adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Mart 2018 00:29
14058
ƏDƏBİYYAT
A- A+

75 yaşın astanasında

Hüseyn
Əsgərov
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

(əvvəli ötən sayımızda)

Bayram İsgəndərli cəmiyyətdə olan sosial bərabərsizliyi qələmə aldığı "Duman gəl get bu üzlərdən, bu gözlərdən" mənsur şeirində açıqlayır. Cəmiyyətdə kasıb və varlı təbəqələr arasındakı ziddiyyətləri açıqlayan müəllif yazır: "Qəssab, baltanı yavaş vur, ət satdığını kasıb görər, ala bilməyib kədərlənər. Yağsatan, tərəzinin gözlərini astaca tərpət. Kasıbın könlündən yağ yemək keçər, nə ilə alacaq? Dövlətli, pullarını gizlində say. Kasıbın könlündən "mənim də pulum olsun" fikri keçər. Birdən əlini pula uzadar, sənsə əllərindən vurarsan..."
B. İsgəndərlinin lirik xarakterli, çox da böyük olmayan "Qərar tutub ürəyimdə..." mənsur şeirində insan qəlbinə hakim olmuş məhəbbətin bölünə bilməyəcəyinə baxmayaraq, onların müxtəlif olması amili qabardılır. Ürəyində "günəş kimi odlu məhəbbət" gəzdirən qəhrəmanın bu istəyi ikinci yarısına aiddir: "O, sənin istəyin, sənin sevgindir, əzizim. Sənin. Ürək boyda dünyamda qərar tutub, məskən salıb bu sevgi." Daha sonra yazıçı bu sevgi dünyasında başqa bir sevgi olduğu amilini vurğulayır: "Bu dünyada bir məhəbbət də özünə sığınacaq tapıb. Ürkək-ürkək. Bənövşə tək zərif, titrəkdir bu məhəbbət. Dünyaya gələn əziz oğlumuzun məhəbbətidir bu. Ürəyindən qopub, ürəyimə dolub". Qələmə alınmış mənsur şeirdə maraqlı məqamlardan biri də lakonik şəkildə məhəbbətin sayının çoxalacağı amilinə nəzər salınmasıdır: "Haçansa qəlbimdə üçüncü bir məhəbbəti yaşadacam. Sonra..." Bu mənsur şeirdə lirik subyektiv qiymətləndirmə və ritmik intonasiyalı struktur özünü göstərir.
Anaya sevgi mövzusu ədəbiyyatda xüsusi yer tutmaqdadır. Bayram
İsgəndərlinin sənətkarlıq nöqteyi-nəzərindən diqqəti cəlb edən "Mənim anam" mənsur şeirində təhsil almaq üçün doğma obasından ayrılan gəncin keçirdiyi iztirablarla yanaşı doğma anasını Kəpəzə, Savalana bənzətməsi, anaya yüksək münasibət və dərin hörmətini əks etdirməsi ilə diqqəti cəlb edir. Müəllif "Mənim anam" mənsur şeirində iki surət yaratmağa nail ola bilmişdir. Biri şairin daxili duyğu və hisslərini əks etdirməyə qadir olan lirik qəhrəman və övladını sonsuz məhəbbətlə sevən ana obrazıdır. Anasından xoş sözlər eşitmək arzusunda olan lirik qəhrəmanın istəyi insanı düşündürməyə vadar edir: "İstəyirdim nəfəsini-süd ətirli nəfəsini udam, udam. İstəyirdim hamı susa. Təkcə sən danışasan. Sən. Amma danışmırdın, vüqarla dayanmışdın. Kəpəzim kimi, Savalanım kimi." Lirik qəhrəmanın bu dedikləri hər bir kəsin öz anasına ünvanladığı ürək sözlərin ümumiləşdirilmiş forması kimi müəllif tərəfindən təqdim edilmişdir. Həcmcə qısa olan bu mənsur şeirdə Ana obrazı tam şəkildə canlandırılmış, anaya olan sonsuz ehtiram və məhəbbət əksini tapmışdır. Ayrılıq məqamı gələndə ananın "Möhkəm ol, mənim balam. Möhkəm ol!" fikirlərində oğlunun həyatın bütün sınaqlarına sinə gəlməsini arzu edən ananın istəyi əksini tapmaqla yanaşı, B. İsgəndərli tərəfindən ananın obrazı bütün anaların prototipi kimi çıxış edir.
B.İsgəndərlinin ötən il qələmə aldığı "Bəxti gətirən Məhəmməd" hekayəsi nəvəsinə və dünyanın bütün uşaqlarına həsr edilib. Dünya uşaqlarının hərəsinin bəxti bir cür gətirir. Məhəmmədinsə bəxti daha uğurlu olub; iki babası, iki də nənəsi ona dünya boyda sevinc bəxş edir. Müəllif bildirir ki, bu hekayəni yazanda xəyalımda gözəl bir dünya görürdüm; orada bütün uşaqlar xoşbəxt idi. Onlar əmin-amanlıq içində yaşayırdılar.
Müəllif yaşa dolduqca hekayələrində xoşbəxtlik çalarları tədricən tündləşir, Şeytan bədii obraz kimi ortaya çıxır. Şeytan mifik obraz olsa da həyatda prototipləri az deyil. "Şeytan və iki əsgər" hekayəsində müharibələrin bəşər övladına gətirdiyi fəlakətlər öz əksini tapıb. Döyüş meydanı dünyann harasıdı, hansı fəsildir, bəlli deyil. Yarısı Qərbə, yarısı da Şərqə aid olan bu düzənlikdə qızğın döyüşlərdə yalnız iki nəfər - iki əsgər sağ qalıb. Biri o tərəfdən, biri bu tərəfdən. Hər ikisinin tüfəngində bir güllə var. Hər ikisinin əli tətikdə, gözləri nişan alınan yerdədir. Amma heç biri tətiyi birinci çəkməyə tələsmir. Haradansa şeytan peyda olub onları ilk atəş açmağa təhrik edir. Atəş açılır, lakin əsgərlər bir-birinə deyil, şeytana atəş açıb onu qovurlar. Tüfənglərini bir kənara atıb qucaqlaşıb öpüşür və oturub hönkür-hönkür ağlayırılar. Sonra biri Qərbə, o biri isə Şərqə tərəf gedir.
Ədəbiyyatın xilaskarlıq missiyası haqqında, sənətin mübarizə əzmi yaratması, insanda güc, iradə aşılaması barədə çox yazılıb, çox deyilib. Rus yazıçısı, ədəbiyyat üzrə 1965-ci ilin Nobel mükafatçısı M. A. Şoloxovun 1927-ci ildə qələmə aldığı "Eyni dildə" hekayəsində də oxşar motivlər var. Birinci Dünya müharibəsində, konkret olaraq 1915-ci ilin yayında səngərdə üz-üzə dayanııb bir-birini nişan alan rus və Avstriya əsgərləri əli qabarlı fəhlələrdir. Zəhmət müxtəlif dildə danışanların ortaq dilidir. Bu ortaq dildə bir-birlərinə səslənirlər: "Gəlin qurtaraq bu müharibəni, ay qardaşalr. Bu, heç kəsə lazım deyil. Bu qəmələri bizi bura gətirib atanların dalına soxmaq lazımdır". "Şeytan və iki əsgər" hekayəsi də müəllifin şəxsi xarakterinə uyğun olaraq bəşəriyyətə fəlakət gətirən müharibələrə ziyalı mövqeyinin ifadəsidir.
Ədəbiyyatın xilaskar missiyası "Şeytan və qoca abid" hekayəsində də davam etdirilir. "Adəmlə Həvvanın nağılı". " Suyun yer üzünü basması", "Pompeyin son günü", "Birinci Dünya müharibəsi", "İkinci Dünya müharibəsi" Şeytan əməlləri kimi təsvir edilir. Şeytanı narahat edən Üçüncü Dünya Müharibəsinin hələ də başlamamasıdır.
Onun bu məqsədlə abidi yoldan çıxarma cəhdləri nəticə vermir. Şeytan, - Ax, ax, belələri olmasaydı, nəinki Üçüncü Dünya müharibəsi, bəlkə onuncu dünya müharibəsi baş vermişdi"- deyə düşünür. Amma o əmindir ki, onun tərəfdarları hələ də var. Nə qədər ki onlar var, müharibələr də qaçılmazdır.
B.İsgəndərlinin "Amerika sevdası, yaxud boşa çıxmış xəyallar" hekayəsi vətən, yurd sevgisi üzərində köklənib. Xoşbəxtliyini Amerikada, Miçiqan ştatının Enn-Arbor şəhərində axtaran ailə var-dövlətə sahib olsa da, dağılır. Evin qadını üçün Azəərbaycanın ən uzaq kəndi də Enn-Arbordan əzizdir. O, Əshabi-Kəhf ziyarətgahı yaxınlığında evləri möhrədən tikilmiş, indi isə xəritədən silinmiş yurd yerinin sorağındadır.Yetər ki, dırnağıyla yeri qazıb su çıxarda, bağ-bağça sala, Knut Hamsunun "Bərəkətli torpaq"romanındakı İnger və İsak kimi yeni həyat qura...
B.İsgəndərlinin digər bir ədəbi qəhrəmanı isə 2067-ci iln Almaniyasındandır. "Mərhəmət axtarışında" hekayəsinin qəhrəmanı psixoloq-doktor Hans Brünner dünyanın itmiş mənəvi dəyərlərinin axtarışındadır. Sivilizasiyanın inkikafı, elmi-texniki tərəqqi fonunda mənəvi dəyərləri əks etdirın mərhəmət hissi artıq unudulmaqdadır. Artıq heç kəsdə mərhəmət qalmayıb. Təsadüf Hansı Aərbaycana gətirir və o, bu ölkınin ucqar kəndlərində mərhəmətli insanlarla qarşılaşır. Elmi axtarışlarını və ixtira etdiyi mərhəməti ölçən aparatı bir sandığa qoyub ağzını bağlayır, surğucla möhürləyib Almaniya Xüsusi Elmi Axtarışlar Bürosuna çatdırılmasını və iki yüz ildən sonra açılmasını xahiş edir. Doktor Hansın laübalı ölümü ilə müəllif təhkiyyəsi davam edir və maraqla oxunur.
Naxçıvan Tele-radiosunda işlədiyi dövrdə onun masası üstündə həmişə kristal duz parçası olardı. Duz mədənində ağır zəhmət tələb edən qazmaçı işlədiyi illəri xatırladan talismanı idi bu kristal. Bayram müəllim Bakı Ali Partiya məktəbini bitirıb Naxçıvanda çalışdığı partiya-sovet idarəetmə aparıtının bürokratik üsul-idarəçiliyinə etiraz olaraq sıravi fəhləliyi üstün tutmuşdu. Duz kristalı onun düzlük, saflıq, mənəvi təmizlik simvolu idi. Sonra "Lider" televiziyasının dublyaj redaksiyasında işləyəndə də masasının üstündə görmüşdüm o duz parçasını. Artıq təqaüdə çıxıb, çoxdandır ki, görüşmürük. Görən saxlayıbmı o duz parçasını? Zəngləşəndə qəhərlənir, səhhətindən giley-güzar edir. Bu yaxınlarda insult keçirib. Lakin özündə güc-qüvvə taparaq ayağa qalxıb. "Ən yaxşı şəfa dərmanı torpağa axıdılan alın təridir"- qənaətinə gəlib. Yaxşı bağ saldığını, hər növ ağac əkdiyini bildirir. Alma, nar, heyva ağacları bar üstədi, həyətindəki əncir ağacını daha çox əzizləyir, çünki tingini Naxçıvandan aparıb. Görüşünə gedəndə onun mürəbbəsi ilə çay süfrəsi açacağına söz verib. Bir tərəfi ordubadlıdı axı... Gedəcəm onun görüşünə, təkcə mürəbbə üçün deyil, həm də sevimli qələm dostumu, dəyərli ziyalımızı, müdrik el ağsaqqalını, tanınmış şair-yazıçı, jurnalist-tərcüməçi və ustadım Bayram İsgəndərlini qarşıdan gələn 75 illiyi münasibətilə ürəkdən təbrik etmək üçün. Amma indidən ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!.. Görən saxlayıbmı o duz parçasını?