adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Mart 2018 00:16
24452
ƏDƏBİYYAT
A- A+

GÜCSÜZÜN GÜCÜ

Ulduz Qasım və onun "Qürbət zöhrəsi" romanı

Vaqif Bəhmənli

Ulduz Qasım... Yəqin ki, bu adı oxuyan anda ürəyimizin incə telləri əsməyəcək. Çünki belə bir imza bizim kitab həvəskarlarına demək olar ki, tanış deyil. Amma bununla belə...
Ötən əsrin 80-90-cı illərində milli mətbuatımızda "Ulduz İmanova" imzasıyla işıq üzü görən publisistik düşüncə yazılarını, arabir, yığcam həcmli hekayələri, indi yalnız onun özünün xatırladığı, yaxud arxivində yer alan çap məhsullarını, nəhayət, 2015-ci ildə Bakıda, "Ol" nəşriyyatında nostalgiya yüklü "Tələbə gündəliyi" adlı kitabını nəzərə almasaq (bunlar isə müəyyən miqyasa malik yaradıcı işdir, nəzərə almadan ötüşmək olmur), qisaca söyləmək olar ki, "Qürbət zöhrəsi" Ulduz xanımın azərbaycandilli oxucu ilə ilk ciddi görüşüdür.
Yuxarıda yazılan cümlənin ümumi kontekstindən təqribən bəlli olur ki, Ulduz Qasım kimdir... Bəs yaxşı, həqiqətən Ulduz Qasım kimdir?
O , körpə çağlarından öz xarakteri, düşüncə tərzi ilə başqalarından seçilən, obrazlı deyilsə, bədii sözə əsir düşən istedadlı bir azərbaycanlı xanımdır. Canımız-ciyərimiz Bakı şəhərinin altun dövründə mükəmməl filoloji təhsil alıb (Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi). Mətbuatda ilk yazıları ilə çıxış edib. Sonra isə taleyin hökmü, ailə vəziyyətinin tələbi ilə Moskva şəhərinə köçüb. Başqalarından heç də geri qalmayan dolanışıqlı həyat düzəldib, oğul-qız böyüdüb, nənə adının şirinliyini dadıb. Aradan ötüb keçən 30 il müddətində Ulduz Qasım nə vətəni Azərbaycanı, nə gəncliyin və tələbəliyin doğma yuvası Bakını, nə də dünyaya göz açdığı Cəbrayıl rayonunu bir an belə unutmayıb. Elə bir il olmayıb ki, yaranan ilk fürsətdə, hətta ildə iki-üç dəfə vətənə qədəm basmasın, doğmalarla görüşüb onların dərdinə-oduna yanmasın. Qəribədir Ulduz dünyanın paytaxtı sayıla biləcək bir şəhərdə - Moskvada yaşasa da, vətənində qırılmaz əlaqə saxladığı insanlarla dostluqdan qürur duyur, hərdən adama elə gəlir ki, o, Azərbaycan türkünün yaxşısı bir yana, ortababı ilə də fəxr edir. Onun ailəsinin Moskvadakı 30 ildə bir neçə dəfə dəyişilən, bəzən ucqarda, bəzən mərkəzə yaxın, bəzən darısqal, bəzən geniş sahəli mənzilləri də heç bir fərq qoyulmadan onları soraqlayıb gələn hər bir azərbaycanlının üzünə taybatay açılıb.
Görünür, təbiətindəki yenilməz milli qürur hissi, yurda, dilə, valideynlərə, adət-ənənələrə, islam inancına, vətənin torpağına-daşına, ümüdləri heç zaman üzülməyən müqəddəs göy üzünə bağlılıq Ulduz xanımın yazıçı yaddaşını hifz edib qoruyan, ona "Qürbət zöhrəsi" kimi həyatla dolu bir romanı yazdıran səbəblərdir. Əslində bu səbəblərin bircə adı var: insanın özünə sadiqliyi, yaddaşına ehtiramı...
Ulduz Qasımın "Qürbət zöhrəsi" romanının başlıca əlaməti bu "insannamənin" bədii estetik mahiyyətə malik olması ilə əlaqədardır. Yəni, romandakı hadisələr yalnız həyatda baş vermiş olayların xronoloji qeydiyyatı deyil, ilk növbədə istedadlı qələmin gücünə meydana qoyulan bədii məhsuldur. Təcrübə göstərir ki, yaradıcılıqda məhz bu təbii ilkin başlanğıc əsasdır. İnsan xarakterlərini həssas, təsirli bir üslubla təsvir etmək qabiliyyəti Ulduz Qasıma necə ki, bu romanı yazmaq səlahiyyəti verir, elə eyni səbəb yazıçıya "Qürbət zöhrə"ni çap etdirmək haqqı qazandırır.
Əsər romanın şəriksiz qəhrəmanı Zöhrənin dilindən danışılır. Seçilən təhkiyə forması, obrazların xarakterik xüsusiyyətləri, ümumən romanın abı-havası Ulduz Qasımın ədəbi zövqü, onun mənsub olduğu ədəbi məktəbləri də aşkarlayır. Qısaca deyilə bilər ki, Ulduzun Zöhrəsi öz dərin və yaddaqalan cizgiləri ilə M.F. Axundzadə, N.B. Vəzirov, Ə.B. Haqverdiyev, C. Məmmədquluzadədən tutmuş, ötən əsrin 30-80-ci illəri arasında yazıb yaradan nasir və dramaturqların canlandırdıqları qadın obrazlarının bütün irsi xüsusiyyətlərini, daha dəqiq, məhz azərbaycanlı qadının təbiətini ehtiva edir.
"Qürbət zöhrəsi" milli nəsrimizdə səmimiyyət və etiraf dərinliyinə görə başqa nəsr əsərləindən seçilir. Əsərin qəhrəmanı Zöhrənin öz vətənində, öz vətənindən uzaqlarda və həmişə də öz içində çəkdiyi iztirablar elə bir ifrat həddədir ki, surətlərin, obrazların həddən artıq qütbləşməsi müəllifə bağışlanır. Orada elə insanlar var ki, onların içi qatı zülmətdir, bircə tük nazikliyində ziya yoxdur. Əslində belə təsvir və bədii yanaşma çox asanlıqla yazıçını sxematizmə yuvarlaya bilər. Lakin tələbəlikdə gənclik sevdası (ilk məhəbbəti) daşa dəyən, faciəli düşüncə daşıyıcısı olan bir ailə içərisində yaşamağa düçar olan Zöhrənin çəkdiyi müsibətlər o qədər ağırdır ki, oxucu müəllifin obrazlarla istənilən şəkildə davranışına haqq qazandırır, hətta Zöhrəyə qoşulub termometrin mənfi şkalasının ən aşağı xəttləri ilə xarakterizə oluna bilən bu mənfi insanlardan intiqam almaq istəyir.
Hisslərinin təmizliyinə, sarsılmaz ilahi inanclarına, insanlara böyük sevgisinə baxmayaraq qürbətdəki Zöhrə bizim nəsrin ən müti, az qala qul qədər müqavimətsiz qadın surətlərindən biridir. Yazıçı yaratdığı obrazın təsvir, bədii dolğunlaşma prosesinə qətiyyən müdaxilə etmədən Zöhrənin timsalında oxucunu bir daha inandıra bilir ki, cəmiyyəti bürüyən zülmətin suçu yalnız qəlbi qara, fikri qara insanlarda deyil, özünü işıqlı sayan, həqiqətən də işıqlı olan insanların mütiliyində, azadlığa doğru bir qarışqa boyda addım atmaq istəməməsindədir.
Qəribə bir paradoks yaranır: romanda ən kəskin tənqidə layiq insan nə Vüqar, nə qaynana, nə baldız, nə ilk məhəbbəti oğurlayıb qaçan o tələbə oğlandır, məhz bizim əzabkeş, qərib, qəribə Zöhrədir. Onun iztirablarının mənşəyi ailə-məişət mahiyyətlidir, lakin hadisələrin təbii təsviri, psixoloji yaşantıların ümumiləşdirmə dairəsi elə vəziyyətdədir ki, sadə, lokal insan yaşantıları dünyəvi miqyas qazanır. Oxucuya elə gəlir ki, Zöhrəni yalnız və yalnız onun möhkəm inandığı Allah xilas edə bilər. Və onun möhkəm inandığı Allah bunu edir. O, sanki xilas olunmuş balalarla baş-başa, qulağı dinc həyatın bir addımlığındadır. Lakin Zöhrə öyrəşdiyi zəncirlərdən azad olmağı istəmir. Ömür boyu ona işgəncələr yaşatmış Vüqarın ölüm yatağına düşməyi qadının yeni, daha şiddətli işgəncəsinə çevrilir...
Əlbəttə , bu yığcam yazıda bütün romanın məzmununu danışmaq yolverilməzdir. Fikrimə yekun vurarkən deməliyəm ki, "Qürbət zöhrəsi" romanı əldən yerə qoyulmadan, sürətlə oxunan əsərdir. Bu roman həm də əldən-ələ keçib oxunmaq, poplyarlıq qazanmaq şansı olan əsədir...
Romanın ifarat dərəcədə zəif, gücsüz xarakterli baş qəhrəmanı Zöhrənin gücü orasındadır ki, onun kimi ləyaqətinə, abrına qısılıb qadın və ana borcunu yerinə yetirmək istəyən insanlar minlərlədir.
Ulduz Qasımın Zöhrəsi müəyyən ömür yaşamış orta yaşlı bir qadındır. Amma Azərbaycanın hansı kəsiyindəsə Zöhrə adlı bir qız elə üzümüzə gələn bu yaz pak qızılgül kimi qönçə bağlayacaq, yaşıl yarpaqlar arasında parlaq rənglərlə alışıb yanacaq, günə deyəcək sən çıxma, mən çıxım, aya deyəcək sən çıxma mən çıxım, Zöhrə ulduzuna deyəcək sən çıxma mən çıxım. Bax o gözəl qızıl gül bilməlidi ki, həyat yalnız yaz fəslindən ibarət deyil.