adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
10 Mart 2018 00:16
8159
MƏMLƏKƏT
A- A+

100-ə nə qaldı...

85 yaşlı "Mübariz keşikdə" qəzetinə

1933-cü il martın 9-da bahar çiçəyi kimi qarın altından çıxıb Günəşə pərvazlanan, yarpaq yeri təzəcə göyərən "Mübariz keşikdə"miz ərsəyə gələndə onun illər sonra köklü-köməcli bir ağac olacağına bəlkə də çoxları inanmamışdı. Bəlkə də 3 il, 5 il keçəndən sonra zamanın sınağından çıxmayanların cərgəsinə qoşulacağını zənn etmişdilər onun. Ancaq belə olmadı. Günü-günə, ili-ilə calayan bu qəzet 1941-1945-ci illər müharibəsinin də sınağından üzüağ çıxıb tarixdə iz qoymaq üçün çarpışanların ömür yoluna işıq oldu. Bu qəzetin səhifələrində heç kim və heç nə unudulmadı...
Sovet milisinin tarixini zənginləşdirən, ən ağır cinayətlərin üstünü peşəkarlıqla, min bir zəhmət bahasına açan Azərbaycan övladlarının adını məhz onun vasitəsilə qeyri-millətlərin nümayəndələri də gördülər və oxudular. Milli kimliyimizi, tarixi əzəmətimizi, ən ümdəsi, dilimizin şəhdini-şirəsini kiçik həcmi ilə, ancaq böyük fədakarlıqla qorudu "Mübariz keşikdə".
Müstəqilliyin ilk illəri xalqımız kimi onun da taleyində ağlı-qaralı qaldı. Aylarla işıq üzünə həsrət qaldı, çap olunmadı, hətta kimsənin belə yadına düşmədi. Xeyli müddət o da unudulmaq faciəsini ağrısını yaşadı...
Ancaq həmin gün gəldi. Bu o gün idi ki, "Bir zaman bu adda, bu nişanda bir qəzet vardı və bizim sözümüz, söhbətimiz, problemimiz, ən əsası, zəhmətimiz ondan boy verirdi" deyənlər "Mübariz keşikdə"ni yenidən gün işığına çıxardılar.
İndi o illər çox uzaqda qalıb. Əlbəttə, 85 yaşlı müdrik, eyni zamanda kövrək və həmişə cavan bir qoca ilə ötənləri bölüşmək elə də asan deyil. Və doğru deyiblər ki, həqiqət nurdu, haradan olsa, görünəcək.
"Mübariz keşikdə" Azərbaycan Polisinin dünəni, bu günü və sabahının aynasıdır. Həm də onun yaşadığı çətin və şərəfli tarixin özüdür. Diqqət yetirsək, görərik ki, DİN-in həyatında baş verənlərdən tutmuş, ölkə gündəmində maraqla izlənilən ən mühüm hadisələr onun səhifələrində əbədiləşir. Bəli, məhz əbədiləşir, çünki yazıya pozu yoxdur.
Biz demirik ki, "Mübariz keşikdə" Azərbaycan mətbuatına, jurnalistikasına korifeylər verib. Ancaq bu da həqiqətdir ki, "Mübariz keşikdə" məktəbindən keçən onlarla aydınımız, yaradıcı insan həm DİN-in, həm də ölkəmizin həyatında öz sözünü deyib.
100 yaşlı Azərbaycan Polisinin kiçik, "Asayişin keşiyində" jurnalının böyük qardaşı və bu gün bizlərin də imzasını, adını öz adının işığında qoruyub-saxlayan, həyat verən 85 yaşlı "Mübariz keşikdə" milli mətbuatımızın ağsaqqalı yaşına çatmış 2-3 qəzetindən biridir.
O, günümüzün qəhrəmanlarının tribunası, söz xəzinəsidir. Aylar, illər ötəcək, yaş üstünə yaş gələcək, "Mübariz keşikdə" də daim gəncləşən Azərbaycanla hələ çox tarixlərin söz heykəlini əbədləşdirəcək...
P.S. Bu bahar ətirli gündə DİN Mətbuat Xidmətinin bütün əməkdaşlarını, fədakar "Mübariz keşikdə"çiləri təbrik edir, onlara Söz ömrü arzulayıram...

Hafiz Təmirov,
polis mayoru

P.P.S. "Ədalət" qəzetinin kollektivi də bu təbrikə qoşulur.