adalet.az header logo
  • Bakı 20°C
15 Mart 2018 00:07
15248
GÜNDƏM
A- A+

Muzeydə Yel çərşənbəsi

Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramıdır.
Xalqımızın yüksək zövqü və bədii təfəkkürü, milli düşüncə tərzi, folkloru bu xalq bayramının el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevrilir.
Novruzun müjdəçisi olan çərşənbələrlə ilgili adət-ənənələr, inanclar, mərasimlər xalq tərəfindən həmişə sevilmiş və qorunmuşdur. Adı görklü dörd çərşənbədən üçüncüsü - Yel çərşənbəsisidir ki, el arasında buna yelli çərşənbə, külək çərşənbəsi də deyirlər. İnanclara görə külək Tanrı nəfəsidir, yel çərşənbəsi gələndə öz nəfəsini yer üzünə hovxurur ki, il ruzili gəlsin.
AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi Novruzun müjdəçisi olan çərşənbələrdən biri - Yel çərşənbəsi adına şənlik keçirdi.
Muzeyin həyəti milli üslubda - Novruzun atributları olan səməni, şamlar, milli şirniyyatlar, rəngli yumurtalar, meyvələrlə zəngin xonçalar, tonqal, qədim məişət əşyaları, bayram təbriklərini çatdıran panolarla bəzədilmişdi. Əl işlərinin sərgisi də diqqəti cəlb edirdi.
Şənliyi giriş sözü ilə Regional şöbənin müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq təbiət bayramı - Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsinin ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlaməti olmasından, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə həmişə sadiq olmasından, bu gün, müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesinin də məhz milli mənəvi dəyərlər üzərində qurulmasından bəhs edərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq aşılayan Novruz bayramı münasibətilə şənliyə toplaşanları təbrik etdi, hamıya el ağzindan, el alqışından dualarını çatdırdı.
Sonra söz zəngin bayram proqramını şənliyin tamaşaçılarına təqdim edən gənc istedadlara verildi. Onlar əcdadlarımızdan qalan gülməcələr, atalar sözləri, tapmacalar, deyimlər, bayatılar, bahara aid şeir və nəğmələrlə hər kəsə gülüş, sevinc bəxş etdilər.
Kosa ilə Keçəlin meydana gəlişi, şux zarafatları, şəbihləri şənliyə xüsusi ovqat bəxş etdi. Halayçı qızların məzəli bayatıları ilə tonqal ətrafında halay çəkməsi də tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Azərbaycan xalqının qədim el alətləri olan qara zurna və sazın ifaçıları Mayıl Dəmirov və Əli Dağlaroğlunun ifasında qədim el havalarının şux sədası altında nəinki tədbir iştirakçıları, hətta şənliyə toplaşanlar da rəqs etdilər.
Sayad Əmirxanova, Nicat Əliyev, Sirac Talıblı, Emil Ağayevin ifaları şənliyi daha da rövnəqləndirdi.
Məclisin sonunda şənliyə toplaşanlara xonçalardan bahar sovqatı paylandı. Hər kəs Novruzun müjdəçisi yel çərşənbəsinə həsr olunan şənlikdən xoş ovqatla ayrıldı.