adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Mart 2018 00:37
10478
ƏDƏBİYYAT
A- A+

Var olsun yaxşı insanlar

Xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin belə bir müdrik kəlamı var: "Hamımızın bir Vətəni var, Azərbaycan!" Taleyin hökmü ilə bir çox xalqlarının nümayəndələri kimi, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız ulu öndərin bu ifadəsinə yüksək ehtiramla yanaşır, onu özlərinə həyat amalı sanırlar. Gözləri daim doğma yurda dikilən həmyerlilərimin yurd, yuva saldığı məkanlardan biri də Rusiya Federasiyasıdır. Onların mühüm bir qismi isə ötən əsrin 70-ci illərindən başlayaraq Böyük Heydər Əliyevin o vaxtlar ümumı Vətənimiz olan SSRİ-nin müxtəlif şəhərlərinə təhsil almağa göndərdiyi gənclərdir. İndi onların arasında yetərincə şöhrətli, sanballı alımlər, mədəniyyət və incəsənət xadimləri. Məşhur həkimlər, mühəndislər,bir sözlə öz sahələrində geniş müvəffəqiyyət qazanmış cürbəcür sənət sahibləri var.
Mən onlardan üç nəfəri, Moskvada yaşayan üç yurddaşımız, üç həkim barədə çox qısaca söz açıb, müxtəsər bir tanışlıq verəcəyəm. İş elə gətirdi ki, mən - Kəlbəcərdən məcburi köçkün düşmüş qadın yaşımın bu çağında ağır xəstəliyə düçar oldum. Neçə xəstəxanaya getdim, neçə həkimin yanında oldum, nəhayət mənə onkoloji xəstəlik diaqnozu qoydular. Yaxın bir tanışımızın məsləhəti ilə bu ilin yanvarında Moskvaya, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinə yollandım. Burada yarım aylıq müalicə kursu keçdim. Bəxtimdən müalicə həkimim çox yaxşı bir insan, bacarıqlı, səriştəli təbib, bu institutun baş elmi işçısı, tibb elmləri doktoru Tamrazov Rasim İlham oğlu qarşıma çıxdı. İnanın ki, bəlkə də adamın öz qardaşı belə insana bu qədər qayğıkeşlik, həssaslıq, xeyirxahlıq göstərməzdi. O təkcə öz mükəmməl həkim sənəti ilə deyil, sözün əsl mənasında böyük ürəyi, yalnız biz azərbaycanlılara məxsus qəlbin ölçüyəgəlməz şəfqət duyğusu ilə hər kəsə yanaşmağı, ona toxtaqlıq verməyi bacarırdı.
Rusiyanın bu məşhur tibbi-elmi müəssisəsində 20 ildən artıqdır ki, çalışır. İnsanların şəfa tapması naminəböyük fədakarlıq göstərən Rasim qardaşıma ürəkdən minnətdarlıqlarımı, təşəkkürümü bildirirəm. Ona şəfalı əllərin var olsun deyirəm.
Yerə gəlmişkən bu xəstəxanada çalışan iki nəfər həmyerlimiz haqqında da oxucularımıza məlumat vermək istəyirəm. Tibb elmləri namizədi, böyük elmi işçı, cərrah-onkoloq Məmmədli Zaman Zaur oğlu 10 ildən yuxarıdır ki, bu mötəbər tibb ocağında çalışır. Əslən Cəbrayıl rayonundandır. Buradan əvvəl isə müxtəlif xarici ölkələrdə işləyib. Millətindən, haralı olmasından asılı olmayaraq bütün xəstələri və həmkarları onu xeyirxahlıq, qayğıkeşlik, insanlıq mücəssəməsi kimi tanıyırlar.
Bir də ki, həmyerlimiz çox cavan həkim Səidin adını çəkmək istəyirəm. Gənc olmasına baxmayaraq bu nəhəng xəstəxanada, bu boyda kollektivdə bu azərbaycanlı balasının nə qədər böyük hörmək, sayğı yiyəsi olduğunun şahidiyəm. Pasiyentlərin hamısı bu cavan həkimin qəbuluna böyük inamla, ümidlə gedirdilər. Ondakı insanpərvərlik, yüksək daxilimədəniyyət, təvazökarlıq və sənətinə tükənməz məhəbbət ilk baxışdan diqqəti cəlb edirdi.
Əziz dostlar,mən sağalıb o xəstəxanadan Vətənə sevinə-sevinə qayıtmışam. Bundan əvvəl isə məqsədim qürbət bir ölkədə, "Göz yaşlarına inanmayan" azman Moskva şəhərində həmyerlilərimizin bu həkim qardaşlarımın halal zəhməti, bacarığı, peşələri, pəşəkarlıqları ilə necə böyük hörmət-izzət sahibi olduqlarını nəzərə çatdırmaqdır. Onların adı-sanı, hörməti ilə nə qədər qürur, iftixar duyduğumu bildirməkdir.