Faiq QİSMƏTOĞLU: ALA GÖZLÜ GÖZƏL EŞŞƏK

FAİQ QİSMƏTOĞLU
70550 | 2018-03-09 14:26
… Dünyada gözləri gözəl və özləri gözəl çox canlılar var. Məsələn, ceyranın, cüyürün, lap elə maralın gözləri çox gözəldi. Amma onların da gözlərindən gözəl bir göz var ki, onu çoxlarımız ya görmürük, ya da görüb demək istəmirik. Çünki o gözlər adama çox şey deyir və o gözlərin dərinliyində həmişə bir fağırlıq, bir yazıqlıq, bir sakitlik duyulur. Və o gözlərə baxanda adamın bəzən ürəyi para-para olur…

Bilmirəm siz fikir vermisiniz, ya yox. Uzunqulağın gözləri o qədər gözəl, o qədər mənalıdır ki, ona baxanda insanın bu zəhmətkeş heyvana yazığı gəlir. Bəlkə də bütün heyvanlar təbiət və insanlar tərəfindən mükafatlarını alıblar, bir uzunqulaqdan başqa!.. Sanki insanlar da bu uzunqulaqdan qisas almaq istəyirlər. Onu səhərdən axşama qədər işlədirlər, işlədirlər, qabağına bir çəngə ot da qoymaq istəmirlər. Hansı ki, araba ilə kənd yerində bütün günü səhərdən axşama qədər uzunqulaqla ot daşıyırlar. O yaxşı otu inəyə, camışa, danaya verirlər, ancaq uzunqulağa əlləri gəlmir. Ən yaxşı halda onun qabağına bir az saman atarlar…

Öküzü, kəli arabaya qoşanda bəzən o öküz, o kəl yorulub getmək istəmir. Hətta nə qədər şallaxlasan da səni vecinə qoymayacaq və durub baxacaq. Sən də məcbur olub onu boyunduruqdan çıxaracaqsan, buraxacaqsan, bundan sonra dincini alandan sonra yenidən boyunduruğa salacaqsan. Amma uzunqulaq belə deyil. Səhərdən axşama qədər arabaya qoşub ot daşıyırsan, yük aparırsan, bir az ona dinclik vermək istəmirsən. O dinclik istəyir, bizsə ona bunu çox görürük. Amma yenə o yayın istisində dili ağzından çıxa-çıxa otumuzu daşıyır…

Bilmirəm ona kim eşşək adını verib. Şəxsən bu ad o heyvana heç cür yaraşmır. Eşşəkdən az-çox xəbəri olan bir adam kimi demək istəyirəm ki, hər hansı uzunqulaq heç vaxt sahibini çətin vəziyyətdə qoymayıb. Yəni ona xəyanət etməyib. Bəs nəyə görə insanlar bir-birini söyəndə «eşşək» deyirlər? Hansı ki, hətta bəzi adam üç «ş» ilə eşşşək sözünü tələffüz edir. Bax, burda yenə eşşəyə qarşı ədalətsiz eləyirik!

Bizim bir müəllimimiz vardı. Allah ona rəhmət eləsin. Əvəz müəllimi deyirəm. Uzun müddət məktəb direktoru işləmişdi. Və əksər uşaqlar da onun qorxusundan kimyanı yaxşı oxuyurdular. Bəzən əsəbləşəndə Əvəz müəllim deyərdi ki, Məşdinin eşşəyi (Məşdi Məhər müəllimə deyərdi və Məhər müəllim də bizim tarix müəllimimiz idi- F.Q.) sizdən min dəfə ağıllıdı. Heç vaxt görmədim ki, Məşdinin eşşəyi çıxıb dəmiryolunun üstüylə getsin. Uzaqbaşı dəmiryolunun qırağında gəlib otlayar və ora qalxmazdı. Amma siz dəmiryolunun ortasıyla gedirsiniz, qatar da fit verir, ordan çıxmaq istəmirsiniz. Uşaqların heç birisinin qorxusundan səsi çıxmazdı. Onda daha da əsəbləşər, dəcəl və dərsini zəif oxuyan uşaqlara deyərdi ki, sizi Məşdinin eşşəyinin filan yerinə soxaram… Bax, onda o uşaqlar özünü yığışdırardı və qorxularından tir-tir əsərdilər…

Bizim kənddə rəhmətlik Yüsür kişinin eşşəyi vardı. Və mən də rəhmətlik atama dedim ki, mənə bir eşşək al, o da almadı. Dedi ki, qapıda maşın var, götür maşını hara istəyirsən ora da sür! Mənim də maşın sürməyə heç vaxt həvəsim yox idi. Ancaq bu Yüsür kişinin eşşəyindən bizim hamımızın xoşu gələrdi. O biri eşşəklərdən fərqli olaraq Yüsür kişinin eşşəyini hamı minirdi. Heç mənə növbə çatmırdı ki, bir dəfə də mən minim gedim qoyun növbəsinə...

… Əmimoğlu, rəhmətlik Tubunun oğlu Dilavər Yüsür kişinin eşşəyini daha çox minirdi. Bir dəfə də möhkəm qar yağır. Tubunun oğlu Dilavər də qoyun növbəsinə gedir. Bir də gözünü açıb görür ki, qoyunlar qarın içində başını aşağı salıb gözdən itirlər. Tez o yan-bu yanına baxır, Yüsür kişinin eşşəyini görür. Eşşəyi minib qoyunlara çatmaq istəyir. Eşşək qarı yara-yara gəlib çıxır «Selbasana», ordan da Quruçayın yaratdığı yarğana çatır. Qar da möhkəm yağır. Bu vaxt o biri uşaqlar qışqırışırlar ki, ay Dilavər, səni gördük! O da qanrılıb geri baxır, deyir ki, siz bütün günü bu eşşəyi minirsiniz, sizə bir şey deyən yoxdu. İndi bir dəfə Yüsür kişinin eşşəyini minib qoyunları axtarıram, bunu da mənə çox görürsünüz. Yaxşısı budur, gəlin mənə kömək eləyin, qoyunları tapaq. Uşaqlar da kömək eləyirlər, qoyunları gedib Quruçayın vadisində tapırlar. Eşşəyin üstündə Tubunun oğlu Dilavər bundan sonra rahatlanır və qoyun-quzunu yığıb kəndə sarı qayıdır...

Bəlkə də eşşək qədər vəfalı az heyvan ola bilər. Düzdü, at da, it də insana çox sadiqdilər. Amma eşşək heç də onlardan geri qalan deyil. Və bir də atdan yıxılanda adama bir şey olmaz, amma eşşəkdən yıxılsan gərək bir həftə sənə pəndəm qoyalar. Bizim bir dostumuz var, tovuzludu. Lətifi deyirəm. Uzun müddət bir yerdə işləmişik. O da dədəsinə yalvarır ki, mənə bir eşşək al. Dədəsi də ona bir eşşək alır, yanında da qoduğu. O da Mamırtı dağının meşələrinə gedərək orda mal-qoyun otarır. Bir dəfə də uşaqlar onun dalına düşür, meşəlikdə ilim-ilim itir, onu tapa bilmirlər…

… Bir gün də dostumuz forslanır, istədiyi qızın yanından gəlib keçəndə eşşəkdə «avtoşluq» eləmək istəyir. Eşşək də eləmir tənbəllik, qızların gözünün qabağında qaldırıb onu yerə çırpır. Hər tərəfi əzilir, utana-utana üst-başını çırpır və onların yanından uzaqlaşır. Bir müddətdən sonra isə dostumuz tay eşşəyi minmir. Bu dəfə dədəsi ona velosiped alır. Yenə velosipedlə o qızların yanından gəlib keçmək istəyəndə «avtoşluq» eləyir, velosiped gedib düşür kolluğun içərsinə. Qızlar da ona baxıb o ki, var gülürlər. Dostumuzun eşşək sarıdan bəxti gətirməsə də, heç velosiped sarıdan da bəxti gətirmir...
Deyirlər ki, Həmədan eşşəkləri çox yaxşı eşşəklərdi. Vallah, heç bizim eşşəklər də o Həmədan eşşəklərindən geri qalan deyil. İstəyir Qarabağ eşşəyi olsun, istəyir Naxçıvan eşşəyi, istəyir Quba eşşəyi, istəyir Lənkəran eşşəyi. Fərqi yoxdu, elə eşşək eşşəkdi. Yəni o eşşəklər həmişə sahiblərinə çox sədaqətli olublar. Amma biz eşşəklərə bu gün də zülm eləyirik. Hətta hüquqlarını belə tapdalayırıq. Qışın oğlan çağında, yayın göydən od tökən vaxtında onlara rəhmimiz gəlmir. Düşünmürük ki, balam, bu eşşəklər də yazıqdı, onları da Allah yaradıb. Heç olmasa hərdən bir onların da qabağına yoncadan, yaxşı otdan ataq. Axı bu yazıq eşşək nə vaxta qədər saman yeyəcək. O işləyəcək, o biri heyvanlar isə kef eləyəcək?!

Yenə burda yadıma çox sevdiyim və istedadlı şair Ramiz Rövşənin «Gözü yaşlı yorğun eşşək» şeirindən iki bənd düşür:

… Sən belə fağır olanda,
Yükün lap ağır olanda,
Kürəyin yağır olanda,
Ümid palana qalacaq.

Bu palan zalımdı, zalım!..
Səni hər an zora salıb,
Axır bir gün yola salıb,
Səndən balana qalacaq…





TƏQVİM / ARXİV