ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Sözünə hörmət etmək, özünə ən böyük hörmətdir…

16824    |   2018-03-09 12:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Söz İlahi işarədir.Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir.Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir."Söz adamı” layihəsinin növbəti qonağı şairə Nuranə Nurdur.

- Sözlə, ədəbi mühitlə tanışlığınız hansı dövrə təsadüf edir?

Yəqin ki, sözlə tanışlığım adımı anamın dilində, laylalarında eşitdiyim günlərə təsadüf edir.Ədəbi mühitlə tanışlığım "Sözün sehri” və "Pərvanə” ədəbi birliyində yarandı.Yeni əsrin ilk illərindən mətbuatda mütamadi olaraq çap olundum, ədəbi mühütə daxil oldum. Qısqanclıqlarla qarşılaşdım , bəzən yazdıqlarımı gizlətmək, mühiti tərk etmək istədim. Uğurlarım olduqca düşmənlərim artdı.

İlk qələmə aldığınız şeirlərdə hansısa bir şairin yaradıcılığından təsirlər olubmu?

- İlk şeirlərimi yazdığım, daha doğrusu qoşduğum məqamlarda hərfləri tanımırdım.Aydındır ki, siz daha sonrakı şeirlərim barəsində soruşursunuz. Təbii ki, ola bilər və olub. Məşhur şairlərin məşhur şeirlərindən təsirləndiyim məqamlar olurdu.Amma bir şeyi dərk edirdim ki, şeirlərimdə özüm olmalıyam.Oxuduqlarım, bildiklərim təsir etsə də, onları təkrarlamamağa çalışırdım.Bir müddət yazandan sonra özüm özümü təkrarlamaqdan qorxurdum.Açıq qapıları döymək ancaq etik davranışlara görə lazımdır.Bağlı qapıların arxası daha maraqlıdır.Hamının baxdığı şeyə sən təkcə baxmırsan, həm də görürsənsə yazmağa dəyər. Ən təhlükəlisi odur ki, mütaliəsiz adam ancaq yazmaqla məşğuldur.

- Bir şairin yaradıcılıq uğurunun əsasında hansı amillər dayanır?

İstedad və zəhmət uğurun açarıdır. Güclü müşahidə qabiliyyəti, maraqlı yazı üslubu , həyatı mövzulara müraciət yaradıcılıqda mühüm ştrixlərdir. Uğurun əsasında dayanan ən real amil isə təqdimat və təbliğatdır.

Necə düşünürsünüz şeirin bu günki durumu və oxucu auditoruyası hansı vəziyyətdədir?

Bizim oxucularımızı seçmək şansımız yoxdur.Amma yetişdirmək imkanlarımız var. Hər dövrün öz qanunları, öz yaşam tərzi, öz dəbi, öz düşüncə trayektoriyası var. Demək ki, həm də öz şeiri var. Şeirin bu günkü durumu təbəqələrə görə dəyişir. Adi oxucunu yox, ali oxucunu qane edəcək səviyyədə şeirlər azdır. Tamada janrı və kütləvi məhəbbət şeirlərini nəzərə almasaq ümumi mənzərə maraqlıdır.Şeir zamanı ilə zamanın şeiri arasında get- gəldəyik.

Yeni kitab çapı gözlənilirmi?

Yeni kitab dünyaya gəlməyə gecikir .Artıq dörd ildir ki, abituriyent övladlarım repetitor müəllimlərlə hazırlaşdığı üçün kitab çıxartmağa imkan olmur.Onların təhsilinə yatırdığımız sərmayənin daha mühüm olduğunu düşünürəm. –

Bir sıra mətbu orqanlarında şeirləriniz dərc olunur.Buna görə qonorar alırsınızmı?Ümumiyyətlə, qonorar işi necə təşkil olunmalıdır ki, söz adamı bundan razı qala bilsin?

Bəli , qonarar aldığım mətbu orqanları var. Təbii ki, hamısına aid deyil .Qonarar isə qənaətbəxş deyil. Söz adamını razı salmaq asan iş deyil. Təşkilatçılıq işlərində isə demək olar ki, səriştəm yoxdur .

"Söz adamı” olmaq nə deməkdir?

Sözə əsir olmaqdır -söz adamı olmaq.Dünyanın ən uzun yolu ürəkdən barmaqlara qədər gələn yoldur.Söz vasitəsilə biz digər insanlara təsir edə bilirik. Sözü anlatmaq da, anlamaq da istedad tələb edir .Söz adamının qüdrəti və gələcəyə ən etibarlı əmanəti yazdıqlarıdır.Xoş o söz adamının halına ki, sözü özündən çox yaşaya.

Niyə müasir dövr ədəbi nəslin nümayəndələri özlərindən əvvəlki dövr ədəbi nəslini bəyənmir?Bu inkarı inkar qanunudur ya necə?

Bu tendensiya həmişə olub və olacaq.Təkcə ədəbiyyatda deyil, adi həyat təcrübəsində də hər zaman rast gəlinən prinsipdir.Övladlar valideynlərindən daha çox bildiklərini güman edirlər və adətən bu belə olur.Biz həmişə valideynlərimizdən keçmiş zamanlarda hər şeyin daha yaxşı olduğunu eşidirik, onlar da öz valideynlərindən belə eşidiblər.Biz də öz övladlarımıza belə deyirik. Bütün zamanlarda gənclik üçün hər şey indi , yaşlı nəsil üçün keçmişdə yaxşıdır. Və bu həmişə təkrarlanır, indiki yaxşı keçmişdə qalır. Bəli,inkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar inkar, varislik və inkişafdır. Dolayısı ilə köhnəliyin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən umumi qanundur.Yeni nəsil yeni dövrə yeni düşüncələr gətirir.Əslində isə həmin düşüncələr qəbul etmədikləri köhnəliyin yeni formasıdır.Yəni , yenilik -yaxşıca unudulmuş köhnəlikdir.

- Heç "söz adamı” olmağınıza görə peşman olmusunuz?

- Yox hələ ki , olmamışam. Amma bilmirəm gələcəkdə necə düşünəcəm.Bu günüm gələcəyimin keçmişidir. Bilsəm ki, neçə yaş ömür sürəcəm, təxmini hesablayıb deyə bilərdim ki, hansı yaşımda peşman ola bilərəm. Onsuz da "söz adamı” da , digər peşə adamları da həmişə söz- söhbətin qurbanlarıdır . Sözün ən yaxşı mənasında belə, sözdən qaçmaq qeyri - mümkündür.

- Bir qadın yazar üçün cəmiyyətdə baş verən hadisələri qələmə almaq nə dərəcədə çətindir?

Son dərəcə çətindir.Qadın olmaq qədər çətindir. Hələ, bir də söhbət ailəli qadından gedirsə , bu məsələ daha qəlizdir. Cəmiyyətimizdə qadınların söz azadlığının ailədə nə dərəcədə boğulduğu nəzərə alsaq , təbii ki, ədəbiyyatda da çox fərqli mənzərə ilə qarşılaşa bilmərik. Hər hansı bir hadisəyə səmimi münasibət bildirmək istəyəndə xatırlayırsan ki, atan, qardaşın, yoldaşın, oğlun var. Biz qadınlar nələrisə və ya kimlərisə itirmək naminə azadlığı istəmirik.Nəticədə ailəyə sədaqətimizlə ədəbiyyata xəyanət edirik. Əslində ədəbiyyat çılpaq hisslərin sərgisidir .Lakin və həm də əsl ədəbiyyat bu hissləri kübar qiyafədə təqdim etməyi bacarmaqdır.

Siz həm də anasınız.İstərdinizmi övladlarınız da "söz adamı” olsun?

Söz adamı olmaq peşə seçimi deyil, istedaddır.Övladlarım başqa peşəni seçiblər, amma yazmaq istəsələr yalnız kömək edərəm.Təbii ki, söhbət mənəvi köməkdən gedir. Onsuz da bayaq dediyim kimi , övladlarımız özlərini bizdən daha istedadlı hiss edirlər və bu adətən belə olur. - Kitab işində dəmüəyyən qədər sözün yaxşı mənasında irəliləyiş var.

Necə düşünürsünüz müasir texnikanın inkişafı kitab sənayesini nə vaxtsa unutduracaqmı?

Kitab bizə nə qədər doğma olsa da, nə qədər onu təbliğ etsək də, təəssüf ki, müəyyən vaxtdan sonra sıradan çıxacaq. Bunun qarşısını ən çox 100-150 ilalmaq mümkündür. Texnikanın inkişafı bizə kitabın başqa formalarını təqdim edir. Yanımızda 5-10 kitabdan artıq gəzdirə bilmədiyimiz halda , planşetimizdə bir kitabxana kitabı gəzdirə bilirik. "Sehirli xalat” filmində Rəşidin gələcəkdən gətirdiyi kitabları xatırlayırsız yəqin. Əlini üstünə sürtür , hərflər görünür. O dövrdə bundan artıq orijinal kəşf düşüncəsi ola bilməzdi. Lakin, filmin tarixi yaxın keçmiş olmasına baxmayaraq, ordakı gələcək bizə çox bəsit gəlir.

-Kimləri mütaliə edirsiniz? Gənc yazarlardan istedadı görüb, qiymətləndirdiyiniz imzalar varmı?

Rastıma kim çıxsa oxuyuram. Bəyənmədiyim müəllifi bəzən ikincıi dəfə də oxuyuram, yenə bəyənmirəmsə yenidən oxumağı vaxt itkisi hesab edirəm.Bəli istedadlı gənclər çoxdur, tədbirlərdə tanışlıqlar olur.Yazarla tanışlıqdan çox mətnlə tanışlıq daha önəmlidir. Redaktorlarla tanış edib, çap olunmasına vəsilə olduğum gənclər çox olub. Vaxtı ilə mənə olunan köməyi mən də gənclərə etməyə çalışıram. Adlar çəkmirəm, bu müsahibəni oxuyub özünü tanıyanlara salam olsun.

- Hansı şeirinizi oxucular üçün paylaşmaq istərdiniz?

- Hazırda ruhuma ən yaxın şeir oğluma yazdığım şeirdir. Allah bütün əsgər balalarımızı qorusun, Emin balam da onların içində.

Oğlum, bəlkə darıxmağın
Həddini çoxdan aşmışam.
Səni üşütməsin deyə,
Bu il qışla dostlaşmışam.

Sevmədiyin yeməkləri
Bişirirəm sən gedəndən.
Gedən gün yemək yeyəndə,
Tikəni saldın əlindən.

O tikəni yeyib doydum,
İl yarım sonra acaram.
Darıxmaq orucu tutdum,
Sənin qoxunla açaram.

Sən olanda evdə hər şey,
Qarışardı bir-birinə.
İtirdiyin əşyaları,
Tapıb qoymuşam yerinə.

Sənin paltarların mənə
Deyirlər, yaman yaraşır.
Zəngini gözlədiyim an,
Fikrim o dağları aşır.

İgid oğlum, Vətən sənin
Sən Vətənin əmanəti.
Bu bir şeir deyil, balam
Bu bir qürur əlaməti.

Səni gətirən yollara
Mən baxıram, sən heç baxma.
İkimizin yerinə də ,
Darıxaram , sən darıxma.

- Ədəbi mükafatlara münasibətiniz...

Hələ ki, münasibətim münasibətsizdir.Nə vaxtsa layiq görülsəm etiraz etmərəm.Yetər ki, özüm utanmayım o mükafatdan.Kimsə deməsin ki, ondan da çox layiq olan kənarda qaldı.Diplomlarım var, amma onları bir oxucunun zərif hisslərinə toxunmağa dəyişmərəm. Yaxşı həkimin otağının divarlarında asılan diplomlara ehtiyacı olmadığı kimi...

Dünya ədəbiyaytından oxumağa vacib bildiyiniz əsərlər...

Cek London " Həyat eşqi " , Patrik Züskind " Ətriyyatçı” , Qabriel Markes "Yüz ilin tənhalığı” , Ernest Hemenquey "Qoca və dəniz” , F.M. Dostoyevski " Cinayət və Cəza”.

Son olaraq "söz” haqqında sözünüz...

Söz... Təkcə müqəddəs hesab etdiyimiz nəsnə deyil ki... Alqış da, qarğış da, qeybət də, söyüş də sözdür.Əsas olan sözü kimin harda və necə işlətməsidir.Bəstəkarlar səslə, heykəltəraşlar gillə, rəssamlar rənglərlə işləyir. Bizim iş alətimiz isə sözdür. Hansı ki, bütün insanlar istifadə etsə də, onunla ancaq biz işləyə bilirik. Sözü də qənaətlə işlətmək gərək .Həm yazıda, həm danışanda sözlərə darısqallıq, fikirlərə genişlik vermək lazımdır.Az bilib çox danışmaq yoxsul adamın bədxərclik etməyinə bənzəyir. Sözünə hörmət etmək, özünə ən böyük hörmətdir.


Söhbətləşdi: Tural Cəfərli




İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK