adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Sevinc TELMANQIZI: Hamilə məktəbli yalanı

14363 | 2018-03-12 15:20

"Son 3-4 ildə abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb”. Məktəb yaşında övladı olan hər bir valideynin beyinində bu informasiya şimşək kimi çaxıb. Neçə gündür əksərimiz onun təsiri altındayıq. Təhsil eksperti Kamran Əsədov bu rəqəmləri hardan, necə əldə edib, bilinməz. Amma ortada çoxumuzun təlaşını xəfiflədəcək həqiqətlər var ki, onu unutmaq olmaz.

Birincisi və ən önəmlisi, abortların statistikasını hazırda heç bir dövlət qurumundan almaq mümkün deyil. Dəfələrlə bununla bağlı yazılar hazırlayanda əlimiz boşda qalıb. İzahat da belə olub ki, həkimlər bu arzuedilməz proseduru çox vaxt xəlvətdə, klinika və xəstəxanalar isə statistika aparmadan həyata keçirirlər.

Ekspertin haqqında danışdığı azyaşlıların abort faktları isə böyük ehtimalla erkən nikah faktlarının "əsəri”dir. Bəli, indi xüsusən də bölgələrimizdə azyaşlıların ərə verilməsi faktı geniş yayılıb. 9-cu sinfi bitirən kimi və ya heç bitirməmiş qızları tez ərə verirlər. Evdə bir boğaz azalsın deyə, qız evdə qalıb söz-söhbətə səbəb olmasın deyə, "onsuz da qıza qoyulan xərc dəlik vedrəyə su doldurmaqdır” kimi dəhşət "tutarlı” arqumentə görə. Reallıq budur ki, qızı erkən yaşda ərə verirlər - qanunlara zidd olsa da. Bir ildən sonra da təzə gəlin hamilə qalanda qanunlar qarşısında cavabdeh olmamaq üçün bəziləri abort variantına üz tutur. Axı yetkinlik yaşına çatmayan qadının ana olması birbaşa qanundan kənar hadisədir. Bunu hər kəs etmir təbii ki. "Əli-qolu uzun olanlar” bu işin bir çarəsini tapırlar. Amma çəkinənlər risk almır. Ya da azyaşlı gəlin iki ilin içində bir uşağını dünyaya gətirib, ikinciyə hamilə qalanda işlər çətinləşir. Birdən-birə ağbirçəklərin yadına düşür ki, "bunun özü hələ uşaqdır, ikinciyə nətəhər baxacaq”? Onda da abort həkimlərinin qapısına elçi düşürlər.

Amma bu açıqlamada hədəf olaraq azyaşlı nikahların yox, məktəbli qızların göstərilməsi birbaşa insanların əsəblərinin tarıma çəkilməsidir. Məktəbin, təhsilin hədəf göstərilməsi, insanların şüurunda təhsil müəssisələrinin əxlaqsızlıq yuvası kimi təqdim edilməsinə xidmət edir sanki. Onsuz da qızını məktəbə göndərməyi yersiz məsrəf hesab edən şüursuz bir ata üçün bu açıqlama nə anlama gəlir, onun beynini necə tətikləyir? Cəmi bir neçə həftə əvvəl Bakı məktəblərindən birində iki azyaşlı şagirdin intim görüntülərinin yayılması üzərinə belə açıqlama xoş bir şeylər vəd etmir.

Amma mən faktlarla danışmağın tərəfdarıyam. Qarşı tərəf iddia edə bilər ki, bu zamana qədər azyaşlıların abortu ilə bağlı rəsmi açıqlamalara istinad edərək bu sözləri deyib. Mənsə bu mövzuda yazan jurnalist kimi dəfələrlə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı statistikanı izləmişəm. Orda heç zaman "məktəbli qızların abortu” ifadəsi işlənməyib. Hər zaman "məktəbyaşlı qızlar”, "yetkinlik yaşına çatmayan qızların abortu” kimi söz birləşmələri yer alıb. "Ötən il 20 yaşa qədər 1535 qadın aborta gedib. Bunlardan 50 nəfəri 15-17 yaş arası yeniyetmə qızlar, 1485 nəfəri isə 18-19 yaşlı qızlar olub”. Necə deyərlər, sitatın sonu. Burda kimsə məktəbdə oxuyan qızlarla bağlı iddia ilə tanış oldu? O zaman yanan ocağın üstünə yağ tökmək niyə?

Nəyə görə biz cəmiyyət olaraq məktəbləri ancaq bu kimi neqativ hadisələr zamanı yada salırıq? İki həftə bundan əvvəl son 2 ildə Azərbaycan məktəblərində baş verən insidentlərin statistikasını və hekayəsini hazırlamışdım. Məktəbdə dava, müəllim qız şagirdi qaçırdı, valideyn gəlib direktoru döydü, məktəb otağında əxlaqsızlıq videosu... Hamısı bu qəbildən idi. Günlərlə çeynənmiş, müzakirə edilmiş mövzular. Günah müəyyən mənada həm də biz jurnalistlərdə idi. Nə zaman vunderkind bir məktəblidən müsahibə alıb, onu örnək göstəririk? Nadir hallarda. Hansı gün uğur göstəricisi yüksək olan məktəbdən reportaj hazırlayırıq? Demək olar ki, heç vaxt. Ancaq qalmaqallar baş verəndə məktəb qapısı açmışıq. O zaman günah həm də biz jurnalistlərdə deyilmi?

Hamı uşağını çətinliklə, boğazından, əyin-başından kəsərək oxudur. Aylıq gəlirinin tən yarısını repetitorlara ödəyənlərin ölkəsində reallığa uyğun olmayan xəbərləri yaymaq isə mənəvi terrordan başqa bir şey deyil. Məktəblərdə dərs keçmirlər deyin, razılaşaq. Bayramlarda pul yığırlar, test pulları canımızı boğaza yığıb, uşaq ona dərs deyən müəllimin hazırlığına getmir deyə qiymətini kəsir... deyin, onda da haqlısız. Amma qızlar məktəbə getdiyi üçün hamilə qalır? Bu, tərifi mümkün olmayan rəzil bir yalandır. Başqalarının uşaqlarına bunu rəva görməyin. Səbəb nə olursa olsun...


TƏQVİM / ARXİV