adalet.az header logo
  • Bakı 13°C
12 Mart 2018 13:49
80804
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: YAĞIŞDAN SONRAKI GÖBƏLƏK

Yağış yağır… gün çıxır… yenə yağış yağır… yenə gün çıxır… Və yağış yağıb gün çıxanda yerdən göbələklər də boylanmağa başlayır. Göbələklərlə yanaşı, digər gözəl güllər, çiçəklər, otlar da torpaqdan zaman-zaman dirçəlir. Və dirçələn bu gözəlliklərin hər birinin öz yeri, öz məkanı var…

Həmişə yaz və payız ağzı yağış yağanda bir çoxları daha çox sevinirlər. Çünki bu yağan yağış göbələyə, dombalana bir can verir. Və torpağı yarıb çıxmaq istəyən göbələyə, dombalana yeni həyat gətirir. Biz insanlar da həm göbələyi, həm də dombalanı çox xoşlayırıq. Xüsusən də həmin məhsulların qovurmasının dadından doymaq olmur…

Bəzən tamahımız öz başımızda çatlayır. Tanımadığımız, bilmədiyimiz yerdən göbələk alırıq. Sonra onu bişirib yeyirik və düşürük öldüm-öldümə. Düzdür, hələ dombalandan zəhərlənib ölüb-eləyən yoxdur. Ancaq göbələyə gələndə isə bunu yeyəndə çoxları istər-istəməz narahat anlar yaşayırlar. Lakin tanıdığın göbələyi yesən onun qətiyyən qorxusu yoxdur.

Əlbəttə, təbii yolla yetişən göbələyin dadını heç vaxt süni vasitələrlə hazırlanan göbələk verə bilməz. Çünki torpaqda bitən, mayasını torpaqdan alan, yağışdan qidalanan göbələyin dadından doymaq olmur. Və belə göbələyi də tanımaq, aydınlaşdırmaq o qədər də asan deyildi. Ən azından buna görə az-çox göbələkdən başın çıxmalıdı…

Elə ki yağışlar yağır, elə ki hər tərəf yaşıllığa bürünür, bax onda göbələyin mövsümü gəlir. Mütəxəssislər deyirlər ki, yeməli göbələyin də bir neçə növü var. Amma bəzən o yeməli göbələyin arasına bir zəhərli göbələk düşür. Və o biri göbələkləri də bişirəndə bir zəhərli göbələk hər şeyin altını üstünə çevirir. Yəni zəhərli göbələkdən biri bir vedrə göbələyin içərisində olsa, onu bişirəndə vay onu yeyənin halına! Yəni bu zəhərli göbələk mütləq fəsad yaradacaq və nəticədə onu yeyənlər zəhərlənəcəklər.

Göbələyi ən çox payız və yaz mövsümündə Hacıqabul rayonunun ərazisindən keçən Bakı-Qazax avtomobil yolunun kənarında satırlar. Müxtəlif qablara doldurulmuş və satışa çıxarılmış bu göbələklər istər-istəməz yoldan keçən çox insanın diqqətini cəlb eləyir. Xüsusən də göbələk həvəskarları maşını saxlayır, satılan göbələklərdən bir neçə qab alırlar.

Satıcılar da and-aman edir ki, vallah, mənim satdığım göbələyin hamısı təbiidir və onun arasında bir dənə olsun zəhərli göbələk yoxdur. Bəlkə də o satıcıların dediyi sözdə böyük həqiqət var. Ancaq bəzən görürsən ki, bu göbələklərin də içərisində qaralmış və eləcə də zəhərli göbələklər olur. Bax, bu çox təhlükəlidir.

Ekspetrlərdən biri bildirir ki, ümumiyyətlə, adamlar göbələk alırsa çox diqqətli olmalıdılar. Hətta zəhərsiz göbələklər müəyyən zaman kəsiyindən sonra qaralmağa başlayır və istər-istəməz köhnəlir. Bu göbələkləri də bişirib yeyərkən bir çox halda zəhərlənmə halları qaçılmaz olur. Ona görə də çalışıb hər yerdən göbələk alınmamalıdır. Ən azından ona görə ki, bu göbələklərin köhnəsi də ola bilər. Deməli, bütün hallarda göbələk alarkən insanlar yaxşı-yaxşı düşünməli və bundan sonra alış-veriş etməlidilər.

Göbələkdən zəhərlənmək isə çox ağır nəticələr verir. Məsələn, Bakı şəhəri Klinik Xəstəxanasının toksokologiya şöbəsindən bildirilir ki, hər il göbələk mövsümündə neçə-neçə insan bu məhsuldan zəhərlənir. Hətta elə olub ki, zəhərlənmiş insanın həyatını xilas etmək mümkün olmayıb. Düzdür, bəzən xəstə vaxtında bizə çatdırılanda və onun bədənində zəhərlənmə geniş yayılmayanda bu cür fəsadların qarşısını almaq mümkündür. Təəssüf ki, zəhərlənmələr güclü olanda və buna məruz qalmış insan xəstəxanaya gec müraciət edəndə həmin durumdan onu xilas etmək çox çətin olur. Ona görə də insanlar göbələk mövsümündə çox diqqətli olmalıdılar.

Göründüyü kimi, göbələklə bağlı həm ekspertlər, həm də həkimlər həyəcan təbili səsləndirirlər. Yəni onların fikirləri bir daha onu deməyə əsas verir ki, təbii göbələkdən zəhərlənmə ehtimalı çox yüksəkdir. Buna görə də əhali maariflənməli və göbələk alarkən çox diqqətli olmalıdır. Bəzən insan tamahına hakim kəsilə bilmir, tanımadığı yerdən və adamdan təbii göbələk alır, sonra da onu yeyərkən yuxarıda sadaladığımız xoşagəlməz hallarla üzləşir.

Əgər biz tamahımızın əsiri olmasaq, bu cür hallarla qarşılaşmaz və zəhərlənib xəstəxanaya düşmərik. Ancaq süni göbələkdən zəhərlənmələr o qədər də çox olmur. Bir sözlə, belə qənaətə gəlmək olur ki, göbələk nə qədər dadlı və ləzzətli olsa da, onun təhlükəsi və qorxusu bundan qat-qat çoxdur.