adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
09 Mart 2018 15:42
11067
ƏDƏBİYYAT
A- A+

Yazıçı Varisin imza günü keçiriləcək

Bu gün, saat 17-dən 20-dək İstiqlaliyyət küçəsində yerləşən "LİBRAFF” kitab mağazasında yazıçı Varisin (Varis Yolçuyev) "Uzaqdan gələn yağış" adlı yeni romanının imza günü keçiriləcək.

"Uzaqdan gələn yağış” romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə – kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır.

Müəllif əmindir ki, yeni roman gənclərin birnəfəsə oxuyacağı kitab olacaq.

Onu da qeyd edək ki, bu ilin yanvar ayından satışda olan və artıq kifayət qədər maraq oyada bilən "Uzaqdan gələn yağış" kitabını "LIBRAFF” mağazası imza günündə xüsusi 20 faizlik endirimlə satışa çıxaracaq.

Kitab "TEAS Press” Nəşriyyatında nəşr olunub.


Müəllif haqqında

Azərbaycan yazıçısı Varis (Varis Yolçuyev) nüfuzlu Beynəlxalq Moskva Ədəbiyyat mükafatı (2016), eləcə də Azərbaycanın "Qızıl kəlmə” ali ədəbiyyat mükafatı (2011) laureatıdır. O, "New York Writer`s Annual International Conterence” sertifikatına (ABŞ), Antuan de Sent Ekzüperi (Fransa) və Slavyan Ədəbiyyat Festivalı – Adam Mitskeviç (Polşa) diplomlarına layiq görülüb. Yazıçı 2017-ci ildə "Promotion of Creative Writinq in the USA” layihəsinə üzv seçilib. 2018-ci il London mükafatının nominantıdır. Varisin yaradıcılığında Şərq və Qərb xətləri qabarıq görünür. Onun "Sonuncu ölən ümidlərdir”, "Sənə inanıram”, "Son məktub” kimi sentimental trillerləri Azərbaycan, Türkiyə və Özbəkistan kimi Şərq ölkələrində populyardırsa, "Metamorfoz”, "Yanvarın 13 günü”, "Yetmiş yeddinci gün”kimi psixoloji-fəlsəfi dramları da ABŞ, Rusiya, Bolqarıstan kimi Qərb ölkələrində sevilərək oxunur.