ANA SƏHİFƏ / DÜNYA

ÇİN YENİDƏN SİYASİ KEÇMİŞİNƏ DÖNÜR

AZAD BAZAR İQTİSADİYYATININ SİYASİ AZADLIQLAR GƏTİRƏCƏYİ İLƏ BAĞLI ÜMİDLƏR ALT-ÜST OLDU

11222    |   2018-03-08 09:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ümumçin xalq təmsilçiləri yığıncağının (Çin parlamenti) martın 5-də başlayan sessiyasında Çin Xalq Respublikasının sədri və Çin Kommunist Partiyasını Baş katibi Si Çzinpin dövlət başçısı postunda ömürlük qalması üçün konstitusiyaya dəyişiklik ediləcəyi gözlənilir. Bu məsələ martın 11-də keçiriləcək iclasda səsə qoyulacaq və çox güman ki, qəbul ediləcək. Çünki bu cür ölkələrdə qərarlar bir qayda olaraq qəbul edildikdən sonra müzakirəyə çıxarılır. Hazırkı dövlət başçısının öz postunda ömürlük oturmasına imkan verəcək yeni dəyişiklik iqtisadi azadlıqların, bazar iqtisadiyyatının, azad rəqabət mühitinin formalaşmasının və xüsusi mülkiyyətin mövcudluğunun demokratik idarəçiliyə gətirib çıxaracağıyla bağlı ümidləri alt-üst elədi. Təkcə ümidləri alt-üst eləsəydi dərd yarıydı. Əslində bu, yuxarıdakı tezisləri az qala imperativ kimi qəbul edən politoloji nəzəriyyələri də birdəfəlik, tələsməyək, bəlkə də hələlik tarixin arxivinə göndərdi.

Bu gün sıçrayışlı inkişafın klassik modellərindən biri sayılan Çin möcüzəsinin başlanğıcı keçən əsrin 70-80-ci illərinə gedib çıxır. "Ölməz və əbədi lider" Mao Tsze Dunun cismi ilə birlikdə əməlləri də qəbrə qoyulan kimi sözün həqiqi mənasında ölüm odasından qalxıb bir anın içində böyük bir imperiyanın olimpinə yüksələn Den Syao Pin (həmin vaxt o, ev dustağı kimi istintaq altındaydı və Mao bir neçə ay da yaşasaydı edamı labüd idi) ölkəni fəlakət həddinə çatdırmış əvvəlki mirasdan imtina edir və 1978-ci ildə özünün 4 modernləşmə adlı məşhur islahat layihəsini irəli sürür. Kənd təsərrüfatı, sənaye, elm və texnika, eləcə də hərbi sahədə tam modernləşməni nəzərdə tutan bu layihə həm də əvvəlki rejimin "Böyük sıçrayış" adlı populist siyasətinin tam iflasının etirafıydı. Yeni köklü islahatlara başlamaq üçün öncə "mədəni inqilabın" ölkəyə vurduğu ağır yaraları sağaltmaq lazım idi ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Den Syao Pinin irəli sürdüyü plan mərhələli islahat prinsipinə əsaslanırdı. Yəni mümkün risklərdən sığortalanmaq üçün hər şeyə ehtiyatlı, ölçülü-biçili yanaşmaq və prosesi tədricən irəli aparmaq. Risk isə çox böyük idi. Təsəvvür edin ki, söhbət natural təsərrüfatdan yarımnatural təsərrüfüta, aqrar ölkədən sənaye ölkəsinə, qapalı cəmiyyətdən açıq cəmiyyətə və mənəvi-ideoloji prinsiplərin hakim olduğu dövlətdən hüquqi dövlətə keçidə qədər toplumun və dövlətin bütün fəaliyyət sferasını köklü şəkildə dəyişdirməkdən, yeniləşdirməkdən gedirdi. Üstəlik, Çin kimi nəhəng bir ölkədə.
İslahatın mərhələli prinsipinin başqa adı "Çin özəllikli sosializm" və ya sosialist bazar iqtisadiyyatıydı. Bu "özəllik" özündə ölkənin mədəni-tarixi və siyasi-iqtisadi ənənələrinin nəzərə alınmasını ehtiva edirdi. 1970-ci illərin sonlarında, yəni islahatların ilkin mərhələsində aparıcı şüarı beləydi: "Plan iqtisasiyyatı əsas, bazar tənzimlənməsi köməkçi vasitədir". Birinci mərhələdə yenilik ondan ibarət idi ki, artıq planlı idarəetmə şəraitində müqavilə qiymətlərinin tətbiqinə, fərdi təsərrüfatların, ailə podratlarının, birgə müəssisələrin yaradılmasına (ciddi nəzarət altında olsa da), dövlət müəssisələrində plandan əlavə məhsul istehsal edilib satılmasına icazə verildi. Bu proses getdikcə dərinləşərək 80-ci illərin axırlarında artıq xüsusi mülkiyyətin yaranmasıyla nəticələndi.


"Pişiyin hansı rəngdə olmağı yox, onun siçan tutmaq bacarığı əsasdır"

İslahatlar öz faydasını verəndən sonra onun ətrafında gedən nəzəri-ideoloji diskussiyalar da dərinləşməyə başladı. Qərb politoloqları və iqtisadçıları bunun kapitalizmdən başqa bir şey olmadığını israr etsələr də, çinlilər, xüsusilə rəhbər elita bu fikri yaxın buraxmır, dövlətin öz təməl prinsiplərinə, sosializmə sadiq olduğunu sübut etməyə çalışırdılar. Təbiidir. Əks təqdirdə özlərinin siyasi legitimlikləri şübhə altına düşərdi ki, bu da ağır fəsadlara gətirib çıxardardı. Hərçənd, əlahəzrət faktdan qaçmaq çox çətin olduğuna görə iqtisadiyyatın açıq-aşkar kapitalist metodlarını pərdələmək və ya başqa müstəvidə izah eləmək də bəzən çox effektsiz alınır, inandırıcı görünmürdü. Diskussiyalar belə çıxılmaz dalana dirənəndə adamın dadına həmişə söz çatır. Sərrast söz. Elə Den Syao Pinə də bu cür dalandan çıxmağa məhz söz, indi aforizmə çevrilən məşhur deyimi kömək edir: "Pişiyin hansı rəngdə olmağı yox, onun siçan tutmaq bacarığı əsasdır. Ardınca da Marksın kifayət qədər ümumi mahiyyət daşıyan bir sitatından yararlanır: "Həqiqətin əsas meyarı təcrübədir".

Əsas olan həm də odur ki, islahatlar başladı, baş tutdu və bu gün də uğurla davam edərək dünyaya "Çin möcüzəsi" adlı qeyri-adi bir fenomen bəxş elədi. İndi Çinin bütövlükdə dünyanın ikinci böyük dövləti olması fikri artıq müzakirə mövzusu deyil. İndi müzakirə mövzusu onun nə vaxt dünyanın birinci dövlətinə çevriləcəyidir.

Den Syao Pinin islahatları Çinin siyasi sistemində ciddi dəyişikliklərə səbəb olmasa da, hər halda təsirsiz də ötüşmədi. Ən azından kommunist partiyasının və Çin Xalq Respublikasının başçılarının (əksər hallarda bu iki vəzifəni eyni adam tutur) ömürlük öz vəzifələrində qalmaq praktikası ləğv olundu və beş ildən bir seçilmək şərtilə maksimum on illik senz tətbiq olundu. Bax, martın 11-də Ümumçin xalq təmsilçiləri yığıncağı məhz bu qadağanı aradan götürəcək. Ömürlük hakimiyyətinə əngəl olan konstitusiya müddəasını dəyişməklə hətta ABŞ prezidenti D. Trampın belə ağzını sulandıran Si Çzinpin bunu öz yarımçıq işlərini başa çatdırmaq istəyilə izah edir. Məsələnin siyasi çalarını hələlik bir kənara qoyaraq qeyd edək ki, adamın yarımçıq işləri həqiqətən çoxdur.

Məsələ burasındadır ki, ölkədə son illər start götürmüş ikinci, bəzi analitiklərin fikrincə Çini dünya birincisi edəcək qlobal iqtisadi islahatların baş memarı məhz bugünkü Si Çzinpinin özüdür. "Çin arzusu" - o, ölkə daxilinə yönəlik islahatlar paketini belə adlandırır. Bu paketin əsas mahiyyəti bazar iqtisadiyyatını daha da inkişaf etdirməkdən, qanunçuluğu möhkəmləndirməkdən, hüquqi mexanizmlərin rolunu artırmaqdan, korrupsiyanın kökünü birdəfəlik kəsməkdən ibarətdir. Sinin xarici siyasətinin əsas formulusa belədir: "Çin özəllikli böyük dövlət diplomatiyası".

"Əgər Den Syao Pinin islahatları Çinin simasını dəyişdisə, Si Çzinpinin islahatları dünyanın simasını dəyişməyi hədəf götürüb”

Əslində, ölkənin daxili həyatına yönəlik məsələlərdə söhhət elə də böyük, qeyri-adi hədəflərdən getmir və bu hədəflərə çatmaqdan ötrü yuxarıda adı çəkilən konstitusiya dəyişikliklərinə getmək yumşaq desək, inandırıcı görünmür. Amma ortada onun "Bir qurşaq və bir yol" adlı başqa bir meqalayihəsi var ki, həmin layihənin miqyasını təsəvvür eləmək üçün təkcə onun ehtimal olunan qiymətinə diqqət yetirmək kifayətdir - 21 trilyon dollar! Hələ bugünkü qiymətlərlə. İnkişaf eltmiş ölkələrlə zəif iqtisadiyyata malik ölkələr arasında körpü rolunu oynayacaq bu plan Avrasiya əhalisinin 63 faizinin yaşadığı zəngin ehtiyatlara malik böyük bir ərazini əhatə eləyəcək. Layihə iki hissədən ibarətdir. "İpək yolu iqtisadi qurşağı adlı birinci layihə üç nəhəng iqtisadi dəhlizin yaradılmasını nəzərdə tutur. Çin-Mərkəzi Asiya-Rusiya-Avropa xətti boyu uzanan şimal dəhlizi, Çin-Mərkəzi və Ön Asiya - Fars körfəzi və Aralıq dənizi boyu uzanan Mərkəzi dəhliz və nəhayət, Cənub-Şərqi Asiya-Cənubi Asiya-Hind okeanı boyu uzanan cənub iqtisadi dəhlizi. "XXI əsrin Dəniz İpək Yolu" adlanan ikinci meqalayihə isə iki dəniz marşrutunu əhatə eləyir: Birinci marşrut Çin sahillərindən başlayaraq Cənubi Çin dənizini keçməklə Sakit okeanın cənub regionuna doğru uzanır, ikinci marşrutsa Çini Cənubi Çin dənizi və Hind okeanı vasitəsilə Avropa ilə birləşdirir.

Si Çzinpinin altına girdiyi yükün ağırlığı ilə bağlı oxucuda ətraflı təsəvvür yaratmaq üçün bu layihələrin xeyli yorucu təsir bağışlayan adlarını tam şəkildə sadalamalı olduq. Onun islahatları barədə söz düşərkən ən çox işlədilən obrazlı ifadə isə belədir: "Əgər Den Syao Pinin islahatları Çinin simasını dəyişdisə, Si Çzinpinin islahatları dünyanın simasını dəyişməyi hədəf götürüb”. Bu isə bir çoxlarının, xüsusilə super dövlət(lər)in xoşuna gəlmir. Çinki həmin layihələrin gerçəkləşməsi mövcud dünya nizamını dəyişmək, onu dolayısıyla, lap elə birbaşa Çinin diktəsinə boyun əyməyə məcbur etmək deməkdir.

Dəyişə biləcəkmi? Əsas sual bax budur. Görünür, bu sualın cavabı onun özünə də tam aydın olmadığına görə hazırkı konstitusiya dəyişikliyi məhz islahatların uğursuz yekunundan sığortalanmağa hesablanıb. Böyük başlanğıcların uğursuz sonucunun daha ağır fəsadlar törədə biləcəyinin fərqində olan Si Çzinpin yaxşı anlayır ki, belə bir situasiya yaranarsa, indi onu "Çin xalqının nüvəsi" epitetiylə ölkənin lideri məqamına qaldırmış toplumun (Çinin yeni tarixində lider məqamına yüksələn rəhbərlərin sayı üçdür: Mao, Den və Si) üzü bir anda dönə, ölkədə ciddi narazılıqlar baş qaldıra bilər. Hərçənd, Çinin özəlliyi bu narazılıqların kütləvi hal alacağını qismən istisna etsə də, elitanın narazılığı, dissident hərəkatının ölkəni bürüməsi qaçılmazdır və bu cür ölkələrdə də kütləni məhz elə elita əvəz edir. Odur ki, daha çox səlahiyyətlərə malik olmaq, öz əbədi hakimiyyətini təmin etmək ona məhz indi lazımdır. Bu məqsədlə daha bir dövlət orqanı da yaradılır ki, konstitusiya dəyişikliklərinin hay-küyü fonunda bu məqam hələ çoxlarının diqqətindən kənar qalıb. Söhbət Mərkəzi Komitənin Komissiyası adlı birbaşa Si Çzinpinə tabe olan total bir nəzarət orqanından gedir.

Boğanaq siyasi mühit imtiyazlı zümrəni də sıxır

Konstitusiya dəyişiklikləri indi gerçəkləşsə də, bir çox ekspertlər hələ ötən ildən bu barədə danışmağa başlamışdılar. Məlumdur ki, ölkədə mövcud olan rejiminin ənənələrinə görə Çin Kommunist Partiyasının Baş katibi və Çin Xalq Respublikasının sədri vəzifələrini adətən, eyni adam tutur. Sinin Baş katib kimi birinci səlahiyyət müddəti keçən il sona çatmış, dövlət başçısı kimi səlahiyyət müddətisə bu il bitir. Mövcud rotasiya ənənəsinə görə o hələ keçən il öz varisini elan etməliydi. Amma nə 2017-ci ildə keçirilmiş XIX partiya qurultayında, nə də sonrakı plenumlarda bunu etməməklə əslində gələcək niyyətinin anonsunu verdi.

Bütün bunlar gələcəyə yönəlik planlardır. Hələliksə korrupsiyaya qarşı amansız davranışıyla seçilən Sinin hakimiyyətdəki mövqeyi möhkəm, xalq arasındakı nüfuzu yüksəkdir. Elə ölkə xaricində də onu ciddi fiqur kimi qəbul edir, onunla hesablaşırlar. Qərb jurnalistləri belə Sini müdrik, praqmatik və uzaqgörən siyasətçi adlandırırlar. Dəfələrlə Forbes və Time jurnallarının versiyasına görə dünyanın ən nüfuzlu adamları siyahısına düşüb, özünün, ailəsinin adı heç bir korrupsiya qalmaqalında, biznes layihələrində hallanmayıb, bu barədə bircə fakt belə tapmaq mümkün olmayıb. Yalnız bacı-qardaşlarını bəzi şirkətlərdə yüz milyonlarla dollarla ölçülən (hər halda balaca ölkələrdə bu konteksdə fırlanan milyardlıq söz-söhbətlərə baxanda Çin kimi nəhəng bir dövlətçün elə də böyük rəqəm deyil) dollarla paylarının olduğu aşkar edilib. Arvadı Çinin məşhur müğənnisidir, hətta çinlilər Sini ilk dəfə Pin Liyuanın əri kimi tanıyıblar. İngiliscəni təmiz bilir, rus ədəbiyyatını və Hollivud filmlərini çox sevir.

Ancaq bütün bunların fonunda onun bioqrafiyasının bir məqamı da var ki, bunun üstündən keçmək mümkün deyil. Deyilənə görə, Sinin qızı başqa ad altında Harvard universitetində oxuyur, bacıları Kanada və Avstraliyada, qardaşı Honkonqda, boşandığı birinci arvadısa İngiltərədə yaşayır. Görəsən, ölkənin birinci ailəsinə bu qədər yaxın olan adamlar niyə qərib ölkələri öz vətənlərindən üstün tuturlar? İzahsız da hər şey aydındır. Pul və var-dövlət nə qədər çox olsa da, insanların azad yaşamaq, asudə nəfəs almaq arzularını boğmağa qadir deyil. Boğanaq siyasi mühit imtiyazlı zümrəni də sıxır.

ANALİTİK XİDMƏT




İmza:
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK