adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Mart 2018 16:21
58170
AVTOMABİL
A- A+

Gədəbəydə avtomobil yolları yenidən qurulur

Gədəbəydə uzunluğu 29 km olan 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.

Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, bu respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu km-dən ayrılan və 20 km uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6.1 km-lik Çanaqçı-Haçaqaya və 2.9 km-lik Qoşabulaq-Sarıtala avtomobil yollarıdır.

Slavyanka-Qoşabulaq-Pərizamanlı avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış,hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Hazırda aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün 17.5-20-ci km-lik hissələrdə sol tərəfdə qaya tipli süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılır.

Layihə çərçivəsində mövcud suötürücü borular istismara yaramadığı üçün yol boyu 19 yerdəuzunluğu 223 paqon-metr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması, yolun 6, 7, 8 və 10-cu km-də yerləşən düzbucaqlı formalı suötürücü boruların başlıqlarının dəmir-betonla təmiri nəzərdə tutulub. Həmçinin yolun 1-ci km-də uzunluğu 6 metr, eni isə 8 metr olan körpünün hər iki tərəfdən 1.2 metr genişləndirilməsi, Çanaqçı kəndi ərazisində 250 metr uzunluğunda "U" şəkilli dəmir-beton küvetlərin quraşdırılması və avtoqreyderlə tələb olunan yerlərdə küvetlərin açılması işləri də yenidənqurma işləri zamanı həyata keçiriləcək.

Yol yatağı hazır olan hissələrdə yol əsasının optimal qum-çınqıl materialı ilə inşası işləri aparılacaq, eyni materialla çiyinlər bərkidiləcək. Daha sonra əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst qatlatının asfalt-beton qarışığı ilə tikintisi işləri aparılacaq.

Anoloji işlər Qoşabulaq-Sarıtala və Çanaqçı-Haçaqaya avtomobil yollarında da aparılır. Sözügedən yollarda torpaq yatağının IV texniki dərəcəyə uyğun 10 metr təşkil edən normativ eninin alınması üçün zərurui olan yerlərdə yararsız qrunt qazılır, yararlı karxana çınqılı tökülərək genişləndirilir və kipləşdirilir, avtoqreyderlə profilə salınır, çiyinlər bərkidilir.

Bundan başqa yollar boyu 6 yerdə uzunluğu 82 paqon-metr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, əsasın və örtüyün müxtəlif qalınlıqlara optimal qum-çınqıl materialı ilə tikintisi işləri də layihədə nəzərdə tutulub.

Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 96 ədəd yol nişanı,830 ədəd siqnal dirəkləri, həmçinin yolun təhlükəli hissələrində və körpülərə yanaşmalarda 1280 paqon-metr əyrixətli dəmir tirlər quraşdırılacaq, 40 km yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.

Qeyd edək ki, Slavyanka-Qoşabulaq-Pərizamanlı, Çanaqçı-Haçaqaya və Qoşabulaq-Sarıtala avtomobil yollarının yenidən qurulması ilə 11.5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq.