adalet.az header logo
  • Bakı 7°C
20 Mart 2018 16:32
26687
ƏDƏBİYYAT
A- A+

Dünyaya bal kimi nəğmə süzülür... - Ayaz Arabaçı

Adalet.az şair Ayaz Arabaçının seçmə şeirlərini təqdim edir:




Demişdin ki, saat 10-dan ordayam,
saat 10-dan 3-ə kimi gözlədim.
Day, gözləmək başqa nə cür olur ki,
bir adamsız küçə kimi gözlədim.

Fikirləşdim işi çıxıb, gecikir,
xəyalları xalı kimi toxudum.
O üzünə-bu üzünə çevirib,
bir qəzeti 50 dəfə oxudum.

Qovrulurdum, götürmüşdü şəhəri,
bu istidə qovurduğun ət iyi.
Siqar-siqar güllələdi ömrümü,
əlimdəki alışqanın tətiyi…

Yanğın üçün çağırışdı, haraydı,
bilirsən ki, mənim zəngim zəng deyil.
Zəng elədim götürmədin beş dəfə,
dedim, yəqin adamdı də, tək deyil…

Çox pis oldum,
sənə olan hisslərin,
gördüm daha kamançası çalınmır.
Heç olmasa iki kəlmə yazardın,
heç olmasa bilərdim ki, alınmır…

Gəlib-gedən, gedib-gələn baxırdı,
piltə-piltə sönüb gedən bu şama…
Ayrı vaxtı heç bu qədər dost-tanış,
qohum-qardaş rast gəlmirlər adama…

Çətin olur güc toplamaq sonralar,
adam gərək ilk görüşdən solmasın.
3-dən sonra səbrim tamam daraldı,
dedim gəlmir, gələn günü olmasın


****

Sərçələr qar altdan minbir əzabla,
Tapıb şirin-şirin öpür dənləri.
Baharı çiçəklə qarşılayır qış,
Düzüb yaxasına qardələnləri.

Solmuş arzuların düşür üstünə,
Yamyaşıl işığı səmənilərin.
Günəş rübəndini üzündən atır,
Teli xınalanır yasəmənlərin.

Tərpədir yorulmuş təbiət baba,
Köhnə arabanın çarxını xır-xır.
Sonra da əlində bir yekə qayçı,
Çöllərin ağarmış saçını qırxır.

Qapqara rəng alıb,ağappaq səma,
Qışın toy evində təziyə gedir.
Vurub qoltuğuna yaşıl tülləri,
Lüt-üryan ağaclar dərziyə gedir.

Dönür, gül butalı xalçaya dönür,
Qızları bəzəyir üstünə yollar.
Şaxtanın pisliyi özünə qalır,
Şirnikir şəfəqdən qaraca kollar.

İlıq yaz havası qarışqaları,
Çıxardır yeraltı otaqlarından.
Dünyaya bal kimi nəğmə süzülür,
Baharın boyalı dodaqlarından...


****

Mən bu eşqi neçə dəfə
Öldürdüm nəşi böyüdü.
İki bulud arasında,
Yenə günəşi böyüdü.

Uzandı boyunu kəsdim,
Çoxaldı,soyunu kəsdim,
Yemini-suyunu kəsdim,
Böyüdü,əşi,böyüdü.

Andım-amanım qurtardı,
Doymadı,qanım qurtardı,
Birindən canım qurtardı,
Yerində beşi böyüdü.

Yazdım əbəs-pozdum əbəs,
Səsim saldı aləmə səs,
Görən baxıb dedi ki,bəs,
Bunun da işi böyüdü.

Könlü yaşıl budaq qaldım,
Xəyanətdən uzaq qaldım,
Ömrü boyu uşaq qaldım,
Dərdlərim kişi böyüdü..