 12:33
9553
GÜNDƏM
A- A+

Müdafiə Nazirliyi valideynlərə müraciət etdi

"Ordumuzun təminatla bağlı heç bir problemi yoxdur, hərbi hissələrə əsgər normasından artıq təminat vasitələrinin gətirilməsinə ehtiyac yoxdur"
Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Novruz bayramı tədbirləri davam edir.

Adalet.az Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, son günlər keçirilən "Açıq qapı” günləri və digər bayram tədbirlərində iştirak edən minlərlə vətəndaş, dövlət, qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən valideynlər hərbi hissələri ziyarət edərkən burada yaradılan sosial-məişət şəraitindən və təminatdan məmnun qalır, razılıqlarını bildirirlər.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz dövlətimizin və şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin, ərzaq, əşya, eləcə də digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir: "Bu gün Ordumuzun təminatla bağlı heç bir problemi yoxdur. Hərbi hissələrdə olarkən hər kəs bu istiqamətdə əldə etdiyimiz uğurların şahidi olur. Bunu nəzərə alaraq bildiririk ki, hərbi hissələrə ziyarət təşkil edilərkən əsgər normasından artıq və israfçılığa səbəb olacaq təminat vasitələrinin toplanılmasına və gətirilməsinə ehtiyac yoxdur. Xalqımızın səmimi münasibəti, mənəvi dəstəyi, hərbi vətənpərvərlik tədbirləri şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da möhkəmlənməsinə yetərlidir. Əsgərlərimizə mənəvi dəstək olan hər kəsə dərin minnətdarlığımızı bildiririk".