ANA SƏHİFƏ / YAZARLAR

Unutduğumuz Aydın Səlimzadə

2416    |   2018-03-10 00:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(İxtisarla)


Əslində unutmamışıq, tez-tez xatırlayırıq, haqqında söhbət edirik, yazılar da yazırıq, amma bu o da demək deyil ki, biz Aydını unutmamışıq. Biz Aydını çoxdan unutmuşuq. Niyə? Bir qədər sonra.
Aydın çox şirin idi. Bircə dəfə söhbət eləyən Aydını sevərdi. Adı kimi aydın idi. Ürəyindəki dilindəydi. Heç bir gizlini olmazdı. İstedadlı şair idi, həm də alim idi. Və bunlar bir-birilərinə mane olurdu. Elmin dalınca gedəndə şeir yaddan çıxırdı, şeirin dalınca gedəndə elm. Gərək ki, Bəxtiyar Vahabzadənin sözüdür ki, şair Bəxtiyar alim Bəxtiyarı ayağının altında qoyar. Tanrı ömür vermədi ki, Aydın həm alim kimi, həm də şair kimi tam açılsın. Qismət bu idi.
Aydının ən çox sevdiyi və Aydını da ən çox sevən Mehman Cavadoğluydu. Həmyerliydilər. Aydın imkanlı adam deyildi. Mehman Cavadoğlu həm imkanlı ailədən idi, həm də imkanlı bir qəzetdə imkanlı bir şöbə müdiri idi. Və həmişə Aydına bir qardaş kimi arxa durardı, kömək eləyərdi. Məclislərimiz Aydınsız olmazdı.
88-ci il idi. Moskvaya ezamiyyətə gedirdim. Mehman Cavadoğlu məni yola salanda dedi:
- Kişi deyilsən Aydın Səlimzadəni tapıb qulluğunda durmasan.
İşimi görüb qurtarandan sonra Aydına zəng elədim. Aydın gəldi, Moskvada İslam adında bir xalam oğlu yaşayır, o da yanımdaydı. Ağdamlıların bir restoranı vardı, adətən orda çörək yeyirdik. Mindik maşına ki, gedək çörək yeməyə.
Aydın Səlimzadə dedi:
- Ə, bu dolma yeməkdən doymadın? Bakıda ağdamlı azdı ki, gəlib Moskvada axtarırsan? Gəl səni aparım Sedelə. Dünyanın böyük yazıçılarını gör, şairlərini gör.
SDL - Ədəbiyyatçıların Mərkəzi Evi deməkdir. Getdik. Heç demə bura Yazıçılar İttifaqının üzvü olmayanları təklikdə buraxmırlar. Mən də həmin vaxt SSRİ Yazıçılar İttifaqının üzvüydüm. Bir vəsiqəsi vardı, adamın başına vursaydın yarılardı. Aydın mənim vəsiqəmi aldı şəstlə qapıçıya göstərdi və girdik Yazıçılar Evinə. İlk dəfə Oljas Süleymenovu canlı olaraq orda gördüm və Aydın məni onunla şəxsən tanış elədi. Sonra keçdik restorana. Təbii ki, Oljas bizimlə getmədi, öz əhatəsi vardı. Baxdım ki, restoranın divarları, hətta tavanı müxtəlif rəngli qələmlərlə imzalarla doludu. Soruşdum ki, Aydın, bu nədi? Dedi, burda icazə verirlər, gələn şair və yazıçılar avtoqraf qoysun divarlarına. Aydın qırmızı bir flomastr gətirtdi, bir boş yer tapdıq, mən də lotu-lotu bir avtoqraf qoydum restoranın divarlarına. Xalaoğlu istədi o da avtoqrafını qoysun, Aydın qoymadı. Dedi:
- Sən avtoqrafını ağdamlıların restoranına qoyarsan.
Təsadüfən qonşu stolda ermənilər oturmuşdu. Xalaoğlu bir az içəndən sonra başladı onlara sataşmağa. Aydın da tərbiyəli adam, dilxor olub. İncəvara, xalaoğlu onlara nə qədər söz atsa da ermənilər cavab vermədi. Gördüm Aydın bərk dilxordu, yarımçıq qalxıb restorandan çıxdıq. Aydın dedi:
- Ə, İslam, sənin yerin elə ağdamlıların restoranıdı, gəl gedək ora.
Aydın məni apardı qaldığı evə. Həmin gecə buraxmadı, qaldım Aydıngildə. İkiotaqlı bir ev idi, heç çarpayı da yox idi, açma çarpayılarda yatırdılar.
Aydının xanımı gözəl bir süfrə açdı. Gözəl bir çığırtma bişirdi. Sedeldəki də boş şey idi, elə ağdamlıların restoranındakı da.
Aydın dedi:
- Elə bilirsən çığırtmanı bircə qarabağlılar yaxşı bişirir?
Gecə yerdə yer saldıq, əslində heç səhərəcən yatmadıq, bir az da içmiş adam. Səhərəcən ədəbiyyatdan, sənətdən, Bakıdakı dostlardan, xüsusilə də Mehman Cavadoğludan danışdıq.
Sabah axşam uçmalıydım. Xalaoğlu, Aydın, mən gəldik aeroporta. Aeroportun restoranında çörək yeyirdik. Zarafatla dedim ki, əslində zarafatımda bir həqiqət də vardı, mən təyyarədən qorxuram:
- Aydın, ürəyimə damıb ki, bu təyyarə partlayacaq. Bileti qaytaraq, növbəti təyyarəyə bilet alaq.
Aydın:
- Ə, nə gic-gic danışırsan.
Bu vaxt xalaoğlu mənə dəstək verdi.
- Sən öl, düz deyirsən, bu təyyarə partlayacaq. Bileti qaytar, səhər səni maşınla aparım düz Ağdama. Özüm də çoxdandı Ağdama getmirəm.
Qış, qar-qiyamət. Aydın nə illah elədi, bileti qaytardıq. Getdik xalaoğlugilə. Xalaoğlu xanımına tapşırdı ki, səhərə yol azuqəsi düzəltsin. Sonra getdik yenə ağdamlıların restoranına. Gecə Aydını aparıb qoyduq evlərinə.
Səhər saat 6-da çıxdıq. Gördüm Aydın durub qapıda. Əlində də bir torba. Dedim, ə, bu nədi?
- Dedim həm gəlim səni yola salım, həm də peraşkiylə kotletdi.
Xalaoğlu da yaxşı maşın sürəndi ey. Düz 18 saatdan sonra Ağdamdaydıq. Bilirdim Aydının ürəyi qalıb bizim yanımızda. Evimizə getməmiş girdim poçta, Aydına telefon açdım.
- Qardaş, Ağdamdan danışıram.
Aydın:
- Səndə ağıl deyilən şey yoxdu.
Bəli, Aydınla bağlı bəlkə yüz dənə xatirəm var. Amma Aydını unutmuşam və unutmuşuq. Bəlkə də heç Aydın bizi bağışlamır. Aydın öləndən sonra mən o qapını açmamışam. Onun o gül balalarını bağrıma basmamışam. Unutmaq nə təhər olur? Amma mən də neyləyim ki, nəslimin yarısı çöllərdədi, evsiz-eşiksiz, yataqxana künclərində. Açılası qapı birdi, ikidi, beşdi, on beşdi... Bağıra basılası dost balaları birdi, beşdi, on beşdi... Amma bütün bunlar Aydını unutmağa mənə haqq vermir.
Çalışaram günahımı yuyum.
Bağışlama, Aydın bizi. Biz səni unutmuşuq, qardaş. Gərək Mehmandan soruşum, o da səni unudub, yoxsa yox?!

Aqil Abbas
Yazıçı, millət vəkili



Aydın
Səlimzadə







Qadın örpəyi

Çörəkdən irəli gözə görünər,
Qeyrət dedikləri qadın örpəyi.
Qadın dediyinə basıb andımı
Örpəyə bükülü kişi ürəyi...
Kişilər örpəyi tapdaya bilməz,
Ürəksiz qoyammaz kişi qadını.

Örpəyi qadının özündən uca,
Əmin-amanlığı düşər ayağa.
Dünyaca günahı olanlar belə,
Qadın örpəyinə gedib sadağa.

Ağıl kütləşəndə, əsəb coşanda,
Ən sərt döyüşləri yalan aşanda,
Nəfəslər təngiyib, goz qızışanda,
Sözün doğrusunu örpək deyəcək.

Ortaya atılan qadın örpəyi,
Qorqudun sazıdı, elin sözüdü,
Qadın danlağıdı, sözün düzüdü...
Yaxınlar, doğmalar, gözünüz aydın,
Günəş bəxtimizi alışdıracaq.
Natəvan başından açıb örpəyi
Dünyanı bir günə barışdıracaq.


Yay yağışı

Ağ buludlar qonaq idi günəşə,
Yaşıllıqlar ümidiydi zəminin
Lalələr də köz olmuşdu gülöyşə.

Güneylərdən cığırların yığını,
Dərələrə axıdırdı yağışı.

Yay yağışı nəğmə idi gecələr,
Bir həsrəti yaşadırdı analar -
Bu oğlanlar njyə evə gec gəlir?

Bulaq üstə gənc qızların yığımı,
Yanaqlardan axıdırdı yağışı.

Bir az dəcəl bacıların sorğusu,
Kövrəltmişdi gör kimləri, nələri.
Heç sirləri qalmamışdı, doğrusu

Yay gecəsi məhəbbətin yanğısı,
Ürəklərə axıdırdı yağışı.

Cehiz idi, əkildiyi yaz gülü
Görüş yeri pıçıltısız qalmışdı,
Şıdırğı sel bəhanəydi yay günü.

Qız evində anaların yığını,
"Vağzalı"yla oxşayırdı yağışı...
Əli Kərimə

Əli Kərim üçün ağlayan yoxdu,
Hamı şerimizə ağı deyirdi.
Göyçayın çinarlı küçələrini
Misra ağırlığı dəlib deşirdi.

On üç yaşındaydım Əli Kərimin,
Dəfninə gəlmişdim bir dağ kəndindən.
Lənət bu yaşıma... Nələr görürdüm
Gözlər sığışmırdı hədəqəsinə.

Ağır günahını yumadı dünya...
Dörd gözlə baxırdı hamı həyata
Beşikdən qəbrədək yaşanan yola
Şair olasan ki, hövsələn çata...

Bir Əli boylanır misralarından...
Dörd gözlə baxıram şeirlərimə
Əli Kərim öləli
Şeirə, şərə, günaha
İki gözlə baxmaq çətindi daha.


Yaşıdım qızlara

Biz kəndə dönürük payız ayları.
Ürək sirdaşımız, sevdiyimizlə
Çoxmu gözləmisiz biz zalımları,
Bizdən inciməyin, a kənd qızları.

Nə yaxşı çalınır bu kənd toyları,
Sümüyü oynadan kövrək "Qaytağı"
Kəndin şəhərlərdə itən oğlunu
Bir günlük olsa da geri qaytarır.

Qızlar bir "İnnabı" boy da atırlar
Bir az baxışlara naz da qatırlar.
"Şəhərdən gəlmişlər oynamır" deyə
Nənələr deyinir bir gün o ki var.

Elçilər gələrlər uzaq yerlərdən,
Xəlvəti döyülər alaqapılar.
Əlləri dəydimi elçi daşına,
Üzünə yüzlərlə qapı açılar.

Xəsislik etməyin "hə" cavabına
Bizdən ki cavablar "yox" alınıbdı
Demək, ötən payız gəlməmişiksə,
Bizim ürəyimiz oğurlanıbdı.

Yolları uzadın bütün ellərə,
Bir gün durnasınız, elə uçursuz.
Kiməsə yar-yoldaş, kiməsə gəlin,
Bütöv bir kəndəsə bacı köçürsüz.


Etiraf

Səmalar ulduza həsrət qalıbsa,
Ay bəzək olmursa daha səmaya.
Günahım o ayca, ulduzca çoxdu,
Qurtarın bəladan, qurtarın məni.

Aylı pəncərələr unudulubsa,
Kəpənək gedərsə daha dünyaya -
Kəpənək kədəri günahım boyda
Qurtarın bəladan, qurtarın məni.

Kəndi yoluxmağım belə uzaqsa,
Oğulluq etmirəm doğma anaya.
Anamın, kəndimin günahı mənim,
Qurtarın bəladan, qurtarın məni.

Arazın suyuna qarışmır kölgəm,
O qızın boyuna yaraşmır kölgəm.
Özümü unutdum... günahkar oldum,
Qurtarın bəladan, qurtarın məni.



İmza:

YAZARIN ARXİVİ

2018-06-15 : "Yeniyetmələr"
2018-06-08 : "Yeniyetmələr"
2018-06-07 : AĞDAMDA SON AZAN
2018-06-07 : DOYA BİLMİRLƏR
2018-06-07 : "Mister futbol"
2018-06-06 : Xarı bülbül
2018-06-05 : Xarı bülbül
2018-06-01 : Əkiz talelər
2018-05-31 : 25-ci
SON XƏBƏRLƏR
2018-06-18
2018-06-16
2018-06-15
2018-06-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK