adalet.az header logo
  • Bakı 11°C
14 Mart 2018 12:02
14826
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: YOL POLİSİ PİYADALARA KÖMƏK ETDİ

Heç kimə sirr deyil ki, bu gün respublikanın avtomobil yollarında piyadaların vurulması hallarına da təsadüf edilir. Aydındır ki, belə halların baş verməsində həm sürücülər, həm də piyadalar məsuliyyət daşıyırlar. Çox təəssüf ki, bir çox halda həm sürücü, həm də piyada bu məsuliyyəti unudur, yaddan çıxarır.

Yəni nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etdiyi respublika əhəmiyyətli yollarda bəzi piyadalar avtomobillərin sürətlə gəlməsinə baxmayaraq, yolu keçməyə çalışırlar. Bir çoxu bu yolu qaça-qaça keçir, bəzisi də keçə bilməyəndə avtomobillər tərəfindən vurulur.

Bu cür hadisələr isə birmənalı olaraq faciələr yaradır. Başqa sözlə demiş olsaq, yolu keçə bilməyən piyada vurulursa, bu göz yaşı, kədər və bir ailənin faciəsi deməkdir. Ehtiyatsızlıqdan və diqqətsizlikdən yarımçıq qalan ömürlər isə həmişə onların doğmalarını, əzizlərini yandırır və qəlbində əbədi bir sağalamaz yara qoyur.


Bakı-Qazax yolunun Ələtə qədər olan istiqamətində də Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları piyadaların yolu keçməsi üçün lazımi təhlükəsizlik tədbirlərini vaxtaşırı olaraq həyata keçirir. Bu istiqamətdə Qaradağ rayonunun Sahil, Sanqaçal, Buta, Ələt qəsəbələri var. Təbii ki, yolun müəyyən istiqamətlərində piyadaların keçməsi üçün zolaqlı ağ xətlər də çəkilib. Bu ağ xətlər piyada keçidi kimi nəzərdə tutulub. Amma buna baxmayaraq, bir çox halda sürücülər bu yol nişanına əməl etmir və piyadaya yol vermək istəmir. Xüsusən də yağışlı və yağmurlu havalarda piyadaların həmin yerdən keçməsi daha təhlükəlidir.

6-cı tağımın xidmət apardığı Bakı-Qazax avtomobil yolunun 49-cu kilometrində bir neçə gün bundan əvvəl yağışlı, yağmurlu havada yol polisləri həmin yerdə xidməti daha da gücləndiriblər. Belə ki, avtobusdan düşən çoxlu sayda piyada həmin yerdən keçərkən yol polisi digər nəqliyyat vasitələrini saxladaraq onları təhlükəsiz yolun digər hissəsinə keçiriblər. Ümumiyyətlə, bu istiqamətdə mütəmadi olaraq 6-cı tağımın əməkdaşları fəaliyyət göstərir, mürəkkəb hava şəraitində piyadaların təhlükəsiz yolu keçməsi üçün əlverişli şərait yaradırlar.

Yol polisinin piyadalara göstərdiyi qayğıdan və diqqətdən razı qalan qəsəbə sakini Nərgiz Məmmədova bildirir ki, bu cür çətin vəziyyətdə yol polisləri bizim yanımızda olur və yolu keçməyimizə köməklik göstərir. Nə yaxşı ki, bu yağışlı havada onlar bu xidməti bizə göstərdilər. Yoxsa sürücülərin ümidinə qalsaydıq, heç kəs bizə yol verməyəcəkdi, yağışın altında qalacaqdıq. Bir daha biz yol polisinə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.


Digər bir piyadaçı Əhməd Məmmədov isə dedi ki, düzdür, yol polisi bizə həmişə yolu keçməkdə köməklik göstərir. Elə bir vaxt olmur ki, onlar bizi görüb ayaq saxlamasınlar və kömək göstərməsinlər. Ancaq yaxşı olardı ki, bu qəsəbədə bir neçə yerdə digər ünvanlarda olduğu kimi, yerüstü keçidlər tikiləydi. Yerüstü keçidin olması bütün hallarda bizim təhlükəsizliyimizi təmin edər və hər bir çətin vəziyyətdən qurtarar. Əgər yerüstü keçid olsa, uşaqlarımızı da o yerdən rahat buraxa bilərik. Yəni əlimiz ürəyimizin üstündə olmaz ki, yolu keçən uşağı maşın vuracaq, yoxsa yox?!

Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov piyadaların təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlərdən danışarkən qeyd etdi ki, xidmət apardığımız Bakı-Qazax yolunun Ələtə qədər olan istiqamətində piyadaların bir çox yerdə təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görürük. İlk növbədə əməkdaşlarımız məktəblərdə və müəssisələrdə söhbətlər aparır, piyadaları maarifləndirirlər. Bununla yanaşı, yolun hansı yerində zolaqlı piyada keçidi varsa, piyadalardan ordan keçməyi tövsiyə edirik. Xüsusi naryadımızı piyadaların ən çox istifadə etdiyi yerlərə göndəririk. Həmin yerlərdə əməkdaşlarımız xidmət apararkən yolu keçmək istəyən piyadalara yaxından köməklik göstərir. Artıq biz bu cür təhlükəli yerlərin hamısını xüsusi nəzarətdə saxlamışıq. Və həmin yerlərə də günün müəyyən saatlarında əməkdaşlarımızı göndəririk. Əməkdaşlarımız isə öz xidməti vəzifələrini hava şəraitinin mürəkkəb olub-olmamasından asılı olmayaraq məsuliyyətlə yerinə yetirirlər. Elə məhz buna görə də həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində xidmət apardığımız Bakı-Qazax yolunun Ələtə qədər olan istiqamətində piyadavurma halları minimum həddə çatıb.



Göründüyü kimi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları Bakı-Qazax yolunda piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün davamlı olaraq qabaqlayıcı tədbirlər gerçəkləşdirirlər. Bu tədbirlərin gerçəkləşməsi isə onu deməyə əsas verir ki, piyadalar bu yolu keçərkən yol polisi tərəfindən yüksək səviyyədə təhlükəsizliklərin təmin edildiklərini görürlər və yol polisinin fəaliyyətindən razı qalırlar. Əlbəttə, hava şəraitindən asılı olmayaraq, yol polisi həmişə həm sürücüləri, həm də piyadaları yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edir. Qaydalara əməl etmək isə hər hansı sürücünün və piyadanın mənzilbaşına sağ-salamat çatmasına əlverişli şərait yaradır.