adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Mart 2018 12:20
10445
MƏMLƏKƏT
A- A+

“ASAN xidmət”də daha bir xidmət

"Azərişıq” ASC-nin "ASAN xidmət” və "ASAN Kommunal” vasitəsilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha biri əlavə olub. Bu gündən etibarən ölkədəki bütün "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində "Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu” adlı yeni xidmət fəaliyyətə başlayır.

ASC-nin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu üçün tələb olunan sənədlər bunlardır - ərizə, müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, arayış (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsdiqi ilə), arayışda qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnaməsi və ya ölüm haqqında şəhadətnaməsi.

Yeni xidmət ödənişsiz olacaq və xüsusi araşdırma tələb olunan hallarda 5 gün, olmadıqda isə 1 gün ərzində təmin ediləcək. Bu xidmət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Azərişıq” ASC-yə təqdim etdiyi siyahıda adı olan şəxslərə şamil edilir.

Beləliklə, "Azərişıq” ASC-nin "ASAN xidmət” və "ASAN Kommunal” vasitəsilə göstərdiyi xidmətlərin sayı 1-ə çatdı. Həmin xidmətlər isə əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb bu sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart-kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart-karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu adlı xidmətlərdir.