adalet.az header logo
  • Bakı 7°C
19 Mart 2018 09:50
34546
SİYASƏT
A- A+

Musa Urud: “Heydər Əliyevin evi bütün Azərbaycandır”

Son günlər gündəmi nə zəbt edib? Ermənilər bir yanmış və dağılmış evin şəklinin üstünə də özlərinin bildiyi qədər pul qoyub ötürüblər xarici bir jurnalistə və ya hansısa bir zibilə, o da bundan bir məqalə yazıb və sosial şəbəkələrdə də paylaşıb. Bizimkilər də gedib onun «utkasına»”. Bir neçə gün öncə Adalet.az saytında Millət vəkili Aqil Abbasın  "HEYDƏR ƏLİYEVİN ATA OCAĞI VƏ ERMƏNİ YALANLARI” adlı köşə yazısı dərc olunub.  Yazıda  bir məqama xüsusi toxunulur. Qeyd olunur ki, ermənilər Heydər Əliyevin ata ocağını əsrin əvvəllərində yandırıblar. İndi bunu yenidən gündəmə gətirərək Azərbaycan xalqının hissləri ilə oynayıb qəlblərini yaralayırlar.

 

 Milli Məclisin deputatatı, şair Musa Urud məsələyə münasibət bildirib. O, Aqil Abbasın yazısı ilə bağlı fikirlərini gölüşüb: "Yazı ilə tanışam. Bu məsələni çox vacib bir məsələ hesab edirəm. Aqil müəllimə də təşəkkür edirəm ki, bu məsələyə həm yazıçı, həm də millət vəkili olaraq yanğı ilə ciddi münasibət bəsləyib. O ki, qaldı həmin şəkilə, hesab edirəm ki, həmin şəklin təxribat xarakterli olmağı hər kəsə məlumdur. O şəkli tirajlamaq da bəzi sadəlövh insanlar üçün maraqlı gələr və doğrudan da elə bilərlər ki, o ev Heydər Əliyevin ata-baba evidir. Amma əsas məsələ bu deyil. Əsas məsələ ondan ibarətdir ki, bu işi azərbaycanlıları qəzəbləndirmək, narahat etmək məqsədilə görürlər. Və bunu guya ki, erməni gücünün, qüdrətinin nümayişi kimi göstərmək istəyirlər. Amma fakt ondan ibarətdir ki, doğrudan da, Heydər Əliyevin atası, anası, babaları Sisyan rayonunun Comərdli kəndində doğulublar, orada böyüyüblər. Bir məlumata görə isə o kəndi salan Heydər Əliyevin ulu babaları olub. Comərd və Alagöz Məhəmməd. Bu kəndin adamları da bu iki kişinin törəmələridir. Hamısı da, demək olar ki, bir-biri ilə qohumdurlar”.

Millət vəkili qeyd edir ki, sözügedən kəndlə yaxın əlaqələri olub: "Mənim də nənələrim o kənddəndir. O kənd ilə mənim çox yaxın əlaqələrim olub; indi də xeyir-şər işlərində iştirak edirəm. Məsələ ondadır ki, bu kənd Sisyan rayonun mərkəzindən 17 km cənubda yerləşən  Salvartı dağının ətəyində yerləşən mənzərəli bir dağ kəndidir. Təxminən dəniz səviyyəsindən 1800-1900 m hündürlükdə gözəl bir dağ kəndi idi. Amma o kəndin də Qərbi Azərbaycandakı digər kəndlər kimi başına ötən yüzildə çoxlu faciələr gəldi. 1905-ci ildə Sisyanda erməni-müsəlman davası oldu. O vaxt onlar bizə bata bilmədilər. O vaxt o kəndlər hamısı yerində qaldı. Bəzən yazırlar ki, 1905-ci ildə də Comərdli kəndi yanıb dağılıb. Amma belə deyil. 1905-ci ildə orda heç bir Azərbaycan kəndi dağılıb yandırılmamışdır. 1918-ci ildə isə T.Andryanikin Türkiyədə başına yığdığı 7000 nəfərlik, bəzi mənbələrdə isə 10 000 nəfərlik peşəkar silahlı hərbi dəstəsi Naxçıvan, Dərələyəz, Sisyan və Laçına kimi getdilər. Laçında Sultan bəyin qəhrəmanlığı nəticəsində Zabuğ dərəsində  darmadağın oldular, Şuşaya girə bilmədilər. 1918-ci ilin yayında onlar Comərdli kəndini də yandırdılar. O zaman kənddə 800-ə yaxın adam yaşayırdı, 110 ev var idi. Demək olar ki, bütün kəndi yandırdılar. O cümlədən, Heydər Əliyevin nəslindən olan çoxlu insanlar da həlak oldular. O kəndin sakinləri 7-8 günlük mübarizədən sonra kəndi tərk etməli oldular və Naxçıvana pənah apardılar. Şərurda, Culfada və Naxçıvanın müxtəlif yerlərində yerləşdilər. 1923-cü ildə, artıq Sovet Höküməti qurulandan 2-3 il sonra Ermənistana o kədin camatının bir hissəsi geri döndü. Amma Əlirza kişinin ailəsi geri dönmədi. Akademik Həsən Əliyevin professor Qulu Xəlilova müsahibəsi var idi, orda söyləyirdi ki, 1925-ci ildə mən istədim əmim ilə birlikdə kəndə qayıdım. Amma biz qayıdanda gördük ki, evimiz tamamilə yandırılıb, dağıdılıb, bərpa etmək mümkün deyil. Buna görə də kəndə qayıtmaq fikrindən daşındıq. Yenidən Naxçıvana geri döndük. Və onu deyim ki, 1930-cu ildə Sisyanda güclü bir zəlzələ oldu. Zəlzələ vaxtı Sisyan rayonunda, eləcə də Comərdlidə bir çox evlər dağıldı. Comərdlidə 1988-ci ilə qədər tikilən evlərin çoxu 1938-ci ildən sonra tikilən evlər idi. Yəni, bir daha demək istəyirəm ki, Heydər Əliyevin ata-baba ocağı artıq 1918-ci ildə kənd tərk olunanda yandırılıb dağıdılmışdır və orada ev yox idi. 1979-cu ildə akademik Həsən Əliyev Sisyana gəldi və Comərdli və Urud kəndlərində oldu. Həmin səyahətin şəkilləri də var. Mən də xatırlayıram ki, orada yaşadığı evlərinin yerini də göstərmişdi. O şəkilə mən də baxmışam, o aynabəndli evlər Sisyan rayonunda təxminən 50-ci illərdən sonra tikilib. Yəni, 1918-ci ildə Sisyanda aynabəndli evlər yox idi. Ümumiyyətlə, dağ rayonlarının, dağkəndlərinin heç birində şüşübəndli evlər yox idi. Və bu da göstərir ki, ya bu təxribat xarakterlidir, ya da kimsə özünü maraq dairəsinə gətirmək üçün facebook-da və internetdə paylaşdığı bir şəkildir. Heydər Əliyev 1923-cü il, may ayının 10-da Naxçıvanda doğulub. Və Naxçıvanda doğulub böyüdüyü ev indiyə qədər qorunub saxlanılır. Amma bir məsələ var ki, Heydər Əliyevin evi bütün Azərbaycandır. Bütün Azərbaycan torpağı Heydər Əliyevin müqəddəs evidir. O, özü də belə hesab edirdi. Bu, simvolik mənadadır. Amma fiziki mənada da, ata-baba ocağı, təəssüflər olsun ki, 1918-ci ildən sonra yox idi”.