adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Mart 2018 17:00
10169
GÜNDƏM
A- A+

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni sədr seçdi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbədənkənar konfransı keçirilib

Konfransda Milli Məclisin üzvləri, dövlət qurumlarının nümayəndələri, qiymətləndirmə işi üzrə beynəlxalq və respublika səviyyəli ekspertlər, KİV və QHT nümayəndələri iştirak edib.

AQC-nin fəxri prezidenti, Milli Məclisin üzvü, professor Xanhüseyn Kazımlı qurumun hələ də qənaətbəxş olmayan işindən narahat olduğunu deyib.

Konfransda 2018-ci il ərzində görülən işlər haqqında AQC İdarə Heyətinin sədr əvəzi Nüsrət İbrahimov tərəfindən məruzə edilib və təşkilatı məsələlərə baxılıb.

Konfransda AQC İdarə Heyətinin keçmiş sədri Ramil Osmanlının vəzifədən azad olunması ilə bağlı müraciəti əsasında İdarə Heyətinin 19 oktyabr 2017-ci il qərarına uyğun olaraq onun istefasının səbəbini səhhətində yaranmış ciddi problemlərlə əlaqələndirilib.

Konfransda cıxış edənlər təəssüf hissi ilə qeyd ediblər ki, AQC qiymətləndirmə sahəsində ilk yaradılan Cəmiyyət olmaqla yanaşı, bir çox üstünlüklərə malik olsa da, bu vaxta kimi konkret layihələrə imza ata bilməyib. Halbuki, son 20 ildə Azərbaycanın maliyyə, əmlak, və konkret biznes sahələrində böyük nəaliyyətlər əldə olunubdur. Ona görə də AQC-nin işində yaxın zamanda kəskin dönüş yaratmaq üçün ətraflı "Fəaliyyət Planı” hazırlanaraq təsdiq edilməsinin və yerinə yetirilməsinə ciddi nəzarət olunmasının vacibliyi qeyd olunub.

Konfransda AQC-nin İdarə Heyətinin yeni tərkibdə 11 nəfərdən ibarət üzvləri və 3 nəfərdən ibarət Təftiş Komissiyasının üzvləri seçilib. Təşkilatın fəaliyyətinin daha effektiv və koordinasiya olunmuş şəkildə həyata keçirilməsi üçün idarə heyətinə seçilmiş şəxslər qarşısında müvafiq istiqamətlər üzrə vəzifələr qoyulub. Konfransda səs çoxluğu ilə Nüsrət İbrahimov AQC-nin sədri seçildi.

Sonda 11 aprel 2018-ci il tarixdə, Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib.