adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Mart 2018 11:00
10771
MƏMLƏKƏT
A- A+

Oxumağın başını buraxıb dərzi olan uşaq... - REPORTAJ

Axşamüstü işdən sonra dərzi yanına getdim. Havada dekabr küləyi əsirdi. Yağış da bir ucdan yağır, adamı üşüdürdü. Məhəlləmizin aşağı küçəsində dərzi dükanının işığının yandığını gördüm. Cırtdan misalı işıq gələn tərəfə getdim. İçəridə 14-15 yaşlarında, pırtlaşıq saçlı, Latın Amerikalılara bənzəyən bir oğlan şalvarın ölçüsünü alır, damağındakı siqaretdən də püfüldədirdi.

-Bağlamırsan ki, qaqa?

-Hələ burdayam. Nə lazım idi?

-Şalvarımın balağı kəsiləsidi...

-Sabaha həll eliyə bilərəm

İçim-içimi yeyirdim. Bəlkə bu cavan oğlan qoca kişidi. Eynəyimi silib, bir də üzünə diqqətlə baxıram. Əşşi cavan yox e bu lap ki, uşaqdı.

-Adın nədi?

-Vasifdi. Nə olub ki, qaqa?

-Maraqlanıram da. Məktəbə getmirsən?

-Məktəbi atdım getdi. Oxuyub, işisiz qalacam da...

Yaxın oturun. Bu balaca Vasiflə tanış olun. Kameram olmasa da sizlərin baxışlarını onun üzünə tuşlayıram. Getdik...


Dərs oxumağın başını buraxdım...

Məktəbdə oxuduğum vaxtlar idi. 4-cü sinifdən bu yaşıma kimi çalışıram. 10 yaşından bəri bu işin içindəyəm. Ustalardan praktika götürmüşəm, baxmışam, marağım çox olub. Dərsdən çıxıb, günorta saatlarında yeməyimi yeyib gedirdim işə. Təxminən iki ilə artıq bu sənəti öyrəndim. Belə, belə 8-ci sinifə kimi məktəbi buraxmalı oldum. Tamam bu işə keçdim. Məktəbdən çıxmağıma görə ilk olaraq ailəm məni danladı, qulağımı çəkdi. Açığı danışsaq, deyirdilər dərslərini oxu, işləmə burada. Sırf dərsə üstünlük ver – deyirdilər. Sonra oxumaq istəmədim, dərslərə heç getmədim, marağım ancaq və ancaq dərzilik peşəsinə yönəldi. Demək olar gözümü açandan bu işdəyəm. Səkkiz ildir ki, artıq usta olaraq çalışıram. Ustalardan görə-görə, baxıb nəsə özümə qazandırmışam, yəni bu sənətdə özümü inkişaf etdirmişəm. Atamın da burada zəhmətini dana bilmərəm, onunda bu işdə köməyi olub.O, da bu işdən başı çıxanlardandır.


Heç pul da götürmədim

İşlədiyim müddət ərzində maraqlı hadisələrlə qarşılaşmışam. Əlbəttə müştərilərlə daha çox olub. Bizim sexin qarşısında şadlıq sarayı var. Bir dəfə iki cavan oğlan mənim yanıma gəldilər. Tələsik görünürdülər. Biri dedi ki, sən canın bu şalvarı tik, yırtılıb. Toyda oynadığım vaxt baş verib. Qımışdım amma tez bazar onun şalvarını qaydasına salıb, verdim. Heç pul da götürmədim. Çox vaxt belə anlarda pul götümrəm. Bir balaca bir işdir da nə olacaq ki. Sonra bir müştəri də gəlib futbolka sifarişi vermişdi. Sizi inandırım bəlkə də 100 dəfə getdi-gəldi ki, ay qaqa bunda deffekt var (gülür). Bəzən müştərilər adamı yorur. Ümumi danışsaq müştərilərimlə münasibətim yaxşıdır. Daimi "klent”lərim də var.”Sədərək Ticarət Mərkəzindən”, " Binə”dən, şəhərdən də gələnlər olur. Sırf bir-iki sifariş üçün. Bundan başqa idman zallarından, hətta dünya çempionuda gəlib sifariş verir. İdman malları da hazırlayıram, burada gördüyün hər bir işi peşəkarcasına bilirəm. Çünki bu sənəti sevirəm və sevəcəmdə.


Hər yoldan keçən bu işi bacara bilməz...

Bu peşəyə hövsələ və istedad mütləq lazımdır. Hər halda mən belə düşünürəm. Yəni yoldan keçənin biri bu sənəti öyrənə bilməz. Hər şeyin bir qaydası, yolu var. Bu işin çətin tərəfləri ondan ibarətdir ki, işə can qoymalısan, səhlənkar yanaşmamalısan. Ancaq ən əsas çətin tərəfi sifarişi vaxtında çatdırmalısan, fərasətli olmalısan ki, sifarişi vaxtında bitirib başa vurmalısan. Bir daha deyirəm, asan tərəfi yoxdur, hər yoldan keçən bu işi bacara bilməz.

Sexdə iş yoldaşlarımla münasibətim bacı-qardaş kimidir. Onlarla işləməyi çox sevirəm. Mənə hörmət edirlər, elə məndə onlara. Yay aylarında və yaxud qış aylarında belə lsa onlarla işləməyin ləzzəti bir başqadır. Tək olanda adam sıxılır. Həm iş zəyif gedir, həm də darıxırsan.


İndiki əl maşınları kitayindir...

İndiki əl maşınları bir o qədər də keyfiyyətli deyil. Köhnələr daha yaxşıdır. Çünki sistem sadədir. İndikilər mürəkkəbdir. Çoxusuda çinin mallarıdır. Buna görə arada problemlər yaşayırıq. Köhnə əl maşınlar isə adamı çox yormur və iş gedir. Bunuda deyim ki, yeni əl maşınları bizə xeyli kömək də edə bilir. Mürəkkəb işlərdə yardımını deyə bilərəm. Komputerli maşınlar çıxır. Artıq belə cihazlar 3 ya da 4 il olar çıxıb və özləri paltarı tikə bilir. Yüz nöqtə vurub saxlaya bilir.Yəni sexlər bir o qədər də inkişaf etməyib ancaq getdikcə texnika sözünü deyir. Artıq hər şeyi komyuterlər həll edir.


Bayramlarda belə işləmişəm...

Maaşımı atam verir ancaq belə söhbətimiz olmur. Pul istəsəm hər zaman atam lazımı səviyyədə mənə bəs edəni verir. Həm ata ilə oğul arasında pul söhbət etmək olar?! (gülür) Aldığım pul mənim əmək haqqımdır və bu halal pulu əldə etməyin ləzzəti də bir başqadır. Adama xoş bir ovqat verir. "Topaz”da udduğun pul hara, öz halal qazandığın pul hara? Arasında dağlar qədər hətta deyərdim daha çox böyük bir fərq var. "Topaz” yazmıram amma bilirəm ki, oradan qazanılan qara pullar haramdır. Mən bu işdən zövq alıram. Uşaqlığımı, gəncliyimi belə bir kənara atıb bu işlə maraqlanıram yəni işləyirəm. Sizi inandırım yeni ili belə sexdə keçirmişəm. Saat gecə 3 tamama kimi işləmişəm. Ad günlərimin çoxunuda sexdə qeyd etmişik. Tortda alırdılar, hədiyyələr də (gülür).


Avaralara qoşulmuram...

Boş vaxtım qalanda isə islam dininə marağım sonsuzdur. Quran oxuyuram, Dini filmlər izləməyi çox xoşlayıram. Arada uşaqlarla şəhər gəzintisinə çıxıram. Sexdə çox vaxt tək qalıram işimi bitirməmiş başqa şey etmirəm. Bu sənətə uşaqlıqdan yiyələnmişəm və peşman da deyiləm. Yaşadığım mühitidə avara-avara uşaqlar çoxdur. Onlara qətiyyən qoşulmuram. Çalışdığım qədər elə insnalardan qaçıram. Təbii ki, yaxşı uşaqlar da var. Onlarla dostluqlar qururam. Məktəbə artıq getmirəm və təhsizlik məni heç də narahat etmir. Çünki normal bir təhsilim var. İki üstəgəl iki dördü bilirəmsə, öz adımı yaza bilirəmsə, vəssalam. Yəni ki, oxuya və yaza bilrəm. Riyazziyatım olduqca yaxşıdır. Hesab-kitab işlərini həmişə bacarıram.


Ya oxusunlar, ya da bir peşə sahibi olsunlar...

İndiki yeniyetmələrə bu işi məsləhət edərdim ancaq boş-boş gəzməkdənsə belə sənətə yiyələnsinlər. Ya dərslərini oxusunlar, ya da bir işin qulpundan yapışsınlar. Dostum var "slesar” işində çalışır və o artıq gələcəyin bir ustası olacaq. İndiki gənclərin əksəriyyəti gününü bir-iki manatla ötüşdürmək istəyir. Əlbəttə bu düzgün deyil. Mütləq qarşılarına bir məqsəd qoymalıdırlar. İşə canla-başla gəlməli və nəsə öyrənməlidirlər. Bura əvvəllər bir tələbə oğlan gəlmişdi çörək pulunu, yol pulunu çıxartmaq üçün. Bir-iki həftə çalışdı ancaq bu sənəti bacara bilmədi.