adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Mart 2018 00:26
38522
LAYİHƏ
A- A+

ATİLLA

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

I hissə

Ruya (Atillanın əmisi) hunların hökmdarı idi. O, İstr (Dunay çayının əski adı) sahələrində məskən salıb romalılarla ittifaqa girən ittimar, tonosur, voysk və başqa xalqlara qarşı müharibəyə başlamaq niyyətində idi. O, əvvəllər də romalılarla onlar arasında mübahisəli məsələləri həll etməkdə təcrübəli olan İslanı göndərdi desin ki, əgər imperator onun himayəsinə qaçanları verməsə, hunlar müqavilə yanına nümayəndəlik göndərməyi qərara aldılar.
Skif Plinfi frakiyalı Dionisi və romalıların qulluğunda konsulluq imtiyazına layiq görülən sərkərdələr və başqaları getmək istədiklərini bildirdilər. Lakin başqa nümayəndəlikləri qabaqlamaq üçün Ruyanın yanına gedib onu danışığa cəlb etmək üçün İsla ilə Plinfini və onların Sinqalax adlı tanışını göndərmək qərara alındı.
Lakin Ruya (Ruya 433-cü ildə vəfat edib. Tarixçilər Atillanın on il ərzində qardaşı Beledlə şərikli hökmranlıq etdiyini yazırlar) öldü və Hun çarlığı Atillaya keçdi. Onda senat Plinfi elçilərə başçı təsdiq etdi. Plinfi onunla bərabər kvestor dərəcəsinə layiq görülmüş ağıllı bir adam sayılan Epiqenin də ona yoldaş olmasını istədiyini bildirdi. Onun arzusu yerinə yetirildi və nəhayət, elçilər hunların ordugahına yola düşdülər. Onlar İlliriyanın Misiy şəhəri olan Marqaya gəldilər. Bu şəhər İstr çayının sahilində Konstansiya qalası ilə üz-üzə yerləşirdi. Çar skifləri (Prisk "Çar skifləri" deyəndə hunları nəzərdə tuturdu) də ora gəldilər və görüş şəhərdən kənarda oldu. Skiflər atdan düşmədən danışıqlar aparmaq istədiklərini bildirdilər. Romalılar at üstündə oturanlarla danışığı öz ləyaqətlərinə sığışdırmayaraq onlar da at üstündə danışmaq istədiklərini bildirdilər. Onlar piyada adamların at üstündə oturanlarla danışıq aparmağı nəzakətdən kənar hesab edirdilər.
Belə qərara alındı ki, romalıların himayəsinə qaçan və onların əsirliyində olan bütün hunlar əvəz alınmadan geri qaytarılsın, əks təqdirdə, hunların əsirliyindən qaçan hər romalı üçün müharibə qanunlarına görə səkkiz qızıl tələb ediləcək və romalılar hunların müharibə apardığı heç bir barbar xalqa kömək etməyəcəklər; hunlarla romalılar arasında maneəsiz azad ticarət olacaq. Müqavilənin bağlanması üçün romalılar hər il yeddi yüz litr (əvvəllər üç yüz əlli litr idi) qızıl xərac verəcəklər.
Bu şərtlərlə müqavilə bağlandı. Ona əməl olunacağı barədə romalılar və hunlar öz əcdadlarının adətlərinə uyğun olaraq and içdilər. Romalılarla müqavilə bağlandıqdan sonra Atilla və Bledin yaxın adamları Skifiyanın başqa xalqlarını fəth etməyə başlayıb sorosqlarla müharibəyə başladılar.

II hissə

Skiflər yarmarka zamanı romalılara hücum edib xeyli adam qırdılar. Romalılar onarın yanına elçilər göndərib qalanın alınması və müqavilənin pozulmasına etiraz etdilər. Skiflər cavab verdilər ki, onlar ilk dəfə deyil ki, belə edirlər və romalıların əməllərinin əvəzini çıxırlar. Belə ki, Marskit adlı yepiskop onların torpağına gəlib çar xəzinələrini axtararaq oradakı xəzinəni çıxarıb aparmışdı. Əgər romalılar onu və başqa qaçqınları da qaytarmasalar, onlara qarşı silah işlədiləcək. Romalılar isə bu şikayəti əsassız saydılar. Barbarlar mübahisəni məhkəməyə vermək qayğısına qalmayıb haqlı olduqlarını təsdiq etdilər. Onlar yaraqlanıb İstri keçdilər, çayın o biri sahilindəki çoxlu şəhər və qalaları aldılar. Onların bu hərəkətini görüb romalılar yepiskopun verilməsinə razı oldular. Çünki bir adamdan ötrü Roma dövlətini bəlaya salmağa dəyməzdi. Yepiskop skiflərə verilə biləcəyi təhlükəsini hiss edib özü onların yanına gedərək bildirdi ki, əgər şahları onu bağışlasa, o Marqa şəhərini onların əlinə tapşıracaq. Onlar dedilər ki, əgər o, vədinə əməl edərsə, ona əl dəyməzlər. Yepiskop barbarlarla Roma torpağına qayıtdı, qoşunları pusquda düzdü. Gecə şərtləşdikləri kimi işarə ilə barbarları qaldırıb şəhərin alınmağına şərait yaratdı. Beləliklə, Marqa alınıb talan edildi və bununla da barbarların qüdrəti daha da artdı.

III hissə

İmperator kiçik Feodosinin zamanında hunların çarı Atilla qoşunlarını toplayıb Roma hökmdarına xəbər göndərdi ki, onların himayəsinə qaçanları xəracla bərabər təcili göndərsinlər və gələn ilin xəracı barədə danışıqlar üçün onun hüzuruna elçilər göndərilsin. Atillanın məktubunu oxuyub çarın məsləhət şurası elan etdi ki, romalılar onların himayəsinə gələnləri verməyəcəklər, əksinə, onlarla birgə müharibəyə hazırlaşacaqlar. Romalıların cavabından qəzəblənən Atilla Roma torpaqlarını qarət etməyə başladı. Bir neçə qalanı yerlə-yeksan edib bol əhalisi və sahəsi olan Ratariya şəhərinə yaxınlaşdı.

IV hissə

Feodosi Atillanın yanına keçmişdə konsul olmuş bir senator göndərdi. O isə elçi adına baxmayaraq, quru yolla hunların düşərgəsinə getməyə cəsarət etmədi. Pont (Qara dəniz) ilə ondan əvvəl eyni missiya ilə göndərilmiş Feodulun yanına - Odis şəhərinə gəldi.

V hissə

Romalılarla hunlar arasında Xersonisdə döyüş oldu. Döyüşdən sonra Anatoli adlı adamın elçiliyi ilə iki dövlət arasında aşağıdakı şərtlərlə danışıq oldu: Qaçqınlar hunlara qaytarılsın və məvacib əvəzi: keçən il üçün onlara altı min litr qızıl verilsin. Bundan əlavə hər il müəyyən xərac - iki min yüz litr də qızıl ödənilsin. Hər romalı əsir öz ölkəsinə qaçarsa əvəzinə 20 qızıl pul ödənilməli, əgər həmin qaçqını qəbul edən pulu ödəyə bilməzsə, onda əsir geriyə - hunlara qaytarılmalıdır. Romalılar onların himayəsinə qaçan bir nəfər də barbar qəbul etməməlidir. Romalılar özlərini elə göstərirdilər ki, guya bu şərtləri könüllü olaraq qəbul edirlər. Əslində isə onları yalnız hədsiz qorxu hissi bu ağır şərtləri qəbul etməyə məcbur edirdi. Onlar hədsiz dərəcədə ağır olan bu xəracı verməyə də razı oldular, baxmayaraq ki, dövlət xəzinəsi xeyirli işlərə deyil, ləyaqətsiz tamaşalara, ağılsız təm-təraqa və əyləncələrə xərclənib tükənmişdi. Çar hunlara göndərilmək üçün hamını pul ödəməyə məcbur elədi. O hətta məhkəmənin hökmü və ya çarın səxavəti ilə müvəqqəti olaraq torpaq qiymətindən azad edilənlərin üstünə də vergi qoydu. Öz ali mənsubiyyətlərinə görə xüsusi olaraq senata əlavə olunanlar da müəyyən edilmiş miqdarda qızılı gətirib verdilər. Çar tərəfindən məmur təyin olunanlar onlardan hədə ilə pul alırdılar və qədimdən dövlətli olan bu adamlar arvadlarının əyin-başını və ev avadanlığını bazara çıxarmağa məcbur olurdular. Az müddətə xəzinə talandı, qızıllar və qaçqınlar hunlara göndərildi. Bütün bu işlər Skotta tapşırılmışdı. Bütün bunlardan əlavə Atilla tələb edirdi ki, Asimunt şəhərində əsir olan bütün romalı və barbarlar da ona verilsin. Asimunt əhalisi hunlara çox ziyan vurmuşdu. Onlar şəhər divarları üstündə müdafiə mövqeyində dayanmırdılar, səngərdən çıxıb saysız düşmənlərlə və onların skiflər içində ad-san qazanmış sərkərdələri ilə vuruşurdular.
Hunlar qalanı almaq ümidini itirib çəkilib getdilər. Onda asimuntlular öz sığınacaqlarından çıxıb hunları xeyli təqib etdilər. Sayca düşmənlərindən az olsalar da asimuntlular cəsarət və mərdliklə onlardan üstün idilər. Onlar bu döyüşlərdə skiflərdən bir xeyli öldürüb romalılardan isə çoxunu azad edib öz himayələrinə aldılar. Onda Atilla elan etdi ki, asimuntların apardığı romalılar qaytarılmayınca və ya onlar üçün haqq verilməyincə, öz qoşunlarını Roma ərazilərindən çıxarıb müqaviləni imzalamayacaq. Atillanın istəyinin əksinə olaraq nə elçi Anatoli, nə də Frakiyadakı qoşunların başçısı Feodu bu imkana malik deyildi. Onlar heç bir dəlillə barbarların başçısını öz tələblərindən əl çəkməyə məcbur edə bilmədilər. Belə olduqda onlar öz qüvvələrinə bel bağlayıb silaha əl atmağa hazır idilər, amma əvvəlki məğlubiyyətlərini yada salıb ruhdan düşdülər. Onlar asimuntlulara məktub yazıb əmr etdilər ki, himayələrinə qaçan romalıları ya qaytarsınlar, ya da onların hər biri üçün on iki qızıl ödəsinlər, hun əsirlərini isə onlara qaytarsınlar. Asimuntlular məktubu alıb cavab verdilər ki, onların himayələrinə qaçan romalıları azad ediblər, əsir etdikləri skifləri isə öldürüblər.

VI hissə

Sülh sazişi bağlanandan sonra Atilla imperiyaya elçilər göndərib qaçqınları tələb etdi. Elçilər qəbul edilib hədiyyələrlə yola salındılar və onlara dedilər ki, romalıların himayəsində heç bir qaçqın yoxdur. Atilla yenə başqa elçilər göndərdi. Onlar da eyni cür yola salınanda üçüncü, daha sonra dördüncü dəstə göndərildi. Atilla romalıların səxavətinə bələd olduğundan və onların bu səxavəti sülhün pozulmaması üçün etdiklərini bilirdi. Romalılar onun hər cür tələbinə itaət edir, onun hər cür təhrikinə rəhbərlikdən gələn əmr kimi baxırdılar. Onlar onunla təklikdə vuruşmaqdan deyil, eyni zamanda müharibəyə hazırlaşan parfiyalılarla, vandillərlə, efioplarla vuruşmaqdan çəkinirdilər. Buna görə alçalsalar da romalılar Atillanı əzizləyir, o birilərinə qarşı isə qoşun toplayıb, sərkərdələr təyin edib döyüşə hazırlaşırdılar.

Paniyalı Prisk
Tərcümə: Əlisa NİCATINDIR
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ