ANA SƏHİFƏ / GÜNDƏM

NİYƏ MƏHƏMMƏDİ MƏMMƏDLİ OLDU?

4475    |   2018-03-13 00:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan cəmiyyətdə yaşayır və həyatını da yaşadığı cəmiyyətə uyğun şəkildə qurur. Əgər hər hansı bir uşaq ağlı kəsəndən bəri küçələrinin tez-tez dəyişən adını çox təbii olaraq, yadında saxlaya bilmirsə, kəndlərinin adının bir lövhədə bir cür, başqa lövhədə başqa cür, yəni hər lövhədə fərqli şəkildə yazıldığını görürsə, çox guman ki, onun şüurunda yazıya, təhsilə, savada qarşı getdikcə diqqətsizlik və biganəlik formalaşır. Həmin uşaq lap kiçik yaşlarından təhsilin, savadın vacibliyini hiss etmir, onu qeyri- ciddi bir iş kimi başa düşür və tədricən onun uşaq xəyalında ciddi ilə qeyri-ciddi, yalanla doğru arasındakı balans pozulur. Belə mühitdə yetişən uşaqların psixologiyasında deformasiya yaranır və sonra da biz sual veririk ki, nə üçün uşaqlarımız ciddi işlərə qeyri-ciddi yanaşır, yaxud gənclərimiz nə üçün yalanla doğru arasındakı pərsəngi itiriblər? Maraq üçün sosioloji tədqiqat da aparmaq olar, hətta özüm görməsəm də, eşitmişəm ki, televiziyada jurnalistlərdən hansısa birisi, belə bir məqsədlə küçəyə çıxıbdır. Əhalidən hansısa bir ünvanı soruşursan, xüsusən, gənclərin əksəriyyəti, adamı özünün də bilmədiyi qeyri-müəyyən bir istiqamətə ünvanlandırır. Bunun bir tərəfi bizim milli xüsusiyyətimizlə, yəni hökmən kömək etmək istəyimizlə bağlıdırsa, digər mühüm tərəfi isə insanların qeyri-ciddi yanaşma tərzi və yalanla doğru arasındakı fərqi itirməsindən əmələ gələn bir fəsad kimi dəyərləndirilməlidir. Və bu fəsad uşaqlıqdan bizim onlar üçün yaratdığımız mühitdən, təhsilə və savada bəslədiyimiz qeyri-ciddi münasibətdən doğulan bir nəticədir ki, əvvəl-axır gəlib bu şəkildə qarşımıza çıxır.
Bakının qədim kəndlərindən biri də Məhəmmədi kəndidir. Son 5-6 ilə qədər bu kəndin adı Məhəmmədi idi. Məhəmmədi adı antrotoponimdir, yəni şəxs adından yaranmışdır. Vaxtilə kəndin girəcəyində sovet dövründən qalma daş barelyefin üzərində göz oxşayan formada "Məhəmmədi" sözü yazılmışdı. Son dövrlərdə bu daş barelyef köhnəlmişdi və biz düşünürdük ki, yəqin ki, bir gün gələcək, barelyef bərpa olunacaq və əvvəlki şəklə salınacaqdır. Barelyeflər əslində tarixi abidələrdir, onlar paleolit adlanan qədim daş dövründən bəri yaradılmış, işlənmiş və günümüzə qədər gəlib çatmışdır. Barelyeflər xalqların mədəni - tarixi tipini ifadə edən mədəniyyətin daşıyıcısıdır.
Məhəmmədi kəndinin barelyefi yarım çirkul (pərgar) formasında, yəni yarım dairəvi daş pyedestalın üzərində stela- lövhə tipli olub üzərində Məhəmmədi sözü yazılmış relyefdən ibarət idi, daha doğrusu, səthdən, fondan ayrılan yüksək daş qabartmaya malik olan bir qorelyef idi.
Bir gün kəndə dönəndə gördük ki, həmin barelyef yerlə yeksan olunub. Daş üstə daş qoymayıblar, əhsən yenilikçilərə! Dünyanın hər yerində barelyeflər tarixi abidə kimi qorunsa da, amma nədənsə, Məhəmmədi kəndinə aid olan bir barelyef tarixi abidə hesab edilməyibdir. Onun yerində şüşə dayanacaq tikiblər, guya barelyefə toxunmadan dayanacaq tikmək olmazmış. Barelyefi dağıdıblar bu öz yerində, hələ kəndin adını da təhrif ediblər. Yeni vurulan lövhədə Məhəmmədi kəndinin adı Məmmədli kimi yazılıb. Dağıda-dağıda gedirik, Məhəmməd Məmməd olub, yəqin bir azdan Mamed olacaq...
Kəndin girəcəyindəki digər lövhədə də kəndin toponimikasına açıq- aşkar təcavüz edilib. Nə yaxşı ki, kəndin içərisindəki uşaq bağçasının üstünə vurulan lövhədə Məhəmmədi yazılıb. Bu yaxşı olmağına yaxşıdır, amma belə ikitirəlik insanları çaşdırır və kiminsə diqqətsizliyimi, savadsızlığımı həddini aşanda, bu iş başqa birisinin təhsilə, savada qarşı laqeydliyi ilə nəticələnir. Ümumiyyətlə, Azərbaycanda toponimika ilə bağlı bir təşkilat fəaliyyət göstərirmi, yoxsa kim haranın, nəyin adını necə istəyirsə, təhrif edə bilərmi? Biz ayrı millətlərə toponimik təcavüzə qarşı səsimizi qaldırırıq, şəhər və kəndlərimizin adını dəyişdiklərinə görə başqalarına irad tutduğumuz halda, özümüz nə üçün belə qondarma adlarla qədim kəndlərimizin tarixini müasirləşdiririk ki, sabah birisi də desin ki, bu dünənki kənddir, onun heç tarixi, filanı yoxdur. Halbuki İnter. ensiklopediyada yazılmışdır: "Yanardağ-Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi"dir. "Azərbaycan Respublikası Prezidentinin 02 may 2007-ci il tarixli sərəncamı ilə "Yanar dağ"ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir".
Yeri gəlmişkən, qeyd edək ki, Məhəmmədi kəndinin Yanardağdan aşağı düşən bir-birinə paralel gedən küçələrinin hamısı bərbad haldadır. Əli daşı yerləşən ərazi nəinki qoruq kimi sahmana salınmayıb, hətta yağış yağanda küçələrdən keçmək müşkülə çevrilir. İlin-günün bu vaxtında Əli daşı yerləşən küçədə (Alı Mustafayev,döngə 3-də) bir telefon xətti yoxdur ki, adam dərdinə çarə qılsın. Kəndin yarısında telefon xətti var, məhz bu ərazidə nədənsə, yoxdur. Ərazinin tarixinə və mədəniyyətinə diqqətsiz yanaşanlara biz demirik ki, gedib məşhur İtalyan səyyahı Marko Polonun (1254-1324) Məhəmmədi kəndi və Yanardağ haqqındakı fikirlərini tapıb oxusunlar, yaxud onun tədqiqatları ilə bağlı kənddə bir muzey düzəltsinlər (Tiflisdəki kimi). Lakin Məhəmmədi kəndinin tarixi haqqında ən azından, S.Aşurbəylinin bu cümlələrini əldə rəhbər tutmaq olardı":Abşeronun etnoqrafik tədqiqi burada qədim qəbirlərin olduğunu meydana çıxarmışdır ki, bu da Abşeronda qədim yaşayış yerlərinin mövcudluğunu sübut edir. Abşeron kəndlərinin - Maştağa, Buzovna, Məhəmmədi sakinləri burada içərisində, yanlarında qırmızı gil bardaqlar qoyulmuş skeletlər olan böyük təndirvari qədim qəbirlər olmasına dair məlumatlar toplamışlargBelə dəfn mərasimi nə müsəlman, nə də xristian normalarına xas olmayıb, ehtimal ki, daha erkən dövrlərə aiddir. Bu cür arxaik qəbirlərgcəmiyyətin sosial-siyasi əsasını qəbilə-tayfa quruluşu təşkil edən həmin uzaq keçmişdən qalma qəbilə qəbri idi... (s.37). (Sara Aşurbəyli. Bakı Şəhərinin tarixi. Bakı, "Avrasiya press", 2006, 416 səh).
Ciddi məsələlərə bu qədər bəsit yanaşmaq olmaz, mənəviyyatımız aşınıb gedir, bəli, toponimika elə bir elm sahəsidir ki, özündə ictimai şüurun motivlərini gəzdirir, onun hökmü və iddiası ilə müəyyən bir hadisənin, adın, ərazinin mənəvi və hüquqi statusunu nəinki tələb etmək, hətta geri qaytarmaq mümkündür. Yəni dünya miqyasında da toponimik xəritələrdə hər hansı bir adın dəyişdirilməsi cinayət hesab edilir və buna görə cavabdehlik tələb olunur. Bu məsələnin hüquqi tərəfidir. Məsələnin elmi tərəfi isə ondan ibarətdir ki, bir qədim yaşayış yerinin tarixini saxtalaşdırmaq, ümumiyyətlə, həmin xalqın tarixinə qələm salmaqdır. Məsələnin ən ağrılı tərəfi isə, səhlənkarlıq ucbatından yetişməkdə olan gənc nəslin çaşdırılmasıdır, onun psixi və mənəvi simasında elmə, sözə, ada hörmətsizlik, diqqətsizlik, biliyə etinasızlıq, nəhayət, məsuliyyətsizlik və yalançılıq formalaşdırılmasıdır. Böyük bir kəndin adının belə asanlıqla dəyişdirilə bilməsi faktı və orada yaşayan insanların hər gün kəndlərinin adlarının müxtəlif cür yazıldığı bu lövhələrin qarşısından sakitcə keçib getmələri, adamda qəribə bir təəssürat yaradır. Belə çıxır ki, hər hansı bir kəndin adının Qala, yaxud Çala olmasının, gah Qala, gah Çala yazılmasının əslində heç bir əhəmiyyəti yox imiş. Halbuki ad xalqın tarixi yaddaşıdır. Hansı isə bir kəndin Qala adlandırılması həmin kənddə müdafiə qalasının mövcud olmasından, orada yaşayan insanların döyüş qabiliyyətindən danışırsa, başqa bir kəndin adının Çala olması torpağın morfoloji quruluşundan xəbər verir. Hərhalda qala və çala insanın düşüncəsində eyni obrazı yarada bilməz, necə ki, Məhəmmədi ilə Məmmədli eyni obrazı yaratmır. Sonra şikayət edirik ki, uşaqlarımız nə üçün təhsilə maraq göstərmir, yalana meyllidir, yaxud ciddi deyil? "Nə tökərsən aşına, o da çıxar qaşığına", atalarımız belə deyiblər.
Buna görə də əlaqədar təşkilatlardan xahiş edirik ki, bu ciddi məsələyə qeyri-ciddi yanaşanlara qarşı bir tədbir görsünlər, barelyefi qoruya bilməsək də, dağıdılmış barelyefi bərpa edə bilməsək də, heç olmazsa, qədim Məhəmmədi kəndinin toponimik adını bərpa etmək üçün lövhələri dəyişdirsinlər.
Biz bu məqaləni hazırladığımız zaman hörmətli prezidentimiz İlham Əliyevin Yanardağda olması və Məhəmmədi kəndindəki "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxaraq buradakı vəziyyət haqqındakı fikirlərini bildirməsi haqqında materialları oxuduq. Və prezidentimiz bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlərin gəlməsi və buradakı şəraitin ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun olmaması və digər məsələlər haqqında öz iradlarını bildirmişdir.
Yəqin ki, əlaqədar təşkilatlar bundan sonra ayağa qalxacaqlar.




SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK