adalet.az header logo
  • Bakı 12°C
19 Mart 2018 12:42
9494
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: BAHAR GƏLİR

Novruz bizim elə həmişə gəlişiylə böyük sevinclər bəxş edir. O sevinc ki, onda təbiət oyanır, güllər, çiçəklər hər yanda baş qaldırıb yazın gəlişini insanlara xəbər verir. Göy çəməndə, zəmilərin arasında böynubükük bənövşə günəşin hərarətindən bir az da nur alır, ətriylə ətrafa gözəl bir qoxu bəxş edir…

Əlbəttə, yazın gəlişi hər bir insanın qəlbində, ürəyində böyük arzular, ümidlər göyərdir. O arzular ki, insanlar bu günü, bu anı həmişə səbirsizliklə gözləyirlər. Gözləyirlər ki, yaz gələcək, hər tərəf yaşıllıqlara bürünəcək və onların arzuları da bax beləcə çiçək açacaq. Bundan gözəl, bundan yaddaqalan anlar ola bilərmi?!


Bahar hər insanın yaddaşında, dünyasında müxtəlif izlər qoyub. Yəni onun gəlişi ilk növbədə donmuş qəlbləri də isidir və orda böyük arzular, diləklər çiçək açır. Elə bir insan olmaz ki, yazın gəlişinə sevinməsin… Elə bir insan olmaz ki, onun qəlbində yaz günündə gələcəyə inam və sevgi bulaq kimi qaynamasın…

Yazın gəlişi və baharın qapımızı döyməsi Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Horadiz Şəhər Uşaq Musiqi Məktəbində də çox böyük sevinclə, məhəbbətlə qarşılanıb. Burda məktəblərin iştirakıyla çox gözəl ədəbi-bədii proqram hazırlanıb. Proqramda baharla bağlı bir-birindən gözəl şeirlər, mahnılar, musiqilər səslənib. Və bu musiqiləri, şeirləri də təbii ki, məktəblilər araya-ərsəyə gətiriblər. Hər bir səhnəcik, hər bir çıxış bayramda iştirak edən insanlar tərəfindən alqışlarlanıb. Çünki o çıxışlarda, o kompazisiyalarda Novruzun bütün elementləri, bütün folklor nümunələri öz əksini tapıb.


Xüsusən də tədbirdə iştirak edən valideynlər Kosa ilə Keçəlin səhnəciklərinə çox böyük həvəslə tamaşa ediblər. Yazın və baharın gəlişini Kosa ilə Keçəl özünəməxsus bir bədii formada tamaşaçılara çatdırıb. Bəli, il necə bərəkətli, şən gələrsə, bax, eləcə də bərəkətlə, sevgiylə başa çatar.

Bu tədbir də bir daha onu göstərdi ki, Novruzun gəlişinə nəinki uşaq musiqi məktəbi, bütün Horadiz sakinləri ürəkdən sevinirlər. Və onlar baharın hər addımını, hər gəlişini böyük sevgiylə qarşılayırlar.


Uşaq Musiqi Məktəbinin direktoru Azər Cavadov bu cür tədbirlərin keçirilməsinin artıq ənənə hal aldığını qeyd etdi. O dedi ki, bizim kollektiv həmişə öz yenilikləri və nümunəvi addımlarıyla digərlərindən seçiliblər. İstər yeni il bayramı olsun, istərsə də Novruz bayramı, biz həmişə bunu yüksək səviyyədə təşkil eləmişik. Bu tədbirlərdə müəllimlər, şagirdlərlə yanaşı, valideynlər də yaxından iştirak ediblər. Bax, bu gün bizim musiqi məktəbində 140 şagird 7 ixtisas üzrə musiqinin sirlərini öyrənirlər. Onlara muğamı və müxtəlif musiqi alətlərində ifa etməyi, eləcə də digər musiqi çalarlarını əğz etməyə 30 müəllim öyrədir. Təbii ki, biz ona çalışırıq ki, məktəbimizi bitirən hər bir şagird seçdiyi ixtisas üzrə mükəmməl bir ifaçı olsun və təsadüfi deyil ki, bizim şagirdlərimizin səsi ən mötəbər müsabiqələrdən gəlir və onlar ifaçılığın müxtəlif növləri üzrə qalib adını qazanıblar.

Novruzun gəlişini isə bayaq dediyimiz kimi, Horadiz Şəhər Uşaq Musiqi Məktəbi özünəməxsus bir formada gerçəkləşdirdi və istedadlı uşaqların iştirakıyla bahar bayramını gözəl səhnəciklərlə, yaddaqalan anlarla tədbir iştirakçılarının yaddaşına həkk etdi.