Aqil ABBAS: DÜNYANI ÇİYİNLƏRİNƏ QALDIRAN ANAR

AQİL ABBAS
55344 | 2018-03-15 11:09
Təxminən 40 il bundan əvvəl «Azərbaycan» jurnalında görkəmli şairimiz Nüsrət Kəsəmənlinin təqdimatında Ağcabədinin Kəbirli kəndindən bir 8-ci sinif şagirdinin iki şeiri dərc olunmuşdu. Çox təəssüf, həmin məktəblinin adı yadımdan çıxıb, amma bircə onu bilirəm ki, şair İslam Kəbirlinin qardaşı idi. Həmin şeirlərin biri belə adlanırdı: «Qaldırın dünyanı çiyinlərimə». Söz verirəm ki, həmin şeiri tapıb oxuculara çatdıracam. Hələ sümükləri bərkiməmiş bir uşaq dünyanı xilas eləmək üçün çiyinlərinə qaldırmaq istəyirdi.

Bütün böyük şəxsiyyətlər, o cocuğun arzuladığı kimi, dünyanı xilas eləmək üçün çiyinlərinə qaldırmaq istəyiblər. Homerdən tutmuş Nəsimiyə qədər, Nəsimidən tutmuş Üzeyir Hacıbəyova, Hüseyn Cavidə, Qara Qarayevə, Səməd Vurğundan, Rəsul Rzayə qədər, Ramiz Rövşəndən tutmuş bir şilləlik canı olan Vaqif Cəbrayılzadə (Vaqif Bayatlı Odər) də çiyinlərini dünyanın altına vermək istəyiblər.
İsi Məlikzadənin məşhur «Quyu» povestində belə bir yer var: ata-oğul kənkandılar, ata quyu qazır, oğul da quyudan çıxan torpağı çölə çəkir. Oğul atadan təxminən, belə soruşur.
- Ata, dünyada qeyrətli adam çoxdu, yoxsa qeyrətsiz?
- Oğul, dünya böyükdü, deyə bilmərəm.
- Bəs, kəndimizdə?
- Çək, bala, çək.

İndi dünya böyükdü, mənim dünya ilə işim yoxdu. Artıq dünya çoxdanTanrının da əlindən düşüb, harasa yuvarlanır. Həmin o yuvarlanan dünyada Azərbaycan adlı bir məmləkət var. Homeri qoyaq kənara, yuxarıda adlarını çəkdiyim azərbaycanlı, peyğəmbərdən sonra gələn, şəxsiyyətlər də dünyanı xilas etmək istəsələr də, əslində bizi xilas etmək istəyiblər. Və az-çox nail olublar. Əgər onlar olmasaydı heç bu günki müstəqil Azərbaycan da yox idi. Azərbaycanın var olması üçün sərkərdələrdən daha çox, həmin şəxsiyyətlərin rolu var. Millətini qoruyan, dilini qoruyan, ənənəlirini qoruyan, qanını qoruyan , milləti sabaha daşıyan Dədə Qorquddan tutmuş bu günə qədər vaqifcəbrayılzadələrdi.

Və dünyanı demirəm, Azərbaycanı çiyninə qaldıran, onun bütün ağrı-acılarını yaşayan və o ağrıları-acıları özününküləşdirib, amma millətə sırımayan, Azərbaycanı çiyninə qaldırıb bu yuvarlanan dünyada dünyaya tanıtmaq istəyən və bütün 80 illik ömrünü yalnız və yalnız bu millətə, bu dövlətə xərcləyən və əvəzində hətta təhqirlərə, söyüşlərə məruz qalan, amma bundan sınmayan bir şəxsiyyət var – Anardı. Yəni belə şəxsiyyətlər çoxdu: olub, var və olacaq. Və məhz elə onlara görə də Azərbaycan yaşayıb, yaşayır və yaşayacaq. Bu boyda dünyanı çiyinlərinə alıb-almadığını deyə bilmərəm, amma hər halda Azərbaycanı çiyninə alıb Anar. Və nə qədər çətin olsa da, nə qədər ağır olsa da bunu daşıyır və daşıyacaq da .

Allahın insanlara verdiyi ömür var, bu 80 də ola bilər, 100 da ola bilər, Şirəli Müslümov kimi, 167 il də ola bilər. Tanrı günahımdan keçsin, Şirəli Müslümov kimi 167 il yaşamaqdansa , Asəf Zeynallı kimi 23 il yaşamaq daha böyük ömürdü.

Bu gün Anarın 80 yaşı olur. Belə bir şərəfli ömür yaşamaq hər kəsə nəsib olmur. Və Anar bu 80 illik ömründə də heç vaxt özü haqqında düşünmədi, bu millət haqqında düşündü. Mirzə Cəlil kimi, Cəfər Cabbarlı kimi , Üzeyir Hacıbəyov kimi, Haqverdiyev kimi və təbii ki, Məmməd Əmin Rəsulzadə kimi, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi.

Mənim bir yazım var, sonra çap edəcəm. Azərbaycan üçün örnək ailələrdən biri Mirzə Cəlillə Həmidə xanımın ailəsidi. Budur, örnək olunası Azərbaycan ailəsi. Tanrı Anarın üzünə gülüb ona təxminən belə bir ailə qismət edib. Bu ayrı bir yazının mövzusudu, yuxarıda qeyd etdiyim kimi, bunu yaxınlarda oxuyacaqsız.

Rəmiş var, qeyri-adi improvizatordu, yəni Azərbaycanda qeyri-adi sənətkarlarımız Vaqif Mustafazadə, Rafiq Babayevlə adını qoşa çəkməkdən qorxmuram. Rəmişin qəribə bir yerişi var, çiyninin bir tərəfi yuxarıda olur həmişə, bəzi gitaraçılar da Rəmişə oxşamaq üçün elə yeriyirlər.
Amma bu yeriş həm də Anarda var, əgər fikir vermisinizsə. Anarın bir çiyni həmişə yuxarıda olar. Və Anar görür ki, dünyanı iki çiynində qaldıra bilməyəcək, deyir dünya cəhənnəm olsun, heç olmasa öz millətimi, öz dövlətimi bir çiynimdə qaldırım. Və qaldırır da.

Anarı tanımaq üçün Azərbaycandan çıxmaq lazımdı görəsən ki, Anar bu milləti və bu ölkəni çiynində qaldıra bilib. Bir dəfə Əskişəhərdə Türk yazarlarının qurultayı keçirilirdi, Türk yazarlarına yeni başqan seçilməliydi. Dünyanın harasında türk adı daşıyan bir yazar vardısa, ordaydı və hamısı qalxdı xahiş elədi ki, Anar başqan seçilsin. Və seçildi də. Seçki-filan, bunlar xırda şeylərdi, yəni Anar olmaya da bilərdi, amma məsələ ondaydı ki, istəyirsiz inanın, istəyirsiz inanmayın, Türk dünyasının ən böyük yazarları Anarın əlindən öpürdülər və bunu şərəf bilirdilər. Təbii ki, Anar istəmirdi bunu, hətta bəzən zorla əlini çəkirdilər.

İndi Anarın böyüklüyünü duymaq, bilmək üçün Əskişəhərə və yaxud Türk dünyasının hansısa bir şəhərinəmi gedək? Anar Azərbaycan xalqının yox ey, Türk dünyasının pasportlarından biridi. Kimsə bunu qəbul etməyə bilər, deməli, onun cibində türk pasportu yoxdu.
Anar dünyanı deyə bilmərəm, amma Azərbaycanı çiyninə qaldıran bir oğuldu.
80 il və 80 şərəfli il.

Anarı mən Cəfər Cabbarlı ilə müqayisə edərdim. Əsrin əvvəlləri, yuvarlanan dünyada Azərbaycan da yuvarlanır. Və Azərbaycana Tanrı bir Cəfər Cabbarlı bəxş edir. Baxır ki, ədəbiyyatda nəsə çatmır, baxır ki, qəzetçilikdə nəsə çatmır, baxır ki, mədəniyyətdə nəsə çatmır, baxır ki, teatrda nəsə çatmır, kinoda nəsə çatmır, nə bilim ey, nələrdəsə nəsə çatmır və çiyinlərini verir hamısının altına. Və hamısını da o cılız çiyinlərində qaldırır.

Anar da hardasa axsaqlıq görürsə, çiyinlərini, daha dəqiq desək, Rəmişsayağı çiyninin birini verir onun altına. Bəs, niyə ikinci çiynini verməyib? Çünki ikinci çiynini verməyə biz qoymamışıq.

Anar müəllim, sabahınız xeyir! İkinci çiyninizdə də, eybi yox, biz yaradıcı gənclər yüksəlmişik, qalxmışıq.


TƏQVİM / ARXİV