adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

TALE KÜSDÜRƏNİ BİZ NİYƏ ƏZƏK?!

FƏRİDƏ RƏHİMLİ
24183 | 2018-03-10 00:17
Divardakı şəkildə pəhləvan kimi oğlan xanımının qoluna girib, hər ikisinin yanında da gələcəklərinə böyük ümid bəslədikləri balaları dayanıb - şən, qayğısız. Xoşbəxt bir ailə tablosu! Amma uzun çəkmədi bu xoşbəxtlik, özləri ilə bərabər çoxlarının köksündə bir yara açıb getdilər bu fani dünyadan.
...Gecə saat üç idi. Acı tüstüdən nəfəsinin kəsildiyini, boğazındakı göynərtini hiss edib yuxudan ayıldı. Ətrafda tüstü-dumandan heç bir şey görünmürdü. Bir anlıq anlaqsız vəziyyətdə ətrafa baxdı, sonra hövlnak yerindən sıçrayıb, yuxuda olan həyat yoldaşını oyandırdı. İlk ağıllarına gələn uşaqlar oldu. Artıq səs-küydən uşaqlar da oyanmış, tüstünün alatoranlığında qorxudan, həyəcandan alacalanmış gözlərini ümidlə atalarına dikmişdilər. Bu an onların gözündə dünyada ən güclü, hər şeyə qadir insan yalnız ataları idi. Ata başını itirmişdi. Qapıdan başlamış od oraya yaxınlaşmağa imkan vermirdi...
Əsasən Cəbrayıl və Füzuli rayonlarından olan məcburi köçkünlərin yaşadığı bu binanın tikintisi elə başlar-başlamaz yarımçıq qalmışdı. 1989-1990-cı illərdə yaradılmış kooperativlərdən birinin inşa etməli olduğu binanın zirzəmisindən başqa heç nəyi yox idi. 1993-cü ildə Bakıya axışan məcburi köçkünlərin bir hissəsi bu cür yarımçıq tikililərə sığınmağa vadar olmuşdu. Lakin o vaxtdan bəri burada heç bir kommunal xarakterli iş aparılmamış, elektrik, qaz, su xətləri kortəbii formada çəkilmişdi və heç bir təhlükəsizlik texnikası şərtlərinə cavab vermirdi. Qaçqınlar məskunlaşdıqları zirzəminin söküləcəyi, yeni evlərə köçürüləcəkləri vədlərinə inanaraq 23 ildi ki, gözləyirdilər. Tez-tez yöndəmsiz elektrik xətlərində qısaqapanmalar olur, alışır, insanlar tökülüb birtəhər söndürürdülər. O gecə isə... güclü külək əsir, qaçqınlar soyuqdan qorunmaq üçün taxtadan, kardondan, təsadüfi əllərinə keçən aliminium listlərdən evin açıq yerlərini tutduqlarından onların taqqıltısı ilə küləyin vıyıltısı bir-birinə qarışaraq vahimə yaradırdı. Burda qiyamət qopsa, kimsənin kimsədən xəbəri olmazdı.
...Çıxmaq üçün bircə yer vardı, onu da od almışdı. Nəfəs aldıqca acı tüstü ciyərlərinə dolur, huşlarını itirəcək qədər ağrı, göynərti verirdi. Üstəlik bayırdan, artıq oyanmış qonşuların da haray-həşirlə bağırmaları onların çıxa bilmək ümidlərini tamam üzmüşdü. Bunu düşünüb, ani qərarla zirzəminin bir küncündə taxtadan düzəltdikləri hamama qaçdılar. Məqsədləri özlərini suyla isladaraq yanğından qorunmaq idi. Bəlkə o vaxta qədər yanğınsöndürənlər yetişər ümidiylə... Amma gecənin bu saatında Allahın da unutduğu bu qaçqın daxmasının hamamında o qədər su nə gəzirdi... Qorxuyla, təlaşla bir-birlərinə baxdılar. Seymur bu dəqiqə dünyanın ən çarəsiz kişisiydi...
Tüstü hamamı da bürümüşdü. Artıq nəfəs almaq mümkün deyildi. Çarəsizlikdən Seymur da, Cəvahir də Fərhad, Elşad kimi bağırmağa başladılar. Dörd çarəsiz insanın ah-naləsi, çığırtısı, bağırtısı özlərini, evlərini yanğından xilas etmək təlaşında olan qonşuların bağrını dəlirdi. Amma amansız alovdan heç kəs onlara yardım edə bilmirdi, həm odun onların evinə keçməməsi üçün hər kəs öz hayında idi. Bir-iki vedrə su tapıb yanğının üstünə atanlar oldu. Amma güclü küləyin və amansız odun qarşısında bu, mənasız idi. Bu məmləkətin yanğınsöndürənləri isə yanıb külə dönmüşlərə sabunlu su vurmaq üçün gəldilər. Bu dəfə onlara külək və yöndəmsiz tikilmiş gecəqondular da "yardım edirdi". Sanki külək də bu, yurd-yuvasından qovulmuş binəvaların qəsdinə durmuşdu...

Əlacları yerdən-göydən kəsilən ata-ana balalarnı qucaqlayıb hamamda eləcə çarəsiz-çarəsiz oturdular. Hər saniyə bir il uzunluğunda idi. Dörd ürəyin çırpıntısını dördü də duyurdu... Ümid sonda ölür deyirdilər, amma onların ümidləri özlərindən əvvəl ölmüşdü...
Tüstüdən acışan gözləri ağladıqca daha da acışırdı. Cəvahirin, - Seymur, öləcəyik?- sualı Seymurun ər qürurunu, kişi mətanətini bir az da əzdi. - Qorxma, Allah kömək olar, cavabını o qədər inamsız dedi ki, sanki - Hə, ölürük, Cəvahir, bu sonumuzdu! - kimi səsləndi gəlinin qulaqlarında. Dördüncü sinifdə oxuyan Elşadı və altıncı sinifdə oxuyan Fərhadı qucaqlayaraq, qorxmayın, indi yanğınsöndürənlər gəlib, bizi xilas edəcəklər, deyərək, onların ürəklərində ümid qığılcımı yandırmağa çalışdılar. Amma uşaqlara da artıq hər şey bəlli idi. Atalarını heç belə çarəsiz, ağlayan görməmişdilər. Xilas olmalarına bir qığılcım qədər ümidləri vardısa, o qığılcımı da atalarının göz yaşı söndürdü... Seymurla Cəvahir onları bərk-bərk qucaqlayıb ikisi bir-birinə sarıldılar. Artıq özlərinin xilas olacağına ümid qalmamışdı. Düşündülər ki, özləri yansalar da, uşaqlar xilas olsunlar. Dayanma gücləri çatdığı qədər onları oddan öz bədənləri ilə qorumağa çalışırdılar. Alov onlara yaxınlaşdıqca dərilərini, ətlərini qarsan oddan göynəyən bədənləri dözülməz ağrıdan taqətdən düşsə də, balalarını buraxmır, daha sıx sarılırdılar. Artıq dəhşətli yanıqdan bayılma həddində idilər. Gözləri görə-görə yanan bədən hissələrinin qoxusu özlərini vəhşətə gətirirdi. - Bizdən keçdi Seymur, uşaqları qoruyaq!!!, - ananın son nəfəsi idi. Hər ikisinin kömürə dönmüş qollarının arasından qarsan od dəhşətdən bayılan uşaqlara da aman vermədi...
Xilasedicilər gələndə artıq qonşuları dəhşətə gətirən bağırtılar kəsilmişdi. Yanğınsöndürənlər gördükləri mənzərədən donub qalmışdılar - insan sevgisinin - ana-bala, ata-övlad, ər-arvad bağlılığının yaddaşlardan silinməyən qara heykəli hamamın küncündə tüstülənirdi!!!
...Kəndimizin qəbiristanlığında boy sırasıyla düzülmüş dörd qəbir də artdı...
Bu dəhşətli hadisə 2016-cı ildə baş vermişdi. 2016.12.06 tarixdə qəzetimizdə "Sevginin qara heykəli" adlı yazıyla bu faciəni oxucularıma çatdırmışdım. Yuxarıdakı həmin yazıdan bir parçadır.
Həmin vəhşətdən ürək ağrısı tapmış, sakitcə gözlərini onların şəklinə zilləyərək bir il "yaşayan" Əkbər müəllim də bu ağırlıqda yüklə dünyadan köçdü. Onun üçün qaçqınlıq ağrısı, yurd, torpaq həsrəti dörd günahsızın fövqündə kölgədə qalmışdı...
Seymurun anasıyla söhbət edirəm. Həyat yoldaşı dünyadan yeni köçsə də, bala dağı köhnəlməyib. Mən ağlayıb ürəyimi boşalda bilirəm bir neçə dəqiqəlik olsa da, o yazıq, dözmədi, dərdi içinə çəkib ürəyini partlatdı, - deyir. Onu qəhr edən başqa bir mövzu da var: O müdhiş hadisədən sonra tələm-tələsik orda yaşayan qaçqınları evlə təmin ediblər, amma Seymurun anası sağ olduğu halda - ailə yanıb kül olub, evi kimə verəcəkdik ki? - deyiblər. Mənə maraqlıdı, insan dərdinə, taleyinə bu qədər laqeydliklə, yumşaq desəm, bu qədər qəlbsizliklə, Allahsızlıqla necə yaşayır səlahiyyət sahibləri? Binanı özəl şirkətlər tikdiyi üçün,- dövlət verdiyi siyahıyla mənzil paylamışıq, deyirlər. Özəl şirkət sahiblərinin çoxu işə, pula sahibdirlər, bunu bilirik. Bəs ürəyə, vicdana necə?!. Savadsız dərdli qadın qonşuların istəyiylə ərazidən seçilmiş deputata kömək üçün müraciət edib, amma heç bir nəticə yoxdur. Qonşular, Seymurun anasına ev verilməzsə biz də evdən imtina edərik, çünki o ölümüylə bizə ev qazandırdı, - deyirlər. Və kömək üçün hər bir Azərbaycan vətəndaşının dərdinə şərik olan birinci ledi, vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etməsini tövsiyə edirlər. Çünki yardım üçün ona uzanan əllər heç vaxt geri boş qayıtmayıb, - deyirlər.
Ay insanlar, müsəlmanlar, Allah sizə insaf versin, onsuz da çəkə bilməyəcəyi qədər dərd yükünü tutmuş bu zavallı qadına bir az da siz dərd verməyin, sadəcə bir-iki otaqlı bir mənzil verin ki, yanmış oğlunun, gəlininin, nəvələrinin, dünyadan ürəyi qubarlı gedən həyat yoldaşının xatirəsiylə o otağın bir küncünə qısılaraq ömrünün qalan hissəsini yaşaya bilsin, bu həyatdan bezib, kaşki mən də onlarla yansaydım,- deməsin...

TƏQVİM / ARXİV