Əbülfət MƏDƏTOĞLU: Anama məktub

ƏBÜLFƏT MƏDƏTOĞLU
51670 | 2018-03-07 17:00
Hər dəfə onunla diz-dizə oturanda gözlərimi gizlətməyə çalışıram, baxa bilmirəm gözlərinə. Çünki əsən əlləri, qırışlardan bütün gözəlliyini itirmiş sifəti mənim ürəyimi parçalayır. Saçlarında bir dənə də olsun qara tük yoxdu. Mən heç xatırlamıram artıq onun saçlarının qara olduğunu. Elə bil ki, bu dünyaya üzündəki saysız qırışlarla, əsən əlləriylə, bəmbəyaz saçlarıyla gəlib anam. Mənim səsi məlhəm, əlləri ipək, saçları göyçək anamın izi-tozu qalmayıb bu dünyada. Onlar qeybə çəkilib. Çünki mən günahkaram… 

Çünki mən onun həmin o 30 il bundan o yanda qalan illərini qoruya bilməmişəm... Buna görə də baxa bilmirəm gözlərinin içinə. Amma o…

Əllərimi alıb əllərinin içinə… İkimizin əli birlikdə əsir… ikimizin nəfəsi birlikdə titrəyir… və eşidirəm onun səsini:

- Ay oğul, başının tükü nə yaman ağarıb? Niyə bu hala düşmüsən?

Heç nə deyə bilmirəm ona. Nə deyim axı?! Günahlarımı necə etiraf edim?! Bir oğul ki, anasının dişiylə, dırnağıyla yuva etdiyi evdə saxlaya bilmirsə, nəfəsiylə isitdiyi divarların arasında yaşada bilmirsə və bir də bütün gəncliyini, gözəlliyini, dizinin taqətini, gözünün nurunu bələdiyi evdə bu yaşına gətirib çıxara bilmirsə, onda niyə ağarmasın saçları? Onda niyə düşməsin bu hala?!

Soruşma ana, məndən heç nə soruşma. Mən sənə cavab vermək gücündə deyiləm. Cavab versəm də inanmayacaqsan. Ana ürəyi hiss edəcək yalan danışdığımı. Danışsam deməliyəm ki, çalışıram, vuruşuram, siyasətimiz belədi, imkanlarımız elədi… Bu gün… sabah… bu bayramda… o biri bayramda qayıdacağıq… aparacam səni evimizə-eşiyimizə… sən də həyət-bacarın əvvəlki kimi silib-süpürəcəksən… toyuq damından tutmuş inəklərimizin tövləsinə qədər… ot tayamızın yığıldığı küncdən tutmuş qışlıq kartof, soğan, meyvə saxladığın «əl evi»nə qədər hər yeri bir-bir gözdən keçirəcəksən və mən də sənə kömək edəcəm. Amma deyə bilmirəm bunları. Çünki nə bu günə, nə sabaha güvənəcək halım yoxdu. Güvənəcək halım olmayandan sonra nə deyə bilərəm ki… Doğrudu, əvvəllər deyirdim, hətta yazırdım da. Yadındadı?! Yazmışdım sənə «Mənim çadırlarda qocalan anam» şeirimi. O şeirə Razim Paşayev də musiqi bəstələmişdi. Və sən də dinləmişdin o mahnını. Yaylığının ucuyla silmişdin gözlərini... Onda səsin bu qədər titrəmirdi... Onda demişdin ki, «sağ ol, ay bala, sən də sağ ol, oxuyan da, onu oxuyan üçün yazan da». Axırıncını ona görə özünəməxsus şəkildə dedin ki, sənin yazmaq-oxumaq savadın yoxdu. Mahnı yazanın bəstəkar olduğunu eşitmisən, amma heç fərqinə varmamısan. Elə sənin özəlliklərindən biri də bu olubdu. Nəyi necə bilmisən, elə də demisən. İndi də yadımdadı o misralar. Onda yazmışdım ki:

Ürəyim bir kövrək layla istəyir,
Gözlərim yumulu, qulağım səsdə.
Sifətin qırışıb, əlim titrəyir,
Sən nə həvəsdəsən, mən nə həvəsdə?!
Mənim çadırlarda qocalan anam.

O şeirin axırında da yazmışdım ki:

İllər dəyişibdi bizləri yaman
Yalandı deyilən söz də, nəfəs də!
Laylanı eşidib, bəlkə, o zaman
Yenidən yaşayım mən o həvəsdə.
Mənim çadırlarda qocalan anam.

Amma eşidə bilmirəm o laylanı… Çünki sənin səsin artıq o laylaya uyğun gəlmir, uyuşmur… Səs o qədər titrəyir ki, söz də titrəyə-titrəyə gəlir dünyaya. Və mən də o titrəyən səsin, sözün işığında bax, ölüb-dirilirəm. Ona görə ki, sənin qarşında günahkaram. Deyəcəksən ki, ay bala, elnən gələn dərd-bəladı, sənlik nə var ki burda... Amma dediklərin nə qədər səmimi olsa da, təsəllidən başqa bir şey deyil. Sadəcə, sən ana ürəyiylə, ana duyğusuyla təsəlli verirsən mənə də, özünə də. Mən də bu təsəllinin içində daha çox əzilirəm. Ona görə də bir vaxtlar sənə dediyim kimi, yenə ürəyimdə təkrarlayıram:

Axşam, səhər fikirli
Anır doğma elini.
Çadır yaman bükübdü
Göz görəsi belini -
Anamın…

Nə təsəlli diləyib
Nə «döz!» deyə bilirəm
Gözlərindən gözümü
Nə gizləyə bilirəm –
Anamın...

Bəli, indi çadır şəhərləri yoxdu, amma qaçqın şəhərləri, qəsəbələri var. Yaşayır qaçqın qəsəbəsində anam. Onunla diz-dizə, üz-üzə oturub söhbət edirik, halını soruşuram. O, sualıma cavabdan yayınır. Eləcə, sözü fırladıb nəvələrini soruşur, mənim saçlarımın niyə ağardığı ilə maraqlanır. Sanki bu dünyada onun üçün bizdən önəmli heç kim yoxdu… Sanki özünü bütünlüklə unudub, yaddan çıxarıb. Ona görə də özündən danışmır. Harasının ağrıdığını, nəyinin çatmadığını, nəyə ehtiyacı olduğunu nə illah edirəm demir. Sözünün əvvəli də, sonu da «siz sağ olun, ay bala»dı. Biz necə sağ olaq ki, bir ananı layiq olduğu kimi yaşada bilmirik… biz necə sağ olaq ki, övlad borcumuzun yükü altında qəddimiz bir az da artıq əyilir. Və biz beləcə yaşayırıq… Amma bunun özü də vallah, heç yaşamaq deyil.
Hə, hardasa bu naşükürlük kimi görünə bilər. Axı, biz müsəlmanıq. Bizdə çox qəribə də olsa bir fərqli inanc var. Özü də bu inanc daha çox kişi adlarında özünü göstərir. Məsələn, Şükür, Kərim, İnşallah, Maşallah, Qismət, Nəsib, Taleh… Nə isə… Biz şükranlığı və kərimli olmağı artıq boyumuza biçmişik və boymuza biçilən bu yükün altında da özümüz də qocalırıq analarımız kimi. Və nəhayət…

… Bir dəfə anama məktub yazmaq istəmişdim. Sonra fikrimdən vaz keçdim. Bildim ki, daha doğrusu, xatırladım ki, anam yazıb-oxumağı bilmir. Və bir də bilsə də, o məktubu kim aparıb qaçqın şəhərciyində ona çatdırmayacaq. Yaxşı budur telefonla danışım. Anamla birgə yaşayan qardaşımın telefon nömrəsini yığdım. Xahiş etdim ki, telefonu anama versin. Telefonda onun səsini eşidəndə əvvəlcədən fikirləşdiklərimin hamısı yadımdan çıxdı. Çünki anam ilk sözümdən mövzunu dəyişdi. Hər şeyimiz var, hamımız da yaxşıyıq, - dedi. Mən isə utandığımdan cibimə qısılmış əllərimə və bir də alnıma gələn soyuq tərə söykənib dayandım. Bu, ana ürəyinin duyumu idi. O hiss etmişdi ki, sözlə, qələmlə dolanan oğlu ona nələr deyəcək, hansı dillər tökəcək. Ona görə də qabaqlamışdı oğlunu.

İndi iki gün öncə ziyarət etdiyim anamın durumu məni həqiqətən yerin dibinə soxdu və çıxarmadı. Orda heç nə deyə bilmədim. Heç burda da demirəm. Bir də artıq mənim deməyə onsuz da sözüm yoxdur. Bircə «Allah sənə ömür versin, ana!» deməkdən başqa… «Allah mənə günahlarımı yumaq imkanı versin qarşında» əlavəsindən başqa. Amma nəvələrinin diliylə o gözəl günlərdə dediyin sözü bu yazının sonuna əlavə edirəm. 

8 Mart bayramın mübarək! Və bacarsan bağışla, ana…

TƏQVİM / ARXİV