adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Mart 2018 17:51
12888
SİYASƏT
A- A+

İnkişafın Azərbaycan nümunəsi

2018-ci il ölkəmizin ictimai-siyasi həyatında həm də yubileylər ili və seçki dövrüdür. Belə ki, biz bir sıra mühüm əlamətdar tarixlərin və hadisələrin - ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini, Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd edəcəyik. Təbii ki, bütün bu hadisələr cəmiyyətimizin xoş ovqatını artırır, insanlara yüksək əhvali-ruhiyyə aşılayır. Bu mənada 2018-ci il ölkəmiz və xalqımız üçün nikbin dövr kimi əlamətdar olacaq.

2018-ci il Azərbaycanda həm də prezident seçkiləri ilidir. Aprel ayının 11-də xalqımız öz iradəsini ortaya qoyaraq tam demokratik meyarlar çərçivəsində növbəti dəfə seçimini edəcək. Seçkilər hər bir ölkədə mühüm siyasi hadisə hesab olunur. Bu, Azərbaycanda da belədir. Seçki gününə hələ bir aya yaxın qalsa da, respublikamızda siyasi həyat artıq xeyli vaxtdır ki, seçki kampaniyasına köklənib. Düzdür, hələ qeydə alınmış namizədlər təbliğat və təşviqata başlamayıblar. Lakin cəmiyyətin ovqatı onu düşünməyə əsas verir ki, xalqımızın seçim ünvanı dəyişməzdir. Bu da təbiidir. Çünki ötən 15 ilin yekunlarının təhlili bu qənaəti formalaşdırır ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycan vətəndaşlarının gələcəyə baxışlarının əsas prioritetidir.

Tərəqqi və yüksəliş dövrü

Ötən 15 illik dövrün cəmi bir neçə aspektinə diqqət yetirməklə Azərbaycanın hansı dinamizmlə inkişafını, milli maraqlarımızın beynəlxalq səviyyədə layiqincə təmin olunmasını, iqtisadiyyatın yüksəlişini, insanların sosial rifahının dəfələrlə yaxşılaşdığını görərik. Təbii ki, bu dövrün ən böyük uğurlarından biri iqtisadi artım və qeyri-neft sektorunun inkişafıdır. Bu yaxınlarda regionların sosial-iqtisadi inkişafının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səslənən statistik məlumatlar ölkəmizin son illərdə keçdiyi inkişaf yolunun nə qədər möhtəşəm olmasından xəbər verir. Konfransda qeyd edildiyi kimi, milli iqtisadiyyatımız 14 il ərzində 3,2, qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə artıb. Bütün bunlar göstərir ki, bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan məqsədlərinə doğru inamla addımlayan, qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirən dövlət kimi tanınmaqdadır.

Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət sayəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Hər şeydən əvvəl yoxsulluq həddinin 50 faizdən 5 faizə endirilməsi, başqa sözlə, təxminən 10 dəfə azaldılması, 1 milyon 900 min yeni iş yerinin yaradılması nəticəsində işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsi kimi tarixi nailiyyətlər qeyd olunmalıdır. Bu müddət ərzində maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artıb.
Son 15 il ərzində ölkənin siması köklü surətdə yenilənib, modernləşmə Azərbaycanın müasir tarixinin fərqləndirici xüsusiyyətinə çevrilib. Bakı dünyanın ən gözəl şəhərlərindən biri kimi şöhrət qazanıb, bölgələrdəki quruculuq onların simasını abadlaşdırıb, müasirləşdirib. Bu, ilk növbədə özünü bütün ölkə üzrə infrastrukturun yenilənməsində göstərir. Əzəmətli infrastruktur layihələrinin miqyası inşa olunan 12 min 300 kilometr müasir yollarda, 443 körpü və yol qovşağında, qazlaşdırmanın 93 faizə çatdırılmasında, əhalinin içməli su ilə təminatının 67 faizə yüksəlməsində ifadə olunur. 7 beynəlxalq aeroport yenidən qurulub, 30 elektrik stansiyası tikilib, sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib, 4 su anbarı tikilib. Bundan başqa, 3100 məktəb tikilib və ya əsaslı surətdə təmir olunub, 642 xəstəxana qurulub istifadəyə verilib, 43 müasir idman kompleksi yaradılıb, məcburi köçkünlər üçün 92 yaşayış kompleksi tikilib və 245 min məcburi köçkün müasir mənzillərlə təmin olunub. Oğuz-Qəbələ-Bakı kimi nəhəng və tarixi su kəmərinin çəkilməsi Bakı şəhərinin içməli suya olan tələbatının daha keyfiyyətli ödənilməsinə yol açdı. Bütövlükdə ölkədə içməli su ilə təminatın 26 faizdən 67 faizə, qazlaşdırmanın səviyyəsinin 51 faizdən 93 faizə çatması son 15 ilin mühüm uğurları sırasında yer alan inkişaf nümunələridir. Hesab edirəm ki, tarix boyu təbii qazın olmadığı kəndlərə qaz çəkilməsi müasir Azərbaycanın mühüm inkişaf reallıqlarından biridir.
Təbii ki, bu cür layihələrin həyata keçirilməsi nəticə etibarilə 15 ildə ölkənin sosial-iqtisadi inkişafına böyük təkan verib, dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurla icrasını təmin edib. Amma bu da son deyil. Hazırda çoxsaylı infrastruktur layihələri icra mərhələsindədir. Qarşıdan gələn dövrlərdə də yeni layihələr həyata keçiriləcək. Son məqsəd isə Azərbaycanı inkişaf etmiş ölkələrin cərgəsinə çıxarmaqdır. Real iqtisadi mənzərə respublikamızın bu hədəfə doğru inamla irəlilədiyini göstərir.
Olduqca qürurvericidir ki, ötən 15 ildə ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradır. Bütün bu müsbət dəyişikliklər isə ulu öndərin müəyyənləşdirdiyi yolun davamından başqa cür qiymətləndirilə bilməz. Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin ictimai-siyasi irsinin, ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

Regionun lider dövləti

Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın ötən 15 ildə regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Bu sırada Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bunlar ölkəmizin artan nüfuzundan xəbər verir.

Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini göstərmək olar. Bir neçə il əvvəl Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi ilk növbədə uğurlu və müstəqil siyasətin göstəricisi idi. Ölkəmizin bu qələbəsini məhz həyata keçirilən qətiyyətli və ləyaqətli siyasət təmin etdi. Azərbaycan bu dövrdə həm də kosmik klubun üzvünə çevrilib. Artıq indiyə kimi iki peykimiz orbitə buraxılıb. Bu nailiyyət İKT sahəsində məqsədyönlü və uzaqgörən siyasətin həyata keçirilməsi, eləcə də ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramlarının reallaşdırılması sayəsində əldə olunub. Beləliklə, peykimizin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edir.
Azərbaycanı regionun lider dövləti edən mühüm amillərdən biri həyata keçirdiyi qlobal iqtisadi layihələrdir. Hələ illər öncə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin inşasını başa çatdırmaqla Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, müstəqil və cəsarətli siyasət həyata keçirir. Məlum olduğu kimi, o dövrdə ermənilər və antiazərbycançı dairələr bu layihələrin dayandırılması üçün əllərindən gələni edirdilər. Lakin Azərbaycan bütün təzyiqləri məharətlə dəf etdi. Bununla həm Azərbaycanın bölgədəki lider mövqeyi daha da möhkəmləndi, həm də ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Neftlə zəngin bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycanda neft gəlirləri düşünülmüş şəkildə ilk növbədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına və infrastrukturun yenilənməsinə yönəldildi. Qeyd edilən mühüm makroiqtisadi nəticələrin əldə edilməsində neft gəlirlərinin böyük rolu oldu. Bu gün də BTC və BTƏ kəmərləri Azərbaycanın inkişafına, vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə xidmət edir.
Respublikamızın iştirakçısı və təşəbbüskarı olduğu layihələr tarixi uğurlar qazandırıb. Azərbaycandakı əlverişli investisiya mühiti də xarici şirkətlərin diqqətini cəlb edib. İndi ölkəmiz dünyada etibarlı investor kimi tanınır. İqtisadiyyatına, ilk növbədə neft-qaz sənayesinə xarici sərmayə cəlb etməyə çalışan Azərbaycan artıq özü digər ölkələrə sərmayə yatırır. Xatırladım ki, 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Bu gün ölkəmizin ehtiyatında olan 44 milyard dollar vəsait isə 2004-cü illə müqayisədə 23 dəfə çoxdur. İndi Azərbaycan öz ehtiyatlarını həm nəzərəçarpacaq dərəcədə artırır, həm də gələcəyi naminə yeni iqtisadi layihələrə inamla sərmayə yatırır. Hazırda Azərbaycanın təşəbbüsü ilə inşa olunan "Cənub qaz dəhlizi"nə ölkəmiz yetərincə maliyyə vəsaiti ayırır. Ələtdə regionun ən böyük dəniz limanı tikilir. Ötən ilin oktyabrında inşası başa çatan və artıq bəhrəsini gördüyümüz Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi digər layihələrə də yatırılan vəsait yaxın illərdə artıqlaması ilə dövlətimizə qayıdacaq, gələcəkdə xalqımızın yüksək sosial rifahına xidmət edəcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin və "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi"nin ölkəmizdən keçən hissəsində işlərin başa çatması Azərbaycanın maliyyə imkanlarının çoxalmasına və qeyri-neft sektorunun inkişafına böyük töhfələr verəcək.
Yuxarıdakı fikirlərimi ümumiləşdirərək bir daha qeyd etmək istərdim ki, qısa müddətdə Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilib. Görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.
Son 15 ildə Azərbaycanın sürətli inkişafı, enerji sahəsi ilə yanaşı qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, hər bir vətəndaşın maddi rifah halının yuksəlməsi, müstəqil xarici siyasətin yürüdülməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı strateji xəttin prioritet istiqamətləridir. Bu yüksəliş və uğurlar ulu öndər Heydər Əliyevin uzaqgörən bir strateq olaraq müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir. Bu siyasətin davamı isə Azərbaycan xalqının istəyidir. Xalqımız qarşıdan gələn prezident seçkilərində məhz bunları rəhbər tutaraq öz seçimini edəcək. Bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət növbəti 7 ildə də uğurla davam etdiriləcək, respublikamız inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini daha da möhkəmləndirəcək.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı

"Azərbaycan" qəzeti