adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
15 Mart 2018 00:10
40678
LAYİHƏ
A- A+

Kəbirlilər

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Əli bəy Mirzəli bəy oğlu Kəbirli (1798-Şci ildə Şuşada anadan olmuşdur). Mədrəsə təhsili almışdı. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. Sonra rus ordusunda İİ rus-İaran savaşına qatılmışdı. Praporşik rütbəsi almış, Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdur. Kavaler Əli bəy kimi tanınırdı. 15 iyun 1848-ci ildə vəfat etmişdir.
Əli bəy ordudan tərxis olunduqdan sonra ata mülkünü idarə edirdi. Zəngəzur (Tatev) mahalında Gorunzur, Əliquluuşağı, Qaraçorlu mahalında Sos-Zabuq, İyirmidörd mahalında Bərdə, Hətəmxan-Qarqucaq, Qazax-Rəhimli, Tərəkəmə-Mirzalıbəyli, Kəbirli mahalında Arasparlı, Qiyaməddinli adlı kənd və obaları varı.
Kavaler Əli bəy 15 iyun 1848-ci ildə vəfat etmişdir. (Bax: Q.Hacıyev, Ə.Çingizoğlu, Qarabağlı hərbçilər, B., 2011)
Birinci Dünya müharibəsi (1914-1918) zamanı Azərbaycanlı gənclərdən ibarət "Tatar süvari alayı" yaradılmışdır (24 iyun 1914-cü ildə). Bu alay qorxmaz, igid, döyüşkən şəxslərdən ibarət olduğu üçün ruslar alayaı həqrətlə "dikaya diviziya" (vəhşi diviziya) adlandırırdılar. Bu alaya könüllü yazılan kəbirlilərdən Məhəmməd Məmmədqulu oğlunun (Kəbirli kəndi), Əliş Zeynal oğlunun (İmamqulubəyli obası) və Həbib Şirin oğlunun (İmamqulubəyli obası) adları qeyd olunmuşdur.

Kəbirli elinin hüquqşünasları

Əbdülkərim bəy Kərbəlayı Mirməhəmməd bəy oğlu Əhmədbəyov 1841-ci ildə Şuşa qəzası Kəbirli sahəsinin Sarıhacılı obasında anadan olmuşdu. Əvvəlcə ev təhsili almış, sonra isə Şuşa qəza məktəbini bitirmişdir. Car ordusunda xidmət etmişdi. Poruçik rütbəsində idi.
Əbdülkərim bəy Cavanşir və Şuşa qəzalarında məhkəmə pristavı vəzifəsində çalışmışdı. Şuşa şəhərində yaşayırdı.
Cavad bəy Əli bəy oğlu Səfərəlibəyov 1842-ci ildə Şuşa qəzası Kəbirli sahəsinin Qiyaməddinli-Səfərəlibəy obasında dünyanı tanımışdı. Əvvəlcə mollaxanada, sonra isə Şuşa qəza məktəbində oxumuşdu. Dövlət məmuru olmuşdu. Quberniya katibi, saray müşaviri mülki çinlərini almışdı.
Həsənəli bəy Mirzə Mehdi bəy oğlu Sarıcallınski 1842-ci ildə Şuşa qəzası Kəbirli sahəsinin Üçoğlan obasında dünyanı tanımışdı. Əvvəlcə molla yanında təhsil almış, sonra isə Şuşa qəza məktəbində oxumuşdu. Vəkil işləyirdi.
Həsənəli bəydə həm də aktyorluq məharəti vardı. Bir sıra tamaşalarda maraqlı rolları ifa etmişdi. Yusif Vəzir Çəmənzəminli Həsənəli bəyin Hacı rolunu gözəl oynadığını qeyd etmişdir. Həsənəli bəy Şuşada sənətsevər adamlarla birlikdə cəmiyyət təşkil etmişdi. Bu barədə Y.V.Çəmənzəminli məqalələrinin birində yazır: "Teatr xadimləri Əbdürəhim bəy Haqverdiyev, Haşım bəy Vəzirov, Məhəmmədhəsən bəy Mirzəcamalov, vəkil Həsənəli bəy də ayrıca bir dəstə təşkil edərdilər".
(Bax: Yusif Vəzir Çəmənzəminli, Əsərləri, İİİ cild, Bakı, "Elm", 1977, səh. 299)
Bəzi tutarlı tutanaqlarda qeyd olunur ki, Şuşada yay tətili zamanı müəllimlər də toplaşaraq M.F.Axundovun komediyalarından səhnəciklər hazırlayardılar. Bu tamaşalarda Həsənli bəy Sarıcalınski də Yusif bəy Məlikhəqnəzərov, Haşım bəy Vəzirov, Firudin bəy Köçərli, Bədəl bəy Bədəlbəyov, Mirzə Muxtar Məmməd, İsmayıl bəy Şəfibəyov, Cabbar Qaryağdıoğlu ilə birlikdə iştirak edirdi.
Şəfi bəy Lütfəli bəy oğlu Fətəlibəyov 1844-cü ildə Şuşa qəzası Kəbirli sahəsinin Ətyeməzli kəndində dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almış, sonra isə Şuşa qəza məktəbini bitirmişdi. Leyb-Qvardiyanın Qafqaz eskadronun 4-cü bölüyündə xidmət etmişdi. Praporşik rütbəsi daşıyırdı.
Ordudan tərxiz olunduqdan sonra Şuşa qəza idarəsində tərcüməçi, Gəncə və Cavanşir qəzalarında polis pristavı işləmişdi.
Abdulla bəy Məmmədəli bəy oğlu Ağayev 1845-ci ildə Şuşa qəzası Kəbirli sahəsinin Qərvənd obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almış, sonra isə Şuşa qəza məktəbini bitirmişdi. Şuşa qəza idarəsində barışdırıcı pristav işləmişdi.
İskəndər bəy Abbasəli bəy oğlu Məğrubov 1845-ci ildə Şuşa qəzası Kəbirli sahəsinin Məğrublar obasında doğulmuşdu. Molla yanında ibtidai təhsilini almış, sonra isə Şuşa qəza məktəbini bitirmişdi. Şuşa qəza idarəsində İİ dərəcəli dəftərxana xidmətçisi, Şuşa və Cavanşir qəza idarəsində polis pristavı vəzifəsində işləmişdi.
Gəray bəy Atakişi bəy oğlu Adıgözəlov 1855-ci ildə Şuşa qəzası Kəbirli sahəsinin Qaradolaq obasında doğulmuşdu. Molla yanında ibtidai təhsilini almış, sonra isə Şuşa qəza məktəbini bitirmişdi. Şuşa qəza idarəsində İİ dərəcəli dəftərxana xidmətçisi, Qazax qəzasında ədliyyə münsifinin yanında tərcüməçi işləmişdi. Sonra ədliyyə pristavı vəzifəsində çalışmışdı.
Əbülhəsən bəy Mehdi bəy oğlu Ağayev 1856-cı ildə Şuşa qəzası Kəbirli sahəsinin Qərvənd obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almış, sonra isə Şuşa qəza məktəbini bitirmişdi. Şuşa qəza idarəsində İİ dərəcəli dəftərxana xidmətçisi, Cavanşir qəzasında tərcüməçi işləmişdi.
Hüseyn bəy (Yolçu bəy) Hüseyn bəy oğlu Xanıməlibəyov 1856-cı ildə Şuşa qəzası Kəbirli sahəsinin Xalac obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almış, sonra isə Bakı şəhərində ikisinifli məktəb bitirmişdi. Mədrəsə təhsili almışdı. 1884-cü ildə Tiflis Ruhani (Şiə) İdarəsində tərcüməçi, sonra ədliyyə pristavı vəzifəsində çalışmışdı.
Hüseyn bəy Xanıməlibəyov 1896-cı ildə kollej qeydiyyatçısı mülki çini almış, İİİ Aleksandr gümüş medalı ilə təltif olunmuşdu. (Bax: Ə.Çingizoğlu, Qarabağlı hüquqşünaslar, Bakı, "Mütərcim", 2012)
Səlim bəy Rəhim bəy oğlu Əliverdibəyov 1877-ci ildə Şuşa qəzası Kəbirli sahəsinin Pərioğlular obasında dünyaya gəlmişdi. Əvvəlcə molla yanında oxumuş, sonra isə Şuşa qəza məktəbini bitirmişdir. Qəza idarəsində barışdırıcı münsif (mirovoy posrednik) vəzifəsində işləmişdi.
Firudin bəy Həsənəli bəy oğlu Behbudov 1880-ci ildə Şuşa qəzası Kəbirli sahəsinin Üçoğlan kəndində dünyaya göz açmışdı. Şuşa şəhər realnı məktəbini, sonra isə Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdi. Şəhər bələdiyyəsində işləmişdi. Sovet dönəmində Göyçay Xalq Məhkəməsində çalışmışdı.1924-cü ildən 1938-ci ilədək Quba rayonuna sürgün edilmişdi. Orada müəllim, vəkil işləmişdi. Firudin bəy 7 dil bilirdi.
F.Behbudov 1972-ci ildə vəfat etmişdir.
Kəbirlilər XVİİİ yüzilin ortalarında Qarabağ xanlığının tarixində mühüm rol oynamışlar. Yuxarıda xatırlatdığımız kimi Qarabağ xanlığında 2 Kəbirli (I Kəbirli- Ağdam bölgəsi, İİ Kəbirli isə Ağcabədi bölgəsi) mahalı olmuşdur. Bu bölgələrdə kəbirlilərin adları ilə bağlı çoxlu sayda tikililərə-memarlıq abidələri vardır.
Kəbirli elinin mülkədarları

Mülkədarlar Qarabağ xanlığında ən seçkin şəxslər sayılırdılar. Adlarının mənasından göründüyü kimi onlar iri mülk sahibi idilər. Feodal sinfinin başında dayanırdılar.
Qarabağ xanlığında mülkədar zümrəsinə başda xan olmaqla, oğulları, qızları, qohumları, vəzirlər, din adamları, məliklər, naiblər, bəylər, sultanlar və s. daxil idi. Qarabağda ən böyük mülkədra xanların özləri və övladları sayılırdılar. Xanlğığn ictimai-siyasi həhatında mühüm rol oynayan kəbirli elinin də xeyli-adlı-snlı, varlı-halla şəxsləri olmuşdur.
1823-cü ildə aid rus qaynağında Şuşada yaşayan mülkədarların adları açıqlanır. Həmin qaynaqdan çıxarış edib Kəbirli mülkədarlarını sıralayırıq:
1. Kapitan Mirzəli bəy Hacı Hüseynəli bəy oğlu Kəbirli
2. Poruçik Səfərəli bəy Əli bəy oğlu Kəbirli
3. Divanbəyi Məmmədəli bəy Fərzəli bəy oğlu Kəngərli
4. Poruçik Gülməmməd bəy Rüstəm bəy oğlu Kəbirli
5. Poruçik Şirin bəy Rüstəm bəy oğlu Kəbirli
6. Mirzə Məmməd Mirzə Haqverdi oğlu Kəbirli
7. Lələ Nəbi bəy Həsən bəy oğlu Kəbirli
1831-ci ildə və ondan sonrakı illərdə Şuşada yaşayan Kəbirli mülkədarları:
1. Kapitan Mirzəli bəy Hacı Hüseynəli bəy oğlu Kəbirli
2. Mirzə Məmməd Mirzə Haqverdi oğlu Kəbirli
3. Qəhrəman bəy Məhəmmədəli bəy oğlu Kəbirli
4. Kapitan Gülməmməd bəy Kövrül bəy oğlu Kəbirli
5. Poruçik Səfərəli bəy Əli bəy oğlu Kəbirli
6.Kavaler Əli bəy Mirzəli bəy oğlu Kəbirli
7. Sadıq bəy Əli bəy oğlu Kəbirli
8. Hüseyn bəy Qəhrəman bəy oğlu Kəbirli
9. Hacı bəy Mehrəli bəy oğlu Kəbirli
10. Qəhrəman bəy Fərzəli bəy oğlu Kəbirli
11. Poruçik Rüstəm bəy Gülməmməd bəy oğlu Kəbirli
12. Mirzə Əbdülkərim bəy Mirzə Haqverdi bəy oğlu Kəbirli
13. Qazı Mirzə Əbülqasım bəy Mirzə Əli bəy oğlu Kəbirli
14. Mirzə Allahqulu bəy Oruc ağa oğlu Seyidli-Kəbirli
15. Həsən bəy Pərioğlu Kəbirli
16. Zeynalabdin bəy Kəbirli
Bu mülkədarlar (siyahı tam deyil. F.Ş.) Şuşa şəhərində yaşasalar da, öz mahallarına sıx bağlı idilər.
Kəbirlilər hazırda Qarabağın Tərtər, Beyləqan rayonlarında öz adlarını daşıyan kəndlərdə, o cümlədən də Salmanbəyli, Hacıbədəlli, Rəncbərlər, Pərioğlular şenliklərində yaşayırlar. Həmçinin Füzuli rayonunun Böyük Bəhmənli və Bala Bəhmənli kəndlərində kəbirli tayfasının tirələri (Böyük Bəhmənlidə onlaraın ilk adı Qalalı olub) yaşayır. Kəbirlilər Qarabağ tarixində mühüm rol oynayan ellərdən biridir.
Faiq ŞÜKÜRBƏYLİ,
tədqiqatçı-etnoqraf


AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ