ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Klassiklərin gülünc “bazlıq”ları

6212    |   2018-03-12 13:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Böyük qələm ustadlarının yaradıcılığını oxuyanda adama elə gəlir ki, bu dahilər sevginin düsturunu tapıb, tərifini də öz həyatlarına istinadən veriblər. İnsafən qələmdə ustad olduqları qədər sevgi məsələlərində də pərgar olublar. Amma onların da çox gülünc vəziyyətə düşdükləri sevgi hekayətləri olub. Daha doğrusu, sevginin özünə çatmamış ona gedən yolda ayaqları büdrəyib. Bəziləri sadəcə "bazlıq” etmək istəyiblər, ancaq üz-gözlərinə bulaşdırıblar. Zalım müasirləri isə "olan şeydi” deyib üstünü vurmamaqdansa, öz xatirələrində bunu əldə bayraq edib, şəbədə qoşublar. Bəzən özləri də etiraf etmək məcburiyyətində qalıblar. Görək, kimdir o qarşı cinsə özünü rüsvay edənlər?

Poeziyanın günəşi Aleksandr Puşkin – hələ yeniyetmə vaxtı uzun zaman dillərdə dolaşan bir vəziyyətə düşüb. İmperator sarayında freylina xidmətçisi işləyən gənc qıza vurulubmuş. Bu vurğunluq gələcək nəsli az qala böyük şairsiz qoyacaqmış. Yəni bu sevgi Puşkini edama apara bilərmiş. Hadisənin necə olduğunu Puşkinin dostu və litsey yoldaşı İvan Puşin xatirələrində bölüşüb: "Bizim litsey saraya yaxın idi. Axşamlar orda ziyafət olanda biz səsinə yığışardıq, xəyallar qurardıq. Saray həyətində imperatriçanın qulluqçularını, freylinaları görərdik. İmperatriçanın 3 freylinası vardı. Onlardan biri knyajna Volkonskaya idi, onun qulluqçusu isə çox gənc, gözəl qız idi. Aleksandr o qıza vurulmuşdu. Bir dəfə gecə vaxtı saray dəhlizinə girmişdik. Aleksandr bizdən aralanıb qaranlıq dəhlizdə qulluqçu qızın gəlib keçməsini gözləyir. Nəhayət paltar xışıltısı eşidib özünü qızın üstünə ataraq onu öpür. Bu vaxt otaqlardan birinin qapısı açılır və dəhlizə işıq düşür. Aleksandr bir də baxıb görür ki, öpdüyü gənc qulluqçu qız deyil, ortayaşlı xanım knyajna Volkonskayadır. Yazıq oğlan qorxusundan qaçmışdı. Pörtmüş halda bunu mənə deyəndə, məsləhət gördüm ki, litseyin direktoruna vəziyyəti izah etsin, o da knyaza hadisəni uyğun dillə başa salar. Amma o mənim sözümü dinləmədi və knyajnaya özü üzrxahlıq məktubu yazdı. Məktub yetişənə qədər knyajna hadisəni qardaşına, o isə imperatora çatdırıbmış. Dərhal litseyin direktoru saraya çağırılır. İmperator direktor Engelqardta iradla bildirir ki, "Sənin tərbiyə etdiyin gənclər nəinki mənim sarayıma gizlin giriblər, hətta qadınların güşəsinə soxularaq yüksək rütbəli xanıma sataşıblar. Dərhal izahat ver!” Direktor Puşkinin istedadından, onun necə tərbiyəli oğlan olduğundan, hətta babasının sarayda qulluq etdiyindən danışıb, oğlanın üzrxahlıq məktubu yazdığını da diqqətə çatdırıb. İmperator bunları eşidib yumşalır və bağışlayaraq tapşırır ki, bir də təkrarlansa, cəzası edam olacaq”.

Yazıçı Antuan de Sent-Ekzüperi isə gələcək arvadını az qala suda boğacaqmış. Yazıçı hündürboy, sarışın qızları bəyənirmiş. Amma qvatemalalı yazıçı Enrike Qomes Karrilyonun bəstəboy, qarabuğdayı, iri qaragözlü qızını görəndə ağlı başından gedib. Mütləq onunla görüşməyi beyninə qoyan yazıçı elə həmin gün qızın dalınca düşüb. Guya qızın qolundan tutub qalxmağa kömək edərkən elə güc göstərib ki, onu yerə yıxıb. Özünü itirmədən altdan-yuxarı qəzəblə baxan gözələ "Gedək sizə ulduzları göstərim”, - deyib. Qız etiraz etsə də yazıçı bu ulduzların real, yerdəki ulduzlar olduğunu deyəndə həvəsə gəlib. Ekzüperi dövrünün ulduzları sayılan yazıçı Benjamen Kremye, pianoçu-vituoz Rikardo Vinyesin müşayiəti ilə mülayim gecədə qızla görüşə çıxıb. Konsuela adlı xanımı aerodroma gətirərək təyyarəyə mindirib. Özü pilot, qızı isə ikinci pilot oturacağına əyləşdirib. Olan da elə bu vaxt olub. Bir neçə hava tryuku edərək qızdan onu öpməsini xahiş edib. Etiraz görəndə daha cəsarətli manevrlər edib. Deyib ki, əgər öpüş gəlməsə təyyarəni dənizə çırpacaq. Psixopatla yanaşı oturduğunu zənn edən zavallı qız onun istəyini yerinə yetirib. Eniş etdikdən sonra pianoçu huşunu itirib, Konsuela isə qorxusundan ayaq üstə dura bilmirmiş. Əsas odur bu görüşün sonu yaxşı qurtarıb. İllər sonra evləniblər.

Çarlz Bukovski – sevgilisindən ayrıldıqdan sonra dərhal köhnə tanışı, junalist Liza Uilyamsın evinə gəlib. Onunla dərdləşəndən sonra qadın restorana getməyi təklif edib və yazıçı razılaşıb. Cibində bir qəpiyi olmasa da! Zəngin süfrəli sifariş gələndən, yemək prosesi bitəndən sonra ödəməyə bir qəpiyi olmayan yazıçı bunu etiraf edib. Jurnalist gülə-gülə hesabı ödəyib. Bukovski "Qadınlar” kitabında bunu belə etiraf edir: "Özümü lap əlil arabasındakı şikəst kimi hiss edirdim. Çox gülünc vəziyyət idi. Kənardan baxanlar bu qadının məni "saxladığını” zənn edərdilər. Amma neyləmək olardı. Sevgilim məni tərk etmişdi, işim yox idi, cibimdə siçanlar oynaşırdı. Digər tərəfdən də ömrümdə bir dəfə də olsa özümü tamamən bir qadının ixtiyarına buraxmaq xoşuma gəlmişdi”.


Şəfiqə ŞƏFA




İmza:
SON XƏBƏRLƏR
2018-06-18
2018-06-16
2018-06-15
2018-06-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK