Fəsil də dəyişir, nəsil də

HİDAYƏT ELVÜSAL
33395 | 2018-03-17 00:24

Hə! Müşfiq demişkən: "Bu yaz bir başqa yazdır. Əslində təbiətin növbəti fəslidir. Elə nəsillərin də növbəti gəlişidir. Amma bu yaz, fəsildən çox yenə nəsillərin üzləşməsi ilə bar verdi. Yenə yaşlılar gəncləri o ki, var danladı, gənclər də borclu qalmadı. Nəinki bu günün yaşlılarını, Üzeyir bəydən, Aşıq Ələsgərdən üzübəri sayılıb, seçilən sənət adamlarına intensiv hücumlar təşkil etdilər.
Elə bu başdan qeyd edək ki, bu dəfəki gənclərin bəziləri vaxt itirmədən, ortaya əməlli-başlı bir sənət nümunəsi, bir iş qoymadan gündəmə gəlmək həvəsində oldular. Məhz bu səbəbdən adlarını tarixə yazanları topa tutdular, asan, hamar bir yol seçdilər. Əvvəlki nəsil dəyişmələrində belə hadisələr baş verməmişdi. Bu, indiki gəncliyin bağışlanmaz qüsurudur. Bəyənmirsənsə, bu bəyənmədiyinin yerinə elə bir sənət, söz, iş təqdim et ki, onu unudub, səni alqışlasınlar. Amma yenə qeyd edirik ki, belə populist çıxışlar yalnız və yalnız gündəmə gəlmək üçün atılan uğursuz addımlardır.
Yaşlılar da özlərinin "yaşlı, ağıllı, əvəzsiz" daha nə bilim nələrlə dolu düşüncələrindən əl çəkmirlər. Bu da yanlışdır. Söz, sənət və digər bütün sahələr yeni fikir, yeni yanaşma, yeni səs, yeni söz, yeni yorum... istəyir. Məhz bu şərtlərlə inkişaf edir, yeni nəfəs alır, yeni söz, səs, ixtiralar görünür.
Adi bir misal söyləyək. Mən artıq yaşlanmış qələm adamıyam. Təvazökarlıqdan uzaq olsa da on minlərlə, yüz minlərlə oxucum olub, diqqət mərkəzində yer almışam. İndi gənclər gəlib. Aralarında kifayət qədər istedadlıları, savadlıları var. Onlara nə deyim? Deyim ki, yoox, siz də mənim kimi yazın?! Belə bir şey ola bilərmi? Əgər gənc bir qələm adamı mənim kimi yazacaqsa, onda... nəyə gəlib? O məndən qat-qat fərqli, ağıllı, məntiqli, yeni səs, yeni nəfəs, yeni sözlə məni də düşündürməlidir. Məni söz gücüylə, sənət sehri ilə məcbur etməlidir ki, onun yazılarını oxuyum, onu dinləyim.
Və nəhayət sizə təəccüblü gəlsə də bu fikrimi söyləməliyəm - o, mənə təzə sözü, təzə yanaşmanı, təzə məntiqi, təzə dünyanı, sənətin təzə panoramını... öyrətməlidir.
Və biz gəncləri yalnız öyrətməməliyik, onlardan həm də öyrənməliyik!
Məgər bizi də bir zamanların yaşlı nəsil qınamayıbmı? Bizi sıxma-boğmoya almayıblarmı? "Bu nədir?" - deyə üstümüzə qaytardıqları yazılarımıza sonradan əl gəzdirib öz adlarına dərc etdirməyiblərmi? Bəyənmədiklərinin təsirinə düşüb, onun yolu ilə gedənləri azmı görmüşük?
Bugünkü söz sənətinə gələn gənclərin bəzilərini, böyük qələm sahiblərinə çamur atıb gündəmə gəlmək cəhdləri Don Kixotluqdur. Yaşlıların da onlar sahib çıxmamaları imkanlarında, ixtiyarlarında olan qapıları bu gənclərin üzünə bağlamaları da bağışlanmazdır, qorxaqlıq və paxıllıqdır.
Hə!
Fəsil dəyişir, nəsil də. İstəsək də, istəməsək də ötən ilki çəmənlərdə yeni çiçəklər bitəcək. Tərk edilmiş yuvalarda, yeni quşlar, böcəklər, canlılar gələcək dünyaya. Yeni gözəlliklər görəcək, yeni nəğmələr, yeni səslər, nəfəslər eşidəcək, duyacağıq.
"Bu yaz, bir başqa yazdır".

TƏQVİM / ARXİV