adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Mart 2018 00:06
9512
GÜNDƏM
A- A+

KÜRDƏMİR: KEÇMİŞ ŞÖHRƏT QAYIDIRMI?

(əvvəli ötən sayımızda)

Dövlət Proqramının icrası ilə əlaqədar 2017-ci ildə 21 saylı Yol İstismarı MMC "Azəravtoyol" ASC-nin xətti ilə yerli əhəmiyyətli Karrar-Bağman-Böyük Kəngərli yolunun 26 km hissəsində yol buldozerlə xışlanmış, çökmüş yerlərə qum-çınqıl qarışığı tökülərək avtoqreyderlə hamarlanmış və kipləşdirmə işləri aparılmışdır. Bundan əlavə həmin yolun 10-cu km hissəsində yolun gediş-gəliş hissəsinə 430 m2 asfalt-beton vurulmuş və körpünün giriş-çıxış hissələrində torpaq yatağı genişləndirilmişdir.
Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Pirili, Sor-Sor-Muradxan, Qurd Bayram, Axtaçı-Qarabucaq, Təklə və Sığırlı-Ərəbqubalı avtomobil yollarında ümumilikdə 47013 m2 sahəyə hissə-hissə qum-çınqıl qarışığı əlavə olunaraq avtoqreyderlə hamarlanmışdır.
Yerli əhəmiyyətli Mollakənd-Axtaçı, Çöhranlı, Kürdəmir-Zərdab, Bakı-Qazax avtomobil yolunun 194 km-də Kürdəmir şəhərinə giriş yolunda ümumilikdə 4750 m2 sahədə asfalt beton qarışığı ilə çala təmiri işləri aparılmışdır. Müntəzəm olaraq rayondaxili təsərrüfat və əkin sahələrinə giriş yolları avtoqreyderlə hamarlanaraq, kənd təsərrüfatı texnikalarının hərəkəti üçün yararlı vəziyyətə salınmışdır. Dövlət Proqramının icrası ilə əlaqədar 2017-ci il ərzində şəhərin H.Əliyev və Bakı prospeklərində, Babək, M.Ə.Rəsulzadə, Anar Yunusov, Şəhid Əbu Bəkr İsmayılov, Şəhid Tural Qurbanov, Nizami, Xaqani, M.Əsədov, Z.Tağıyev, 20 Yanvar küçələrində və şəhərin 69-cu məhəlləsinə giriş yolunda ümumilikdə 20670 m2 asfalt örtüyü vurulmuşdur. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, Memarlıq və tikinti şöbələri rayon Yol İstismarı idarəsinin rəhbərliyi ilə birlikdə 2018-ci il üçün tədbirlər planı hazırlayıb, yollarla bağlı məsələlərin həlli istiqamətində tədbirlər görməlidirlər.
Kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsini təşkil edir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun aqrar bölməsi 2017-ci ili uğurla başa vurmuşdur. Belə ki, rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir.
Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğu nəzərə alınaraq bu sahənin ciddi inkişaf etdirilməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Həmin tapşırığın icrasını təmin etmək məqsədilə 2017-ci ildə rayonda pambıq əkini ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış zavodlar tərəfindən pambıqçıların təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuş, nəticədə əlverişsiz hava şəraitinə baxmayaraq qısa müddətdə 4027 hektar sahədə pambıq əkilmişdir. Becərmə işləri aqrotexniki qaydada aparılmış, sahələrdə bol məhsul yetişdirilmişdir.
Məhsul yığımı dövründə 3000 nəfərə yaxın işçi qüvvəsi, 7 pambıqyığan maşın, digər maşın və mexanizmlər cəlb edilmiş, 5001 ton pambıq tədarük olunmuşdur. Ümumilikdə pambıq əkini, becərilməsi və yığılması işinə rayon üzrə 5000-dən çox işçi qüvvəsi cəlb edilmişdir.
Rayonda 2017-ci ildə 11500 kq barama istehsal edilmişdir. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 114 min ədəd tut (çəkil) tingi əkilmişdir. 2018-ci ildə 20 tondan çox barama istehsalı üçün lazımi təşkilatı və təsərrüfat tədbirləri görülür, yeni kümxanalar hazırlanır.
Rayon ərazisində əkin dövriyyəsinə qatılması üçün 21 min 400 hektar əkinə yararlı münbit torpaq sahələri seçilmiş, həmin sahələrin suvarma suyu ilə təmin edilməsi üçün layihələr və smeta sənədləri hazırlanmış, bu torpaqların əkin kateqoriyasına keçirilməsi üçün aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmış, 10650 hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə daxil edilmiş, hazırda həmin ərazilərdə suvarma şəbəkələrinin təmiri və tikintisi işləri aparılır.
Dövlət Proqramına əsasən rayonda məhsuldar cins heyvanların artırılması məqsədi ilə lizinq yolu ilə alınmış 365 baş cins düyə artırılaraq 650 başa çatdırılmışdır. Rayonda 1593 baş inək süni mayalandırılmış, 955 baş cinsi yaxşılaşdırılmış bala alınmışdır. Cins heyvanların yüksək texnologiya ilə saxlanması təmin edilmişdir. Hazırda iribuynuzlu mal qaranın sayı 64785 başı, qoyun keçilərin sayı 135861 başı, quşların sayı isə 382 min başı ötmüşdür. 2017-ci ildə diri çəkidə 9877 ton ət, 42834 ton süd, 15599 min ədəd yumurta, 224 ton yun istehsal edilmişdir. Bütün göstəricilər üzrə heyvandarlıq məhsullarının istehsalında artım əldə edilmişdir.
Taxıl yığımı mütəşəkkil aparılmış, biçinə 140-dan çox kombayn cəlb edilmiş, 39360 hektar sahənin taxılı optimal müddətdə minimum itkilərlə yığılmış, 80700 tonadək dən götürülmüşdür. Hər hektardan 20,5 sentner məhsul alınmışdır. Taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülmüş, nəticədə 12239 ton qarğıdalı dəni istehsal olunmuşdur. Bu il 7000 tondan çox toxumluq taxıl ayrılmışdır ki, bunun da 3000 tondan çoxunu yüksək reproduksiyalı toxum təşkil edir. Rayonda 3000 hektardan çox plantasiya şəklində nar bağı salınmış, bu bağlardan 500 hektardan çoxunun müasir texnoloqiya ilə becərilməsi, damcılarla suvarılması təşkil olunmuşdur.
Keçən il rayondan İran, Gürcüstan və Hindistan ölkələrinə 9893 ton biyan kökünün duzu, Gürcüstana 125 ton buğda kəpəyi, Ukrayna və Rusiyaya 553 ton xurma, Rusiyyaya 25 ton heyva və 5 ton əzgil ixrac edilmişdir. Üzümçülük məhsullarının istehsalı və emalının genişləndirilməsi sahəsində ardıcıl işlər aparılmış 2967 ton üzüm istehsal olunmuşdur. Görülmüş tədbirlər nəticəsində ötən il 14795 ton kartof, 22550 ton tərəvəz, 69833 ton bostan, 23 ton yerfındığı, 875 ton şəkər çuğunduru, 20 ton günəbaxan, 100 ton soya, 103 ton qarabaşaq, 26176 ton meyvə istehsal edilmişdir.
Rayonda Aqrolizinq ASC-nin Aqroservis filialında 24 traktor, 27 taxıl yığan kombayn, 2 pambıq yığan maşın və digər kənd təsərrüfatı maşın və mexanizmləri vardır. Son iki ildə 29 müasir kombayn alınmışdır. Kənd təsərrüfatına xidmət edən suvarma sistemləri idarələrinin də maddi texniki bazası möhkəmləndirilmiş onlar müasir, yüksək manevr qabiliyyətli yerqazan texnikalarla təchiz olunmuşdur. İndi rayonun texnika parkında 31 ədəd mala traktoru, 131 ədəd şum traktoru, 240 ədəd nəqliyyat traktoru, 70 ədəd ekskovator, 54 ədəd taxılbiçən, 29 ədəd yemyığan kombayn, 99 traktor yedəyi, 60 ədəd asma və qoşqular mövcuddur.
Kənd təsərrüfatını inkişaf etdirmək və yüksək məhsuldarlığa nail olunmasında meliorasiya və suvarma sistemləri mühüm rol oynayır. Hesabat dövründə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, suvarma sistemlərinin təmiri və bərpası sahəsində xeyli işlər görülmüşdür. 2017-ci ildə 955 km kanal və 295 km dren şəbəkəsi lildən təmizlənmiş, 233 hidrotexniki qurğu, 18 nasos kompleksi, 5,4 km beton kanal əsaslı təmir olunmuşdur.
Rayon əhalisinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı və xidmət müəssisələrinin bu sahədə fəaliyyətləri rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxladığı ən vacib məsələlərdən olmuşdur. Ötən il rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsi, sıradan çıxmış transformatorların yenisi ilə əvəz olunması işləri həyata keçirilmişdir.
Rayonun elektirik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2017-ci ildə əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədi ilə 35/10 kv-luq Pirili yarımstansiyasında 2,5 MVA transformator 4 MVA transformatorla əvəz olunmuş, 35/10 kv-luq Mollakənd və Şirvan yarımstansiyalarında 10 kv-luq yağ açarları cari təmir olunmuşdur. Həmçinin 101 ədəd 10/0,4 kv-luq transformatorlar cari təmir olunmuş, 3 ədəd yeni transformator yarımstansiyası quraşdırılmışdır. Şəhər ərazisində, Atakişili, Sığırlı və Qarasaqqal kəndlərində 92960 metr açıq naqillər SİP kabellə əvəz olunmuşdur.
(ardı gələn sayımızda)