Aqil ABBAS: AŞIQ ŞƏMŞİR DƏLİDAĞDAN KEÇƏNDƏ…

AQİL ABBAS
80632 | 2018-03-18 12:52

Mən cənnəti görmüşəm. Nəinki görmüşəm, hətta o cənnətdə yaşamışam. O cənnətdəki Zəmzəm bulağının (mənim gördüyüm cənnətdə Zəmzəm bulağı tək deyildi, yüzdən çoxuydu) suyundan ləzzətlə içmişəm. Hətta o Zəmzəm bulağında və ya bulaqlarında doyunca çimmişəm də. Üz-gözümdə bir az nur varsa o Zəmzəm bulağından və ya bulaqlarından hopub qalıb. Kim o bulaqlardan su içərdisə, o bulaqlarda çimərdisə düz bir il xəstələnməzdi, yanağından qan damardı. Mən Dədə Şəmşiri də ilk dəfə o cənnətdə görmüşəm. At belində, sazı çiynində, qocalı-cavanlı, gəlinli-qızlı, alaçıqlardan bayıra qaçardılar ki, Dədə Şəmşirə tamaşa eləsinlər.

Mən dağlar aşiqi, şairlər şairi Sücaəti də ilk dəfə Dəlidağda görmüşəm.

O cənnətdə Dədə Şəmşirin sazının sehrinə düşən Səməd Vurğun cəhənnəm əzablarına qatlaşanda Dədə Şəmşiri köməyə çağırırdı:

Aşıq Şəmşir, Dəlidağdan keçəndə,

Kəklikli daşlardan xəbər al məni.

Ceyran bulağından qızlar içəndə,

Saz tutub, söz qoşub yada sal məni!

Ceyran bulağı, Yüz bulaq, Gəlin qayası, Dəlidağ… Hansısa bir alman filosofu yazır ki: «Allah dünyanı yaradanda Azərbaycanı cənnət yaratdı. Sonra qorxdu ki, bütün insanlar Azərbaycana qaçar, ona görə hər kəsə öz Vətənini şirin elədi». Nemes olsa da köpəyoğlu yaman deyib. Azərbaycanın bütövlükdə nə qədər cənnət olub-olmadığı mübahisə doğura bilər, amma mənim yuxarıda sadaladığım yerlər əsl cənnət idi.


Gələk Dəlidağa. Niyə Dəlidağdan yazdım? Sonda aydınlaşar.

Təzə nəsil bilməz, köhnə nəslin də çoxu bilməz, bilənlərin bəlkə də çoxunun yadından çıxıb, Kəlbəcərlə Laçının arasındadı Dəlidağ. Tanrının möcüzəsi. Və bizə sağlığımızda bəxş elədiyi cənnətin bir parçası. Dünyada Ağıllı dağ, Müdrik dağ varmı-yoxmu bilmirəm, bəs bizim dağımız niyə dəliydi?!

Göy üzü tərtəmiz, Şəhriyar demiş, gün dalını dağlayır və qəfil qapqara buludlar… göylər şaqqıldayır, yağış, tufan, sel. Qaçıb girirsən alaçığa. Yağış çadırı nə cür döyəcləyirsə dünyanın heç bir bəstəkarının bəstələyə bilməyəcəyi ecazkar bir musiqi ruhunu oxşayır. Təxminən yarım saat, nə bilim qırx dəqiqə. Sonra Tanrı mələkləri göndərir, buludları dağıdıb haralarasa aparırlar. Yenə göy üzü tərtəmiz, yenə gün dalını dağlayır.

Və millət qaçır yollarda batıb qalmış maşınların köməyinə.

- Bir, iki, üç! Ya Əli! Ya Həzrət Abbas!

- Ə, az qaz ver, təkəri yandırarsan!

- Ay uşaq, ay bala, kənara durun, təkərin altına düşərsiniz!

- Ə, güc verin dana! Əlinizi pişik yeyib?!

Nəhayət, Həzrət Əlinin, Həzrət Abbasın köməyi ilə və qollarının gücünə maşını batdığı yerdən basıb çıxarırlar.

- Uraaaa!

Maşın basanların və kənardan azarkeşlik edənlərin alqışına (elə bil «Neftçi» «Ararat»a qol vurub) az qala Dəlidağ səksənir.

Maşın basanların xanımları təzəcə ərlərinin, oğullarının paltarlarını deyinə-deyinə təmizləyib ipdən asırlar ki…

… göy üzü tərtəmiz, gün dalını dağlayır, nəinki qara, heç ağ bulud da yoxdu…

… aləm dəyir bir-birinə, bir dolu başlayır, bir dolu başlayır, heç kəs inanmaz, amma Dəlidağı görənlər sözümü təsdiq edər. Göydə bulud yox, bu dolu hardan yağdı?İndi alimlərimiz deyəcək ki, belə şey mümkün deyil. Axı mən və mənim kimi Dəlidağda olanlar bunun dəfələrlə şahidi olub. Bu, Tanrının möcüzəsidi, ay Tanrıya inanmayanlar. Hamı qaçıb doluşur alaçıqlara. Minik maşınları olanların halına baxasan, evdə yorğan-döşək qalmır, daşıyıb tökürlər maşının üstünə.

Bu dolu çəkər 15-20 dəqiqə. Sonra uşaqların dolu daşlaşması başlar.

Torpaq yağışın, dolunun səmmini alıb bir az toxdayandan sonra top atılar ortalığa, futbol qıyhaqıyı, vur-çatlasın. Hakim də söyüş olardı.

- Penal. Top əlinə dəyib.

- Yalançının…

- Lap yalançının…

Kimin söyüşü daha güclüydü, səsi daha bərk çıxırdı, qolu daha qüvvətliydi, ya daha yaxşı ağac çalırdı, onun sözü keçirdi.

Və bir də gördün duman-çən gəldi, oyun qaldı yarımçıq. Yenə hamı çəkildi alaçıqlara, ortalığa nərd gəldi, şahmat gəldi, ya da bir alaçılığa yığıldılar, loto gəldi ortalığa. Onda domino dəb deyildi. Cavanlar da sivişib aradan çıxdılar, çəkildilər bir xəlvətə, girişdilər qumara.

Alaçıqların ağzında da samovar tüstülənərdi. O samovar tüstüsünün çox qəribə, şirin bir qoxusu gəlirdi.

Yayın tülyanında heç sulu qarın yağdığını gördünüzmü? Deməli, Dəlidağda olmamısınız.

Ən gözəl axşamların biri də futbol olandaydı. Hamıda radio yoxuydu ki. Yığışardılar bir radionun başına, bəlkə yüz adam. Həmin vaxt, vallah, Valid Sənaninin səsi Xan əminin səsindən də şirin gəlirdi adama. İllah da ki «Neftçi» qol vuranda.

Bilmirəm, Valid Sənani Dəlidağda olub, ya yox, amma səsi Dəlidağı çox gəzib.

Düz o Dəlidağın başına çıxmışdım dostlarımla. Torpağı qazıb, qazdığım yerə daş doldurub iri hərflərlə dağın ən yüksək yamacına «Aqil» yazmışdım.

Dərviş Cavanşirin (Cavanşir Eloğlu) gözəl bir şeiri vardı:

Qurban olum, torpağına, daşına,

Qaldır məni Əlincənin qaşına.

Qoy dolanım, Vətən, sənin başına,

Deməsinlər pərvanəsi çatışmır.

Mən Dəlidağın qaşında çox olmuşam, amma pərvanəsi olmağa gücüm çatmadı.

İndi nə Dədə Şəmşir Dəlidağdan keçir, nə Ceyran bulağından qızlar içir, nə Sücaətin ahı Dəlidağı oyadır, nə də alaçıqların qabağında samovar tüstüləyir. Yəqin mənim adımı yazdığım daşlar da göyərib.

Bakıda havalar yayın qora bişirdiyi bir vaxtda sərin keçir; gah yağış yağır, gah gün çıxır, gah külək əsir. Sosial şəbəkələrdə oxuyuram, kimi deyir Yesintuki Bakıya gəlib, kimi deyir Kislovodski, kimi də deyir Soçi. Dəlidağdan ötəri burunlarının ucu göynəməkdən göy əskiyə dönmüş qarabağlılar da deyir ki, Dəlidağ Bakıya gəlib. Boş sözdü, dostlar, gəlsə də Bakıya niyə gəlir ki, gedər ilanmələməz çöllərdəki qaçqın qəsəbələrinə!

Xudu Məmmədov Dəlidağda öz cibinin puluna və təbii ki, Sadıq Murtuzayevin də əməyini qeyd etməliyik, səkkizguşəli möhtəşəm bir «Çoban evi» tikdirmişdi, təxminən 80-ci illərdə. Sadıq Murtuzayev ora telefon da çəkdirmişdi. Və o vaxt heç kəs bilmirdi ki, bu «Çoban evi» niyə səkkizguşəli ulduz formasındadı.

Sücaət:

İçimdə bir qərib ney sızıldayır,

Yəqin bürüyübdü duman dağları.

Ayağım yerimir, gözlərim görmür,

Oyadarmı bu ah, aman dağları?!

Yox, əmioğlu, oyatmır. Mənə inanmırsan, səndən sonra yanına gələnlərdən soruş. Amma bilmək olmaz bu dünyanın işlərini. Bəlkə mən yanına gələndə dedim ki, əmioğlu, ahın, amanın dağları oyatdı.


Mart, 2017

TƏQVİM / ARXİV