ANA SƏHİFƏ / YAZARLAR

BU DA TURAL ADIŞİRİN...

12470    |   2018-03-13 00:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onun da şeirlərini çoxdan izləyirəm. Səhv eləmirəmsə, Tural Adışirin Şəkidə, hansı kənddəsə müəllim işləyir, amma şair kimi Şəki hüdudlarını aşıb. Turalın "Kaspi" qəzetində (20 fevral, 2016) və "Ulduz" jurnalında (dekabr, 2016) dərc edilən şeirləri ilə tanış oldum. Və hiss etdim ki, bu cavan kənd müəlliminin "sözlü bir ürəyi" var. Şeirlərində, nədən yazırsa-yazsın, üç əsas məsələyə daha çox diqqət yetirir. Birincisi; hər hansı şeirində təzə söz deməyə can atır, buna nail olmayanda uğursuzluğa düçar olur. İkincisi; şeirin qayda-qanunlarına ciddi şəkildə riayət edir, heca "ərazisindən", onun hüdudlarından kənara çıxmır, formalaşmış kanonlarına əməl edir, qoşmanı qoşma, gəraylını gəraylı kimi yazır, şeir dili də ki, təmizdir. Üçüncüsü; bir sıra ənənəvi mövzular var ki, Tural onlara müraciət edəndə ənənənin əsiri olmur, təkrardan, şağlondan qaçır, qaça bilməyəndə nimdaş, zəif qafiyələrin üstünə yıxılır.
Mətləbi uzatmaq istəmirəm. Turalın "Dünyadı" rədifli qoşması ilə söhbətə başlayım. Bu qoşma, məncə, onun əbədi-əzəli dünyaya məxsusi baxışını ifadə edir. O, dünyanın insan üçün, həyat və dirilik üçün, bütün zamanlar üçün mahiyyətini aydınlaşdırmağa çalışır.

Sirlə dolu, ağzı bağlı çuvaldı,
Diringisi dəyişməyən qavaldı,
Yaranandan bir cavabsız sualdı,
Bizdən cavan, bizdən yaşlı dünyadı.

Bildiyini bilməyənə bildirməz,
Tənbeh edib güldüyünü güldürməz,
Bağçasından hər gül əkən gül dərməz,
Qəhqəhəli, gözü yaşlı dünyadı.

Tarixini, təqvimini bilən yox,
Sevincini, kədərini bölən yox,
O başından bu başına gələn yox,
Müəmmalı, ikibaşlı dünyadı.

Tural Adışirin, döymə döşünə,
Çəkər bir gün dövran səni dişinə,
Əl aparma oyununa, işinə,
Yıxar səni, fəndləri çox dünyadı.

Bizim poeziyada Dünya obrazı əsasən üç müstəvidə işıqlandırılıb. Birincisi: Səməd Vurğunun "Dünya" şeirindəki fəlsəfi mənalar ifadə edən ("Sirrini verməyir sirdaşa dünya... Əzəldən yaranıb tamaşa dünya") obraz kimi. S.Vurğun heç şübhəsiz, özündən əvvəlki böyük şairlərin Dünya haqqında fikir və düşüncələrini ümumiləşdirdi (Tural yaxşı olar ki, Elçinin "Klassik aşıq poeziyasında "Dünya" obrazı monoqrafiyası ilə tanış olsun). İkincisi: Dünyanın gözəl, işıqlı təsviri (Fikrət Qocanın "Dünya gözəl, dünya gözəl dünyadı" şeirini xatırlayaq). Və üçüncüsü: müəmməlı, sirli, təzadlı, mürəkkəb dünya obrazı (M.Arazın bu mövzuda şeirləri iləTural da yaxşı tanışdır). Tural da öz şeirində məhz üçüncü yolu seçib. O, dünyanı belə görür, belə hiss edir. Yəqin ki, gələcək şeirlərində Dünyanın bol-bol işığından, gözəlliklərindən də yazacaq. Bir şeirindəki bu misranı yadına salıram: "Bu dünya yaxşını yamandan seçər". Turalın şeirlərində bəlkə də müəllimliyimdən irəli gələn bir moralist baxış da hiss olunur.

bizə babalardan mirasdı ad da,
bir nəsil birinə yadigar verir.
adsız doğuluruq, bizə həyatda
adları atalar, analar verir.

adları şərəflə elə daşıyaq
qoy gələn nəsillər bizi danmasın.
bir ömrü ömürtək elə yaşayaq
adımız kiçilib xırdalanmasın.

Təbii ki, belə şeirlər poeziya üçün təzə deyil, Tural bunu unutmasın.
Turalın sevgi şeirləri, məncə, daha uğurludur. Təbii ki, mən bu sözü bir az ehtiyatla deyirəm. Çünki o şeirlərin sırasında ortababları da var. Amma yaxşı hesab etdiyim sevgi şeirlərinin əksəriyyəti yaşanılan hissləri, duyğuları ifadə edir və Tural o şeirlərdə obrazlı düşüncəsi ilə diqqəti çəkir.

Getmisən, eşqimi gözüntək qoru,
Getmisən, ürəyim dözməz, yaşamaz.
Sən məndən küsəli, gözümün nuru,
Günəşin özü də azalıb, gözəl.

O qara gözlərin atəşi ilə,
Odara qaladın canı ay gözəl.
O vaxtdan alova bürünüb elə
Kainat gözümdə yanır, ay gözəl.
Doğmadır, tanışdır, eh kimə nə var,
Tüstüsü göz tökən bir ocaq üçün.
Arxamca minnətçi düşübdü yollar,
Məni qucağına qaytarmaq üçün.

Turalın ayrı-ayrı sevgi şeirlərindən seçdiyim bu parçaları uğurlu hesab edirəm. Yəni Tural bir sevgi hekayətinin ayrı-ayrı anlarını (ən çox da ayrılıq, küsəmək anlarını) ifadə edir. Amma mənim fikrimcə, Turalın ən əla sevgi şeiri "Məni sevirsənsə" şeiridir.

Məni sevirsənsə, bir dəniz ol ki,
Sahili, səması çox geniş olsun.
Yalçın qayalarda elə iz ol ki,
Ora yad ayağı dəyməmiş olsun.

Məni sevirsənsə, yağışa bənzə,
İslat yay günləri yaylaqda məni.
Gah təzə bahara, gah qışa bənzə,
Nə günaş yandırsın, nə şaxta məni.

Məni sevirsənsə, bir çinar ol sən,
Saçların tökülsün sinəmə tel-tel.
Bağda təzə qönçə, dağda qar ol sən
Səcdənə mən gəlim günəşdən əzəl.

Məni sevirsənsə bahar ol, ey gül,
Dan yeri, sübh şehi qoy mənim olsun.
Sinəndə döyünən o zərif könlün,
Qoy mənim əbədi Vətənim olsun!

Bax, əsl sevgi şeiri buna deyərlər. Tural Adışirin hər dəfə yeni bir sevgi şeiri yazanda, bu şeiri unutmasın.
Əlbəttə, Turalın başqa mövzularda da yaxşı şeirləri var. Məsələn, "Dünyanın yeriyən ağaclarıyıq" şeiri fikrin obrazlılığı ilə seçilir. "Dayan, əl saxla, şair" misrasıyla başlayan şeiri isə həm özü üçün, həm də javan həmyaşıdları üçün bir bəyanatdır. Mən Turalın şeirləri barədə bu qısa qeydlərimi burada bitirirəm. Onun daha sanballı, obrazlı "sözlü ürəyindən" süzülüb gələn şeirləri ilə inanıram ki, çox qarşılaşacağam.





YAZARIN ARXİVİ

2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK