adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Mart 2018 00:36
12040
ƏDƏBİYYAT
A- A+

Həyat simvolu

İnsanlər özləri üçün yaşayış məskənləri salanda birinci olaraq həmin ərazidə içməli su ehtiyatının nə səviyyədə olduğunu əsas hesab ediblər. Bu həmişə belə olub və indi də belədir, harada içməli su imkanları genişdirsə, orada yaşamaq üçün başqa hər bir şərait yaratmaq mümkündür. Şəki Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında salınmış tarixi bir şəhərdir və bu şəhərin içməli su imkanları həmişə geniş olub. Hələ min il qabaq Şəkidə saxsı boru deyilən keramid borularla hər məhəlləyə bir neçə bulaqlar çəkilib, insanlar bu bulaqlardan su sənəkləri, güyümlər və başqa qablardan istifadə edərək evlərinə gündəlik istifadə üçün lazım olan qədər su daşıyıblar. Bu, tək Şəkidə deyil, bütün ölkəmizdə belə olub və ərazidə yaşayan insanlar uzun illər ümumi bulaqlardan istifadə ediblər. Sonralar insanlar suyu özlərinə daha da yaxınlaşdırıb öz həyətlərinə gətiriblər. İndi su xətləri lap mənzillərin içərisinə çəkilir. Onu da deyək ki, sudan istifadə imkanları yaxşılaşdıqca israfçılıq da çoxalır və dövlət bu israfçılığın qarşısını almaq üçün sayğac qoymaq məcburiyyətindədir. Hazırda Şəkidə yeni içməli su xətləri və kanalizasiya qovşağı tikilir. Bu sahədə işlərin nə səviyyədə olması haqda məlumat almaq üçün tikinti işlərini aparan "Əfqan Holdinq" MMC-nin nəzarətçi-baş mühəndisi Əmrahov Bəhram müəllimə müraciət etdim. İki saata qədər davam edən söhbətimizdə Bəhram müəllimin çox təcrübəli, yüksək intellektli və səviyyəli mühəndis olduğunu gördüm. O, bütün suallara çox təmkinlə və tam anlaşılan cavablar verməklə mənim işimi asanlaşdırırdı. Beləliklə, müsahibəni "Ədalət" qəzetinin oxucularına təqdim edirəm.

- Bəhram müəllim, əvvəlcə Şəkidə hazırda inşa olunan su, kanalizasiyası layihəsi haqqında qısa məlumat verməyinizi xahiş edirəm.
-Məmnuniyyətlə sizin sorğunuza cavab verərəm. İndi 21-ci əsrdir və dünyada sivilizasiya çox yüksək sürətlə davam edir. Bizim ölkəmiz də inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələri sırasındadır. Bu baxımdan deyə bilərəm ki, Azərbaycanımızın daxili və xarici siyasətdə uğurları artdıqca iqtisadi yüksəlişi də artır və belə bir şəraitdə ölkəmizdəki daxili sakitlik və sabitlik səbəbli turizmin inkişaf etdirilməsi imkanları da genişlənir. Buna görə də infrastrukturun müasir səviyyədə olması turizmi inkişaf etdirmək arzusunda olan hər bir şəhər üçün vacibdir. Ölkəmizdə bu sahədə qarşıda duran vəzifələri yerinə yetirmək məqsədi ilə möhtərəm prezidentimiz cənab İlham Əliyev xüsusi sərəncam vermişdir və bu sərəncama əsasən hazırda bir neçə rayonda müasir tələblərə cavab verən yeni su və kanalizasiya xətləri tikilir. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov Şəkiyə gələn gündən demək olar ki, müntəzəm olaraq şəhərdə məhəllə-məhəllə və kəndlərdə əhali ilə görüşür, onların problemlərinin həllinə diqqət və qayğı göstərir. Siz dediyiniz kimi, Şəkinin əsas su xətləri köhnəldiyinə görə əhalinin yay aylarında ən çox narazılığı su qıtlığından olurdu. Elxan müəllim Şəkidə su probleminin həlli ilə çox ciddi məşğul olduqdan sonra şəhərin su və kanalizasiya xətlərinin yenidən tikilməsi üçün layihələşdirilməsinə nail oldu. Layihə Almaniyalı mütəxəssislər tərəfindən hazırlanıb və işlərin icrasına həmin mütəxəssislər tərəfindən ciddi nəzarət edilir. Əsas xətlər işləndikcə Alman mütəxəssisləri görülən işin keyfiyyətini və layihənin dəqiq icrasını yoxladıqdan sonra hissə-hissə təhvil alırlar. Burada əsas iş su və kanalizasiya xətlərinin paralel aparılmasıdır. Belə ki, su və kanalizasiya xətlərinin eyni vaxtda tikintisi həm zaman baxımından, həm də iqtisadi baxımdan çox sərfəlidir. Yəni yollar bir dəfə qazılır və eyni vaxtda iki iş görülür. İçməli su istifadəçilərinin mənzillərinə sayğac qoyulması isə israfçılığın qarşısının alınması məqsədi ilə aparılır. Onu da xüsusi olaraq qeyd edim ki, Almaniyalı mütəxəssislər Şəkinin Kiş çayından götürülən içməli suyu öz ölkələrində analiz ediblər və bizə məlumat veriblər ki, həmin su Azərbaycanın ən yaxşı içməli sularından biridir və mən deyərdim ən yaxşısıdır. Hazırda əhalinin istifadəsinə verilən həmin suyun tərkibi insan orqanizmi üçün lazım olan minerallarla zəngindir. Bu bizi daha həvəslə işləməyə ruhlandırıb.
- Şəkidə bu işlərin başlanmasına nə vaxt start verilib və hazırda işlər hansı mərhələdədir?
- Şəkidə bu işlərin başlanmasına 2016-cı ilin noyabr ayında sərəncam verilmiş və bir neçə gündən sonra-dəqiq desəm, dekabr ayının 3-də işə başlanmışdır. Layihənin hazırki mərhələsinin başa çatma müddəti 24 aydır. Biz işə başlayan vaxtdan bu günədək yağışlı, qarlı, şaxtalı günlərdə işləmək mümkün olmayan müddətdəkı vaxt itkisini nəzərə alaraq bəzən ikinövbəli iş təşkil etmək məcburiyyətində qalırıq. Şəkinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi hələlik üç mərhələdə nəzərdə tutulmuşdur. Layihənin 1-ci mərhələsində nəzərdə tutulmuş Kiş çayı hövzəsində su təmizləyici qurğunun, su qəbuledici kameranın və sayğac kamerasının tikintisi başa çatmışdir. İstismarda olan iki ədəd ehtiyat su anbarı təmir edilərək su təmizləyici qurğu ilə istismarda olan anbarlar birləşdirilmişdir. Bununla da 1-ci mərhələdə görüləcək işlər "Əfqan Holdinq" MMC tərəfindən uğurla başa çatdırılıb sifarişçi "Azərsu"ASC-nə təhvil verilmişdir. 2-ci mərhələdə Qurcana çayı ərazisində istismarda olan 1000 kub metr tutumu olan anbar əsaslı təmir edilmiş və Soyuq bulaqda inşa edilmiş anbarla diametri 159 millimetr olan borularla birləşdirilib və hər birinin tutumu 3000 kub metr olan 3 ədəd ehtiyat su anbarı tikilmiş, həmin anbarlar da bir-biri ilə birləşdirilmişdir. Beləliklə, layihədə 2-ci mərhələdə nəzərdə tutulmuş işlər də başa çatmışdır. Hazırda 3-cü mərhələ üzrə işlər davam etdirilir. Plastik borularla indiyə qədər 126 min 467 metr su xətləri çəkilmişdir, kanalizasiya xətlərinin inşasında ümumi uzunluğu 123 min 341 metr iş görülmüşdür ki, bunun da 132 min 78 paqonnu metri beton borular-kollektorlardır. Beton boru kanalizasiya işləri şəhərin perspektiv inkişafını nəzərə alaraq 800-1000 və 1200 mm diametrli borularla aparılmış və demək olar ki, bu iş başa çatdırılmışdır.
Biz ötən ilin son aylarında və bu ilin əvvəlində əlverişli hava şəraitindən istifadə edərək işləri daha sürətlə aparmışıq ki, yaz-yay aylarında Şəkiyə gələn turistlərin ən çox gəzdikləri ərazilərdə qazıntı-tikinti işləri başa çatsın və bu ərazilərdə sərbəst hərəkət imkanları bərpa olsun. Demək olar ki, buna nail olmuşuq və həmin ərazilərdə su xətləri tikintisində işlərin 75%-zi, kanalizasiya xətlərinin tikintisində isə işlərin 65%-zi başa çatdırılıb. Biz layihə üzrə 3-cü mərhələdə nəzərdə tutulan işləri başa çatdırandan sonra növbəti 4-cü və sonrakı mərhələlərdə Şəkinin şəhər ərazisi tam əhatə ediləcəkdir.
- Söbətimizin əvvəlində siz dediniz ki, bu layihənin hazırki mərhələsində görüləcək işlərin icra müddəti 24 aydır. Həmin müddətdə işləri başa çatdırmaq üçün təbii ki, kifayət qədər texnika lazımdır və həmin texnikalardan istifadə etməklə xüsusilə şəhərin yuxarı hıssəsindəki dar küçələrində lazım olan işləri görmək mümkündürmü, yoxsa belə işləri əl ilə görürsünüz? Ümumiyyətlə texnika imkanlarınız hansı səviyyədədir?
-Mən sizə cəsarətlə deyə bilərəm ki, "Əfqan Holdinq" MMC bu layihənin tenderi elan olunanda özünün daxili imkanları, maşın-traktor və başqa texnika imkanları, eyni zabanda yüksək səviyyədə mövcud maddi-texniki bazası və mütəxəssis kadr potensialı olduğuna görə qalib olub. Müəssisəmizin yüzlərlə yük avtomobillərindən, hər növ texnikasından, beton zavodunun məhsullarından və başqa texniki imkanlarından istifadə edilir ki, işlər göstərilmiş müddətdə başa çatdırılsın. Bəzən elə ərazilər olur biz həmin yerdə texnikadan istifadə edə bilmirik və məcbur oluruq bəzi işləri əl ilə yerinə yetirək. Belə ki, ya həmin ərazidə əsasən dar küçələrdə bir neçə kommunikasiya xətləri paralel gedir və ya çarpaz formada aparılıb və orada texnikadan istifadə etsək, həmin xətləri zədələyər, xətayə səbəb ola bilər. Həmin yerlərdə məcburi olaraq əl əməyindən istifadə edilir.
-Bəhram müəllim, Şəki şəhəri hər tərəfdən genişlənir, gündən-günə böyüyür. Su və kanalizasiya xətlərinin abanentləri də təbii ki, ildən-ilə artacaqdır. İndi çəkilən yeni su və kanalizasiya magistral kəmərlər Şəkini neçə il təmin etmək imkanındadır?
-Hazırda inşa edilən su və kanalizasiya xətlərinin layihəsində şəhərin gələcək inkişafı nəzərə alınmış və borular indiki tələbatdan artığa hesablanmışdır. Əvvəlki çuqun, metal borulardan fərqli olaraq bu borularda ərp əmələ gəlmir və indi çəkilən su və kanalizasiya xətləri ən azı 50 il istismar üçün nəzərdə tutulmuşdur.
-Bəhram müəllim, tikinti işləri zamanı hansı çətinliklərlə qarşılaşırsınız?
-Açığını deyim ki, çətinliklərimiz tikinti vaxtı yox, qazıntı işləri aparılarkən olur. Bəzən elə olur ki, qazıntı aparılan bir çox küçələrdə istismarçı təşkilatların nümayəndələri hazırda istismar olunan kommunikasiya xətlərinin - torpağın altında olan işıq, qaz, su, rabitə və köhnə kanalizasiya xətlərinin yerlərini ərazidə düzgün göstərə bilmirlər, heç birinin dəqiq layihəsi yoxdur və ya ətrafdakı tikililər sökülüb yenisi tikilən zaman köhnə layihələrdə düzəliş aparılmayıb. Bütün bunlar bizim işimizə ciddi maneələr yaradır. Belə ki, tez-tez hər hansısa bir kommunikasiya xətti zədələnir və biz məcbur oluruq işimizi yarımçıq saxlayıb zədələnmiş xətləri həmin müəssisənin mütəxəssisləri ilə birlikdə bərpa edək. Ümumuyyətlə "Əfqan Holdinq" MMC-nin rəhbərliyi tərəfindən bütün işçilərə tapşırıq verilib ki, iş prosesi zamanı çalışın insanların gündəlik həyatına mane olmayın. Ona görə də qazıntı aparılan ərazilərdə insanların normal hərəkəti üçün müvafiq piyada keçidləri qoyulur, qazılmış yollarda iş aparılan vaxt avtomobillərin hərəkəti üçün sürücülərə alternativ yollar göstərilir və çalışırıq ki, hec bir vətəndaş narazı qalmasın. Müvafiq işlər görülən küçələr əvvəl olduğundan da keyfiyyətli bərpa edilib istifadəyə verilir. Belə ki, əgər həmin küçə əvvəl asfalt idisə, yenə də asfaltlanır, şəhərin "Yuxarı baş" qoruq ərazisindəki küçələrə əvvəl olduğu kimi daş döşənir. Çox yaxşı haldır ki, hamı görülən işlərin şəhər üçün çox faydalı olduğunu anlayır və həmişə kollektivimizə minnətdarlıq edirlər.