ANA SƏHİFƏ / ƏDƏBİYYAT

İşdə məhəbbət macərası: hansı cins üçün təhlükəlidir?

6320    |   2018-03-13 16:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qərbdə belə bir ifadə var: "Ofis nikahı”. Xeyr, bildiyimiz ənənəvi nikahla heç bir əlaqəsi yoxdur. Söhbət iş yerində cinslərarası münasibətdən gedir. Adının nikahla bağlılığı isə bu insanların bütün günü birlikdə olması, belə deyək bir zindana çəkic vurmasından irəli gəlir. Məsələnin ürəklə bağlılığı deyəsən, heç kimi maraqlandırmır. Əsas olan görüntüdür, yəni münasibət var, ya yox. Bütün coğrafi cəhətləri əhatə edən ölkələrdə belə münasibət iş prosesinin özündən, istənilən mövzulardan, hətta film və ədəbiyyatdan da maraqlı olur. Bəs necə? Əsl film, əsl roman həyatda baş verir. Ətrafda yaradıcı adamlar varsa, nə əla! Hazır süjet... Həm də hazır dedi-qodu mövzusu. Bu münasibəti izləyən insanlar iş yerinə karyera qurmağa deyil, bu münasibətin aqibətini kərpic-kərpic qurmağa (ya da sökməyə) gəlirlər.

Bütün bunlar öz yerində, bəs işdə məhəbbət macərası kişi, yoxsa qadın üçün təhlükəlidir? Təbii ki, dünyanın hər yerində qadınlar həm bu münasibətdən, həm də haqqında gəzən əfsanələrdən narahat olur və əziyyət çəkirlər. Çünki kişinin istənilən "sol” işi olsa-olsa ona kişilik şöhrəti gətirəcək. Gələcəkdə yeni nəsildən ibarət dinləyici kütləsi toplayıb rahat-rahat "başımın tükü sanı qadın görmüşəm”, – deyə biləcək.

Yeri gəlmişkən, Qərbdə artıq bununla bağlı cinayət məsuliyyəti var. Həm də kişilər üçün, qadın bu məsuliyyətdən sıyrıla bilir. Amma bir detal var: əgər bu münasibət bərabər vəzifəli şəxslər arasında baş verirsə, iş prosesinə maneçilik törətmirsə, öz ixtiyarlarına verirlər. Ancaq kişi vəzifəcə bir pillə də olsa qadından yüksəkdirsə, bax onda işi bitdi. Demək ki, qadın məcburiyyətdən, işini itirməmək üçün ona razılaşmalı olub. Eyni hüquqi məsuliyyəti qonşu Rusiyaya da gətirmək istədilər, amma ruslar vaveyla deyib razılaşmadılar. Hardasa haqlı sayıla bilərlər. Bildirildi ki, yüksək vəzifədə olan kişiləri yoldan çıxaran, bununla vəzifə pillələrində yüksələn, maddi durumunu düzəldən nə çox qadın var. Məsuliyyət olacaqsa, onda hər iki cinsə olsun.

Gələk eyni vəzifə mərtəbəsində olan əməkdaşlara. Təbii ki, iki insan arasında təmiz, ülvi hisslər yarana bilər, bu tərəflərin ailə vəziyyətinə məhəl qoymadan da inkişaf edər. Amma burda da ən çox əziyyət çəkən qadın olacaq. O, illərini iş yerində bu adamla keçirəcək, ötüb-keçən zaman ona ancaq qopan təqvim vərəqlərindən başqa bir şey görünməyəcək. Bir də bu münasibət əvvəlki həyəcanını itirəndə ayılacaq və arxasında ötüb-keçmiş zamanın peşmanlığını çəkəcək. Yenidən toparlanmaq məhz qadına ağır gələcək, həm də bu hal vərdiş yarada biləcək təhlükədir. Yəni qadın iş sevgisinə o qədər alışıq olur ki, başqa cür münasibət və tanışlıq ona yad gəlir. Başqa sözlə, yenidən çamura bulaşır. Əksinə də ola bilər. İstisna olsa da kişilərin də bundan ağzı yana bilər. Pozulmuş münasibətdən özünüidarəni, nəzarəti itirə bilər, hələ eks iş yoldaşının yeni "ofis nikahı” onu təbdən çıxarar.

Lakin işdə məhəbbət macəralarının müsbət tərəfləri də var. Çünki məhz iş prosesində insanlar bir-birini daha yaxşı tanıyırlar. Bir-birini hər halında, istənilən situasiyada görüb dəyərləndirə bilirlər. Həm də ki, nə məlum? Nə çox katibə ikən müdirlə roman yaşayıb böyük bir biznes imperiyasının rəsmi sahibəsi olanlar! Yaxud ağ atlı oğlanını qara kompüterin arxasında tapıb xoşbəxt olanlar. Yəni qadın zəri atır, ya tutarsa?.. Bir az bəxt, bir az da tədbirlilik!


Şəfiqə ŞƏFA




İmza:
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK