adalet.az header logo
  • Bakı 20°C
07 Mart 2018 15:23
25710
ƏDƏBİYYAT
A- A+

Quran ədəbiyyata nə fayda verir? - SORĞU

Dünyanın ən çox tanınan müqəddəs kitablarından Bibliya ədəbiyyata, sənətə, mədəniyyətə ədəbi material kimi töfhələr verib. İslam dininin müəqəddəs kitabı Qurandan isə şərq poeziyası çox təsirlənib. Bəs görəsən Quran müasir nəsr əsərləri üçün ədəbi material, ədəbi istinadgah rolu oynaya bilərmi? Və yazarlar bu bəhrələnməni necə ifadə eləyirlər? Bu kitabın yaradıcılığınıza təsiri olubmu?

Adalet.az bu barədə yazarlardan münasibət öyrənib. Cavabları təqdim edirik.



Yazıçı, millət vəkili Aqil Abbas: "Dünyanın elə böyük yazıçısı yoxdur ki, dinindən asılı olmyaraq Bibliyadan istifadə etməsin. Çingiz Aytmatovdan tutmuş yapon, amerika yazıçılarına qədər əsərlərinə qoyduqları ad da bəzən Bibliyadan götürdükləri bir ayədir. Məsələn, Çingiz Aytmatovun «И дольше века длится день» və yaxud gərək ki, yapon yazıçısı Kendzaburonun «Объяли меня воды до души моей» əsərləridir. Səma kitablarının da həm sonuncusu, həm də ən mükəmməli Qurandır. Təbii ki, bizim yazıçılarımız da, eləcə də dünya yazıçıları ondan bəhrələnirlər. Mən də roman və povestlərimdə müqəddəs kitabımızdan bəhrələndiyim çox nüanslar var. Xüsusilə də "Dolu”da və bir də "Qapqara uzun saçlar” povestində. Və əslində Quranı oxumalısan ki, savadlanıb cahil olmayasan.”




Yazıçı Şərif Ağayar: "Bütün səmavi və dini kitablar, mifologiya, nağıl kitabları, dastanlar, kitabələr, rəvayət və əfsanələr yaradıcılığı əbədi olaraq qidalandırır. Eləcə də klassikaya çevrilmiş müəllif kitabları... Yazmaq həm də başqa kitablarla, başqa mətnlərlə əlaqəyə girməkdir. Bunu dərk etməyəndən ciddi qələm adamı olmaz.





Yazıçı Azad Qaradərəli: "Təkcə Quran deyil, bütün səmavi kitablar nasirçün istinadgah mənbəyi ola bilər. Şəxsən mən hekayə və romanlarımda Bibliyaya, İncilə, Qurana tez-tez müraciət edirəm. Axı bunlar həm də bir salnamədir. Ən son romanım "Morq”da nəinki adını çəkdiyim bu kitablara, hətta Şamanizmə də istinad etmişəm. Yazıçının qida mənbəyi daha çox ən qədim kitabələr və şifahi xalq yaradıcılığıdır.”








Şair Aqşin Yenisey: "Quran qədim mətnlərin ən gəncidir və təkcə Quran yox, bütün qədim mətnlər ədəbiyyat üçün qaynaq ola bilər və yüzlərlə əsər adı çəkmək olar ki, bu mətnlərin üzərində yaradılmışdır. Dini mətnlərdən çıxan yüzlərlə şair var dünya ədəbiyyatında. Bu mətnlər başlıca olaraq insan əxlaqının təməli hesab olunur, ədəbiyyat da bir növ əxlaq sənəti olduğu üçün bünövrə ilə maraqlanmağa meyillidir. Amma bu demək deyil ki, sən qədim mətn adına şəriət qaydalarını təpəmizə çıxaran əsərlər yazmalısan. Bunu etsən sən yazıçı yox, molla olursan və bu ondan xəbər verir ki, sən mətnşünaslıq elminin yanından belə keçməmisən. Nə öz mətninlə, nə də qədim mətnlə işləməyin yollarını bilmirsən. Qədim mətnlərlə işləmək üçün ilk növbədə mətnşünaslıq elmini bilməlisən, məsələn, Borxes kimi.”



Yazıçı Mirmehdi Ağaoğlu: "Məncə Qədim Şərq mətnləri ilə üzvü əlaqədə olan mətnlər yazmaq lazımdır. Qərbdə yaranan əksər bədii əsərlər Bibliyanın, yunan miflərinin üzərində qurulub. Hətta ateist Maksim Qorkinin "Ana”sı belə Həzrəti Məryəmdən təsirlənmədir. Biz də Quran və dini miflərə söykənərək, yazacağımız əsərlərin kökünü o mətnlərin torpağında "əkərək” böyük romanlar, yazılar ortaya qoya bilərik. Sadəcə bir şeyi vurğulamaq istəyirəm, "dini mətnlər, romanlar, hekayələr yazaq” demirəm, kimsə məni səhv anlamasın. Mən qədim dini mətnlərdəki arxetiplərdən, hazır modellərdən istifadədən danışıram. Məsələn, əgər kimsə qardaşın qardaşa xəyanəti barədə əsər yazacaqsa, bu əsər istər-istəməz bizə Habil-Qabil hadisəsini də xatırladacaq. Bu, Qərb üçün də maraqlı olacaq, çünki Qərbdə bir ekzotika meyili də var."



Yazar Günel Natiq: "Qurandan bədii əsərlərdə milyard faiz istifadə etmək olar. Quran düşüncədədir. Ordakı düşüncələr də kainata, Allahın yaratdıqlarına aiddir. Buna fövqaladə bir şey kimi baxmaq lazım deyil. Amma məsələ bundadır ki, Qurandan saxtalıqla istifadə edirlər, hansısa bir fikri dəxilsiz bir yerə pərçimləyirlər. Özlərini qeyri-adi təqdim etmək üçün və s. Amma bu bəhrələnmə təbii yolla olmalıdır. Təbii şəkildə o məqama varmaq lazımdır.”







Şair Fərid Hüseyn: "Mən hesab edirəm ki, dini kitablar içərisində ən yaxşı bədii ədəbiyyata gələn və yaxud bədii ədəbiyyata mövzular verən İncildir. Ona görə ki, orda çox şaxəli şrixtlər var, hadisə daha çox dərəcədə bir insanın taleyindən danışılır və o əhvalatların qurulma sistemi elədir ki, İncil daha çox dərəcədə ədəbiyyata yaxındır. Bu günə kimi də təsadüf deyil ki, İncilə müraciət edənlər daha çoxdur. Quranda isə məsələlər müxtəlif öyüd-namələr şəklində qurulub. Bu da orta əsrlər ədəbiyyatını qidalandırıb.”







Yazar Sevinc Elsevər: "Quran, o cümlədən digər dini kitablardakı əhvalatlar, rəvayətlər, hətta hədislər müasir nəsr üçün, kinematoqraf, teatr, rəssamlıq üçün ədəbi material ola bilər. Niyə də olmasın? Bu sualı oxudum, ilk ağlıma Saramaqonun "İsanın incili” və Laqerkvistin "Varavva” əsərləri gəldi. Bizdə Mirmehdi Ağaoğlunun Quran rəvayətləri əsasında yazdığı hekayələr. Mənim uşaqlar üçün yazdığım "Nuhun gəmisində kosmosa səyahət” romanında da məşhur rəvayətdən istifadə eləmişəm. Yer üzündə bütün heyvanlar ölür. Guya yerin əkiz olan planet var kosmosda. Orda vaxtilə yerdə yaşamış bütün heyvan növlərindən var. Alimlər fikirləşirlər ki, Nuhun gəmisi adlı kosmik gəmi düzəltsinlər. Yer kürəsindən iki uşağı - Ulduz adlı qızı, Gündüz adlı oğlanı həmin gəmidə o planetə göndərsinlər. Uşaqlar Sülh planetindən dişi və erkək olmaqla, hər növdən bir cüt gətirməlidirlər.”