adalet.az header logo
  • Bakı 16°C
20 Mart 2018 00:02
44777
LAYİHƏ
A- A+

Novruz: ilkin qaynaqları və tarixi inkişafı

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bayramın kütləvi halda keçirilməsi, birlik və bərabərliyin təmin edilməsi, bayram sevincinin qarşılıqlı bölüşülməsi (bayram gedişində küsülülərin barışması və s.) ritualları nəzərə alsaq, əminliklə deyə bilərik ki, "Novruz" eyni zamanda sosial hadisədir.
"Novruz" - hərfi mənada yeni gün deməkdir. Yeni gün, yeni səhifə və ya yenidən doğulmaq motivlərini özündə əks etdirən "Novruz" özünə müxtəlif çalarların, mənaların verilməsinə, tarixdə baş vermiş hansısa hadisələrlə əlaqələndirilməsinə səbəb olmuşdur. Novruz haqqında məlumatlara Əbu Reyhan Birunin "Asarul Baqiye", Mahmud Qaşğarinin "Divanü Lugat-it Türk", Yusif Has Hacibin "Kutadqu biliq", Ömər Xəyyamın "Novruznamə", Nizamülmülkün "Siyasətnamə", Nizami Gəncəvinin "İsgəndərnamə" və s. əsərlərində rast gəlirik. Bundan başqa Novruzun gəlişi yaz (bahar) fəslinin başlanğıcı hesab olunduğundan "Bahariyyə" adlı əsaərlərin ədəbiyyatımızda yaranmasına səbəb olmuşdur.
Novruzun mənşəyi ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Daha çox qəbul edilən fikir Novruzun əkinçilik təqvimi ilə bağlı olmasıdır. Bunun əsas səbəbi "Novruz"un mart ayının 20-21 tarixində qeyd edilməsidir. Məhz şimal yarımkürəsində 20-21 martda yaz gecə-gündüz bərabərləşməsi baş verir. Günəş yenidən Ekvator xətdi üzərində qərarlaşır. Bu hadisə şimal yarımkürəsində yazın başlanması anlamına gəlir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl rənginə bürünməsi, insanlarda müsbət əhval-ruhiyyə yaratmaqla əkinçilik fəaliyyətinə başlamağa stimul verir. Ehtimal edilir ki, məhz buna görə həmin günü Novruz (Yeni gün) adlandırıblar. Novruz yazın, baharın gəlişinin bayram edilməsidir. İnsanlar təbiətin qışla ölüb yazla dirilməsini bayram edirlər. Novruzda biz bu simvolu "Kosa-kosa" oyununda görürük. Bu oyunda Kosanın ölümü simvollaşdırılmışdır. Kosa qış fəslinin simvoludur. Qış keçir bahar gəlir.
Novruzun mənşəyi ilə bağlı mülahizələrdən biri "Novruz"un "yaradılış bayramı" olmasıdır. Bu mülahizəyə görə Tanrının dünyanı və insanı yaratması təbiətin yazda dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi qeyd olunur. Dünyanın yaranmasında iştirak edən dörd ünsür dörd çərşənbədə öz əksini tapmışdır. Bu mülahizələrin əsas dayanağı "Zərdüşt" dini və onun müqəddəs kitabı sayılan "Avesta"dır. Bayramın əsas simvolları od yandırılması (çərşənbələr) və bu zaman dörd ünsürün vurğulanması, süfrələrə boyanmış yumurta qoyulması və s. rituallar atəşpərəsliklə əlaqələndirilir. Belə hesab edilir ki, süfrəyə (xonçaya) qoyulan təamlar arasında olan boyanmış yumurta cansız aləmdən-canlı aləmə keçidi simvolizə edir. Yumurtanın al rənglərə boyanması da atəşpərəstlikdən irəli gəlir. Ancaq unudulan əsas rituallardan biri odur ki, yandırılan odun (çərşənbə tonqalının) üzərindən atlanan mərasim iştirakçıları ağırlığım-uğurluğum burda qalsın nidası səsləndirirlər. Bu ritual atəşpərəslik təlqinləri ilə bir araya sığmır. Belə ki, din üçün müqəddəs hesab edilən odu insanın günahlarını təmizləmək üçün istifadəsi atəşpərəstlikdə qadağandır. Tarixdə odun insanı şər qüvvələrdə xilas edən, onu təmizləyən vasitə kimi istifadə edilməsinə qədim türk ən-ənələrində rast gəlmək olur. Rus alimi, məşhur türkoloq Lev Qumilyov özünün "Qədim Türklər" əsərində qeyd edir ki, Türk xaqanının qəbuluna gələn yad elli elçilər qəbuldan qabaq xüsusi adamlar tərəfindən od üzərindən keçirilirdilər. Bu da onların şər ruhlardan azad olunması məqsədi ilə həyata keçirilirdi.
Əl Biruninin yazdığı rəvayət isə Novruzun yaranmasını Azərbaycanla bağlayır. Bu rəvayətə görə Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Günəşin şüası Cəmşidin üzərinə düşdükcə insanlar onu görürlər və sevincdən həmin günü bayram edirlər.
"Novruz"un türklərin Ergenekon bayramının davamı olması haqqında da fikirlər çox geniş yayılmışdır. Bu mülahizəyə görə, türklərin əskidən bəri keçirdikləri "Ergenekon bayramı" müəyyən bir dövrdən sonra "Novruz" adı ilə qeyd olunmağa başlamışdır. Ergenekon bayramı təkcə törəyiş deyil, eyni zamanda, əski türklərin 400 il əziyyət çəkərək qaldıqları yerdən bir bozqurdun yol göstərməsi ilə xilas olub çox gözəl bir yerə gəlib çıxmaları və yerləşmələrinin bayramıdır. Türklər xilas olduqları günə və yerləşdikləri yerə "Ergenekon" deyiblər. Türklər həmin yerə gəldikləri günü, həmin gündə və həmin yerdə ənənəvi olaraq qeyd ediblər. Yeni zamanın və məkanın qeyd olunduğu hadisə, Tanrıya alqışetmə ritualıdır. Novruz rituallarından biri olan "Kəndirbaz" oyunun "Ergenekon" dastanında qeyd edilən Boz qurd arxasınca gedərək dar bir keçiddən, dağ və ya qaya arasından keçilməsi ilə əlaqələndirirlər.
Novruzun əsasında əski xalq mərasimləri dayanır. Dünya xalqlarının bir çox mərasimləri də belədir. Onlardan bəzilərinə sonralar dini mahiyyət qazandırılır və beləliklə də əski mərasim mədəniyyəti ilə dini adətlər birləşdirilmiş olur. Bu baxımdan Novruzun "İmam Əlinin taxta çıxdığı gün" olması iddiası da var. Qeyd etmək lazımdır ki, İmam Əlinin xilafətə gəlişi miladi 656-cı ilin yay fəslində baş vermişdir. Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib. Yuxarıda qeyd edildiyi kimi "Novruzun" Zərdüştlüklə əlaqələndirilməsi də əsassızdır. Zaman keçdikcə insanlar imtina edə bilmədikləri ibtidai dönəmin ənənələrini yeni dövrə uyğunlaşdırıb dini bayramlar olaraq qəbul etmişlər. Novruzun da rəsmi bayram kimi keçirildiyi qədim və orta əsrlərdə o, dini əfsanələrlə əlaqələndirilmiş və ona dini bir mahiyyət qazandırmağa cəhd göstərilmişdir.
Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi.
Biruninin əsərindən, Ömər Xəyyamın "Novruznamə"sindən aldığımız məlumatlara görə, Novruzda yerə su səpərmişlər, yaxınlara hədiyyə verərmişlər, yelləncəkdə yellənərmişlər, şirniyyat paylayarmışlar, yeddi illik məhsulu müəyyənləşdirərmişlər, ritual yuyunması, çimməsi və digər mərasimlər icra edilərmiş. Novruz günündə süfrəyə buğda, arpa, darı, qarğıdalı, noxud, mərcimək, düyü, küncüt və ya lobya unundan hazırlanmış çeşidli çörəklər düzərmişlər. Süfrənin ortasına yeddi cür ağacın (söyüd, zeytun, heyva, nar və s.) zoğunu, yeddi ağ piyalə, ağ dirhəm və ya yeni dinar qoyarmışlar.
Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn belə növbəti günlərə təxirə salınırdı. Bu bayram o qədər şad və şən bir bayram olmuşdur ki, o günlərdə təkcə təmtəraqlı təntənələr deyil, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərilmiş, qohum və dostlara baş çəkilmiş, qohum və yaxınların məzarları ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam və simpatiya ifadə edilərək ümumbəşəri dəyərlər üstün tutulmuşdur.Azərbaycan xalqının dövlətçilik tarixinə nəzər yetirsək Ağqoyunlular, Qaraqoyunlular və Səfəvilər tarixi haqqında məlumat verən bir çox tarixi mənbələrdə, dövrün tarixçilərinin əsərlərində "Novruz" zamanı şəhərin gəlin kimi bəzədilməsi, bayramın yüksək əhval-ruhiyyədə qeyd edilməsi öz əksini tapmışdır.
Minilliklər keçməsinə baxmayaraq Novruz bayramı bu gün də ölkəmizdə və ondan kənarda yaşayan soydaşlarımız tərəfindən yaşadıqları bölgələrdə yüksək təm-təraqla qeyd edilir. Sovet hakimiyyəti zamanı Novruz bayramının keçirilməsi qadağan edildiyi dönəmlərdə belə xalqımız qeyri-rəsmi şəkildə, çoxəsirlik ənənələrə sadiq qalaraq öz ailəsi ilə bayramı qeyd edib. Məhz bu fakt Novruzun Azərbaycan xalqının qanına, ruhuna ən qədim zamanlardan hopmasını və əsirlər boyu nəsildən-nəsilə ötürülərək yaşadılan birlik, sevgi, bərabərlik və yenidən var olma bayramı olduğun sübut edir.
Bayram ərəfəsində görülən əsas iş bayram hazırlıqlarıdır. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin hazırlanması və s. daxildir. Bayramda müqəddəs yerlər ziyarət edilir, qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər barışır, kasıblara yardım edilir, bayram payı paylanır və s.
Bayram axşamı süfrə zövqlə bəzənirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır. Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görsənməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır.
Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir. Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər.
Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.
Yeni gün olan, yaşama sevinci, həyat enerjisi verən, təbiəti oyadan, bayramlarin ən seviləni olan, milli bayramımız novruz bayramınız mübarək olsun!!!
Hazırladı:
Babək ƏBÜLFƏTOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ