adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Mart 2018 13:24
11666
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: HƏRƏKƏT İŞTİRAKÇILARININ TƏHLÜKƏSİZLİYİ TƏMİN EDİLƏCƏK

Novruz bayramı günlərində yol polisi gücləndirilmiş iş rejimində çalışacaq. Ümumiyyətlə, həmişə biz bayramlarda ailəliklə bir yerdə istirahət edəndə, dincələndə, loru dildə demiş olsaq, isti ocağımızda oturanda polislər şaxtalı, qarlı havada və yayın istisində avtomobil yollarında xidmət aparırlar. Özü də bu xidmət elə bir səviyyədə həyata keçirilir ki, hər bir hərəkət iştirakçısı bunun şahidi olur.

Yəni bayram günlərində biz rayonlara gedəndə avtomobil yollarında yol polislərinin necə gərgin işlədiklərini görürük. Havanın soyuq olmasına, yağışın yağmasına baxmayaraq, onlar xidmətlərini davam etdirirlər. Belə bir məşhur deyim var: «Mənim polisim məni qoruyur». Bundan gözəl nə ola bilər? İstər cinayətkara qarşı mübarizədə, istər ictimai asayişin qorunmasında, istərsə də hərəkətin təhlükəsizliyinin təmin edilməsində polisin rolu əvəzsizdir.

Bayaq dediyimiz kimi, martın 19-dan 27-nə kimi yol polisi yenə də Novruz bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləyəcək. Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları da xidmət apardıqları Bakı-Quba avtomobil yolunda hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm vəzifələr yerinə yetirəcəklər. Artıq həmin vəzifələrin yerinə yetirilməsinə başlanılıb.


Biz 6-cı tağımın komandiri, polis mayoru Ürfət Şükürovla söhbət zamanı bir daha aydınlaşdırdıq ki, baş verə biləcək təhlükənin aradan qaldırıması üçün onlar tərəfindən davamlı və qabaqlayıcı tədbirlər gerçəkləşdiriləcəkdir. Bu barədə tağım komandiri Ürfət Şükürov bizə ətraflı məlumat verdi. O bildirdi ki, martın 19-dan 27-nə kimi gücləndirilmiş iş rejimində işləyəcəklər.

Bir juranlist olaraq biz də martın 18-də bir daha həmin tağımda olduq. Həqiqətən də gördük ki, onlar rəhbərlik tərəfindən tapşırılmış vəzifələri necə yerinə yetirirlər.

«Ölkəmizi tanıyaq!» devizi altında keçiriləcək tədbirdə çoxlu sayda məktəblilər avtobuslarla məmləkətimizin müxtəlif rayonlarındakı tarixi abidələrə və görməli yerlərə səyahətə çıxacaqlar. Belə səyahətlər Şimal istiqamətində də olacaq. Şabran, Quba, Qusar, Xaçmazdakı tarixi abidələrə baxmaq istəyən şagirdlər həmin istiqamətlərə avtobuslarla gedəcəklər. Həmin avtobusların təhlükəsizliyi isə yol polis tərəfindən təmin ediləcəkdir. Avtobusların qarşısında və arxasında yol patrul xidməti maşınları hərəkət etməklə təhlükəsizliyi bir daha maksimum səviyyədə qoruyacaqdır.


Bununla yanaşı, qeyd edək ki, ölkəmzdə bazar günü 9-cu siniflərin buraxılış imtahanları keçirilib. Həmin şagirdlər kəndlərdən və qəsəbələrdən rayon mərkəzinə avtobusla gələrkən 6-cı tağımın əməkdaşları onları təhlükəsiz mərkəzlərdə yerləşən orta məktəblərə çatdırıblar. İmtahanlardan sonra isə 9-cular avtobuslara miniblər və həmin avtobuslar yol polisinin müşayəti ilə yaşayış yerlərinə gətirilib. Üstəlik də avtobusların texniki sazlığı əvvəlcədən yoxlanılıb və sürücülərin peşəkarlığı nəzarətdə saxlanılıb. Ona görə də həmin günlər heç bir hadisə baş verməyib.

Bayram günləri yol polisi sürücülərlə daha yüksək mədəni səviyyədə rəftar edəcəkdir. Belə ki, onlara yol verdikləri bəzi yüngül qanun pozuntularına görə cərimə yazılmayacaq. Məsələn, təhlükəsizlik kəmərini vurmayan sürücü cərimə edilməyəcək, onun yadına salınacaq ki, kəməri taxmasan səni xeyirdən çox zərər gözləyir. Yəni kəməri tax ki, mənzil başına da sağ-salamat çat.

Altıncı tağımın baş inspektoru, polis leytenantı Rasim Əliyev dedi ki, bu cür maarifləndirici tədbirlərin həyata keçirilməsi cərimə olunmaqdan daha çox sürücüləri maarifləndirir. Sürücü görəndə ki, hər hansı yol polisi əməkdaşı ona hörmətlə yanaşır və qanun pozuntusunu izah edir, bu ondan daha ciddi nəticə çıxarır.

Rasim Əliyev bizimlə söhbətində onu da qeyd etdi ki, tağımın əməkdaşlarından Tusi Bayramzadə, Nahid İbrahimov, Namiq Kərimov və başqaları bu tədbirdə yaxından iştirak edəcəklər.

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 6-cı tağımın xidmət apardığı Bakı-Quba yolunun Ceyranbatan istiqamətində iki yerdə geriyə dönmə yeri var. Orda bir qayda olaraq bayram günlərində avtomobillərin hərəkəti daha intensiv olur. Ona görə də hər iki yerə təhlükəsizliyin təmin edilməsi məqsədilə iki yol patrul xidməti maşını göndəriləcək. Bu naryadların həmin ünvanda olması qabaqlayıcı tədbirlərin gerçəkləşdirilməsi deməkdir.

Onu da öyrəndik ki, martın 18-nə qədər 6-cı tağımın xidmət apardığı Bakı-Quba avtomobil yolunda heç bir ağır qəza baş verməyib. Təbii ki, tağım əməkdaşları çalışacaq ki, Novruz bayramı günlərində də ağır yol-nəqliyyat hadisələri qabaqlayıcı tədbirlər nəticəsində baş verməsin və baş versə də ölümlə nəticələnən hadisələr olmasın.