adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Mart 2018 14:59
11920
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: YOL POLİSİ XANIM SÜRÜCÜLƏRİ SEVİNDİRƏCƏK

Bir qayda olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hər il 8 Mart Beynəlxalq Qadınlar Günü nümunəvi xanım sürücülərə hədiyyələr bağışlayır. Artıq demək olar ki, bu bir ənənə halını alıb. Bu da o deməkdir ki, yol polisi ilə sürücülər arasında daha isti münasibət yaranır və hər iki tərəf bir-birinə hörmətlə yanaşır. Əlbəttə, bu cür müsbət addımlar təqdirəlayiqdir. Ən azından ona görə ki, 8 Martda xanım sürücülər yol polisi tərəfindən sevindirilir.

Söhbət heç də hər hansı hədiyyədən və hansısa xanıma veriləcək gül çələngindən getmir. Söhbət ondan gedir ki, xanımlar görəndə kişilər onlara qarşı xüsusi diqqət göstərir və bu əziz gündə onları yada salır, bax, onda o xanımların ürəyi dağa dönür.

Burda bizim yadımıza «Uşaqlığın son gecəsi» filmindən bir epizod düşür. Filmdə cavan oğlan dostuyla ət kombinatında işə düzəlir. Və hər gün də ət kombinatına gedib axşam da evə qaydırlar. Bir gün də o cavan oğlanın dostu (istedadlı aktyor Məmmədsadıq Nuriyev) ona deyir ki, sən necə dostsan ki, mənə myaskombinatda işləyə-işləyə bir dəfə də olsun sosikadan-zaddan gətirməmisən. Söhbət sosikadan getmir e, özümün də pulum var. Nə qədər istəsəm, alıb yeyə bilərəm. Söhbət vinimatelnilikdən gedir. Adam vinimatelni olanda başqasına ləzzət eləyir…

İndi bizim xanım sürücülər də o obarzın diliylə demiş olsaq, «vinimatelni»liyi görəndə istər-istəməz yol polisinə hörmətləri birə-beş artır. Ötən il Bakının dörd-beş yerində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xanım sürücüləri saxlayaraq onlara hədiyyələr bağışlayıblar. Qanunu pozan xanım sürücülər də saxlanılıb. Ancaq onlar cərimə edilməyiblər. Bayram münasibətilə yol polisi onlara xəbərdarlıq edərək «yoxşı yol» deyib.


Nümunəvi qadın sürücülərə isə «Ağ çiçəyim»in, SOCAR-ın «Baksel»in , «Azəsun»un hədiyyələri təqdim edilib. Təbii ki, bu hədiyyələrin içərisində xanımları sevindirən və təəccübləndirən diqqətəlayiq güllər, çiçəklər və digər hədiyyələr olub.

Bu il də 8 Martda xanım sürücülər yenə diqqətdən kənarda qalmayacaqlar. Bu barədə bizimlə söhbət edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bir daha xanımları bayram münasibətilə təbrik etdi. O bilirdi ki, artıq xeyli vaxtdır ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 8 Martda xanımları diqqətdən kənarda qoymur. İlk növbədə bu tədbirin keçirilməsində və hədiyyələrin alınmasında bir çox özəl qurumlar və o cümlədən «Ağ çiçəyim» bizə yaxından köməklik göstərir. Zarafat deyil, çoxlu sayda nümunəvi qadın sürücüyə hədiyyə vermək, onları sevindirmək üçün ən azından böyük ürək sahibi olmalısan. Bizim tədbirdə iştirak edən özəl qurumlar isə mən deyərdim ki, çox böyük ürək sahibidilər. Yəni onlar bayram günündə bir çox hədiyyələrlə bizimlə bir yerdə olur və biz də həmin hədiyyələri qadın sürücülərə veririk.

Martın 8-də səhər saat 9-dan axşam 5-ə qədər bu tədbirlər davam edəcək. Bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bizimlə söhbətində bir daha bildirdi ki, həmin tədbirin başlanğıcı «Koroğlu» metrostansiyasının yaxınlığındakı Nəqliyyatın İdarəsinin İntellektual Mərkəzindən start götürəcək. Daha doğrusu, burda SOCAR-ın bir stansiyası var. Elə orda da nümunəvi xanım sürücüləri saxlayacaq və onlara hədiyyələrimizi verəcəyik. Əvvəlki illərdə olduğu kimi, bu il də çoxlu sayda hədiyyələrimiz var. Güllərdən tutmuş digər hədiyyələrə qədər. Biz şəhərin müxtəlif nöqtələrində və yerlərində olacaq, xanım sürücüləri saxlayaraq bu hədiyyələri onlara təqdim edəcəyik. Bir faktı da qeyd edim ki, bayram günü nümunəvi qadın sürücülər hədiyyə ilə sevindirdiyimiz kimi, qaydanı pozan xanım sürücülərə hədiyyə verilməyəcək. Amma onlara da mükafatımız var. Belə ki, yol hərəkəti qaydasını pozan xanım sürücülər cərimələnməyəcək, xəbərdarlıq edilərək yola salınacaqlar.

Bu cür tədbirlərin müğtəmadi hala çevrilməsi yazımızın əvvəlində qeyd etdiyimiz kimi, çox yüksək dəyərləndirilməlidir. Çünki indi insanların bir-birinin qayğısına, nəvazişinə və diqqətinə daha çox ehtiyacı var. Hətta bayram günündə hər hansı xanıma hədiyyə ala bilməsən belə, bir xoş sözlə, bir gözəl rəftarla o xanımı sevindirmək olar.

Onda görün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi çoxlu sayda xanım sürücülərə müxtəlif hədiyyələr verməklə nə qədər insanı sevindirir. Bizcə insanı sevindirməkdən, fərəhləndirməkdən gözəl hədiyyə ola bilməz. Bəlkə elə biz də «hədiyyəmizi» tanıdığımız və tanımadığımız xanımlardan əsirgəməyək. Bir şirin sözlə onları sevindirək və bu yazqabağı qəlblərində yeni sevinc hisslərinin yaranmasına təkan verək.