ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Gürcü familiyası

6979    |   2018-03-13 00:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Anar - 80

Hekayə

Bu nə qəribə teleqram idi: "Muradov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla" İmzasız! 203-cü reyslə uçan təyyarə Moskvadan gəlir. Amma axı kim ola? Moskvadan heç kəs gələsi deyil. Heç kimi gözləmirəm. Bu teleqramı kim vurub görəsən?.. Ağlıma heç kəs gəlmir.
Hələ yaxşı ki, teleqramı anam alıb. Bacım alsaydı, gör nə mərəkəydi. Düz bir il məni dolayacaqdı.
Səhər erkən aeroflot avtobusunun yumşaq kürsüsünə sərələnib öz-özümə fikir eləyirdim: yaxşı, axı mən kimi qarşılamağa gedirəm?
Avtobus şəhərin yuxulu küçələrindən keçirdi. Mən gələcək müsafirim haqqında düşünərək pəncərədən yatmış şəhəri seyr edirdim. Yavaş-yavaş yuxudan oyanan şəhərin səhər mənzərələri fikirlərimi yayındırırdı və mən naməlum teleqramın müəllifi haqqında qəti bir qərara gələ bilmirdim.
Şəhərə sübh obaşdandan baxasan. Ancaq o vaxt şəhərin əsl simasını, daş simasını, daş varlığını görə bilərsən. Bu zaman şəhər çılpaq, adamsız, hərəkətsizdir, yalxıdır. Bəzək-düzəksizdir, səssiz-səmirsiz, danışıqsız, neon reklamsızdır. Vitrinlər də sükuta qərq olub, afişalar da. Daşlar donub, susub, uyuyub.
Tək-tənha bir piyadanın boş, adamsız, meydana damcılayan addımları. Asfaltı naxış-naxış bəzəyən narın yağış - səhər yağışı.
Moskvada və ölkənin başqa şəhərlərində yaşayan bütün dostlarımı, tanışlarımı xəyalıma gətirirdim - yenə bir şey çıxmırdı. Müxtəlif səbəblərə körə - heç biri ola bilməzdi. Bəlkə mənim Bakı tanışlarımdan, dostlarımdan biridir, Moskvadan gəlir, yox ki, yox. Heç biri ola bilməz, bircə Ceyhundan başqa.
Ceyhun kiçik qardaşımdır. Moskvada memarlıq institutunda oxuyur. Vaxtilə mən də oranı bitirmişəm. Bəlkə gələn Ceyhundur. Yox, ola bilməz, əvvəla srağagün onunla telefonla danışmışam, ovqatının təlx olmasından bildim ki, pulu yoxdur. Onun halını yaxşı başa düşürdüm. Özüm də belə vəziyyətə az düşməmişəm. Moskvada, evdən uzaqda pulun qurtara, illah da bayramqabağı. Ceyhuna dedim ki, darıxmasın, pul göndərərəm ona. Çox da olmasa, hər halda bayram xərcliyi üçün kifayət edər. Odur ki, çətin ağlım kəsir, bu söhbətdən sonra Ceyhun lapdan dura gələ Bakıya. Bir də axı gəlsə, daha adını niyə gizlədir?
Ağlıma bir fikir də gəldi. Amma bu fikir - xam xəyal idi. Qeyri-mümkün şey idi, baş tutan iş deyildi. Ola bilməzdi.
Nə isə, gümanlar, fərziyyələr içində vurnuxurdum ki, bir də gördüm bizim avtobus aeroportun təzə binasına yan alır. Bir memar kimi bu bina məni heç açmır. Mən, necə deyərlər, kənc və yenilikçi bir memar kimi var qəlbimlə hiss edirəm ki, binanın layihəsini çəkməyi mənə tapşırsaydılar, elə bir şey tikərdim ki, hamının ağzı açıq qalardı. Sərnişinlər bu binanı görən kimi qəşş edib trapdan yıxılardılar.
Bir neçə dəqiqədən sonra açıq eyvanda dayanıb indicə enmiş təyyarəyə sarı baxırdım. Təyyarənin qapısına trap çəkmişdilər, trapın başında hələlik tək bircə stüardessa durmuşdu. Mavi kostyumlu stüardessa. Sonra qapının haşiyəsində kök bir kişi göründü, yaşıl şlyapası vardı. Onun arxasınca cavan əsgər göründü, sonra uşaqlı arvad, başqa bir qadın, kişi, qadın... Aman allah! Xam xəyal. Qeyri-mümkün olan şey. "Ola bilməz". Bəli, odur ki, var. Ağlıma gələn və ağlımdan qovduğum fikir. Trapla hündür bir qadın enirdi. Yaraşıqlı və əzəmətli. Cavan və gözəl. Saçının qəribə burumu, paltarının qeyri-adiliyi dərhal onu başqalarından ayırırdı. Mən onu bir an içində - günəşlik, qara eynəklərini geyənə qədər tanıdım. Bəlkə bu geyimdə, bu qiyafədə üstəlik qara eynəyi də gözündə olsaydı, heç tanımayaydım da. Amma tanıdım - gözlərindən tanıdım.
Hər ehtimala qarşı bütün sərnişinlərə göz gəzdirirdim, amma artıq yüz faiz əmin idim ki, teleqram ondandır və ipdi ora-bura döyükərək məni axtarır.
- Salam, - dedim.
- Oqtay, ay allah, mən də dedim, bəlkə teleqramımı almamısan.
- Şeylərin hardadır?
- Heç nəyim yoxdur. əzizim, tez məni bir yerdə gizlət. Tez taksi tapa bilərik?
- Bu saat taparıq. Gedək. Xanım xarici kəşfiyyatdan gizlənir?
- Taksidə hamısını danışaram. Heç inana bilmirəm ki, Bakıdayam. Əzizim, amma sən heç dəyişməmisən.
Taksinin arxa yerində oturmuşduq, o, geri qaçan aeroport binasına, yola, hündür çıraqlara hərisliklə baxırdı.
-Əcəb qiyamət aeroportdur. Lal Beyrutdakı aeroporta oxşayır. Çoxdan tikiblər bunu?
- Üç il olar, - dedim. - Bəlkə bir deyəsən görüm axı...
- Bu saat, bu saat, hirslənmə. Bilirsən səni görməyimə necə şadam. Elə səni görməkçün gəlmişəm də...
"Belə alsaydı nə vardı ki - deyə düşündüm, - bu cür xoşbəxtliyə inanmaq olar? Özü də belə asan?"
- Çox gözəl,- dedim. Yaxşı, bəs niyə belə gizlin, sirli?
- Əcəb işdir, - deyə, təəccübləndi və pıçıltıya keçdi. - Mən ərli arvadam, ilk eşqimin vüsalına gəlmişəm, deyirsən bəs heç bir sirr-zad olmasın?
Əsmər mənim uşaqlıq dostum idi. On il bir sinifdə oxumuşduq. Mənim qabağımdakı partada oturardı.
Vüsal, ilk eşq, filan... yalandır. Heç vaxt mən onun ilk eşqi olmamışam. O da mənim. Düzdü, bir az xoşuma gəlirdi. Necə deyərlər, bir az kəsirdim ondan. Amma ilk məhəbbət-filan... Heç yadıma gəlmir, mənim ilk məhəbbətim olub, yoxsa yox...
- Necə başa salım? Bu yaxında Bolqarıstandan qayıtmışıq. Camalı Yaxın Şərq ölkələrindən birinə göndərirlər.
Camal onun əridir. Böyük diplomatdır. Doğrudan, məcazi yox, hərfi mənada. Yalançılar sözü, Avropanın bütün ölkələrində işləyib. Az qala səfirdi, attaşedi nədi. Yox, əlbəttə, səfir yox, amma axır vaxtlar deyəsən, doğrudan da attaşe işləyirdi.
Adamlarda qəribə bir xasiyyət var - bir-biriylə əlaqələrini dramatik şablon üzrə qururlar. Məsələn, əvvəl mən filankəs haqqında çox yaxşı fikirdə idim, sonra onu tanıdım, gördüm nə yuvanın quşudur. Və yaxud: əvvəl o məni açmadı, amma sonra gördüm ki, qızıl kimi adamdır.
Bu şablonun, bu sxemin səbəbi, məncə, ondadır ki, hər adam sövqi-təbii bir dramaturqdur. Hər adamda dramatik inkişaf ehtiyacı, xarakteri açmaq, sücet hərəkəti yaratmaq, nə bilim daha nə ehtiyacı var. O ki, qaldı Camalla mənim münasibətlərimə - burda heç bir dramatik inkişaf, dəyişmə, xarakterin açılması və bu kimi şeylər yox idi. Əvvəlcədən Camal məni açmadı. Ondan sonra da heç vaxt fikrimi dəyişmədim. Xoşuma gəlmədi, vəssalam, bir dəfə gəlmədi və həmişə, daima gəlmirdi... Yəni sözün düzü, axır vaxtlar son yeddi-səkkiz ildə heç onunla görüşməmişdik də. Bir dəfə ötəri, Moskvada ona rast gəldim. Dedi ki, Əsmər doğum evindədir. Vəliəhd gözləyirik. Yadımdadır, elə beləcə dedi: vəliəhd gözləyirik.
Sonralar Bakıda bildim ki, qızları olub.
Əsmər Bakı torpağına düşəndə üzündə həyəcan, bir qədər süni, bir qadər qeyri-təbii çılğınlıq vardı, amma indi yavaş-yavaş bu həyəçan, bu çılğınlıq qrim təkin onun üzündan yuyulub-silinir, yerinə: azacıq əsəbi nigaranlıq ifadəsi gəlirdi. Amma, kim bilir, bəlkə bu da onun maskalarından biri idi. Sənin neçə maskan var, - deyə vaxtilə mən ondan xəbər alardım. O vaxtlar, mənim belə suallar vermək yaşım çatmışdı, amma bu suallara özüm cavab tapmaq vaxtı hələ qarşıda idi.
- Bura bax, - deyə o, həvəslə sükutu, pozdu, amma bu həvəs özü bir qədər saxta idi, - bilirsən, hamıdan qaçmışam. Ərimdən, qızımdan, dostlarımdan, hətta dərzimdən - bu gün gərək onun yanına gedəydim. Düzdü, tamam, qaçmamışam, bircə günlüyə. Gecə uçuram geri. Gəldim sənin ad gününü təbrik edəm, amma görürəm sən çox da elə sevinmirsən.
- Boşla görək, həddindən artıq şadam ki, gəlmisən. Fədakarlığını da lazımınca qiymətləndirirəm, həm də ki, hadisələri qabaqlayırsan. Mənim bu fani dünyaya qədəm basdığım gün bu gün deyil, sabahdır.
- Necə yəni sabah? Bu gün 29-u deyil?
- Elədir. Amma mən 30-da anadan olmuşam. 1 May bayramına hədiyyə kimi.
- Yox, - bu sözü elə qəti dedi ki, az qala məni də şübhəyə saldı, mənim lap yaxşı yadımdadır ki, sizə ayın 29-da gəlmişdim.
"İlahi, gör nəyi yadında saxlayıb? - deyə düşündüm və hiss etdim ki, qəhərlənirəm. Qəhərlənirdim ki, bu qadın, indi mənə tamamilə yad olan bu qadın, Diorun geyimlərilə bəzənmiş bu qranddama mənim baş tutmamış ilk sevdam - uzaq və unudulmuş uşaqlıq rəfiqəm o axşamı, 29 aprel axşamını, illərin, ölkələrin, yad üzlərin, yad sözlərin içindən keçirib saxlamışdır. Lap mənim özüm təki. Axı mən də o axşamı dolaşıq ömrümün illəri, günləri içində itirib atmamışdım. İndi də o axşam - rəngləri, səsləri, qoxularıyla birlikdə içimdədir. O il biz məktəbi bitirirdik, anam icazə verdi ki, bütün sinfimizi qonaq çağırım. Ad günümü də 30-dan 29-a, şənbə gününə keçirtdik. İndi neçə illərdən sonra o axşam burada taksidə bizim aramızda - Əsmərlə mənim aramda idi. O axşam Əsmərin mənə gətirdiyi nərgizlər, bir də onun qısa vurulmuş saçları. Məhz o axşam Əsmər uşaqlıq illərinin uzun hörüklərini kəsdirmişdi.
Yadımdadır, bizim riyaziyyat müəllimimiz Babayev lövhənin qabağında bizə teoremi izah edərkən qəfilcən susardı, fikrə gedərdi, sonra əzbərdən Ömər Xəyyamın, ya Füzulinin bir beytini deyərdi. O, Şərq poeziyasının bilicisi, aşiqi idi. Əsmərin uzun hörüklərinə o, - Şəbi Yelda deyərdi Sonra da bizə başa salardı ki, Şəbi Yelda ilin ən uzun kecəsi - 22 dekabr kecəsidir. Əsmərin saçlarını qısa kəsilmiş görəndə kişinin az qaldı dili tutulsun. Düz bir həftə dərsdə ancaq riyaziyyatla məşğul olduq. Babayev indi ancaq teoremlər isbat edir, həll etdiyimiz məsələləri yoxlayır, tapşırıqlar verirdi. Bir həftə sonra lövhə qarşısında yenə bir teoremi izah edərkən. O, birdən dayandı, bizə tərəf çevrildi və Əsmərə baxdı: - İndi sənin saçların 22 iyun gecəsidir, - dedi.
Bu obrazın Şərq poeziyasına heç bir dəxli yox idi. Onu bizim riyaziyyat müəllimimiz icad etmişdi.
Əntiqə kişi idi Babayev. Kök, yekəpər, ürəyiaçıq, gah hirsli, üzünü görmə, gah xoş, mehriban, gah acıqlı, gah şən. Həmişə də səsli-küylü. Amma öləndə sakit öldü. Sakit və səs-küysüz. Səssiz-səmirsiz dayanan saat kimi. Çoxumuz onun ölümünü neçə ay keçəndən sonra bildik. Belə uzun müddətdən sonra başsağlığına getmək gülünc çıxardı. Getmədim.
- Sən bildin ki, Babayev ölüb?!
O, qəmlənmədi, elə belə - üzünə kədər maskası taxdı.
- Hə, yazıq. Camal dedi mənə.
- Camal da bizim müəllimimiz idi. O bizim məktəbə gələndə biz doqquzuncu sinifdə idik. Camal bizdən vur-tut yeddi-səkkiz yaş böyük idi. Bizə ingilis dili dərsi deyirdi.
- Yaxşı, bir danış görüm nə var, nə yox. Necə keçir ömrün?
- Belə də, - deyə həvəssiz cavab verdim və hiss etdim ki, cavabımın soyuqluğu ona toxundu, odur ki, dərhal soruşdum:
- Sən danış. Sən necə yaşayırsan?
- Əla - dedi. - Əladan da əla. Əsas etibarilə xaricdə ömür keçiririk. Amma Moskvada da həyatımız əla keçir. Yeni evdə üç otaqlı mənzil. Telefonu, altında qaracı, vannada qara kafel, döşəməsi plastik...
- Sənə nə olub? Niyə özündən çıxmısan. Məgər mən sənə bir şey dedim?
- Ah, nə qədər həssassınız. Qəlbiniz nə qədər incədir. Bir şey dedim? Daha nə deyəcəksən? Dur bir söy də məni. Bir buna bax, sən allah. Mən atıla-atıla ordan durub gəlmişəm bura, elə bilirsən asan məsələ idi mənimüun? Gəlmişəm ki, o uzaq axşamı qaytarım, o axşam ömrümun ən xoş günlərindən biri idi. Bu cənab isə özünü çəkib oturub, qoyub özünü dağ başına, heç bu gün ad günü də deyil.
Mən güldüm.
- Əzizim, - dedim, - inan ki, sənin gəlməyinə dünyalarca sevinirəm. Bu mənimçün bayramdır, ən gözəl hədiyyədir. Səmimi deyirəm. Amma mən yazıq, mən biçarə neyləyim ki, dünyaya bu gün yox, sabah gəlmişəm. Əşi, bunun nə əhəmiyyəti var? Əsas odur ki, sən gəlmisən. Bir şey danışmırsan axı, elə sirli görkəmin var ki, mən də qorxuram bir şey soruşum.
- Yaxşı, qulaq - Bu, yeni bir maska idi. Qayğısızlıq, şən, oğlanvari şıltaqlıq maskası. - Moskvadakı, bolqar attaşesinin arvadı çoxdandır mənə təklif edirdi ki, Zaqorska gedək. Mən də razılıq verdim, sonra bir rəfiqəmi ona qoşdum, özüm də gəldim bura.
- Allah, sən saxla, bircə diplomatik əngəllər çatmırdı.
- Heç bir əngəl-flan yoxdur. Biz Camalla çoxdan Bakıya gəlməyə hazırlaşırıq. Bilirsən neçə ildir burdan çıxanıq. Bura gələndə də gərək azı bir ay qohumlara-tanışlara qonaq gedək. Bir də axı neçə il xaricdə yaşayandan sonra gəlirik, adı böyükdür. Dünyanın yarısını gəzmişik. Hədiyyə-flan, özün bilirsən də... Mən daha bu illər ərzində hamıyçün hədiyyə alıb hazırlamışam, amma heç macal eləyib gələ bilmirik. Yəqin bu il də gələ bilməyəcəyik. Bir aya yenə gedirik xaricə. Amma mənim... - birdən o lap uşaq kimi dodaqlarını büzdü, - İçəri şəhər yaman düşmüşdü könlümə.

(ardı gələn sayımızda)

 


İmza:
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK