adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Mart 2018 14:27
22021
ƏDƏBİYYAT
A- A+

BƏNDƏR-ŞAH

Sudan yazıçısı Tayib Salih (1929-2009) XX əsr ərəb ədəbiyyatının məşhur nümayəndələrindən biridir. Onun tematik trilogiya hesab edilən "Zeynin toyu”, "Quzeyə köç mövsümü” və "Bəndər şah” əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub və böyük rəğbət qazanıb. Mehman Cavadoğlu bu əsərləri Azərbaycan dilinə tərcümə edib. Adalet.az həmin tərcümədən bəzi parçaları öz oxucularına təqdim edir.

Əvvəli burada


3

Əvvəllər Bayquş Səid ayamasıyla tanınan Səidə dedim:

-Deyirlər, indi səni Ac Qadınları Yemləyən Səid adlandırırlar?

O güldü və bu təmiz, sadəlövh gülüşüylə mənə Vad Həmiddə keçən uşaqlıq vaxtlarımı xatırlatdı. Öz bədəvi ləhcəsində dedi:

-Bu, Fatuma qarının, allah özü səni ondan qorusun, hoqqasıdır.Araq başını gic eliyəndə hər cür cəfəngiyat üyüdəndi.

-Fatuma da sənin toyunda oxuyub?

-Eh, Mihaymid qardaş, bizim zəmanədə pul nəinki Fatumanı, istənilən adamı oxudar. Demək günah olar, pulsuz olsa-olsa quşları oxumağa məcbur etmək mümkündür.

-Hər halda, Fatuma sənin haqqında nə oxudu?

Səid həddindən çox böyük olan və güc-bəla başda duran çalma kimi ona yaraşmayan nəm bığlarını bura-bura fəxrlə dedi:

-Qoy, cəhənnəm olsun bu Fatuma! Əlbəttə, onun mahnılarını mühakimə eləmək bizlik deyil. Ancaq, gözəl insan, hamı deyir ki, Fatumanın oxumadığı toy, toy deyil.

Mən sualımı təkrar elədim. Səid dedi:

-Demək günahdır, ancaq lələşin elə bir toy elədi ki, daha bu şəhərdə Zeynin toyunu xatırlayan yoxdur. Kimdən istəsən soruşa bilərsən, hamı eyni sözü deyəcək: "Ya Səidin toyu, ya da heç nə”.Zeynin toyu böyük möcüzəydi. Ancaq taleyin şıltaqlığı nəticəsində inspektorun kürəkəni olmuş Bayquş Səidin toyu daha böyük möcüzə oldu.

Səid davam elədi:

-Allah şahiddir ki, adam əlindən ayaq basmağa yer yox idi. Camaat bütöv qəbilə halında gəlmişdi. Hər qəbilənin öz vəzifəsi var idi. Kəbini məsciddə kəsdilər. İmam gələnlərə dedi: "Qoy, hamı görsün və eşitsin... Səid bizim hamımızın sevimli və arzuladığımız qonaqdır. Bundan sonra heç kim onu Bayquş Səid adlandırmayacaq”.

Fatumanın nə oxuduğunu öyrənməyə səbrim çatmadığına görə sualımı bir də təkrar elədim.

-Fatuma, başı batmış, – deyə Səid cavab verdi, – kupletləri elə oxuyur ki, sanki birbaşa kitaba baxıb söyləyir. On funt onun halal haqqıdır.

-Aman allah, necə yəni on funt?

-Mihaymid, and olsun bizim dostluğumuza ki, on funt normaldır. Mən ona dedim: "Qulaq as, xanım, atalar sözüdür, deyir, müğənniyə ənam, şairəsə şam yeməyi ver. Mən səndən elə bir ləqəb istəyirəm ki, bütün Vad Həmid Bayquş Səid ayamasını həmişəlik unutsun. Artıq bu adamlar, qoy, allah səndən razı olsun, məni təmiz dəli ediblər. Hamısı, görüm onların başı batsın, elə "Bayquş”, "Bayquş” deyib durub. Onunsa mənə cavabı bu oldu: "Hamı dairəyə durub, rəqs eləməyə başlayanda diqqətlə qulaq as gör, Fatuma nə oxuyacaq”.

-Hə, Səid, bəs sonra? Fatuma sənin barəndə nə oxudu?

-Allah sənə səbr versin. Ara qarışıb məzhəb itən vaxtı qızlar saçlarını açıb-tökərək meydana girdilər. Mən Əntər kimi onların arasında dayanıb şallağımı yırğalayırdım. Oh, Fatuma, allah səni bağışlamayacaq.

-Yaxşı, di sonra?

-O çox oxudu. Qızlar Atası Əhməddən soruş. O, görüm, allah ona heç rəhm eləməsin, hamısını xatırlayır. Sən bir bu kupletə qulaq as:

Xəbər gələn həmin cümə axşamı

Şad-xürrəm oxudum, sənə yemək gətirdim.

Oy, Ac Qadınları Yemləyən Səid,

Sənin kimi birisini bir də harda taparam?

Hələ bir buna da qulaq as:

Səid, – yaraşıqlı bir kişi, cəsarətli timsahdır,

Hər sahədə özünü doğrultmuş bir kişidir.

Qüdrətli bir döyüşçü, qəbilələr qənimi,

İnspektor kürəkəni, ağıllıdır, dirbaşdır.

Bu sözləri söyləyərkən Səidin kefi duruldu. Sözünə ara verdi, sanki rəqs eləyənlərin arasındaymış kimi ayaqlarını yerə döydü, atılıb-düşdü və əlini başının üstündə yellətdi.

Ondan soruşdum:

-İnspektor bu işə necə razı oldu?

-Məcbur elədilər.

-Kim onu məcbur elədi?

Sanki fikirləşirmiş kimi bir az susandan sonra dedi:

-Bu pulları mən öz əllərimlə qazanmışam. Təxminən min funt. Ancaq o məni tovlamaq istəyirdi.

Səid kömür və odun satmaqla məşğul olurdu, çöldə işləyir, qazandığı pulları inspektorda saxlayırdı. Mən ona etiraz elədim:

-Ey, gözəl insan, allahdan qorx. Hardandır səndə min funt?

-Əgər mənə inanmırsansa imamdan soruş, Şeyx Əlidən və ya hacı Abd əs-Səməddən soruş.

-Deməli, inspektor sənin onda saxladığın pula görə qızını sənə verib, eləmi?

-Bax, siz hamınız deyirsiz ki, əbəs yerə o Səid[1] deyil, axmaqların bəxtinə həmişə xoşbəxtlik düşər – deyə cavab verdi. – Ancaq and olsun allaha, mən öz pullarımı qəpiyinə kimi tanıyıram.

-Necə? Deməli, sən inspektorun qızıyla evlənmək eşqinə çoxdan düşmüşdün?

-Aman allah, niyə başa düşmürsən, axı! Necə bilirsən, inspektorun evində işləmək sadə məsələdir? "Ey, Səid, su gətir... Səid, heyvanlara ot gətir... Səid, gəl odun doğra”. Səncə bunlar elə-belə şeydir?

-Yaxşı, bəs sonra?

-Nə "sonrası”, nə "əvvəli”. Yeddi ildən çox eşşək kimi işlədim. Elə ki, beş, on, ya da iyirmi piastr[2] alırdım, gedirdim dostum Qızlar Atası Əhmədin yanına. O da bunları dəftərə yazırdı. Hər il mənə deyirdi: "Səid, gəl piastrlarını götür”. Mənsə deyirdim: "Sizdə qalsa yaxşıdır. Başı bütöv olar”. İşlər beləcə gedirdi. İl üstünə il, piastr ütünə piastr gəlirdi. Bu müddət ərzində inspektorun ortancıl qızı ərə gedib boşanmağa da macal tapmışdı. Bilrsən ki, o sən deyən gözəl deyil, üstəlik, gözdən də zəifdir. Mən tələsmədim. İki il, üç il keçdi, qız oturub qalıb, hələ ki bir göz qoyanı yoxdur. Elə onda da öz-özümə dedim: "Səid, məgər sən kişi deyilsən?” Və məsələ bununla bitdi.

Təəccübümü boğmağa gücüm çatmadığına görə onun sözünü kəsməyə məcbur oldum:

-Bütün bu şeylərə görə allah sənin cəzanı verəcək, bədbəxt! Biz də səni axmağın, ağzıayrığın biri sayırdıq.

-Eh, gözəl insan, məgər indi sadədil adam var? İndi cinlərin özü də adamlarla yola gedə bilmir.

-Di, danış görüm, sonra nə oldu, yaramaz?

-Sonra dəftəri götürüb inspektorun yanına getdim. Bilirdim ki, o, pensiyaya çıxandan və məvacibi kəsiləndən sonra işləri yaxşı getmirdi. İçəri girdim və dedim: "Möhtərəm cənab, mənə vacib pul lazımdır”. Bunu deyən kimi onu əsmə tutdu, vurnuxmağa başladı, sonra özünü ələ alıb dedi: "Sabah gəl. Üstümdə pul yoxdur”. Qısası, gözəl insan, bu məsələ xeyli uzandı. Hər dəfə gələndə eyni sözü eşidirdim: "Sabah gəl, birisi gün gəl”. Nəhayət, bir gün ona dedim: "Qulaq asın, möhtərəm cənab, onsuz da, mən bilirəm ki, sizin pulunuz yoxdur. İstəyirsiz, indi sizə bir məsləhət verim: "öz qızınızı, həmin o pis görən qızınızı mənə verin, bununla da məsələ bitsin...” Bax belə, gözəl insan. Mən bu sözü deyənədək o, stulda indi siz oturan kimi oturmuşdu, ancaq bunu eşidər-eşitməz yerindən hoppandı! Özümü əvvəlcədən buna hazırlamışdım, fikirləşdim ki, məsələ davasız ötüşməyəcək: axı, cənab inspektorun necə tündməcaz və təkəbbürlü adam olduğunu sən özün də yaxşı bilirsən. Və o, var-gücüylə mənim üstümə qışqırmağa başladı: "Sən dəli olmusan? Elə bilirsən, şəhərdə haqq-ədalət, qanun yoxdur? Sən, murdar, iyrənc Səidcığaz mənim qızımla evlənmək fikrinə düşmüsən?!” O məni qorxudacağını düşünürdü. Ancaq sənə and içirəm ki, geri durmadım. Sakit-sakit dedim: "Xox! Fikir verin, artıq ona "möhtərəm cənab” deyə müraciət eləmirəm. Ona deyirəm: "Xox! Qulaqlarınızı geniş açın. Mən Səid Vad Zahid Vad Həcəb ər-Rəsulam – azad bədəvi. Sizə and içirəm ki, əgər mənim Sodiridəki[3] nəslim bir yerə yığılsa səni gün işığına həsrət qoyar. Məgər mən tək allaha inanan müsəlman deyiləm? Bəli, mən, murdar və iyrənc Səid sənin qızına elçi düşmüşəm. Sənin koruş, boşanmış, eybəcər qızının dadına baxmaq istəyirəm. O, ömrü boyu oturub gözləsə məndən yaxşısını tapa bilməyəcək. Əgər etiraz eləsəniz and içirəm ki, pullarımı tam almayınca səni məhkəmələrdə süründürəcəyəm”.

Mən yalnız rəhm və lütfükarlıq xətrinə dostluq münasibətləri saxladığı bir adamın ucbatından bu cür təhqiramiz vəziyyətə düşmüş dikbaş, yekəxana inspektorun nə çəkdiyini təsəvvür eləyirəm.

-Hə, Səid, sonra?

Səid ayağını ayağının üstünə aşırdıb qarşısındakı fincandan bir qurtum kofe içdi, sonra onu qəsddən məzəli hərəkətlər edərək yerinə qoydu. Bəs necə! Axı, mən ona özünü yenidən Vad Həmiddə baş verən hadisələrin mərkəzində görməyə, dünyanın başına dolandığı bir ortamda hiss eləməyə imkan yaratmışdım.

Səid davam elədi:

-Mən əvvəllcədən bu qadınla – qızın anasıyla razılaşmışdım. Qoy, allah sənin köməyin olsun Fatimə Bint ət-Tom. Düz deyirlər ki, bir arvad bütöv qəbiləyə dəyər. Onun bizə qohumluğu çatdığını bilirdim. Anası bizlərdən idi – for qəbiləsindən olan bədəvilərdən.

-Fatimə Bint ət-Tomun anası sizin qəbilədəndir?

-Bəs necə?! Necə bizdən olmaya bilər ki?Məgər, Fatimə Bint ət-Tomun anası Həlimə Bit Rabih deyil? Bəs, bizim baş imamın özü, bilirsən, onun anası hardandır?

-Demək istəyirsən ki, o da sizlərdəndir?

-Mərhəmətli və rəhmli allahın adıyla, Mihyamid, düzünü de, sən özünü qəsddən bilməməzliyə vurursan? İmamın anası Mərha Bit Cədindir. Onunla Həlimə Bit Rabih əmiqızıdır.

-Əla! Deməli, sən öz işini ikitərəfli tutmusan?

-Əlbəttə. Camaat düşünürdü ki, adam dəli olub, vəssalam. Qoyun kəsib qonaqlıq elədim. Hamıya üz tutub dedim: "Mən istəyirəm ki, bu toylar toyu olsun, orda nə lazımdır olsun: mahnı, rəqs, təbil, qızlar xoru, Fatuma da oxusun”. İnspektor yumşalıb üzüyola olmuşdu, sözümün qabağına söz demirdi. Mən "hə” deyəndə "hə” deyir, "yox” deyəndə "yox” deyirdi. And olsun allaha, toyun gurultusu düz for qəbiləsinin düşərgəsinə kimi bütün mahalı bürümüşdü. Zeynin toyu onun yanında sünnət toyu kimi bir şey idi. Allaha and olsun ki, mən inspektorun evinə yerin yiyəsi kimi girib, Fatumaya əl elədim və onun qarşısındakı qabın içinə bir funt qoydum, bu şabaş idi, əvvəldən verdiyim on futa dəxli yox idi... Bu vaxt lənətə gəlmiş arvad oxumağa başladı:

Canım Səid, anaların fərəhisən,

Nə lazımdır allah sənə verəcək.

Yaxşı toydur, hamı gülür, əylənir,

Sizsə paxıllar, susun, dinməyin.

Bu yerdə qızlar sevinc içində qışqırışdılar: "İyyu-iyyu-iyyuya!” Mən sanki göylərdə uçurdum.

-Yaxşı, – deyə onun sözünü kəsdim, – bəs necə oldu ki, sən müəzzin oldun?

-Burda nə var, axı: Bu allah yolunda savab işdir. Sadəcə, Həməd mənə dedi ki, hər gün minarənin başına çıxmaq onunçün çətindir.

-Hər halda, – deyə mən etiraz elədim, – sən inspektorun kürəkəni olandan sonra hər yerə yolun açılıb.

-İnspektor-zad nədir, – deyə Səid nifrətlə dedi. – İndi inspektor da, hətta şəhərin başçısı da mənimçün heç kimdir. Mənim pulum var. Vallah, istəsəm bu saat başçının qızını da alaram.

-Bəs bu pullar hardandır? Nədi, xəzinə tapmısan?

Gülə-gülə dedi:

-Mən indi bazara getməliyəm, pul barədə başqa vaxt danışaram.

Və öz zəif, titrək səsiylə oxuya-oxuya çıxıb getdi:

Canım Səid, anaların fərəhisən,

Nə lazımdır allah sənə verəcək.

4

Həməd Vad Həlimə hələ balaca uşaq olduqları dönəmlərdə Daul-Beytin oğlu İsanın bir dəfə qarşılarına bayram paltarında çıxdığı günü yaxşı xatırlayır. Hərçənd, həmin gün heç bir bayram-filan yox idi. O, əynində uzun cələbiyyə[4] geyinmişdi. Başını düm ağ çalmayla bağlanmış qırmızı papaq bəzəyirdi. Ayağındakı qırmızı rəngli təzə botinkalar par-par parıldayırdı. İsa bəziləri tam çılpaq, bəzilərininsə bellərinə tək bir əsgi parçası dolanmış, ən yaxşı halda nimdaş və çirkli cır-cındır geyinmiş uşaqların arasında çox gülünc və əndrəbadi görünürdü. Həqiqətən, o bizə çox qəribə və məzəli təsir bağışladı. Onu görər-görməz bərkdən qışqırdım: "Bəndər-şah!”[5] Sonra hamımız birlikdə xorla qışqıraraq təkrar elədik: "Bəndər-şah, Bəndər-şah!” Biz onu düz evlərinə kimi qovduq. O vaxtdan hamı onu Bəndər-şah çağırmağa başladı.

-Ümumiyyətlə, ləqəb çox qəribə şeydir, – deyə Həməd öz hekayətini danışmağa davam edir. – Bəzi adamlara ləqəbi düppədüz uyğun gəlir. Məsələn, götürək sənin Həsən Timsahını və ya bizim Bahit Əbul-Banatı[6], Süleyman Akal ən-Nabakı, Abd əl-Maul Vad Miftah əl-Həznəni və ya əl-Kəşifə Vad Rəhmətullanı. Onların ləqəbləri xəncər qınına yapışan kimi özlərinə yapışır, qoy, allah bizi onların şər-xatasından qorusun! Mənə, məsələn, Vad Həlimə[7] deyirlər. Öz əsl adımla Əbdül-Xalıq çağırmaq heç kimin ağlına gəlmir. Səbəbi? Səbəbini Muxtar Vad Həsəb ər-Rəsuldan soruş. Hara getsə, nə iş görsə, allah heç onun işini avand eləməsin.

Həməd xalatını öz arıq bədəninə daha tarım dolayıb davam elədi:

-Biz uşaq vaxtı hacı Sədin məscidində Quran oxumağı öyrənəndə Muxtar həm sağlam və güclü, həm də davakar və lovğabir oğlan idi. Hamı ondan qorxurdu. Dərsdən sonra böyük bir akasiya ağacının altına toplaşardıq. Yeri gəlmişkən, həmin ağac indi də yerindədir. Muxtar əlbəyaxa döyüşə başlamaq üçün çılpaq kürəyilə düz dairənin ortasında dayanmışdı. Onda zəmanə igidlik, qoçaqlıq zəmanəsiydi. Qorxaqlar o vaxtkı timsahların arasında yaşaya bilməzdi. Soruşursan ki, əlbəyaxa döyüşdə nəylə vuruşurdular? Nil ağacının kökündən bükülüb düzəlmiş qırmancla bir-birlərini qamçılayırdılar. Aman allah, necə döyüşlər olurdu! Bizim uşaqlardan heç kim Muxtar Vad Həcəb ər-Rəsulun bir, ən yaxşı halda iki zərbəsinə tab gətirə bilmirdi. Onun öz kürəyisə begemot kürəyi kimiydi, nə qədər vusan heç izi də qalmırdı. Mən qırmancın üzünə baxanda belə qorxurdum və adətən, heç nəyə toxunmadan səssiz-səmirsiz bir kənarda dayanırdım. Qoy allah, möminləri belə əlbəyaxa döyüşlərdən qorusun!

Muxtar bütün gün dairənin ortasında dayanır, uşaqlarsa bir-birinin ardınca ona yaxınlaşırdılar. Jjik... bir zərbə, jjik... iki – biri yana sıçradı, jjik... jjik – dalınca gələn digər tərəfə tullandı. Muxtar da məni görməyinə bənd idi, dərhal lağa qoymağa başladı, həqarətlə anamın adıyla Vad Həlimə adlandırdı. Tez-tez mənə deyirdi: " Ey, Həlimənin oğlu, sən haçan kişi olacaqsan, başqa kişilər kimi nə vaxt dalaşacaqsan?” Bu sözlər iti bıçaq olub qəlbimə sancılırdı. Acığımdan zəncir gəmirirdim. Mənim kimi zəif, gücsüz bir sısqa məxluqun əlindən nə gəlirdi? Ancaq günlərin bir günü qəti şəkildə qərara aldım ki, Vad Həlimə ayamasını daşımaqdansa ölüm yaxşıdır. Qulaqlarını aç, yaxşı eşit: bu ipli tələ kimidir, qırağından basdasan, əl-qolundan yapışacaq.

Dərsdən sonra evə qaçdım. Orda içində təxminən bir funt üyüdülmüş bibər olan kisə tapdım. Kisəni götürüb qaçdım, o qədər qaçdım ki, artıq evlər güclə görünürdü. Bu qırmızı istiot həqiqətən allahın od püskürən alovuydu. Mən onun bir hissəsini yedim, sonra soyunaraq qalanıyla bütün bədənimi sildim. Allah göstərməsin, bu əsl cəhənnəm atəşiydi! Bədənim və içim alışıb yanmağa başladı. Bu şiddətli yanğının təsirindən var gücümlə qaçaraq, boğazım cırılanadək qışqırdım: "Vay, vay, vay!” Ətrafdasa ins-cins yox idi, onsuz da, səsimi heç kim eşitmirdi. Mən mayallaq aşmağa, torpağın üstündə eşələnməyə başladım. Tər bədənimdən su kimi axırdı. Hə, gözəl insan, ağrıdan adam dəli ola bilərdi. Ancaq bir şey də var ki, bundan sonra daha heç nə adama qorxulu gəlmir. Özünü tonqalın içinə atsaydın da bir şey hiss eləməzdin. Köynəyimi qolumda tutub qaçırdım, gözlərimdən od çıxırdı, başım qaynar qazana dönmüşdü. Həmin böyük akasiya ağacının yanına kimi qaçdım və gördüm ki, Muxtar Vad Həcəb ər-Rəsul məğlubedilməz Əntər kimi hamının qarşısında durub özünü camaata göstərirdi. Mən dairəyə girdim və adamların qarşısında hazır dayandım. O həqarətlə mənə baxıb dedi: "Nədi, Vad Həlimə, deyəsən, bu gün kişi olmaq qərarına gəlmisən? Rədd ol, get. Mənim ana uşaqlarıyla işim yoxdur”. And olsun allahın böyük adına, atəş püskürən gözlərimi düz onun sifətinə dikib dedim: "İndi kimin kişi olduğunu görərik, di vur!” O güldü və yavaş-yavaş mənə yaxınlaşmağa başladı. Kənarda duranlar da gülür və (Vad Miftax əl Həznəylə Vad Rəhmətullanın gur və cır gülüşləri var idi) qışqırırdılar: "Vad Həlimə bəlaya düşüb, çətin ki, canını qurtara bilsin”. "Hələ bir az gözləyin” – deyə öz-özümə düşündüm.

Muxtar qamçını götürüb iki əlilə əydi və havada yellədi: "Vijj, vijj”. Sonra ətrafımda hərlənərək məni qızışdırmaq üçün bir neçə dəfə yüngülcə qamçı çaldı. Heç vecimə də almadım: beynimdə sanki altmış min ifrit hoppanıb-düşürdü. Sonra sağ ayağına dayanaraq, yerində durdu və qamçısını sərt şəkildə yellədib aşağı çırpdı. Canım haqqı, içimi cəhənnəm odunda yandırıb-yaxan istiotdan sonra qamçının toxunuşu mənə rahatlıq və sərinlik gətirdi. Dərim sanki keyləşib meyitə dönmüşdü. Bıçaqla kəsib doğrasan da, heç nə hiss eləyəsi deyildi. O ikinci, üçüncü dəfə vurdu, ancaq mən sanki daşa dönərək yerimdə donub qalmışdım. Bax, əgər bu qapı nəsə hiss eləyirsə, deməli, onda mən də nəsə hiss eləyirdim. Yeddinci zərbədən sonra dayandı, geriyə çəkilib, heyrətlə mənə baxdı. Mənsə ona acı zəhər kimi öldürücü baxışlarla nəzər saldım. O, tüpürcəyini uddu. Artıq gülmək halında deyildi. Ətrafda dayananlar da ağızlarına su alıb durmuşdular. Vad Miftah və Vad Rəhmətullanın da gülüşü boğazlarına tıxanıb qalmışdı. And olsun bizi yaradana, sanki içimdə qanadlarını bütün dünyanın üstünə sərmiş nəhəng bir şeytanın peyda olduğunu, yeridiyini və coşub-kükrədiyini hiss elədim. Elə bildim ki, yıxılan göy qübbəsini əlləriylə saxlayan Şamxoraş pəhləvanın özüyəm. Bunlar hamısı istiotun təsirindən idi, allah ona adamı ürək acısından, qəlb yanğısından da qurtarmaq gücü versin. Hə, gözəl insan, bu vaxt səsimin necə açıldığını bilmədən onun üstünə qışqırdım: "Ey, Maymunanın oğlu (qəzəb və nifrətdən mən də onu anasının adıyla çağırdım), niyə dayandın? Kişi ol, vur! And içirəm ki, bu gün ya məni, ya da səni burdan qəbirstanlığa aparacaqlar”.

Hamı susub durmuşdu, cınqırını çıxardan yox idi. O məni səkkizinci, doqquzuncu dəfə vurdu.

Hesab otuza çatanda sənin baban və Bəndr şah Muxtarı dayandırdılar. Qamçını onun əlindən alıb dedilər: "O öz haqqını aldı, indi növbə Həmədindir”.

Onda, əzizim, mən özümü eyniylə türk paşası kimi qəzəbli və dikbaş hiss eləyirdim. Onlara deyirəm: "Dəyməyin, qoyun vursun. And olsun "Kəf Ləm Mim” surəsinə, bilmirəm bu gecə Vad Maymunu nə cür basdıracaqlar”. Ancaq babanla Bəndər şah dedilər: "Yox, otuz zərbə bəsindir”. Qamçını götürüb baxdım və onun büsbütün qana boyandığını gördüm. Böyük yaradan! Mən onu toplaşanların başı üstündə yellədə-yellədə qürurla iki dövrə vurdum.

Vad Miftah əl-Həznə və Vad Rəhmətulla qorxudan büzüşərək gözlərini yerə dikdilər. Qamçıyla yüngülcə hər ikisinin başını döyəclədim. Sonra "İyyuy, iyyuy, iyyuy!” – deyədöyüşçü nərəsi çəkib Muxtar Vad Həcəb ər- Rəsula baxdım. Gördüm ki, tərpənmədən sakitcə oturub, ancaq burnundan tər tökülür. Mən qamçıyla ona toxunaraq bərkdən nərə çəkə-çəkə fırlanmağa başladım. Gah dala çəkilir, gah ona yaxınlaşır, gah qarşısında dayanır, gah yuxarı tullanırdım – bir sözlə, ona qarşı əsl psixoloji müharibə aparırdım. Nəhayət, baxıb görürəm ki, adam bürüşüb meyitə dönüb. Əgər Vad Miftah əl-Həznəylə Vad Rəhmətulla bayaq mənə gülürdülərsə, indi ona baxıb qaqqıldayırdılar. Mənim gülməyimə bənd idilər, ardımca onlar da qəhqəhə çəkməyə başlayırdılar. Görüm, allah heç onları bağışlamasın, həmişə qaliblərin yanında olurdular.

Qamçını qaldırdaraq, bərkdən fit çala-çala sanki nəsə yarırmış kimi onu aşağı endirdim. Muxtar dayanıb gözlərini döyürdü. İkinci dəfə şallaqlayanda "ah-uf” səsini eşitdim.

Üçüncü zərbəni zolluyanda geri çəkildi. Dördüncüdə səndələdi. Beşinci zərbədə tam haldan düşərək yıxıldı.

Adamlar durub baxırdılar. Hamsının dili-ağzı qurumuşdu, heyrətdən gözləri bərələ qalmışdı: necə yəni mən, zəif, cılız Həməd Vad Həlimə zəhmli, qorxulu bir döyüşçünü, Muxtar Həcəb Vad Həlimə adlı azğın bir bahadırı üstələmişdim, mücəldib muma döndərmişdim.

Sənə deyim ki, həmin an özümü yerin-göyün hakimi, gecənin və gündüzün hökmdarı kimi hiss edirdim. Bəs necə? Biz onda hamımız uşaq idik, ən böyüyümüzün səkkiz yaşı təzəcə ötmüşdü. Mən sağa-sola dönərək hamını qamçılamağa başladım. Di, yaxın gəl görüm, necə gəlirsən. Ən çox Vad Rəhmətullayla Vad Miftah əl-Həznənin payına düşdü. Eh, əzizim! İçimdə sanki cinlər yuva salmışdı. Mən dairənin ortasında dayandım və yıxılmış qurbanını tapdalayan şir kimi ayağımı cansız meyitə dönüb yerə sərilmiş Muxtarın üstünə qoydum. Sonrasa, deyəsən, nəsə çərənləmişəm – bu barədə mənə sonradan babanla Bəndər şah şöyləmişdi. Bunu da onlar dedilər: "Vəssalam. Daha bəsdir”. Baban mənə dedi: "Bəsdir. İndi biz bildik ki, sən kişisən”. Bəndər şah ona etiraz elədi: "Əgər Vad Həlimə özünü kişi sayırsa, qoy bilsin ki, başqa kişilər də var”. Fikirləşməyə macal tapmamış Bəndər şah qarnıma güclü bir zərbə ilişdirdi. Bundan sonra nə baş verdiyini bilmədim. Ayılanda özümü Bəndər şahın evində ənqərəbədə[8] uzanmış gördüm. Muxtar da yanımda yatmışdı. Bədənimizdə elə dəhşətli ağrı var idi ki, allah heç kimə göstərməsin. Mən qışqırır, Muxtar qışqırırdl: "Vay, vay, vay!”

5

"Mihaymid!”

Mihaymid səs gələn tərəfə dönüb cavab verdi: "Bəli!” Vad ər-Rəvvasi təəccübləndi:

-Sən bunu kimə deyirsən?

Mihyamid mürgülədiyini və heç kimin onu çağırmadığını dərhal başa düşdü.

-Məhcub durub evə getdi. Məscid yolunda Əbdül-Hafiz ona qoşuldu.

Vad ər-Rəvvasi dedi:

-Yazıq Məhcub, təmiz düşüb.

Birinci günün axşamından Mihyamidin dilində bir sual dolaşırdı. Ancaq cavabın öz-özünə gələcəyinə ümid bəsləyərək həmin sualı heç kimə vermirdi. Mihyamid özü də taqətdən düşmüş adam idi. Onu illər yormuş, hökumət qulluğu əldən salmışdı. Gec-tez bunu ondan soruşacaqlar. Daha dəqiqi, Vad ər-Rəvvasi soruşacaq: "Sən niyə pensiyaya vaxtından tez çıxdın?” Mihyamid cavab verəcək: "Səhər namazına getmədiyim üçün məni işdən çıxartdılar”. Vad ər-Rəvvasi deyəcək: "Ciddi deyirsən, yoxsa zarafat eləyirsən?” Mihyamid deyəcək: " İndi Xartumda hökumətdə dini partiyadır. Baş nazir hər gün səhər namazına məscidə gedir. Əgər sən namaz qılmasan, yaxud namazını evdə tək qılsan səni hökumətə qeyri-loyal olmaqda günahlandıracaqlar. Əgər pensiyaya göndərsələr, hələ sağ ol de”.

Vad ər-Rəvvasi təəccüblənib ucadan deyəcək: "Sən bir işə bax!”

Mihyamid deyəcək: "Bir-iki ildən, bəlkə də, beş ildən sonra hakimiyyətə başqa hökumət, dinə münasibətdə daha mötədil adamlar, ola bilsin ki, hətta ateistlər gələcəklər. Onda da sən məsciddə və ya evdə ibadət eləsən səni yenə də pensiyaya göndərəcəklər”. Həddindən çox heyrətlənmiş Vad ər-Rəvvasi ondan soruşacaq: "Nə əsasla?” Mihyamid ona sakit tərzdə cavab verəcək: "Əvvəlki hökumətlə əlbir olmaqda müqəssir bilərək”. Onda onlar öz qulaqlarına inanmayacaq və bir ağızdan qışqıracaqlar: "Əcəb işdir, vallah!”

Səid artıq dükanından çıxıb Ət-Tahir ər-Rəvvasinin yanında oturmuşdu. O gözlənilmədən danışmağa başladı:

-Görüm, o Bəkrinin oğlanlarına allah lənət eləsin. Tanrının qəzəbinə tuş gəlsinlər!

Mihyamid özünü saxlaya bilməyib soruşdu:

-Bəkrinin oğlanları neyləyiblər ki?

Bu vaxt adamları ibadətə səsləyən Ac Qadınları Yemləyən Səid "xilasınıza tələsin” sözlərinə çatdı və batmış yük maşını kimi dayanaraq taraq-turuq salmağa başladı. O, ehtiyac olmayan yerdə hecaları uzadır, onları uzada-uzada oxumaq lazım olan yerdəsə, əksinə, çeynəyib-tökürdü. Vad ər-Rəvvasi güldü:

-Arvadları yemləyən bu gün lap biabır oldu.

Əbdül-Hafiz əvvəlcə oturduğu yerdən tərpənmək istəməyən, ancaq qəflətən fikrini dəyişən adam kimi yerindən necə hövlanak qalxdısa, Mihyamid diksindi. Mihyamid Vad Həmidə qayıdan gündən bəri Əbdül-Hafiz hər axşam bura gəlir və dinib-danışmadan sakitcə bir tərəfdə otururdu. Görkəmindən sanki üzrxahlıq eləmək və ya nəsə bir sirr açmağa hazırlaşan adama oxşayırdı.

Bütün bu fikirlər araya çökən sükutun içində boğulub qalırdı. Səid artıq hamının yadından çıxardığı suala cavab verərək dedi:

-Ət-Türeyfi, Bəkrinin oğlu oyun oynayır, özündən Bəndər şah düzəltmək istəyir.

Vahimə saçan ad Mihyamidin beynini qarışdırdı, təxəyyülünü alt-üst elədi. Onun gözünə zülmət içində dolaşan bədheybət cin göründü. Qəzəblənmiş qum burulğanları yekə palmaya dolanmış, nə başı, nə axırı olan ilanabənzər sarmaşıq kimigecənin nəhayətsiz qaranlığında bədheybəti hər tərəfdən bürüyüb öz qoynuna almışdı. Bu ad Mihyamidin qəlbində əbədi olaraq ötüb keçməyəcək bir kədərlə bağlıdır. Bu adı əvvəllər harda və nə vaxt eşitmişdi? Mihaymid hamının fövqünə qalxaraq sanki məkan və zamanı, keçmiş və gələcəyi birləşdirən hansısa bir insanı, yox, hansısa insanabənzər bir varlığı xatırladı. O, əlində uzun, qana boyanmış bir şallaq tutmuşdu. Bəlkə, bu elə onun özüydü?

Şam yeməyi vaxtı Vad ər-Rəvvasiylə Səid bir-birlərini əvəz eləyərək bütün bu tarixçəni ona danışdılar. Səid dəqiqəbaşı hirslənirdi. Vad ər-Rəvvasi isə artıq heç nəylə təəccübləndirmək mümkün olmayan bir insan ədasıyla danışırdı. Onların dediyinə görə hər şey torpaq davası üstündə başlamışdı. Axı, Bəkri qardaşlarının anası Məhcubun bacısıydı. Məhcub elə hasab eləyirdi ki, torpaq ona məxsusdur. Ancaq Bəkrinin oğlanları gözlənilmədən dayılarıyla kəllələşməyə başladılar – baxmayaraq ki, o şeyx idi, hörmət-izzətl sahibi olan ahıl bir adam, onlarsa sütül yeniyetmələr idilər. Onlar Məhcuba qarşı iddia qaldırdılar, onu məhkəmələrə çəkdilər. Torpağı itirsələr də Məhcubun nüfuzuna və hökmünə zərbə vurdular. Camaatın astadan pıçıldaşdığı və yaxud bir kəlmə də danışmadığı şeylər barədə onlar bərkdən qışqırmağa cəsarət elədilər. Şəhərdə də sanki hamı elə bunu gözləyirmiş. Şayiələr baş alıb getdi, narazı adamların səsi gəlməyə başladı. Ət-Türeyfi iclaslarda və məclislərdə Məhcubun əleyhinə danışmağa başladı. O, Məhcubun qulağı eşidə-eşidə deyirdi: Məhcubun quldur dəstəsi və onun əlaltıları Vad Həmiddə hakimiyyəti nə vaxt başqalarına təhvil verəcəklər? Bunlar bitib- tükənmiş adamlardır. Bəsdir! Onlar otuz ildən çoxdur ki, şəhərimizin canını boğazına yığıblar”. Bu cür nitqlər Məhcubu cinlədib özündən çıxardırdı. Ancaq Bəkrinin oğlanlarına qarşı nə addım atırdısa, öz nüfuzuna daha çox zərbə vururdu.

Vad ər-Rəvvasi acı-acı sual edirdi: "Əgər əxlaqsız, yava bir uşaq yaşlı, hörmətli bir adama öcəşirsə o nə edə bilərdi? Əgər vursaydı, deyəcəkdilər ki, pis adamdır, zəifləri incidir. Əgər yerində oturtmasaydı, onda da başqa cür danışacaqdılar, deyəcəkdilər ki, çox aciz adamdır, burnufırtıqlı bir uşaqla da bacara bilmir”.

Səid dedi ki, Məhcub öz bacarığına görə Vad Həmidin lideri olmuşdu. Üstəlik, şəhər də onu "qəbul edirdi”. "Qəbul etmək” feili və ondan yaranan sözlər Məhcubun və onun dəstəsinin gözündə çox sanballı çəkiyə malik idi. Məsələn, hansısa adamı "qəbul edirlər” və ya kimsə "qəbul edir” tipli ifadələr onların dilində böyük tərif kimi səslənir. Sonra onlar birdən gördülər ki, bu kəlmələr artıq öz mənasını itirib: oğulu ataya, arvadı ərə, işçini rəisə, kiçiyi böyüyə itaət eləməyə məcbur edən həmin əsrarəngiz, anlaşılmaz qüvvə bir gün öz varlığına son qoydu. Sanki şəhər sakinləri qəfil yuxudan ayıldılar və yaxud indiyədək görünməmiş yeni, qeyri-adi yuxu gördülər. Adamlar hər şeyə başqa gözlə baxmağa başladılar. Bu gözlərdəsə "qəbuletmə” hissindən savayı ən müxtəlif duyğular öz əksini tapmışdı.

Vad ər-Rəvvassi və Səid daha sonra söylədilər ki, Bəkrinin oğlanlarının nitqləri camaatın beyninə və qəlbinə təsir göstərməyə, nəticədə şəhərdə yeni müxalifət partiyasının yaranmasına və onun gün-gündən böyüyüb möhkəmlənməsinə səbəb oldu. Partiyanı tərəfdarları kooperativin iclasını çağırmaq tələbilə imza topladılar. Kooperativ yaranandan bəri hələ belə bir şey olmamışdı. Onların məqsədi Məhcubu və onun tərəfdarlarını otuz ildən çoxdur idarə elədikləri kooperativin və onun bütün komitələrinin rəhbərliyindən uzaqlaşdırmaq idi. İyirmi beş il ərzində mütləq səlahiyyət sahibi olan Məhcub qəfildən ondan hasabat tələb edən Vad-Həmid sakinləriylə üz-üzə qaldı. Məsələ Merovadan[9] xüsusi olaraq bu əlamətdar gün münasibətilə təşrif buyurmuş kooperasiyalar üzrə baş inspektorun sədrliyiylə ümumi yığıncağın keçirilməsiylə nəticələndi. Vad ər-Rəvvasinin dediyinə görə birinci Bəkrinin oğlu Ət-Türeyfi çıxış elədi. O, uzun bir petisiya oxudu. Petisiyada ağıllarına gələn nə vardısa, hamısı öz əksini tapmışdı. Ət-Türeyfi Məhcubu korrupsiya və rüşvətxorluqda, mənimsəmə və dostbazlıqda, səriştəsizlik, səhlənkarlıq və qohumbazlıqda ittiham edirdi! Natiqlər bir-birini əvəzləyir və hamısı da ittihamçını müdafiə eləyirdi. Çıxışçıların arasında Seyfəddinlə indi Ac Qadınları Yemləyən Qüdrətli Səid də var idi. İclasdan sonra o yeni rəhbərlik üçün şam yeməyi verdi. Özüsə dərhal xəzinədar oldu. Təsəvvür edirsən, Mihyamid, hətta Məhcubun oğlanları da atalarının əleyhinə səs verdilər. Qızlarsa Vad Həmiddə nümayiş keçirdərək qışqırırdılar: "Rədd olsun Məhcub və onun quldur dəstəsi”!

Vad ər-Rəvvasini əvəzləyən Səid davam elədi:

-Məhcub ağacdan düzəldilmiş müqəvva kimi oturub bütün bu ittihamlara qulaq asırdı. Bizim dəstədən yalnız mənimlə ət-Tahir ordaydıq. Əbdül-Hafiz məscidin yolunu tanıyandan sonra hər şeydən uzaqlaşıb, heç nəyə qarışmır. Nə desən əlini yelləyir: "Boş şeydir, cəfəngiyyatdır”. Əhməd həmişəki kimi sərxoş olduğuna görə iclasa gəlməmişdi. Vad ər-Rəis də bildiyin kimi qarın ağrısından ölüb. Bəkri qardaşlarının anası, Məhcubun bacısı gəlib kişilərin arasında durdu və oğlanlarını ən pis sözlərlə söyüb biabır elədi. Bütün iclas boyu Məhcub yalnız bir dəfə ağzını açdı və bacısının üstünə qışqırdı: "Ay arvad, sən çıx evinə get”.

Başımıza qəribə, qeyri-adi işlər gəlir. Öz doğma uşaqlarımız özümüzə qarşı qalxırlar. Biz onlara məktəblər açmaqdan ötrü tər tökə-tökə ora-bura qaçmışıq, onlarsa indi bu məktəbləri qurtarıb bizi saya salmırlar. Sən demə, şəhərdə qiyamət başlayıb, bizimsə heç nədən xəbərimiz yoxdur, sanki fil qulağında yatmışıq.

Vad ər-Rəvvasiylə mən yerimizdən durub bir-bir həmin adamlara yaxınlaşdıq, hamısını öz adlarıyla çağırıb tək-tək məzəmmət elədik. Məhcubun onların qarşısındakı xidmətlərini xatırlatdıq. Dedik ki, o hamının əvəzinə özünü ora-bura vuranda, hər işin dalınca təkbaşına düşəndə başqaları mal kimi başlarını aşağı salıb gəzirdilər. Ancaq artıq gec idi. Əksəriyyət bizim əleyhimizə səs verdi. Şəhərdə günün günorta çağı Məhcub məğlub oldu. Goreşənlər Bəbir Məhcubu darmadağın etdilər. Uşaq-muşaqlar, tərbiyəsiz avara-uvaralar və sırtıq qızlar. Onlar Bəkrinin oğlu Ət-Türeyfini sədr, Bəkrinin digər oğlu Həsəni cədr müavini, Bəkrinin üçüncü oğlu Həmzəni katib, Qadınları Yemləyən Səidi xəzinədar, Seyfədinisə nəzarətçi seçdilər. Dedilər ki, nəzarətçi kooperativin işini yaxşılaşdırmaq üçün yaradılmış yeni vəzifədir. Nümayişə çıxan qızlar tədbirlərini bu şüarla başa vurdular: "İ-i-i-iyu-iya!”

Ət-Türeyfisə qışqırdı: "Yaşasın xalq!” Xalq hanı, xalq hardadır, kimdir? Qadınları Yemləyən Səid, Vad Rəhmətulla, Miftah əl-Həznə və başqaları? Bunlardı xalq?

-Bu iclas Məhcubun axırına çıxdı, – deyə Vad ər-Rəvvasi söhbəti yekunlaşdırdı. – O özünü müdafiə məqsədilə bir kəlmə də demədi. Sadəcə, ayağa durdu və çıxıb getdi. Həmin gündən sonra canlı meyit kimi gəzir. Bəli, Vad Həmiddə bir era tamamlandı, başqası başladı. İndiyədək də biz bilmirik ki, bu necə oldu.

Gecədən xeyli keçmiş yavaş-yavaş evə tərəf gedən Mihyamıd düşünürdü ki, bu hadisənin məntiqi və əxlaqi mahiyyəti ona tanışdır. Hələ çox-çox qabaqlar belə bir şey onun öz gözləri qarşısında da baş vermiş, hətta özü də bunun iştirakçılarından biri olmuşdu. Onda da öz yerində oturanlarla onların yerinə gəlmək istəyənlər arasında eyniylə bu cür müharibə gedirdi. Bəli, Mihyamidin harda olsa da həmişə özünü xəyalən, ruhən hiss elədiyi, darmadağın edilmiş alayının sorağıyla gəzib-dolaşan əskər kimi axtarıb tapdığı və yanına qayıtdığı Vad Həmid artıq yoxdur. Onun ayaqları ötən əlli ilin ağırlığı altında əzilsə də, daxilən özünü on yaşdan da balaca uşaq kimi hiss edirdi. Göz-gözü görməyən qaranlıq bir gecəydi: matəm libasında yerində donub qalmış qadına bənzəyən akasiya kolları, qapqara zülmət içində bərq vuran xəyali işıq şölələri, bütün bu heçliyin, yoxluğun bətnindən qopan zəif həyat səsləri... Qəflətən, qaranlıqdan bir səs eşidildi:

-Mihaymid!

Səs düz yaxından, qulağının dibindən gəldi:

Mihaymid cavab verdi:

-Bəli!

Həmin aydın və təmiz səs çağırdı:

-Mihaymid, gedək!

O gülümsündü və yenidən təkrar elədi:

-Bəli.

Onun heç ağlına da gəlmədi ki, bütün bunlar mümkün olan bir şey deyildi, o, sadəcə olaraq, qapqara zülmət dəryasında işıq saçan ildırım şüasını çağırış kimi qəbul etmişdi.



[1]Səid ərəbcə xoşbəxt deməkdir.

[2]Piastr Sudan və Misir funtunun yüzdə biri.

[3]Sodiri – Sudanın qərbindəki Kordofan əyalətində yerləşən yaşayış məskəni.

[4]Uzun köynəyə oxşayan milli kişi geyimi.

[5]Bəndər şəhər deməkdir. Şəhərin şahı, burda şəhərin başçısı, hakimi, sahibi mənasındadır.

[6]Bahit "qızlar atası” deməkdir.

[7]Həlimənin oğlu.

[8]Ənqərəbə - toru kəndir və ya qayışdan çəkilmiş Sudan çarpayısı.

[9]Merova –Sudanın şymalında vilayət mərkəzi.