ANA SƏHİFƏ / İDMAN

Fariz Yusifov ölümdən döndüyü anı yada saldı

“Hakimlik illərimi aldı, saçlarımı tez ağartdı”

6278    |   2018-03-09 12:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1990-cı illərdən qalan bir hakim var idi, o da karyerasını başa vurdu. Fariz Yusifov bəyəndiyim, hörmət etdiyim hakimlərdən olub. Təkcə ona görə yox ki, özünəməxsus xarakter sahibidi, futbolçulara qarşısında "at oynatmağa” imkan verməzdi, əsl hakim görkəmi vardı. Bir neçə dəfə yol yoldaşlığımız olmuşdu və bu şəxsin insani keyfiyyətləri, savadı diqqətimi çəkmişdi. Böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran Yusifov həmkarlarından həm də danışıq qabiliyyəti ilə seçilirdi. Hansısa söz-söhbətli oyundan sonra gizləndiyini, telefona cavab vermədiyini, açığı, xatırlamıram. Jurnalistlərə hədsiz hörmətinin nəticəsiydi ki, istənilən suala dolğun cavab verərdi, ətraflı izahdan çəkinməzdi. Dediklərini redaktə etməyə də ehtiyac yox idi. O dərəcədə mükəmməl danışırdı.

Futbolpress.az saytına açıqlama verən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Fariz Yusifovun şəxsi istəyi ilə karyerasını bitirdiyini elan etdiyini oxuyanda, ilk sualı özümə verdim: Fariz bəylə vida müsahibəsi üçün qəzetin bir səhifəsi kifayət edəcəkmi? Bu, özümə verdiyim sual idi, qalan sualları isə yaşlı hakimlər arasında "sonuncu mogikan”a ünvanlamalı oldum.

"Beynəlxalq oyunlarda möhürümü vura bilmədim”

- Xaqani Məmmədov hakimlik karyeranızın başa çatması haqda məlumat verib.

- Təxmini elə bir şeydi.

- Qərar vermisiz?

- Bəli, vermişəm. Polis Akademiyasındakı işlərimin çoxluğuyla bağlı hakimlikdən getmək istədiyimi bildirdim. İnanın, işim o qədər ağırdı ki... 160 nəfərlik şəxsi heyətin rəhbəriyəm. Günün 17-18, bəzən 20 saatını işdə keçirməli oluram. Çox yoruluram, çox. Ona görə də təyinat verilməməsi ilə bağlı xahiş etdim.

- Oyunlar şənbə və bazar günləri keçirilir axı.

- Şənbə lap ağır gündü, heç cür alınmır. Bazar günü guya istirahət günüdü, onda da günün birinci yarısını işdə oluram. Gələcəyin zabitlərini yetişdiririk, bir qədər diqqətli olmalıyıq, daha çox çalışmalıyıq.

- Belə çıxır ki, sənəti hobbidən üstün tutduz.

- (dərindən ah çəkir) Futbolçu karyeramı da 24 yaşında başa vurmuşdum. Nəyə görə? Ali təhsil almaq üçün sənədlərimi Polis Akademiyasına vermişdim. Sınaqdan üzüağ çıxdım. O vaxt da qarşıma şərt qoyulmuşdu: ya sənəti seçməlisən, ya da futbol oynamalısan. Dövlət qulluqçusu kimi işə daxil oldum, "Polis Akademiyası” komandasında 3 il futbol oynadım. Hüquqşünas olmaq üçün karyeramı 24 yaşımda bitirməli oldum.

- Hakimliklə vidalaşmaq bir ərizə yazıb getmək qədər asandı?

- Mən futbolla vidalaşmıram. Sadəcə, hakimlik karyeramı başa vururam. İnşallah, müəyyən vaxtdan sonra Hakim-İnspektorlar Komitəsinə müraciət edəcəm. Gələcək üçün nəzərdə tutulan müəyyən planlarım var. Bəlkə də bilik və təcrübəm gənc hakimlərin yetişməsində rol oynaya bilər.

- Razı gedirsiz?

- Azərbaycanda etdiyim hakimliyə siz, azarkeşlər, insanlar qiymət verə bilər. Fikrimcə, bacardığımın ən yaxşısını etməyə çalışdım. Amma eyni sözləri Avropa haqda deyə bilməyəcəm. Təəssüf edirəm ki, beynəlxalq oyunlarda möhürümü vura bilmədim.

"Nə əzablar çəkib, stresslər keçirmişəm, bunu ancaq özüm bilirəm”

- Polis Akademiyasında yaş limiti var?

- "Polis haqqında qanun”da göstərilmiş yaş limitinə görə 55 yaşına qədər çalışa bilərəm. Hazırda 47 yaşındayam, daha bir neçə il var.

- Ondan sonra da hakim-inspektorluq edərsiz yəqin.

- Qismətdi, görək nə olur. İndidən nəsə demək çətindi.

- Futbol, hakimlik sizə nə verdi?

- İlk növbədə sağlamlıq verdi. 47 yaşım var və indiyə qədər sağlamlıqdan əziyyət çəkməmişəm. Daha sonra geniş kütlə arasında tanınmağımda rol oynadı. Polis sahəsi öz yerində, amma idmanda daha çox tanınırsan. Futbolçu olanda yox, hakimliklə xeyli tanındım. Futbol həm də ali məktəbin qapısını üzümə açdı. Futbolun sayəsində bu gün hüquqşünas kimi çalışıram. 1995-ci ilin əvvəllərində "Polis Akademiya”sına cəlb olunmasaydım, hər şey fərqli ola bilərdi. Məhz bu komandada oynamaqla indiki sənətə yiyələndim. Futbol dünyagörüşümü artırdı. Neçə-neçə xarici ölkədə oldum və hər səfərimdən yeni nəsə öyrənirdim. Sizi inandırım, vaxtilə həmin ölkələrdə görüb-bildiklərim, eşitdiklərim hazırkı vəzifəmi icra etməkdə mənə çox kömək edir.

- Bəs nə aldı sizdən?

- Maraqlı sualdı (gülür və düşünür). Hakimlik illərimi aldı, saçlarımı tez ağartdı.

- Niyə?

- Özünüz də şahidsiz ki, son 10 ildə ölkədə derbi oyunlar, ən məsuliyyətli qarşılaşmalar mənə həvalə olunurdu. Həmin qarşılaşmalardan sonra nə əzablar çəkib, stresslər keçirmişəm, bunu ancaq özüm bilirəm. Elə oyunlar olub ki, onun mənəvi yorğunluğu bir həftə canımdan çıxmayıb, günlərlə özümə gəlməmişəm. Elə matçlar da olub ki, bir sutkadan sonra bərpa olunmuşam.

- İdarə etdiyiniz ilk oyun yadınıza gəlir?

- Mənim yaddaşım güclüdü, üstəlik, dəftərçəmdə özüm üçün qeydlər aparıram. Karyeramla bağlı istənilən fakt orda əksini tapıb. İlk dəfə əynimə hakim formasını geyməyim qeyri-rəsmi oyuna təsadüf etmişdi. 1998-ci il avqustun 13-də o vaxtkı adı OİK (indiki MOİK) olan komanda U-21 millisi ilə yoldaşlıq görüşünə çıxmışdı. Oyun OİK-in stadionunda baş tutmuşdu. Rəsmi görüş isə Tofiq Bəhramov adına Respublika stadionunda olub. 2004-cü il avqustun 11-i idi, "Neftçi” "Şəmkir”i qəbul edirdi. İndiyə kimi yadımdadı, meydan sahibləri oyunun son dəqiqələrində Mahmud Qurbanovun vurduğu qol sayəsində qələbə qazanmışdı. Olduqca ağır oyun olmuşdu. Hətta bu qarşılaşmaya təyinatı belə mübahisəli olmuşdu. Heç kim yükün altına girmək istəmirdi. Mən girdim və etimadı doğrultdum. Ondan sonra belə oyunlar alnıma yazıldı (gülür).

"Həmin oyundan sonra heç kim mənə dəstək olmadı”

- Heç şübhəsiz, karyeranızda xüsusi iz buraxmış oyunlar var.

- Əlbəttə, var. Amma mənə ən çox təsir edən "Azərsun Arena”nın açılış matçından - "Qarabağ” – "Neftçi” qarşılaşmasından sonra yaşananlar idi. O oyunu ömrüm boyunca unutmayacam. Matçın sonlarında "Neftçi”nin qapısına təyin etdiyim haqlı penaltiyə klub rəhbərliyi etiraz etmişdi. Məni haqsız çıxarmaq istəyirdilər. Qarşılaşmadan sonra deyilənlər, yazılanlar mənə çox pis təsir etmişdi. Həmin oyundan sonra heç kim mənə dəstək olmadı.

- Nümunəvi, asan dil tapdığınız futbolçu kimi kimin adını qeyd edə bilərsiz?

- Emin Quliyev vardı, hər kəsin yadında olar. Daha çox intizamsızlıqla yadda qalırdı. Çox emosional və aqressiv idi. Hansısa qayda pozuntusuna görə fit çalanda, Emin Quliyevi qarşımda soyuqqanlı görərdim. Bu cəhətini bəyənirdim. Emosional olasan, amma hakimin fiti qarşısında susasan. Qəribədi, deyilmi? Bəlkə də mənə qarşı eləydi, bilmirəm.

- Bəs görmək istəmədiyiniz futbolçu? Yaxud sizi tez-tez özündən çıxaran?

- Bu yanaşma düzgün deyil. Hakimsənsə, "filan futbolçunu görməyə gözüm yoxdu” deyə bilməzsən. Belə hal olmamalıdı. Nifrət hissi varsa, istər-istəməz meydandakı işinə təsir edəcək.

- O zaman sizi özündən çıxaran futbolçunun adını çəkin.

- Problem yaradan futbolçular olub, amma onların adını çəkmək istəmirəm. Gənc hakimlərimiz var, kiminsə adını çəkməyim onlara ziyan ola bilər, hakimlərimizə kin yaranar. İcazə verin, bu sual qarşısında susum.

- Belə müsahibədə susmaq olmaz...

- Bir-birimizə olan hörməti nəzərə alıb, susmaq istəyirəm.

- Təsəvvür edin, sizi o qədər əsəbləşdirirlər ki, qarşınızdakını şil-küt etmək həddinə çatırsız. Meydanda belə an olub?

- (gülür) Yox-yox, ola da bilməzdi. Yəqin ki, xarici oyunlarda görmüsüz, "yutub”da fraqmentlər var. Hakim özünü saxlaya bilmir və futbolçuya əl atır, təpik vurur. Bu heç bir halda hakimlik adına yaraşa bilməz.

- Bəs kimsə sizi meydanda vursaydı, artıq hərəkət etsəydi, cavabını eyni şəkildə verməzdiz?

- Artıq hərəkətin cavabı qırmızı vərəqədi. Göstərirsən, vəssalam. Çünki bizim adımız hakimdi.

- Bu və buna bənzər hallar olmayıb?

- Toxunanlar olub, bir baxışla başa salmışam, uzaqlaşıb. Karyeram boyunca kiminsə mənə əl qaldırmasına imkan verməmişəm.

"Həmin şəxlər mənə yaxınlaşmağa cürət etmirdilər”

- Futbolçular sizdən çəkinirdilər, yoxsa hörmət edirdilər?

- Hər şey qarşılıqlı münasibətdən irəli gəlir. Futbolçu görəndə ki, qarşısındakı hakim işini biləndi, o da öz işini bilir. Bu yaxınlarda Region Liqasında oynayan futbolçu hakimə əl qaldırıb. Dünən həmin futbolçunun müsahibəsini oxuyuram. Deyir ki, hakim oyunboyu əsəblərimizi tarıma çəkdi, mən də ona əl qaldırdım. Dediklərini oxudum, mənə təsir elədi. Necə yəni hakim əsəblərimlə oynadı? Oyun ərzində futbolçuları bu qədər qıcıqlandırmaq olmaz. Mənim futbolçularla münasibətim qarşılıqlı olub deyə hər zaman qəbul ediblər.

- 20 ildi hakimlikdəsiz. İndini nəzərədə tutmuram, siz hakimliyə başlayan dönəmlərdən təxminən 5 il əvvələ kimi hakimlərə rüşvət təklif etmək dəb halını almışdı. Açıq bazar idi. Heç şübhəsiz, siz də belə hallarla rastlaşmısız. Kimlərinsə görüm-baxım təklifini nəzərdə tuturam. Maraqlıdı, cavabınız nə olub?

- Həmin şəxlər mənə yaxınlaşmağa cürət etmirdilər. O ki qalmışdı rüşvət təklif etsinlər.

- Müxtəlif vasitələrlə də ismarıc göndərməyiblər?

- Mənim telefonuma kimsə mesaj göndərə bilməz. Başqa adamın özü də yaxınlaşa bilməzdi.

- Heç bir dəfə də olmayıb?

- Açığı, yadıma gəlmir.

- İndiki hakimlərin arasında ikinci Fariz Yusifovu görürsüz?

- Xarakter baxımından söz deməkdə çətinlik çəkərəm. Təəssüf ki, gənc hakimlərin əsas problemi xarakterin göstərilməsindədi. Halbuki hakimin əsas üstünlüyü xarakterində olmalıdı. Meydandakı idarəçiliyə qalanda, bəyəndiklərim var. Rəhim Həsənovdu, o gün "Sumqayıt” – "Qarabağ” matçında iş başında gördüyüm Rəvan Həmzəzadəni qeyd edə bilərəm. Rəvana kömək etsək, qarşıdakı 15-20 ildə bu yükü çiyinlərində daşıya bilər.

- Hakimlik etdiyiniz dövrdə başınıza gələn maraqlı, gülməli, yaxud acı hadisəylə bağlı xatirənizi eşitmək maraqlı olar. Azərbaycanda, yaxud xaricdə - fərq etməz.

- Olduqca acı bir hadisəni nəql edəcəm. Neçənci il idi, yadımda deyil, heç yadımda qalmasını da istəmirəm. Lənkərandan qayıdırdıq, "Xəzər Lənkəran” – "Neftçi” oyunundan. Qarşılaşma 0:0 başa çatmışdı. Rayonlara briqada şəklində gedirdik və bunun üçün bizə mikroavtobus ayrılırdı. Məndə də adətdi, gecə harasa gedəndə, yaxud qayıdanda, sürücünün yanında otururam. İnsandı, yorula, yaxud darıxa bilər, gözünü yuxu aparar. Deməli, Lənkərandan Bakıya qayıdırdıq, Salyan yolundayıq, maşının sürəti də saatda 100 km/saat olardı. Sürücünün adı da Nəsimiydi. Baxdım ki, Nəsimi maqnitofonla əlləşir, nəyisə düzəltmək istəyir. Bir neçə dəfə desəm də, xeyri olmadı. Allaha and olsun, sanki nəsə hiss etmişdim. Bir də baxdım ki, yolun düz ortasında böyük at dayanıb. Bəlkə də bu yaşıma qədər o boyda at görməmişdim. "Ay Nəsimi” deyib qışqıranda, Nəsiminin bir saniyənin içində maşını atdan necə qaçırtması Allahın möcüzəsiydi. Əsas yoldan "qruntavoy”a çıxdıq, maşın bir neçə dəfə fırlanıb dayandı. At olan yerdən maşın dayanan yerə qədər hardasa 70-80, bəlkə də 100 metr məsafəni maşın sürüşə-sürüşə getdi. Maşın dayanandan sonra hamımız şokdaydıq, hamı donmuş vəziyyətdə bir-birinə baxırdı. Təsəvvür edin, maşının əyləc sisteminin detalları yox vəziyyətinə çatmışdı. O vəziyyətdə də birtəhər Bakıya çatdıq. Necə çatmışıq, yadımda deyil. Bir onu bilirəm ki, hadisə baş verəndə gecə saat 2-yə 20 dəqiqə işləyirdi. Sizi inandırım, Allah bizi saxladı. Özü də hamısı tanınmış hakimlər idi. Məndən başqa Vüsal Əliyev, Elman Musayev, Azər Əsgərov, Ramiz Məhərrəmov idi. Sürücü cəldlik göstərməsəydi, o sürətlə gedən maşından heç kim sağ çıxmayacaqdı.


İmza:
SON XƏBƏRLƏR
2018-06-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK