adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Mart 2018 18:37
41943
HÜQUQ
A- A+

Həbsdə olan MTN generalının məhkəməsində zərərçəkmiş ifadə verdi

Bu gün Bakı Appelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən zərərçəkmiş Maqsud Mahmudov 120 min dollarlıq mülki iddiasının təmin edilməsini və təqsirləndirilən şəxslərin hər ikisinin cəzalarının artırılmasını istəyib. Bildirib ki o, pulu Azər Mehdiyevə verib.

Təqsirləndirilən A.Mehdiyev isə iddianı qəbul etmədiyini söyləyib. O, zərərçəkmiş M.Mahmudovun yalan danışdığını deyib: "Maqsud Mahmudov MDB məkanında və Azərbaycanda məşhur adam olub. O, bir neçə dəfə müxtəlif maddələrlə həbs olunub".

Təqsirləndirilən E.Quliyev isə söyləyib ki, M.Mahmudov 4 dəfə həbs olunub və bir dəfə də Ruhi Əsəb Xəstəlikləri Dispanserində yatıb: "Bu barədə Tibb Universitetinə sorğu vermənizi istəyirəm. O, həbsdə olan zaman bağırsağından iki dəfə telefon çıxarılıb".

E.Quliyev M.Mahmudovun MTN-in inzibati binasına çağırılmasının səbəblərini də açıqlayıb: "Maqsud Mahmudov Ukraynada keçirilən "Maydan" hərəkatında müxalifətlə birgə Azərbaycan bayrağını qaldırıb. Bu barədə "youtube"da da izləyə bilərsiniz. MTN-də onun xarici dövlətlərin xüsusi xidmət orqanları əməkdaşları ilə əlaqəsinin olub-olmadığı yoxlanılıb. O, rəhbərliyin tapşırığı ilə MTN-ə çağırılmışdı. Biz ondan necə pul ala bilərdik?"

Məhkəmənin növbəti iclası martın 30-na təyin edilib.