adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Mart 2018 14:42
8865
GÜNDƏM
A- A+

BQXK Dilqəm və Şahbaza işgəncə verilməsi haqda xəbərə münasibət bildirdi

Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin rəsmi internet saytında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən azərbaycanlılar- Şahbaz Quliyev və Dilqəm Əsgərova işgəncələr verilməsi faktları göstərilib.

Dilqəm Əsgərovun vəkili Anar Bağırov bu məlumatları təsdiqləyib. A.Bağırov bildirib ki, onlara daim işgəncələr verilir: "Bu yeni hadisə deyil və bizdə məlumatlar var. Bu məsələ ilə bağlı bütün məlumatlar mütəmadi olaraq Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. Bu cür məlumatlar bizə daxil olan kimi məhkəməyə göndəririk ki, işin baxılmasını tezləşdirsinlər".

Məsələ ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına uyğun olaraq saxlanılan şəxslərə baş çəkir, onların saxlanma şəraitini, onlarla davranışı monitorinq edir, bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olur.

BQXK rəsmisi qeyd edib ki, saxlanılan şəxslərə sonuncu dəfə fevral ayında baş çəkilib. İ.Hüseynovanın sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin dünyanın hər bir yerində olduğu kimi saxlanma yerlərinə baş çəkərkən eyni yanaşması var: "Saxlanma yerlərinə baş çəkərkən Beynəlxalq Qızıl Xaç Komitəsi monitorinqin nəticələrini ictimaiyyətə açıqlamır. Saxlanan şəxslərə baş çəkən zaman yaranan məsələlərlə bağlı ancaq əlaqədar orqanlarla konfidensial və ikitərəfli müzakirələr aparılır” –deyə BQXK rəsmisi vurğulayıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.(azvision.az)